From Wikipedia, the free encyclopedia
Nakahama Manciro (中濱 万次郎?, 27 yanvar 1827[1][2] – 22 noyabr 1898[1], Tokio[d]), eləcə də, digər adları ilə Con Manciro (ing. John Manjirō) və ya Con Mun (ing. John Mung) – ABŞ-yə gedən ilk yaponlardan biri. Yaponiyaya qayıdandan sonra Tokuqava şoqunluğu və Meyci hökuməti üçün işləməyə başlamış, tərcüməçi və təlimçi olmuşdur.
Manciro ABŞ səfərindən əvvəl 1827-ci ildə Tosa əyalətində[a] doğulmuş adi balıqçı idi.[3] 1841-ci ildə Manciro dörd balıqçı ilə birlikdə dənizdə qəzaya uğramış və Tokionun 570 kilometr cənubunda yerləşən və heç kimin yaşamadığı Torişima adasında quruya çıxmışdır.[3] Dörd ay sonra ABŞ-yə məxsus "John Howland" balina ovu gəmisi onları xilas etmişdir.[3] Gəmi onu yoldaşlarını Havay adalarında qoysa da, kapitan Vilyam Vitfild Mancironun intellektindən təsirlənmiş və onu ABŞ-yə dəvət etmişdir.[3] Vitfildin dəstəyi ilə o, Massaçusets ştatının Feyrheyven şəhərində yerləşən məktəbdə oxumuş, çəlləkçilik və balina ovu ilə məşğul olmuşdur.[3] 1849-cu ildə Kaliforniyaya gedərək qızıl hərisliyində iştirak etmişdir.[3]
Manciro ABŞ-də qazandığı pullarla gəmiyə minmiş və 1851-ci ildə Okinava vasitəsilə Yaponiyaya qayıtmışdır.[3] Tokuqava şoqunluğu Yaponiyanı tərk etməyi qadağan etdiyi üçün Manciro Naqasakidə sorğu-sual edilmiş, lakin 1852-ci ildə Tosa əyalətinə qayıtmasına icazə verilmişdir.[3] Tosa əyalətinin yerli daymyosu Mancironu işə götürmüşdür.[3]
1853-cü ildə ABŞ kommodoru Metyü Perri Yaponiyaya gəlib şoqunluqdan ölkənin ticarət üçün açılmasını tələb edəndə Manciro tərcüməçi kimi çağırılmışdır.[3] 1855-ci ildə isə Naqasaki Donanma Təlimi Mərkəzində təlimçi olmuşdur.[3] 1859-cu ildə Yaponiya limanlarının ABŞ ticarəti üçün açılmasından sonra "Anqlo-amerikan söhbəti üçün qısayol"[b] adlı ilk ingilisdilli lüğəti nəşr etmişdir.[3]
1860-cı ildə Harris müqaviləsini ratifikasiya etmək üçün ABŞ-yə göndərilmiş Yaponiya nümayəndəliyində Manciro baş tərcüməçi kimi iştirak etmişdir.[3] 1864-cü ildə ingilis dili, balina ovu və naviqasiya dərsləri verməsi üçün hökumət tərəfindən Satsuma hanına dəvət edilmişdir.[3] 1868-ci ildəki Meyci islahatından sonra yeni hökumət tərəfindən Kaysey məktəbində[c] təlimçi təyin olunmuşdur.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.