Gürcüstan azərbaycanlılarının siyahısı
From Wikipedia, the free encyclopedia
Gürcüstan azərbaycanlıları siyahısı — Gürcüstan hüdudlarında tarixən yaşayan və ya sadəcə doğulan azərbaycanlılar.
Gürcüstanda yaşayan azərbaycanlıların etnik tərkibini qarapapaqlar, qıpçaqlar, saklar, gögərlər və digər türkdilli tayfalar təşkil edir. Hazırda azərbaycanlılar əsasən Gürcüstanın Borçalı (Aşağı Kartli diyarı), Kaxeti və Msxeta-Mtianeti bölgələrində, Acarıstan Muxtar Respublikasında, həmçinin Tbilisi, Rustavi şəhərlərində tarixən kompakt şəkildə yaşayırlar. 2007-ci ilə olan təxminə əsasən sayları 360,000[1] nəfərdir.
Hələ eramızdan əvvəl Gürcüstanın cənub və cənub-şərq ərazisində türkdilli tayfaların yaşaması haqqında çoxsaylı mənbələr, o cümlədən gürcü mənşəli tarixçilərin və etnoqrafların da etirafları mövcuddur.[2] XV–XVI əsrlərdə Qafqazda türk faktorunun güclənməsi ilə əlaqədar olaraq Gürcüstana da etnik azərbaycanlıların kütləvi köç etməsi müşahidə olunmuşdur. Borçalının dağətəyi və dağlıq bölgələrində hazırda mövcud olan kəndlərin bir çoxu məhz bu dövrdə meydana gəlmiş və ya böyümüşdür. XVII əsrin ilk yarısında İran şahları, xüsusilə I Şah Abbas tərəfindən Kartli və Kaxeti çarlığı ərazisinə azərbaycanlıların, İranın Fereydan əyalətinə isə gürcülərin köçürülməsi və ya köçünün stimullaşdırılması bəzi tarixçilər tərəfindən dini-etnik ayrı-seçkilik kimi xarakterizə edilsə də, şahlığın ərazisində yaşayan xalqların coğrafi diversifikasiyası yolu ilə idarə edilməsinin asanlaşdırılması kimi tarixi mühakimələr daha inandırıcı görünür.[3]