From Wikipedia, the free encyclopedia
Gülüstan-Bayatı-Şiraz — Fikrət Əmirov tərəfindən 1971-ci ildə bəstələnmiş simfonik muğam. Bəstəkarın üçüncü simfonik muğamı olan “Gülüstan-Bayatı-Şiraz” əvvəlki iki simfonik muğamdan uzun illər sonra yaranmışdır. “Şur” və “Kürd-Ovşarı” simfonik muğamlarının uğur qazanmasından uzun illər sonra Fikrət Əmirov özünü bir daha bu janrda yenidən sınamaq qərarına gəlir. Əvvəlki iki simfonik muğamla müqayisədə, “Gülüstan-Bayatı-Şiraz”da bəstəkar muğama daha sərbəst yanaşır, onun quruluşunu və ardıcıl inkişafını saxlamaqdan daha çox, ümumi emosional mühiti, muğamın melodik-ritmik xüsusiyyətlərini saxlamağa meyl edir. Əgər əvvəlki simfonik muğamlarda bəstəkar ənənəvi əsası saxlayırsa, üçüncü simfonik muğamda bu meyil dəf olunur. Burada muğamın bölmələri göstərilmir, melodik şəklə, muğam melosuna da sərbəst yanaşılır.
Gülüstan-Bayatı-Şiraz | |
---|---|
Bəstəkar | Fikrət Əmirov |
Forma | simfonik muğam |
Yazılma tarixi | 8 oktyabr 1971 |
Premyera | |
Dinlə | |
Əsər ilk dəfə 8 oktyabr 1971-ci ildə, UNESCO-nun “Xalqların musiqi mədəniyyəti, ənənə və müasirlik” mövzusuna həsr edilmiş VII Beynəlxalq Musiqi Konqresi çərçivəsində P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının böyük salonunda səsləndirilmişdir. “Gülüstan-Bayatı-Şiraz”ı Gennadi Rojdestvenskinin idarəsi ilə Ümumittifaq Televiziyası və Radiosunun Böyük Simfonik Orkestri ifa etmişdir.
Azərbaycan musiqisində muğam sözü iki mənada: həm lad mənasında, həm də lada əsaslanan musiqi kompozisiyası mənasında başa düşülür. Birinci halda müəyyən məqama xas olan intonasiya dönümlərindən və eləcə də ritmik sərbəstlikdən müxtəlif şəkildə istifadə olunur. Üzeyir Hacıbəyovun vaxtından başlayaraq bu yol Azərbaycan bəstəkarlarının əksəriyyəti üçün səciyyəvidir.[1]
İkinci halda isə muğamlardan müstəqil musiqi forması kimi istifadə olunur; ümumiyyətlə, muğamlara, həmçinin ayrı-ayrı muğama aid qanuna uyğun cəhətlət əsas götürülür. Bu yolda birincilik tamamilə Fikrət Əmirova məxsusdur.[2] Fikrət Əmirov, əslində, Azərbaycan peşəkar musiqisində yeni istiqamətin, dünya musiqi sənətində bənzəri olmayan yeni janrın – simfonik muğam janrının əsasını qoymuş, “Şur” və “Kürd-Ovşarı” simfonik muğamlarını yazmışdır. Təsadüfi deyil ki, Fikrət Əmirovdan sonra digər Azərbaycan bəstəkarları da simfonik muğamlar yazmaq qərarına gəlmiş, Niyazi “Rast”, S. Ələsgərov isə “Bayatı-Şiraz” simfonik muğamlarını yazmışlar.[1]
Azərbaycan muğamları içərisində dərin lirizmi ilə ən çox fərqlənən “Bayatı-Şiraz”dır. Üzeyir Hacıbəyovun fikrincə “kədər hissi ifadə edən”[3] bu muğamın məqam quruluşuna Hacıbəyovun özündən başlayaraq, bütün Azərbaycan bəstəkarları müraciət etmişlər. “Bayatı-Şiraz”ın ayrı-ayrı fraqmentlərini və bütün hissələrini yazmağa və işləməyə hələ XX əsrin əvvəllərində cəhd göstərilmişdir. Həmin muğamı Cahangir Cahangirov Azərbaycan Xalq Çalğı Alətləri Orkestrı üçün işləyə bilmişdir. “Bayatı-Şiraz”ı tam halda N. Məmmədov 1962-ci ildə nota köçürməyə müvəffəq olmuşdu. N. Əliverdibəyov xor kapellası üçün yazdığı əsərində bu muğamın daha bir keyfiyyətini üzə çıxarmağa çalışmışdı. F. Qarayevin 1966-cı ildə yazdığı “Kamera orkestri, orqan və zərb alətləri üçün musiqi” əsərinin partiturasına “Bayatı-Şiraz”dan orqan improvizasiyası daxil edilmişdir. Nəhayət bütün bunlardan sonra, həmin muğama Fikrət Əmirov müraciət etmiş və “Gülüstan-Bayatı-Şiraz” simfonik muğamını yazmışdır.[4]
Bəstəkarın üçüncü simfonik muğamı olan “Gülüstan-Bayatı-Şiraz” əvvəlki iki simfonik muğamlardan uzun illər sonra yaranmışdır. “Şur” və “Kürd-Avşarı” simfonik muğamlarının uğur qazanmasından uzun illər sonra Fikrət Əmirov özünü bir daha bu janrda yenidən sınamaq qərarına gəlir. Burada bəstəkarın qarşısında bir sıra məsələlər dururdu. İlk növbədə, əvvəlki muğamları təkrar etməmək, xalq sənətinə daha yaradıcı surətdə yanaşmaq, simfonikləşmə problemini daha zənginləşmiş keyfiyyətdə həll etməyə nail olmaq.[5]
Bəstəkar bu əsərini qədim şərq şairləri Sədi və Hafizə həsr etmişdir.[6] Əsərin adı da bu baxımdan simvolik məna daşıyır. Belə ki, "Gülüstan" Sədinin məşhur poemasının adıdır. Şiraz isə Sədi və Hafizin yaşadığı qədim şəhərdir. Müəllif əsər üzərində işləyərkən həmin sənətkarların vətənini gəzmiş, məzarlarını ziyarət etmişdir. Bu səfərdən alınan təəssürat imkan vermişdir ki, fikrini daha inamla və daha dolğun ifadə etsin.
F. Əmirovun “Gülüstan-Bayatı-Şiraz” simfonik muğamı bədii məzmunu və musiqi dilinə görə bəstəkarın bu janrda yaradıcılıq axtarışlarının yüksək mərhələsini təşkil edir.[7]
Əsər Moskvada UNESCO-nun “Xalqların musiqi mədəniyyəti, ənənə və müasirlik” mövzusuna həsr edilmiş VII Beynəlxalq Musiqi Konqresinin proqramına daxil edilmiş və ilk dəfə 8 oktyabr 1971-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının böyük salonunda[rus.] səsləndirilmişdir. “Gülüstan-Bayatı-Şiraz”ı Gennadi Rojdestvenskinin?! idarəsi ilə Ümumittifaq Televiziyası və Radiosunun Böyük Simfonik Orkestri[rus.] ifa etmişdir. Vokal partiyasını Moskva Dövlət Filarmoniyasının[rus.] solisti Tamara Buşuyeva oxumuşdur. Drijor Gennadi Rojdestvenski əsərin premyerası haqqında deyir:
“Həqiqi pərəstişkarı olduğum Azərbaycan musiqisini dinləmək mənim üçün həmişə bayramdır. Lakin, bu gün mənim üçün iki qat bayramdır. Mən azərbaycanlı dostum Fikrət Əmirovun yeni əsərinin meydana gəlməsinin şahidi olmuşam. Bir də ona görə özümü xoşbəxt hesab edirəm ki, yeni simfonik muğamın ilk ifası mənə həvalə edilmişdir. “Bayatı-Şiraz” formasına və çoxlu bədii ifadə vasitələrinə görə maraqlı olan heyranedici musiqi əsəridir. Dinləyicilərin müəllifi qızğın alqışlarla qarşılaması da bunu təsdiq edir. Onların təkidi ilə Fikrət Əmirov dəfələrlə səhnəyə çağırıldı.” [8] |
“Gülüstan-Bayatı-Şiraz” simfonik muğamı ağır, nəqli girişlə başlanır:
Kontrabasların solosu sanki uzaq keçmişi əks etdirir. Bu sirli, epik mövzunu “Uzzal” rəngi əvəzləyir. Ümumilikdə “Bayatı-Şiraz” simfonik muğamı üç bölmədən ibarətdir, onun dördüncü və beşinci bölmələri ilk iki bölməni oktava yuxarı təkrarlayır.[9] Bütünlüklə “Gülüstan-Bayatı-Şiraz” simfonik muğamında, hətta sonata formasının cizgilərini də qeyd etmək olar. Belə ki, burada səs və köməkçi partiyalar, böyük işlənmə epizodları, aşıqsayağı-rəqsvari orta hissə, nəhayət repriza qeyd edilə bilər.[10]
Əsas mövzu ekspressiv xarakter daşıyır, muğamın intonasiyaları üzərində qurulur. Lirik köməkçi mövzu messo-sporanoya həvalə edilir. Mövzu çahargah ladında səslənir. Bu mövzu Hafizin mətninə ifa olunan qədim fars musiqisindən götürülmüşdür. Muğamın mərkəzi bölməsi aşıq musiqisinin materialı və “Cəngi” rəqsi üzərində qurulur, rəqsvari və dinamik, döyüşkən obraz növbələşir.
Rəng funksiyası daşıyan bölmə aşıq havacatını xatırladan mətn üzərində qurulur. Burada xalq musiqisi üçün səciyyəvi olmayan 5/8 ölçüsü digər ölçülərlə 7/8, 8/8 ilə növbələşir. Bu xüsusiyyət musiqiyə müasirlik verir.[10]
Ümumiyyətlə, bəstəkar bu simfonik muğamda təkcə “Bayatı-Şiraz” ladı ilə qane olmur, digər ladlara da müraciət edir. Məsələn, aşıq motivinə əsaslanan bölmə Şur ladında, “Vağzalı-Mirzəyi” isə “Segah” ladındadır.
Muğam rəng və giriş-epiqrafın mövzusu ilə tamamlanır:
Bu xüsusiyyət “Şur” simfonik muğamında da müşahidə edilir. “Gülüstan-Bayatı-Şiraz” simfonik muğamı bədii təfəkkürün iki sisteminin əlaqələndirilməsi, muğam ənənəsindən yaradıcılıqla istifadə edilməsinə daha yeni bir nümunədir. Burada muğamın, onun melodik-ritmik xüsusiyyətlərinin, forma, yaradılış qanunauyğunluqlarının şərhində daha çox sərbəstlik müşahidə olunur.[11]
Fikrət Əmirov muğamlarda hər bir detalın qiymətini müəyyən etməyi bacarır. Muğam F. Əmirovun öz intonasiya sisteminə uyğunlaşdırılmış bir tərzdə mənimsənilir.
Fikrət Əmirovun simfonik muğamları |
---|
Əvvəlki iki simfonik muğamla müqayisədə, “Gülüstan-Bayatı-Şiraz”da bəstəkar muğama daha sərbəst yanaşır, onun quruluşunu və ardıcıl inkişafını saxlamaqdan daha çox, ümumi emosional mühiti, muğamın melodik-ritmik xüsusiyyətlərini saxlamağa meyl edir. Əgər əvvəlki simfonik muğamlarda bəstəkar ənənəvi əsası saxlayırsa, üçüncü simfonik muğamda bu meyil dəf olunur. Burada muğamın bölmələri göstərilmir, melodik şəklə, muğam melosuna da sərbəst yanaşılır. “Gülüstan-Bayatı-Şiraz” simfonik muğamında bəstəkar, əsasən, xalq musiqisinin inkişaf üsullarını əxz edir. Muğamda olduğu kimi təzadlı qarşılaşma prinsipi saxlanır.[12]
Fikrət Əmirovun muğama münasibəti lap əvvəldən mühüm bir xüsusiyyətə malikdir: muğamlarda o, milli sənətin vaxtı keçmiş ənənələrini deyi, xalq musiqi yaradıcılığının həmişə təzə, canlı, həyat şirəli qolunu görürdü. Xalq musiqisinin ifadə zənginliyini incə şəkildə dərk edən bəstəkar peşəkar sənətin vasitə və üsulları ilə onun obrazlı, emosional məzmununu qat-qat dərinləşdirmiş olur. Məsələn, o, kontraslı və imitasiyalı polifoniyadan məharətlə istifadə edərəkmuğam janrını zənginləşdirir.[13] Bundan əlavə, F. Əmirov hələ ilk təcrübələrində sübut etmişdir ki, muğamın ayrı-ayrı hissələrində klassik kompozisiya sxemi – rondoda olduğu kimi, əsas temanın öz tonalizində müxtəlif məzmunda bir neçə dəfə təkrarlanması sxemi tətbiq oluna bilər. Beləliklə, bəstəkar simfonik muğamlarında xalq musiqisinin arxaik formalarını stilizə etmək, yaxud bu formaların yalnız zahiri effektini mənimsəmək deyil, həm də onun daxili imkanlarını kəşf etmək istedadını göstərir, xalq musiqisi əsasında mövzunun yaradıcı həllini təşkil edir.[14]
Muğamın sərbəst interpretasiyası kompozisiyanın müxtəlif komponentlərində özünü aydın hiss etdirir. Məsələn, mövzuya uyğun rəng və təsniflər seçilməsini buna misal göstərmək olar. Bəstəkar muğamın bu hissələrinə öz mövzusu ilə yanaşı, başqa xalqa və başqa janra məxsus materiallar da əlavə etməklə onun mövcud çərçivəsini genişləndirir. Məsələn, təsnifin bədii funksiyasını ifa edən vokalizlərdə Fikrət Əmirov Hafizin sözlərindən istifadə ilə qədim fars mahnılarından bəhrələnir. Bu, həmçinin simfonik muğamın ədəbi mənbə ilə daha möhkəm bağlanmasına kömək edir.[15]
“Gülüstan-Bayatı-Şiraz”da diqqət cəlb edən keyfiyyətlərdən biri də muğamın başqa lad materiallarına daxil olunmasıdır. Bu cəhət Fikrət Əmirov yaradıcılığında təzə hadisə idi. Uzun müddət eyni lad sferasında qalmaq bəstəkarın yaradıcılıq manerası üçün səciyyəvi deyildir. Əksinə, bir ladın digərinə tez-tez və gözlənilməz modulyasiyası onun musiqi təfəkkürünün xarakterik əlamətlərindəndir. Lakin əvvəlki simfonik muğamlarda müəllif lad keçidlərini qısa və ehtiyyatla tətbiq edirsə, “Gülüstan-Bayatı-Şiraz”da sözünü daha qətiyyətlə deyir.
Başqa məqamlara çox yer verilsə də, muğamın inkişaf məntiqi bəstəkardan tələb edir ki, əsas lad quruluşuna qayıtsın. Odur ki, müəllif, haqlı olaraq, əsaslandığı lada qayıtmaqla bərabər, muğamda əvvəlcədən səslənən temaları təkrar edir. O, həmin temalara qayıtsa da, onların ardıcıllığını dəyişir. Belə dramaturji cəhət muğam formasına simmetrik konstruksiya cizgiləri gətirir.[16]
“Gülüstan-Bayatı-Şiraz” simfonik muğamı müəllifin bu istiqamətdəki axtarışlarının davamı olmaqla bərabər, əvvəlki simfonik muğamlarda gördüyümüz kompozisiya prinsipi ilə müəyyən oxşarlığa malikdir, lakin, müəllif bu əsərində musiqi təcrübəsinə əsaslanaraq, əsərin simfonikləşdirilməsi problemini bir az başqa cür həll etmişdir. Yaradıcılıq axtarışları müəllifi vadar edir ki, muğam materialına yeni tərəfdən yanaşsın. Digər simfonik muğamlarından fərqli olaraq, bəstəkar burada xalq janrının sərbəst interpretasiyasını əsas götürür. Muğamın kompozisiya sxemini dəqiq saxlamaqdan daha çox, muğam melosunun ümumi emosional etmosferini, melodik, ritmik və psixoloji zənginliyini ifadə etmək bəstəkara daha vacib görünür. Odur ki, əgər əvvəlki iki simfonik muğamında müəllif ənənədən gələn ilk əsası saxlayırsa və dünya bəstəkarlıq təcrübəsinin tətbiqinə ehtiyyatla yanaşırsa, bu yeni muğamında həmin ənənəyə bütünlüklə üstün gəldiyi müşahidə olunur.[17]
Xalq muğamına xas olan bir cəhəti – mövzunun sekvensiyalı-variasiyalı inkişafının və sərbəst hərəkətinin əsas üsullarını bəstəkar bu əsərində saxlamışdır. Lakin, hər yerdə müəllifin yalnız özünə, öz yaradıcılıq dəst-xəttinə məxsus xeyli əlavə keyfiyyətlər görmək mümkündür.
“Gülüstan-Bayatı-Şiraz” simfonik muğamının başqa bir xüsusiyyəti də ondan ibarətdir ki, burada melosdan sitatlar, bəstəkarın əvvəlki simfonik muğamlarından fərqli olaraq, müfəssəl şəkildə deyil, çox zaman kiçik tezislər kimi verilir. Xalq musiqisindən aldığı bu və ya digər xətti müəllif eskiz halında götürüb, motivi təkmilləşdirmək yolu ilə onu daha da inkişaf etdirir. Bu prinspi ümumi süjetə bağlanan həm birinci rəngin həm də reminissensiya təsiri bağışlayan xalq rəqs melodiyası “Mirzeyi”nin işlənməsində və muğamın inkişafının digər motivlərində aydın müşahidə olunur. Beləliklə, xalq musiqi janrının özündə təzə keyfiyyətlər meydana çıxır, yeni ifadə imkanları nəzərə çarpır. Nəticədə janr daha da dinamikləşir, muğam müasirlik havası ilə nəfəs alır.[13]
Muğamın maraqlı fraqmenti fortepianonun solosudur. Bu bölmə “Uzzal” şöbəsinin intonasiyaları əsasında qurulur. Bəstəkarın bu bölməni fortepianoya həvalə etməsi də təsadüfi deyildir. F. Əmirov müsahibələrinin birində royalı tara yaxın olan bir alət kimi dərk etdiyini göstərərək, bu alətdə tar texnikasına xas olan passajların, muğam üçün səciyyəvi olan boyaların, obrazların əks olunmasının əlverişli olduğunu qeyd etmişdi.[18][19]
F. Əmirovun “Şur” və “Kürd-Ovşarı” simfonik muğamlarının şərq musiqi mədəniyyəti üçün xüsusi əhəmiyyətini vurğulayan bəstəkar, prof. Firəngiz Əlizadə "Gülüstan-Bayatı-Şiraz" simfoniyası haqqında yazır:
"Bu əsərin emosional təsir qüvvəzi çox böyük olub, heç kəsi biganə qoymur. Parlaq lövhəlilik orkestr palitrasının nəfisliyi, tembr və koloritli tapıntıları musiqi vasitələrinin dramaturji düzülüşü, bütün bunlar qığılcımlanan temperamenti və ilhamlı sənətkarlığı ilə cəlb edərək, yeni, parlaq istedadın meydana çıxdığını göstərirdi.”[20] |
“Gülüstan-Bayatı-Şiraz” simfonik muğamı F. Əmirovun əvvəlki simfonik muğamlarındakı bədii kəşfi, yeni simfonik konsepsiyanı layiqincə davam etdirir. Bu barədə musiqişünas Bill Yarustovski yazır:
““Gülüstan-Bayatı-Şiraz” simfonik muğamı şərq simfonizminin inkişafında yeni addım idi, çünki öz sələflərindən fərqlənirdi. Bu əsərin musiqi məzmunu sadəcə xalq yaradıcılığı olan muğam janrının simfonik tərzdə ifa olunmasında deyildi. Bu, muğama özünün çoxsaylı yeniliklərini gətirən böyük bəstəkarın incə təxəyyülü ilə bəstələnmişdi və muğama yeni həyat verdi.”[21] |
“Gülüstan-Bayatı-Şiraz” simfonik muğamındakı daha mühüm bir yenilik burada vokal partiya (messo-soprano) istifadə olunmasıdır. Bəstəkar ilk dəfə qənaətə gəlir ki, yeni simfonik muğamı təkcə instrumental əsər olmamalıdır. “Bayatı-Şiraz”ın partiturasına bəstəkar messo-soprano vokal partiyası daxil edir ki, muğamın mərkəzi hissəsi də bunun əsasında qurulur.[22]
Simfonik janrda yazılmış əsərə vokal daxil edilməsi bir tərəfdən xalq ifaçılığında mövcud olan ənənəyə uyğun gəlir, digər tərəfdən də simfonik muğamın əsas mövzusunu təşkil edən poeziya nümunəsi ilə bağlı olan simvolik fikri özündə ehtiva edir.
Məhəbbət mövzusunun qədim şərq poeziyasında mühüm yer tutmasını nəzərə aldıqda, sevgi obrazını təsvir edən qadın səsi ilə bəstəkar həmin yüksək poeziyanın özünü vermək istəmişdir. Vokal səs muğamda həm solo kimi, həm də qeyri-adi tembr-çaları kimi orkestrin daha təsirli, daha mənalı səslənməsinə kömək göstərir.
Əsərin sonrakı redaksiyalarında Fikrət Əmirov vokal partiyasını truba (kərənay) partiyası ilə əvəz etmişdir. Bu düzəliş, Azərbaycandan kənarda əsərin ifası problemini asanlaşdırır. Vokal monoloqu vasitəsiylə verilən kədər hissi tədricən daha artıq qüvvətlənir və nəticə etibarilə ümumbəşəri kədərin ifadəsinə çevrilir. Bu isə simfonik muğamın dramaturji inkişafında onun kuliminasiya nöqtəsini təşkil edən cəhətdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.