Kazan fenomeni
From Wikipedia, the free encyclopedia
Kazan fenomeni (rus. Казанский феномен, Kazanskiy fenomen) — jurnalistlər tərəfindən RSFSR-nin və daha sonra Rusiya Federasiyasının Kazan şəhərində yetkinlik yaşına çatmayanların küçə bandalarında fəaliyyətinin artımını təsvir etmək üçün istifadə edilən termin.
1970-ci illərin əvvəllərindən Kazanda yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlıq baxımından xüsusilə pis bir reputasiya var idi. Həm rus, həm də tatarmənşəli gənc kişilərin böyük bir hissəsi ərazi uğrunda bir-biri ilə vuruşan, əsasən əldəqayırma və ya satın alınmış soyuq silahlardan istifadə edən gənclərin bandalarına qoşulmuşdular. O zamanlar Rusiyada odlu silahlar geniş yayılmamışdı və onları tapmaq çətin idi. 1985–1999-cu illər arasında Tatarıstanda (1992-ci ilə qədər Tatarıstan MSSR) 16–29 yaşlı gənclər tərəfindən törədilən cinayətlərin nisbəti 1,7 dəfə artmışdır. Resursların mənimsənilməsində müvəffəqiyyətin çox vaxt zorakılıq qabiliyyətinə və bacarıqlarına əsaslandığı ictimai məkanda hökmranlıq uğrunda mübarizələr, bandalar ilə əlaqəsi olmayan bir çox gənci artan etibarsızlıq qarşısında seçimlərini yenidən nəzərdən keçirməyə məcbur etmişdir. Cinayət dalğası sovet əhalisi arasında mənəvi çaxnaşma yaratmışdı, çünki bu cür cinayətkarlığa ənənəvi olaraq kapitalist Qərbin məhsulu kimi baxılırdı, həmçinin yerli məmurların övladları da buna cəlb olunurdu.[1]
1980-ci illərin sonunda və 1990-cı illərdə rus mafiyasının yüksəlişi zamanı küçə bandaları daha mürəkkəb və mütəşəkkil cinayətkar müəssisələrə çevrilmişdir. Tatarıstanda qoruyucu reketlərin idarə edilməsində rentabelliyin olmaması səbəbindən Kazan bandaları Sankt-Peterburqa köçməyə başlamış və burada yerli Tambov bandası ilə münaqişəyə girmişdilər. Kazan mafiyasının qəsb taktikalarında xüsusilə qəddar olduğu bilinirdi və vaxtaşırı Tatarıstandan əlavə qüvvələr gətirirdi. Şəhərin slavyan qanqsterləri meydana çıxan bu təhlükə ilə mübarizə aparmaq üçün birləşmiş və sonda tatarları Sankt-Peterburqdan çıxarmağa məcbur etmişdilər.[2]