From Wikipedia, the free encyclopedia
Fumiko Ençi (yap. 円地 文子; 2 oktyabr 1905[1][2][…], Asakusa-ku[d] – 12 noyabr 1986[3] və ya 14 noyabr 1986[4]) və ya digər adı ilə Fumiko Ueda – Yaponiya yazıçısı, dramatuqu və klassika tənqidçisi. Əsərlərinin əsas mövzusu qadınlardır.
Yazıçı kimi 1950-ci illərdə tanınmağa başlayıb. İkinci dünya müharibəsindən öncə isə bir sıra tamaşalar yazmışdır. Yazıçı qadın psixikasına olan yanaşması və müasir dövrün nəqlinə klassik allüziyaları ilə tanınır. Klassik ədəbiyyatın araşdırmaçısı olan Ençi "Gencinin hekayəsi" romanını müasir yapon dilinə tərcümə etmiş, bir çox tənqidi işlərin və esselərin müəllifi olmuşdur. Ən tanınan romanları "Qadın maskaları" və "Gözlənti illəri"dir. 1985-ci ildə fəaliyyətlərinə görə "Mədəniyyət ordeni" ilə təltif edilib.
Yapon dili üzrə mütəxəssis olan Kazutoşi Uedanın ikinci qızı kimi dünyaya gələn Fumiko uşaqlıqdan kitablarla və klassik ədəbiyyatın əhatəsində olub. Tez-tez xəstələndiyindən vaxtının çoxunu yapon klassiklərini, Edo dövrünün yazılarını, müasir dövrün Tanizaki və Naqai kimi müəlliflərin əsərlərini oxumuşdur. Ən böyük marağı teatra, xüsusilə, kabuki və şinqekiyə olub. 16 yaşından sonra təhsilini ev şəraitində davam etdirməyə qərar verib.[5]
1930-cu ildə jurnalist və siyasi şərhçi Yoşimatsu Ençi ilə evlənərək soyadını Uedadan Ençiyə dəyişib. 1932-ci ildə qızı anadan olub. Evi 1945-ci ildə hava hücumu zamanı məhv olub və növbəti il ona uşaqlıq yolu xərçəngi diaqnozu qoyulub. İllərlə yataqda can çəkişib. Lakin uşaqlıqda az əlaqəsi qurduğu anası ilə yaxınlaşması onu həyatda saxlayan aspekt olub.[5]
21 yaşında ilk tamaşası olan "Doğum yeri" (1926) pyesini yazıb. İki il sonra yazdığı "Təlatümlü bahar" pyesi Tsukiçi teatrında səhnələşdirilib. Onun bu ilk əsərləri quruluşuna və psixoloji yanaşmasına görə bəyənilib. Bundan sonra Fumiko dostları Okada Teiko və Miyake Yukiko ilə birlikdə trio qurub.[5]
Evlilikdən sonra Fumiko hekayə yazmağa başlayıb. İlk hekayələri "Nichireki" və "Jimmin Bunko" kimi tanınmış jurnallarda nəşr olunub. Buna baxmayaraq, İkinci dünya müharibəsindən əvvəl roman yazarı kimi tanına bilməyib, lakin yapon qadının problemlərinə diqqət verməyə başlayıb. 1939-cu ildə "Külək kimi sözlər" adlı qısa hekayələr kolleksiyası, "Qadınların qışı" (1939) və "Yaponiya dağları" (1940) adlı romanları çapdan çıxıb.[5]
Müharibə dövründə ədəbi fəaliyyəti çox az olub. 1949-cu ilə kimi yazı yazmayan Ençi nəhayət 1951-ci ildə iki bacının çöküşündən bəhs edən "İmperatriça Komyonun portreti" adlı hekayə çap etdirib. Ençinin ilk ciddi uğuru 1953-cü ildə nəşr olunan "Ac illər" adlı əsəri olub. Namərd bir kişi ilə olan evliliyində tələyə düşən bir qadından bəhs edən əsər dərhal diqqət cəlb edib və Ençiyə Qadınların Ədəbi Mükafatını qazandırıb.[6]
1952-1957-ci illərdə yazıçı digər əsas romanı olan "Gözlənti illəri" üzərində işləyib. Ərinin mütləq hakimiyyəti altında yaşamalı olan qadının alçaldılmasını təsvir edən romanı yazarkən ana tərəfdən olan nənəsinin ona danışdığı real hekayələrdən bəhrələnib. Roman strukturuna və dramasına görə çox bəyənilib.[6] Həmin dövrdə yazıçının digər tanınmış hekayəsi olan "Cadugər" (1956) nəşr olunub. Cəmi bir neçə səhifəlik hekayə orta yaşlı bir qadının portretidir. Hekayənin baş qəhrəmanı Çikako əri Keisaku ilə yadlaşsa da, onunla yaşamağa davam edir. Hətta öz pulunu özü qazanaraq evə artırma əlavə edir və ərindən izolyasiya şəraitində yaşayır[7].
Digər ən tanınan romanı olan "Qadın maskaları" (1958) quruluş, mövzular, personajlar, səhnələr baxımından ən uğurlu işlərindən biridir. Romanın özü 3 hissəli olub hər hissə No teatrından olan bir qadın maskasının adı ilə adlandırılıb. Hekayələr də üç müxtəlif dövrdə cərəyan edir: qədim, keçmiş və indiki.[7] Roman fentezilərlə dolu olsa da, aydınlığına və dəqiqliyinə görə seçilir və "Gencinin hekayəsi"ndəki Rokuco xanımın epizodundan ilhamlanılıb.[8]
Ençinin ədəbi karyerasının zirvəsi Shinchosha nəşriyyatı tərəfindən 1955-1968-ci illərdə nəşr olunan avtobioqrafik trilogiyasıdır: "Qırmızı fırıldaqçı" (1956), "Yaralı qanad" (1960) və "Göyqurşağı və qırğın" (1968). Sevgisiz evliliyə məhkum olan yazıçı qadından bəhs edən trilogiya onun kişilərlə olan münasibətlərini və xərçənglə mübarizəsini araşdırır. O, bu romanların avtobioqrafik olduğunu inkar etsə də, 1984-cü ildə nəşr olunan "Yalanlar və həqiqət: Yetmiş ildən çox" adlı şəxsi hesabatında bu trilogiyanın şəxsi təcrübələrinə söykəndiyi məlum olub. Ençi trilogiyasına görə 1969-cu ildə Tanizaki mükafatına layiq görülüb.[9]
"Gencinin hekayəsi"ni 1968-72-ci illərdə müasir yapon dilinə tərcümə edən Ençi Yaponiyada klassik ədəbiyyat araşdırmalarına da töhfələr verib. Buna görə tələbələr arasında "Ençi Genci" təxəllüsünü qazanıb.[9]
1979-cu ildə yazıçının "Stolsuz ailə" adlı uzun romanı nəşr olunub. Roman 1968-ci ildəki tələbə iğtişaşları zamanı baş verən bir insidentə əsaslanır. Baş qəhrəman böyük bir şirkətin meneceridir və qətllə təqsirləndirilən oğlunun hərəkətlərinə görə məsuliyyət daşımaqdan imtina edir. Romanın mövzusu Ençinin əvvəlki işlərindən fərqli olsa da, Ençinin fərdiçilik konsepsiyasına malikdir.[9]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.