From Wikipedia, the free encyclopedia
Kərim xan İrəvanski, Kərim xan İrəvanlı və ya Kərim Abbasqulu xan İrəvanski (15 noyabr 1885, İrəvan – 9 oktyabr 1919, Nalçik) — Rusiya imperiyasının və Azərbaycan Xalq Cümhuriyyətinin hərbi xadimi, polkovnik.
Kərim xan İrəvanski | |
---|---|
28 fevral 1919 – 31 mart 1919 | |
General-qubernator | Bəhram xan Naxçıvanski |
Əvvəlki | Vəzifə təsis olundu |
Sonrakı | Kəlbəli xan Naxçıvanski |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 noyabr 1885 |
Doğum yeri | |
Vəfat tarixi | 9 oktyabr 1919 (33 yaşında) |
Vəfat yeri | |
Təhsili |
|
Fəaliyyəti | zabit |
Atası | Abbasqulu xan İrəvanski |
Hərbi xidmət | |
Mənsubiyyəti | polkovnik |
Döyüşlər | |
Rütbəsi | polkovnik |
|
|
Təltifləri |
Birinci Dünya müharibəsində iştirak edib. 1915-ci ildə üzərində "İgidliyə görə" yazılmış dördüncü dərəcəli "Müqəddəs Anna" ordeni və üçüncü dərəcəli Müqəddəs Stanislav (qılınclarla və bantla birlikdə) ordeni ilə, 1916-cı ildə üçüncü dərəcəli Müqəddəs Anna (qılınclarla və bantla birlikdə) ordeni ilə, 1917-ci ildə dördüncü dərəcəli Müqəddəs Vladimir ordeni (qılınclarla və bantla birlikdə), ikinci dərəcəli Müqəddəs Anna (qılınclarla birlikdə) ordeni, Rumın kralı I Ferdinand tərəfindən Rumıniyanın ulduzları ordeni və Georgi silahı ilə təltif edilib.
Azərbaycan Cümhuriyyəti dövründə Naxçıvana gəlib. Yerli əhalini erməni dəstələrinin hücumlarından qorumaq üçün könüllü döyüşçülərə rəhbərlik edib. 1919-cu ildə yaradılmış Cənub-Qərbi Azərbaycan general-qubernatorluğunda, qubernatorun hərbi işlər üzrə köməkçisi təyin edilib.
Ağ hərəkatda Kabardin Atlı Alayının tərkibində bolşeviklərə qarşı döyüşüb.
Kərim xan 1885-ci ilin noyabr ayının 15-də İrəvan şəhərində anadan olub.[1] Atası Abbasqulu xan İrəvan xanlarının nəslindən olan Hüseynəli xan Sərdarın varisidir. Abbasqulu xan 1886–1899-cu illərdə İrəvan şəhər dumasının qlasnısı olub. Kərim xan İrəvanski Sankt-Peterburqda yerləşən Nikolayevski Kadet Korpusunda təhsil almağa gedir. 1907-ci ildə məktəbi bitirib.[1][2]
1907-ci ildə Nikolaev süvari məktəbindəki təhsilini bitirdikdən sonra kornet hərbi rütbəsi alaraq Tiflisdə yerləşən 17-ci Nijeqorod draqun alayında xidmət etməyə başlayıb.[3][4] 1908-ci ildə Mariya Fyodorovnanın adına olan kirasir alayına ezamiyyətə göndərilir. 1909-cu ilin may ayından etibarən isə alaya rəsmi şəkildə təyinat alır.[5] 1912-ci ilin avqust ayına qədər bu alayda xidmət edib.[4]
1912-ci ilin aprel ayının 12-də Qatçina şəhərində Kirasir alayının poruçiki iki zabitin Kərim xan İrəvanski və Kirasir alayının komandanı general-mayor Lev Fyodoroviç Jirar de Sukantonun oğlu[6] donanma leytenantı Lev Lvoviç Jirar de Sukantonun duelə çıxacaqları ilə bağlı xəbər yayılır. Şəxsi mövzuda toqquşan bu iki zabit duelə çıxmaq istəkləri ilə bağlı, Kirasir alayının zabitlərinin Cəmiyyətinə və Baltik donanmasının dəniz vasitəçilər məhkəməsinə müraciət etdilər. Hər iki qurum baş vermiş mübahisənin yalnız duellə həll olunacağı haqda qərar qəbul etdilər.[7]
Tərəflər 25 aprel səhər saatlarında Prioratsk parkına toplaşırlar. Burada duelin iştirakçıları, onların sekundatları (İrəvanski tərəfdən Kirasir alayından iki zabit, Sukanton tərəfdən iki donanma zabiti), Baltik donanmasının dəniz vasitəçilər məhkəməsinin təmsilçiləri, Kirasir alayının həkimləri, A. İvanov, V. Pikkel iştirak edirdilər.[7]
Dueldə ilk atəş açan Kərim xan Sukantonu sağ döş qəfəsindən yaralayır. Bundan sonra ona həkimlər və sekundatlar yaxınlaşıb ilkin tibbi yardım göstərirlər. Daha sonra isə Kirasir alayının tibb məntəqəsində sarğı işləri görüldükdən sonra onu Varşava vağzalına apararaq buradan da Peterburqa göndərirlər. Yarası olduqca ağır olsa da onu sağalda bilirlər. Bundan sonra Lev Lvoviç Jirar de Sukanton uzun müddət orduda xidmət edir[7]. Təqaüdə çıxdıqdan sonra isə Çinin Xarbin şəhərində yaşayıb və 1934-cü ildə burada dünyasını dəyişib.[6]
Birinci Dünya müharibəsi başlayanda Kərim xan İrəvanski poruçik hərbi rütbəsində idi. 1914-cü ilin avqust ayında Qafqaz yerli süvari diviziyasının Kabardin Atlı Alayına göndərilir. [8] 29 avqustda xidmət yerinə çatan o, alayın komandiri polkovnik İllarion Vorontsov-Daşkov tərəfindən alayın müvəqqəti adyutantı təyin edilir. 1914-cü il sentyabr 3-ü verilmiş 6 nömrəli əmrlə poruçik Xan İrəvanski alayın adyutantı təyin edilir.[9][10] Kərim xan İrəvanskinin o dövrdə Vəhşi Diviziyanın komandanı olan II Nikolayın kiçik qardaşı Mixail Romanovla yaxın dostluq əlaqələri olub.[11] 1915-ci yanvarın 9-da il Vetlino kəndinin ətrafında gecə baş vermiş döyüşə görə ştabs-rotmistr Xan İrəvanski üzərində "İgidliyə görə" yazılmış dördüncü dərəcəli Müqəddəs Anna ordeni ilə təltif edilir. [12]
1915-ci il fevralın 17-də Karpat dağlarının ətəyində yerləşən Maydan kəndi (indiki Ukrayna ərazisində yerləşir) ətrafında baş vermiş gecə döyüşündə fərqləndiyinə görə Georgi silahı ilə təltif olunmaq üçün rəhbərliyə təqdim olunur. Təqdimatda yazılıb:
Ştabs-rotmistr Xan İrəvanski alay adyutantı vəzifəsini yerinə yetirərək, 1915-ci il fevralın 17-də Meydan kəndi yaxınlığında baş tutan gecə döyüşündə, xüsusi əhəmiyyətli tapşırığa göndərilib. Ona, mənim komandanlığımda olan Kabardin Atlı Alayı və general Staxoviçin dəstəsinin sağ cinahı ilə əlaqəni bərpa etmək tapşırılmışdı. Atıcı dəstə zənciri qalın meşədə irəlilədikcə qonşu dəstələrlə əlaqəni itirmişdi, bu isə bütün dəstəni təhlükəli vəziyyətə salırdı. Ştabs-rotmistr Xan İrəvanski düşmənin öldürücü atəşi altında, öz həyatını təhlükəyə ataraq ona tapşırılmış işi uğurla yerinə yetirdi. Heç nəyə baxmayaraq o, düşmən mövqelərinə kəşfiyyata gedərək, avstriyalıların səngərlərinə 50 addımlıq məsafəyə qədər yaxınlaşmış, onların yerləşdikləri mövqelər və digər məlumatları çatdırmış və bütün dəstəyə əhəmiyyətli kömək etmişdir. |
Lakin Kabardin Atlı Alayının komandirinin təqdimatı, Georgiyevski Duma tərəfindən rədd edilir. 1915-ci il avqustun 26-da Cənub-Qərb cəbhəsinin IX ordusunun komandanı, general Leçitskinin əmri ilə "1914-cü il dekabrın 1-dən, 1915-ci il iyulun 1-ə qədər olan tarixdə düşmənlə döyüşdə fərqləndiyinə görə" Kərim xan İrəvanski üçüncü dərəcəli Müqəddəs Stanislav ordeni (qılınclarla və bantla birlikdə) ilə, 1917-ci il martın 19-da Cənub-Qərb cəbhəsi ordusunun əmri ilə dördüncü dərəcəli Müqəddəs Vladimir ordeni (qılınclarla və bantla birlikdə) ilə, 1917-ci il martın 25-də Dördüncü ordunun əmri ilə düşmənə qarşı döyüşdə fərqləndiyinə görə Kabardin Atlı Alayının 4-cü yüzlüyünün komandiri ştabs-rotmistr Kərim xan İrəvanski ikinci dərəcəli Müqəddəs Anna ordeni (qılınclarla birlikdə) ilə təltif edilir.[12] 27 iyul 1917-ci ildə Kərim xana rotmistr hərbi rütbəsi verilir. 1917-ci il iyulun 27-də Rumıniya kralı I Ferdinand tərəfindən Rumıniyanın ulduzları ordeni ilə təltif edilib.[13] Həmin ilin 29 sentyabrında Kərim xan İrəvanskini yenidən Kabardin Atlı Alayına hərbi xidmətə göndərirlər.[14]
1917-ci il avqust ayında Vəhşi Diviziyanın Petroqrada olan yürüşündə iştirak edib. [15] Ordunun və hərbi dəniz donanmasının əmri ilə 1917-ci il oktyabrın 8-də rotmistr Kərim xan İrəvanski hərbi mükafat — Georgi silahı ilə təltif olunub.[16] Kabardin Atlı Alayı ilə 1917-ci ilin oktyabr ayında Şimali Qafqaza gəlib. Həmin ilin noyabrında Kərim xan Kiçik Kabardanın Axlovo (indiki Nijnıy Kurp) kəndində yerli əhalini quldur hücumlarından qoruyub.[17]
Kərim xan 1918-ci ilin sonlarında Naxçıvana gəlib.[18] 28 yanvar 1919-cu ildə verilən 364 nömrəli əmrdə olan qeydlərdən məlum olur ki, Kərim xan polkovnik rütbəsindədir və onun komandiri olduğu könüllü döyüşçülərin sayı 1,000 nəfərdən çoxdur. Bu əmrdə qeyd edilib ki, onun rəhbərlik etdiyi döyüş dəstəsi podpolkovnik Kalbalı xan Naxçıvanskinin rəislik etdiyi qərargaha tabedir. Hətta onun döyüşçülərinin iki döyüş topunun olduğu da yazılıb.[19] Qeyd olunub ki, Kərim xanın komandirlik etdiyi dəstə ermənilərlə döyüşdə böyük şücaətlər göstərib. Şərur dairəsinin komandiri kimi mərkəzə verdiyi məlumatda deyilir:
1918-ci il miladi, 23 dekabr. Şərur nahiyyəsinin baş komandanı Kərim xan tərəfindən verilən telefonun məzmunu: "İrəvanda fransız nümayəndələri oturmuşlar. Müsəlman kəndlərinin adamları bu son zamanda müharibəsiz ermənilərə tərksilah olaraq təslim olmuşlar. Bunlara ermənilər olmazın cəza və cəfa verməkdədirlər. Müsəlmanların cavan, iş bilən və möhtərəmlərindən tutub edam edirlər.[1][20] |
Azərbaycan Xalq Cümhuriyyətinin 28 fevral 1919-cu il sərəncamı ilə Cənub-Qərbi Azərbaycan general-qubernatorluğu yaradılıb və Kərim xan İrəvanski general-qubernatorun hərbi işlər üzrə köməkçisi təyin edilib.[21] 16 mart 1919-cu il tarixində Azərbaycan hökumətinjn digər bir qərarı ilə Zaqatalanın qubernatoru general Əliyar bəy Haşımbəyov general-qubernator, Kərim xan İrəvanski hərbi, Bəhram xan Naxçıvanski isə mülki işlər üzrə general-qubernatorun müavin təyin edildilər. Hacı Mehdi Bağırov isə vəzifəsindən azad edilmiş sayıldı.[22] 31 mart 1919-cu il tarixində Azərbaycan hökumətinin qərarı ilə Kəlbəli xan Naxçıvanski Qarabağ general-qubernatorunun hərbi işlər üzrə müavini təyin edildi. Kərim xan İrəvanski isə vəzifəsindən kənarlaşdırıldı.[23][24] Daha sonra isə qardaşı ilə birlikdə Kabardaya getmişdir.[25]
1919-cu ilin yay və payızında Cənubi Rusiya Silahlı Qüvvələrinin, Kabardin Atlı Diviziyasının, II Kabardin Atlı Alayında rotmistr hərbi rütbəsində xidmət edib. Bir müddət müvəqqəti olaraq alaya rəhbərlik edib.[26] 1919-cu ilin avqust ayının sonlarında Nalçikə vurduğu teleqramda 12 avqust tarixində bolşeviklərin III Qırmızı Atlı Alayını dağıtmaqları və sağ qalanlarının qaçmaqları haqda, eləcə də 2 pulemyot və bir çox odlu silah və güllələrin ələ keçirilməsi haqda məlumat verib. 1919-cu ilin avqustun 30-da Veliko Knyajeski stansiyasından vurduğu teleqramda isə, avqustun 24-də Tsaritsın ətrafında piyada bolşeviklərə hücum edib 600 əsir, 5 pulemyot ələ keçirmələri və çox sayda bolşeviki məhv etmələri barədə məlumat verib.[26]
Atası Abbasqulu xan İrəvan xanlarının nəslindən olan Hüseynəli xan Sərdarın varislərindəndir. Abbasqulu xanın atası Möhübəli xan Sərdarın nəvəsidir. 1886–1899-cu illərdə İrəvan şəhər dumasının qlasnısı[27], 1904–1906-cı illərdə İrəvandakı rus-tatar məktəblərindən birinin fəxri himayəçisi olub.[28]
Anası Tərlan xanım isə naxçıvanlı general İsmayıl xan Naxçıvanskinin-Kəngərlinin qızıdır.[28][29]
Qardaşı Ağa xan İrəvanski 1904-cü ildə İrəvan Şəhər Dumasına[27], 1906-cı ildə isə Rusiya İmperiyasının I Dövlət Dumasına üzv seçilib. 1919-cu ildə İrəvan Müsəlman Milli Şurasının sədri olub.[30]
Kərim xan İrəvanski ilk dəfə Hüseyn xan Naxçıvanskinin həyat yoldaşının əmisi qızı, lüteran inancına sahib İnna Herbel ilə ailə həyatı qurub.[1] Lakin bu nikahdan övladı dünyaya gəlməyib. [31] 1918-ci il yanvarın 11-də isə ikinci dəfə Nalçik dairəsindən milliyyətcə balkar olan əsilzadə ailəsinin nümayəndəsi Şamside Kumukovna Aydabulova ilə ailə qurub.[24] [15]
Birinci Dünya Müharibəsində döyüşlərdə fərqləndiyinə görə təltif edildiyi ordenlər.
1919-cu il oktyabr ayının 9-da Volqaboyunda Tsaritsın cəbhəsində gedən döyüşlərdən birində həlak olub. Cəbhə komandanlığının təşkilatçılığı ilə Kərim xanın nəşi Nalçik şəhərinə gətirilərək oradakı Volnıy Aul qəbiristanlığında dəfn olunub.[24][35]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.