I Təhmasib
Səfəvilər dövlətinin 2-ci şahı / From Wikipedia, the free encyclopedia
Şah Təhmasib (fars. طهماسب) və ya Şah I Təhmasib (22 fevral 1514, İsfahan – 14 may 1576, Qəzvin) — Səfəvi imperiyasının 1524-cü ildən 1576-cı ilə qədər hakimiyyətdə olmuş ikinci türk şahı. O, Şah İsmayılla Taclı Bəyimin ən böyük oğludur. Təhmasib Mirzə 23 may 1524-cü ildə (10 yaşında) atasının ölümündən sonra taxta çıxmışdır. Onun hakimiyyətinin ilk illəri qızılbaş liderləri arasında vətəndaş müharibələri ilə müşahidə olunmuş və bu 1532-ci ilə qədər davam etmişdir. 1532-ci ildə I Təhmasib bütün hakimiyyəti öz əlinə almış və mütləq monarxiyasını təmin etmişdir. Bundan qısa müddət sonra o, Osmanlı imperiyası ilə uzun müddət davam edəcək müharibə ilə qarşılaşmışdır. Bu müharibə 3 mərhələyə bölünməkdədir. Osmanlı hökmdarı Sultan Süleymanın hərbi əməliyyatları ilə başlayan müharibə 1555-ci ildə Amasiya sülh müqaviləsi ilə bitmişdir. Sülh müqaviləsinə əsasən Bağdad, Şərqi Anadolunun böyük bir hissəsi və indiki Gürcüstanın qərbi Osmanlı imperiyasına keçmişdir. I Təhmasibin əsas rəqiblərindən biri də tez-tez Xorasana yürüşlər edən özbəklər idi. O, hələ 14 yaşı olarkən özbəklərə qarşı yürüşə başlamış və onları Cam döyüşündə məğlub etmişdir. Bu döyüşdə o, artilleriyadan da yararlanmışdır.
Şah I Təhmasib | |
---|---|
Əbülmüzəffər Əbülfəth Sultan Şah Təhmasib ibn Şah İsmayıl əl Səfəvi | |
| |
23 may 1524 – 14 may 1576 | |
Əvvəlki | I Şah İsmayıl |
Sonrakı | II Şah İsmayıl |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şahabad, Səfəvilər dövləti |
Vəfat tarixi | (62 yaşında) |
Vəfat yeri | Qəzvin, Səfəvilər dövləti |
Vəfat səbəbi | zəhər[d] |
Dəfn yeri | Şeyx Səfi məqbərəsi,Ərdəbil, |
Fəaliyyəti | suveren[d] |
Atası | I Şah İsmayıl Səfəvi |
Anası | Taclı bəyim |
Həyat yoldaşları | |
Uşaqları |
oğlanları: Məhəmməd Mirzə, İsmayıl Mirzə, Heydər Mirzə, Süleyman Mirzə, Mustafa Mirzə, Mahmud Mirzə, İmamqulu Mirzə, Sultan Əli Mirzə, Əhməd Mirzə ; qızları: Gövhər Sultan, Pərixan Sultan, Xədicə Sultan, Şahzeynəb Sultan, Məryəm Sultan, Fatimə Sultan, Şəhrəbanu Sultan, Xanış Sultan |
Ailəsi | Səfəvilər |
Dini | Şiə (İslam) |
Vikianbarda əlaqəli mediafayllar |
I Təhmasib incəsənətə hamilik etmiş, sarayında xeyli sayda rəssam, xəttat və şair saxlamışdır. Hakimiyyətinin son dövrlərində o, şairləri xor görməyə başlamış və bir çoxunu Böyük Moğol imperiyası sarayına və Hindistanın fərqli yerlərinə sürgün etmişdir. O, dindarlığı ilə seçilmiş və dindarların hüquq və digər dövlət məsələlərində iştirak etmələrinə imkan vermişdir. Məsələn, Böyük Moğol imperatoru Hümayun ondan hərbi yardım istədiyi zaman Təhmasib yardım qarşılığında ondan şiəliyi qəbul etməsini istəmişdir. Hərbi yardım edilmiş və Hümayun taxtını geri qaytarmağı bacarmışdır. Lakin I Təhmasib xarici siyasət məsələlərində dini məsələlərin təsiri altında olmamış, əsas düşməni Osmanlı imperiyasına qarşı Venesiya Respublikası, Habsburq monarxiyası kimi xristian qüvvələrlə ittifaq danışıqları həyata keçirmişdir.
Səfəvi sülaləsinin ən uzun müddət — 52 il hakimiyyətdə qalmış nümayəndəsi olan I Təhmasibin 14 may 1576-cı ildə ölməsi taxt-tac uğrunda mübarizənin kəskinləşməsinə səbəb olmuşdur. Bu mübarizə nəticəsində şah ailəsinin bir çox nümayəndəsi həyatını itirmişdir. Müasir qərb qaynaqları onu atasının qurduğu imperiyanı qorumağı bacaran və genişləndirən, cəsur və hərbi istedada malik hökmdar kimi təsvir edirlər. Onun hakimiyyəti dövrü Səfəvi imperiyasının ideoloji siyasətində dəyişikliklə əlamətdar oldu. Beləki onun atasında olan Mehdi münasibətinə son qoyuldu və onun əvəzinə ictimaiyyətdə dindar və ya dini hökmdar imici yaradıldı. Onun hakimiyyəti illərində qızılbaş liderlərin mərkəzi hakimiyyətə tabe etdirilməsi üçün işlər görülmüş və buna nail olunmuşdu.