From Wikipedia, the free encyclopedia
Koşiro Tanaka (田中小四郎, Tanaka Koşiro?, 1940, Taqava[d], Fukuoka prefekturası) – Yaponiya döyüş sənətləri ustası. 1985-ci ildə könüllü şəkildə Yaponiyanı tərk edərək Əfqanıstan müharibəsində sovet əsgərlərinə qarşı döyüşməyə yollanmışdır. Bu səbəbdən "Əfqan samuray" ləqəbini qazanmışdır.
Koşiro Tanaka 1940-cı ildə Fukuoka prefekturasının Taqava şəhərində doğulmuşdur.[1][2] Kiçik yaşlardan etibarən döyüş sənətlərini öyrənməyə başlamış və kyokuşin karatedə qara kəmər qazanmışdır. Eyni zamanda döyüş sənətləri üzrə müəllim kimi işləmişdir.[3] Cüdo, cukendo, kendo, kunqfu kimi döyüş sənətlərini öyrənmiş, hiko ryu adlı döyüş üslubunu yaratmışdır.[2] Kanaqava Universitetinin hüquq və iqtisadiyyat fakültəsindən məzun olmuşdur.[1]
İkinci Dünya müharibəsindən sonra Kuril adaları SSRİ-nin tərkibinə daxil olmuş, Yaponiya ilə SSRİ arasında mübahisəli əraziyə çevrilmişdir. Bu səbəbdən Tanaka SSRİ-ni düşmən ölkə kimi görürdü və Yaponiyanın torpaqları uğrunda döyüşməli olduğu fikrini müdafiə edirdi. O, vəziyyətə müdaxilə edilmədiyi təqdirdə SSRİ-nin daha da güclənəcəyini və Yaponiyanı işğal edəcəyini düşünürdü.[3]
Tanaka 1985-ci ildə Əfqanıstanda sovet əsgərlərinə qarşı vuruşmağa qərar verəndə Tokionun Şincuku rayonunda yerləşən bir ofisdə işləyirdi. Yaponiya Özünümüdafiə Qüvvələrində heç vaxt xidmət etməsə də, döyüş sənətlərindəki bacarıqları ona müəyyən kömək etmişdir.[3] "Cəmiyyət-i İslami"ə qoşulan Tanakanın Əfqanıstandakı ilk döyüşü Kabilin yaxınlığında yerləşən və sovet hökumətinə aid bir posta hücumla gerçəkləşmişdir.[4] O, Əfqanıstanda əcnəbi döyüşçü kimi ad çıxarmış, hətta Əfqanıstan hökuməti onun haqqında saxta ölüm xəbərləri yaymışdır. Tanaka Əfqanıstan illərində malyariya, sarılıq, böyrək daşı və ayaq qırığı kimi sağlamlıq problemləri ilə üzləşmişdir.[3] Tanakanın həyat yoldaşı Takiko onun Əfqanıstan səyahətlərinə qarşı çıxsa da, mane ola bilməmişdir.[4]
Tanaka 1985–1987-ci illərdə Əfqanıstana ən az 7 dəfə səfər etmişdir. Onun kimi eyni fikirləri bölüşən bəzi yaponlar onun Əfqanıstan səyahəti üçün maddi dəstək göstərsələr də, Yaponiya hökuməti onun bu hərəkətlərini qınadığını açıqlamış,[3] hətta Yaponiyanın İslamabadda yerləşən səfirliyi ona xəbərdarlıq etmişdir.[4] Tanaka 1987-ci ildə "Sovet əsgərləri nişangahda: Mənim Əfqanıstandakı döyüşüm" adlı kitabını nəşr etmişdir. O, bu kitabdan əldə etdiyi gəlirlə Əfqanıstana səyahət etmiş və mücahidlərə maddi yardım göstərmişdir. Tanaka Pəncşer dərəsinə səyahət edərək Əhməd Şah Məsudla tanış olmuş, hətta ona karate dərsləri keçmişdir.[3]
Tanakanın Əfqanıstan müharibəsindəki iştirakı sovet ordusunun 1989-cu ildə geri çəkilməsi ilə başa çatmışdır. Müharibədən sonra karateyə qayıtmış, Pakistan, Tunis, Əfqanıstan, Havay adaları, Birma, ABŞ, Tailand, Misir, İraq və Almaniyada dərslər keçmişdir.[3][1] 2009-cu ildə öz "Hiko-ryu" məktəbinin əsasını qoymuşdur.[1] O, demokratik Əfqanıstanı ideyasını müdafiə etməyə davam edir.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.