From Wikipedia, the free encyclopedia
Elamlar — Elam dövlətinin əsasını qoyan tayfa birliyi.
Bu səhifədə iş davam etməkdədir. |
Elam tarixi barədə əsasən yazılı qaynaqlar məlumat verirlər. Bunlar yerli, Elam və yadelli, Akkad yazılı mənbələrdən ibarətdir. Yerli qaynaqlar piktoqramma, yaxud protoelam xətti və mixi yazılardır. Xətti yazılar, o cümlədən piktoqramma, elam dilində tərtib olunmuşlar. Mixi yazılar isə həm elam, həm də şumer-akkad dillərində yazılmışdılar. Bu qaynaqlar Elamda mövcud olan ictimai, iqtisadi, hüquqi və siyasi münasibətlər barədə məlumatlar saxlamışlar. Şumer-akkad (həmçinin assur-babil) mixi yazıları Elam ilə İkiçayarasında baş vermiş siyasi hadisələri əks etdirmişlər. Elam piktoqrafiyası şəkli işarələrdən ibarət olmuşdur. Güman ki, belə işarələrin sayı 150-yə çatırdı. Şəkillər müxtəlif əşyaları, heyvanları təsvir edirdilər. Piktoqrafiya vasitəsilə təsərrüfat haqq-hesabı aparılırdı. Malların verilməsi və alınması qeyd olunurdu. Gil kitabələr üzərində atların başı, yallı və yalsız təsvirləri verilirdi. Yəqin ki, yalsız təsvir dayçanı, dik yallı ayğırı, yanakı yallı isə madyanı bildirirdi. Piktoqrafik yazıların öyrənilməsi davam etdirilir. Elam piktoqrafik yazıları əvvəlcə Suz, sonra isə Coğa-Miş, Yəhya təpə, Qodin-təpə, Məlyan təpə və başqa qazıntılar zamanı aşkar edilmişdi. Piktoqrafik yazıların müxtəlif yerlərdə tapılması belə bir qənaətə gətirmişdir ki, elam piktoqrafik işarələri müxtəlif dillərdə tətbiq olunurmuş. Piktoqrafiya əsasında elam xətti yazısı icad edilmişdi. Güman ki, xətti yazı təxminən 80 işarədən ibarət olmuşdu. İşarə heca kimi oxunulurdu. Xətti yazı ilə Elam hökmdarı Kutik-İnşuşinakın kitabələri yazılmışdı. Bu kitabələr ithaf xüsusiyyəti ddaşıyırdılar. Xətti yazılar Elam yazı sisteminin sonuncu nümayəndəsidir. Xətti yazıların oxunuşunda və məzmununun açılmasında alman alimi Valter Hinsin xidmətləri böyükdür. Qazıntılar zamanı aşkar edilmiş yazılı qaynaqların ilkin tədqiqatı və çap edilməsi fransız alimi V. Şeylin adı ilə bağlıdır. Elam mixi yazılı qaynaqları cərgəsinə "Akkad hökmdarı Naram-Suen ilə müqavilə" mətni daxildir. Mətn Elam dilində tərtib olunmuşdur. Akkad mətni hələ tapılmamışdır. Elam hökmdarı Şilhak-İnşuşinak salnaməsi və kitabələri elam dilində yazılmışdı. Onun kitabələrində Elam hökmdarlarının soy tarixi (genealogiyası) əks olunmuşdur. Bir çox Elam hökmdarlarının kitabələri ana dilində yazılırdı. Yazıların əksəriyyəti tikinti işləri və məbədlərin bərpası barədə məlumat verir. Kahin Şunturu elam dilində kitabə tərtib etdirmişdi. Kitabədə məbəd qulları, məbə ayrı-ayrı şəxslər tərəfindən hədiyyə verilmiş torpaq sahələri, məd mülkiyyətinin hifz edilməsi və toxunulmazlığı, bununla əlaqədar hökmdar fərmanı barədə bəhs edilir. Suz şəhərində tapılmış 300-dən artıq sənəd elam dilində yazılmışdı. "Suz təsərrüfat sənədləri" e.ə VI əsrə aiddirlər. Sənədlər hökmdar sənətkarlıq təsərrüfatında əmlak və əşyaların qəbulu və buraxılışı, sənət əşyalarının hazırlanması, təsərrüfat işçiləri haqqında müxtəlif məlumatlar saxlamışlar. Əhəməni hökmdarı I Daranın hakimiyyətə gəlməsi, ölkədə, o cümlədən Elamda baş vermiş üsyanları yatırması öz əksini tapmışdır. Elam dili Əhəməni dövlətinin dəftərxana dili kimi işlənirdi. Əhəməni dövrünə aid elam dilində minlərlə təsərrüfat sənədləri aşkar edilmişdir. Bunlar "Persepol kitabələri" və "Qala kitabələri" adı altında məlumdur.[1]
Elam qaynaqları həm də akkad dilində tərtib olunurdu. Erkən "Elam hökmdarlar siyahıları " və Kutik-İnşuşinakın salnaməsi akkad dilində yazılmışdı. Salnamədə Kutik-İnşuşinakın işğalları, Simaşki vilayətini tabe etməsi və Kutium ölkəsinə gəlib çatması barədə məlumat verilirdi. Akkad dilində yüzlərlə "Elam təsərrüfat sənədləri " aşkar edilmişdi.[2] Bu sənədlər Elamın ictimai-iqtisadi tarixini öyrənmək üçün əvəzsiz əhəmiyyətə malikdir. Bu akkaddilli Elam kitabələri əsasən e.ə II minilliyin birinci yarısında mövcud olmuş ictimai-iqtisadi və hüquqi münasibətləri əks etdirilər. Assuriya hökmdarlarının salnamələri, xüsusilə Aşşurbanipalın salnaməsi və "Babil xronikası" Elamın siyasi tarixi barədə mühüm məlumatlar saxlamışlar.
Elam tarixi arxeoloji və yazılı qaynaqlar əsasında öyrənilir. Elam ərazisi XIX əsrin ortalarından arxeoloji cəhətdən tədqiq olunmağa başlamışdır. Suz şəhərinin ilk tədqiqatçıları arxeoloq V. Loftus və M.Delafua olmuşdur. XIX əsrin sonundan Suz qazıntıları Jak de Morqanın[3][4], R. Mekkenemin[5][6][7][8][9][10][10], sonra da R.Girşmanın rəhbərliyi altında fransız arxeoloji ekspedisiyası[11][12][13] tərəfindən ardıcıl aparılmışdı. Suz qazıntıları zamanı Elamın arxaik, qədim və sonrakı (Əhəməni, Sələfi, Parfiya, Sasani və ərəb) dövrlərinə aid müxtəlif materiallar, o cümlədən piktoqrafik və mixi kitabələr aşkar edilmişdir. Əmək alətləri, əlvan qablar, mis balta, kərki, iynə, biz və güzgülərlə yanaşı Naram-Suenin, Hammurapinin yazılı abidələri tapılmışdır. Suz akropolu (qalası) və onun gizli tikintiləri tədqiq olunub başa çatdırılmışdı. Suz şəhərinin 50 km-də Çoqa Zəmbil ("Zənbil təpə") qazıntıları qədim Dur-Untaş şəhərini üzə çıxartdı. Bu şəhər e.ə XIII əsrdə Elam hökmdarı Untaş-Humban tərəfindən tikdirilmişdi. Qazıntıları R. Mekkenem başlamış və R. Girşman başa çatdırmışdı. Şəhərin ərazisində bir sıra məbədlər, o cümlədən böyük qülləli zikkurat aşkar edilmişdi. Zikkurat beş mərtəbədən ibarət olmuşdu. Məbəd divarlarının eni bəzən 3,5 m-ə çatırdı. Məbədlərdən elam dilində tərtib dilində tərtib olunmuş xeyli ithaf mixi yazıları üzə çıxdı. 1946-cı ildə D. Makkonun Ram-Hörmüz vadisində qazıntılar aparmışdı. Qazıntılar e.ə II minilliyə aid Elam yazılarını aşkar etmişdi. İran arxeoloqu E. Nikahban Həft-təpə ("Yeddi təpə") qazıntılarına rəhbərlik edirdi. O, e.ə XV əsrdə hakimiyyətə gəlmiş Elam hökmdarı Temptiaxarın akkad dilində tərtib olunmuş daş kitabəsini aşkar etmişdi. Le Breton arxeoloji materialların tarixi ardıcıllığına uyğun təsnifatını vermişdi.[14][15] Elam tarixi ilə əlaqədar yerüstü abidələr də öyrənilirdi. Malamir vadisində (Karun çayının sol sahili) üstündə Elam dilində yazısı olan daş heykəllər tapılmışdı. Şikafti Salman yarğanlığında üstündə yazı olan qaya-heykəllər aşkar edilmişdi. Qazıntılar akkad, elam mixi yazılı kitabələri və piktoqrafik yazıları üzə çıxardı.
Elam tarixinə aid ilk qısahəcmli kitabça F. Köniqin qələmindən çıxmışdı. C. Kameronun " İranın erkən tarixi " əsərində Elam tarixinə nisbətən təfsilatlı nəzər yetirilmişdi. V. Hinsin Elamın xüsusilə siyasi tarixinə "Elam dövləti" kitabı həsr olunmuşdu. Y.B.Yusifov "Elam ictimai-iqtisadi tarix" adlı irihəcmli əsəri çap etdirmişdi. Son on illər ərzində elam dilinin qrammatikasına dair E. Rayner, R. Hallok, A. Kammenhuber, Y. B. Yusifovun bu və ya digər həcmdə tədqiqatları çapdan çıxmışdı.[16][17][18][19][20]
Bəşər sivilizasiyasının qədim mərkəzlərindən olan Elam İranın cənubunda geniş bir ərazini əhatə etmişdir. Karun və Kerha çayları arasındakı münbit düzənlik antik dövrdə Suziana, Luristandakı dağlıq massiv isə Elimaida adı ilə tanınırdı. Suziana münbit və məhsuldar torpaqlara malik olmuşdur. Suziana düzənliyi hər tərəfdən dağ silsiləsi ilə əhatə olunmuşdur. Şimal qərbdə Puşti kuh dağ silsiləsi uzanır. Bu dağlar Kərha çayı vadisini İkiçayarasından ayırırdı. Dağ silsiləsinin son zirvəsi Kəbirkuh adlanır. Kəbirkuhdan başqa şimal-şərqə uca sıldırım dağ uzanır və İran ərazisini İkiçayarasından ayırır. Burada müasir Luristan vilayəti yerləşir. Cənub-şərqə uzanan sıldırım dağlar bəxtiyarların torpaqlarına çatır və bunun əsas zirvəsi Zərdi kuh adlanır. Dəclə və Şətt-ül-Ərəb çayları Elamı İkiçayarasından, Kirman silsiləsi isə Dəşti-Lüt səhrasından ayırırdı. Bu geniş ərazini qonşu xalqlar “Uca yer”, “Yüksək ölkə” (şumercə Nim, akkadca Elamtu, qədim farsca Uvca) adlandırırdı. Tarix elmində tətbiq olunan “Elam” termini Tövratdan götürülmüşdür.[21]
Bu ərazi e.ə VI–IV minilliklər ərzində əkinçi-maldar tayfalar tərəfindən mənimsənilmişdi. E.ə III minillikdən etibarən ölkə Elam, əhalisi isə elamlı adı altında tanınmağa başlamışdı. Ola bilsin ki, elamlı adlandırdığımız əhali bu ərazinin ilk sakinləri olmuşlar. Erkən Elam mədəniyyətinin təsiri İran ərazisində və İkiçayarasında aşkar edilmişdir. Qonşu şumerlər, bu ölkəni Nim ("yüksək ölkə") adlandırmışdılar. Akkad mənbələri isə bu adı Elamtu kimi tələffüz edirdilər. Elamlılar öz ölkəsini Hatamti (yaxud Halamti), qədim fars mənbələri Uvca (yaxud Uca) kimi əks edirdilər. Orta əsr qaynaqları burada hozi dilini yad etmişdilər. Xuzistan adı hozi sözündən əmələ gəlmişdir.
"Şumer hökmdarlar siyahısı " Elam üzərində ilk qələbəni Şumer hökmdarları Enmebaragesinin adı ilə bağlanmışdı. Demək olar ki, Elamın Şumer ilə siyasi münaqişələri, iqtisadi və mədəni əlaqələri e.ə. III minilliyin əvvəlindən daimi şəklə düşmüşdü. Elam öz növbəsində İkiçayarasına hücum edirdi. Bu hücumların birində Ur şəhər dövləti süquta uğradıldı və onun hakim sülaləsi Elamın Avan şəhərinə aparıldı. Lakin tezliklə Avan məğlub edildi və hakimiyyət rəmzi Kiş şəhər dövlətinə qaytarıldı. Buna baxmayaraq elamlılar İkiçayarası hadisələrinə müdaxiləni davam etdirirdilər. Elamın müdafiəsinin qarşısı Laqaş hökmdarı Eannatum tərəfindən alındı. O, Elama hücum etdi və ölkəni dağları ilə birlikdə tutdu. Çox keçmədən elamlılar əks hücuma başladılar, Laqaşı dağıtdılar və bəzi İkiçayarası şəhərləri üzərində öz ağalıqlarını təmin etdilər.[22]
Elamın erkən siyasi tarixi Avan sülaləsinin hakimiyyəti ilə başlanmışdı. Avan sülaləsi Elam dövlətinin başında dururdu və Şumer şəhər dövlətinə qarşı uğurla mübarizə aparırdı. E.ə III minilliyin ortasından etibarən mənbələrdə Avan hökmdarlarının adı çəkilir. Akkad hökmdarı Sarqon (b.e.ə. 2316 – b.e.ə. 2261) Elama yürüş təşkil etdi. O, Elamın Baraxşi vilayətini və hakimlərini ələ keçirdi, Elam hökmdarını əsir apardı. Avan sülaləsinin nümayəndəsi Hişepraşir hakimiyyətə gəldi. O, Akkadı tanımaqdan imtina etdi. Belə halda Rimuş Elama soxuldu, Zaxara və Baraxşi vilayətlərini tutdu, hakimlərini isə əsir düşdülər. Digər Akkad hökmdarı Maniştusu (b.e.ə. 2360– b.e.ə. 2291-ci illər) Elamı öz siyasi təsiri altında saxlaya bildi, Suz şəhərində ona heykəl qoyuldu. O, Elamın ərazisini Anşan vilayətinə kimi tutdu. Lakin Elam Akkadın tabeliyində az qaldı.
Akkad hökmdarı Naram-Suen (b.e.ə. 2236 – b.e.ə. 2200) Elama qarşı işğalçılıq yürüşlərinə son qoydu və onunla ittifaqa girdi. Bu zaman Elamda Avan sülaləsinin son nümayəndəsi Kutik-İnşuşinak (b.e.ə. 2240 – b.e.ə. 2190) hakimiyyətə gəlmişdi. Ehtimal ki, Naram-Suen ilə müqaviləni məhz o bağlamışdı. Müqavilənin Elam tərəfi Akkad hökmdarı ilə dost olacağınə vəd edirdi. Müqavilədə Elam hökmdarı adından yazılmışdı: "Naram-Suenin düşməni mənim düşmənimdir, Naram-Suenin dostu mənim dostumdur" . Müqavilə bağlandıqdan sonra Kutik-İnşuşinak geniş siyasi fəaliyyətə başladı. O, Zaqros dağları istiqamətinə yürüş təşkil etdi, Urmiya gölü hövzəsindəki Kutium ölkəsinə kimi çatdı. Güman etmək olar ki, bu yürüşlə Kutik-İnşuşinak bir müttəfiq kimi kutilərin İkiçayarasına basqınının qarşısını almağa çalışırdı. Lakin o, məqsədinə tam nail ola bilmədi. Kutik-İnşuşinak 70-ə qədər "ölkə" işğal etdiyini xəbər vermişdi. Bunların içərisində Elamın Hunhuri və Simaşki vilayətləri yad edilirdi. Mənbə qeyd edir ki, "Simaşki hökmdarı Kutik-İnşuşinakın ayaqlarını qucaqladı", yəni ona tabeliyini bildirdi. Onun hakimiyyəti illərində Elam Ön Asiyanın qüdrətli dövlətinə çevrildi. Kutik-İnşuşinak "Dünyanın dörd tərəfinin hökmdarı" rütbəsini qəbul etmişdi. O, Elamın hakimiyyətini vahid mərkəzdə cəmləşdirmişdi. Kutik-İnşuşinak ölkədə tikiniti işləri və suvarma kanalları çəkdirməklə də məşğul olurdu. Onun hakimiyyəti illərində xeyli məbəd tikilmiş və onların şərəfinə xətti yazı ilə ithaflar yazılmışdı. Kutik-İnşuşinakın hakimiyyəti illərində kitabələr xətti işarələr ilə yazılırdı. Eyni zamanda İkiçayarasından mənimsənilmiş mixi yazıdan da istifadə edirdilər. Kutik-İnşuşinakın vəfatından sonra Elamın siyasi vəziyyəti haqqında bir müddət məmurlar məhdudlaşır. Kutilərin İkiçayarasında ağalığı zamanı Elamda da sakitlik yaranmışdı, İkiçayarası ilə sərbəst gediş-gəliş vardı. Elamlılar Şumer tikintilərində işləməyə gedirdilər.
Elam bir müddət III Ur sülaləsi hökmdarlarının işğallarına məruz qaldı. Şulqi Anşan vilayətini və Elamı zəbt etdi. Suz kahinlərini öz tərəfinə çəkmək üçün Elam allahı İnşuşinakın şərəfinə məbəd tikdirdi. O, diplomatik tədbirlərə əl atır, öz qızlarını Baraxşi və Anşan hökmdarlarına ərə verir. Buna baxmayaraq Anşan itaətdən çıxdı. Şulqinin növbəti yürüşü Anşanın darmadağın edilməsi ilə başa çatdı. O, Anşan və Simaşki vilayətlərindən Elam hərbi dəstələrini öz ordusuna xidmətə cəlb etdi. Bir müddət Elam III Ur sülaləsinin canişini vasitəsilə idarə olundu.[23]
III Ur sülaləsi ilə mübarizə Elamda yeni sülalənin hakimiyyətə gəlməsinə şərait yaratdı. "Hökmdar siyahısında" Simaşki sülaləsinin on iki hökmdarının adı qeyd olunmuşdur. Birinci hökmdar Qirnamme mənbələrdə təxminən b.e.ə. 2032-ci ildə yad edilir. İkiçayarası ilə Elamın münaqişələri davam edirdi. İbbi-Sin (b.e.ə. 2027 − b.e.ə. 2005-ci illər) həm diplomatiya ilə, həm də işğal ilə Elamı itaətdə saxlamaq istəyirdi. Simaşki sülaləsinin hökmdarı Hutrantempti b.e.ə. 2004-cü ildə Cənubi İkiçayarsına soxuldu, İbbi-Sini əsir tutub apardı. Bundan sonra qərbi sami tayfaları İkiçayarasına yol açdılar. Nəhayət, şərqdən elamlılar, Urmiya gölü hövzəsindən sular (su tayfaları) İkiçayarasına daxil oldularvə III Ur sülaləsinin varlığına son qoydular. B.e.ə. təxminən 1905-ci ildə Elam taxt-tacına Ebarti (b.e.ə.1905 – b.e.ə. 1894-cü illər) sahib oldu. O, Anşan hakim ailəsinə mənsub olmuşdu və ola bilsin ki, hakimiyyəti zorla ələ keçirmişdi. Ebarti "Anşan və Suz" hökmdarı rütbəsini qəbul etmişdi. Ebartinin hakimiyyəti uzun sürmədi. Onun oğlu Şilhaha(b.e.ə. 1894 – b.e.ə. 1874) hakimiyyətə sahib oldu. Bir müddət sonra əvvəlki hökmranlıq rütbəsini dəyişdi və "Elam, Simaşki və Suz sukkalmahı" rütbəsini qəbul etdi. Rütbədən göründüyü kimi, Simaşki sülaləsinin hakimiyyətə hüququ bərpa edildi. Qədim Elam dövrünün sonuna kimi Elamın ali hökmdarları sukkalmah (" Böyük elçi ") rütbəsini daşıyırdılar. Simaşki sülaləsinin hakimiyyəti dövründə Elamda üçhakimiyyətlilik yaranmışdı. Sukkalmah Elamın ali hökmdarı hesab olunurdu. Ondan aşağı hakimiyyət pilləsində sukkal ("elçi") dururdu. O, "Elam və Simaşkinin sukkalı " adlanlanırdı. Elam dövlətində üçüncü hökmran şəxs Suz şəhərini idarə edirdi. O, "Suzun sukkalı", yaxud "Suzun hökmdarı" rütbəsini daşıyırdı. Suzun hökmdarı tədricən yer boşaldıqca Elam sukkalmahı vəzifəsinə kimi qalxırdı. Qədim Şərq ölkələrinin heç birində belə hakimiyyət sistemi yaradılmamışdı.
Elam hakimiyyət sisteminə bir başqa cəhət də xas idi. Simaşki sülaləsinin nümayəndələri hakimiyyətə qadın xətti ilə sahib olurdular. Elam hökmdarları özlərini bu və ya digər əvvəlki sukkalmahın "bacısı oğlu" adlandırırdılar. Hakimiyyətə bacı xətti ilə vərəsəlik qaynaqlarda ilk dəfə Şilhahanın adı ilə bağlı olaraq yad edilmişdir. Bir qrup hökmdarlar özlərini "Şilhahanın bacısı oğlu" adlandırır, digər qrup öz mənşəyini başqa sukkalmahın adı ilə bağlayırdı. Qadın, yaxud bacı xəttilə hakimiyyətə vərəsəlik, yəqin ki, Avan sülaləsi dövründə də mövcud olmuşdu. Bu vərəsəlik qaydası ancaq hökmran ailədə qalırdı, əhali arasında ancaq oğul övladları atanın varisi hesab edilirdi. Elamda hakimiyyətə vərəslik qaydaları barədə müxtəlif mülahizələr mövcuddur. Bəzi müəlliflərin (F. Köniq, P. Koşaker, Q. Kameron, V. Hins) fikrincə, Elamda ali hakimiyyət qardaşdan qardaşa keçirdi, yəni Elam hakim ailəsinə fratriarxat ("qardaşın ağalığı") xas olmuşdur. Lakin yaddan çıxarılırdı ki, qardaşlar bir hakim atanın övladı kimi hakimiyyətə sahib olurdular. Eyni zamanda Elamda hakimiyyətə bacıoğlu sahib olurdu. Bundan belə nəticə əldə edilmişdi ki, Elam hakim ailəsində, bir sıra başqa ölkələrdə olduğu kimi, bacı və qardaş arasında nikah mövcud olmuşdur. Belə hallarda hakimiyyəti hakim ailədə saxlamaq məqsədi güdülürdü. Elamın bütün dövrlərinə aid vahid hakimiyyətə vərəsəlik qaydası olmamışdır. Avan, xüsusən Simaşki sülalələri dövründə hakimiyyətə vərəsəlik qadın (bacıoğlu) xətti ilə aparılırdı. Bu dövrə aid hakim ailədə qardaş-bacı nikahı barədə bir-başa məlumat yoxdur, bu ancaq ehtimal edilə bilər. Ancaq sonrakı dövrdə (b.e.ə. VIII əsr) Elam əyalət hökmdarı Hanni öz bacısına evlənmişdi. Bu da qədim Şərq aləmində nadir hadisə deyildir. Bu zaman Elamın özündə isə hakimiyyətə ata xətti ilə sahibolma hüququ artıq üstünlük təşkil edirdi.
Elam sukkalmahları ("Böyük elçi") uzun müddət Babilistan ilə müharibələr aparmalı olurdular. Elam hökmdarı Sivepalarhuppak (b.e.ə. 1788– b.e.ə. 1762-ci illər) Babilistana qarşı ittifaq yaratmışdı. İttifaqa Mari və Eşunna hökmdarları cəlb olunmuşdu. Babil hökmdarı Hammurapi Elam ordusunu və onun müttəfiq qüvvələrini ağır məğlubiyyətə uğratdı. Babilistan zəifləyən bir dövrdə digər Elam hökmdarı I Kutir Nahhunti (b.e.ə. 1748 – b.e.ə. 1734-cü illər) Babilistana yürüş təşkil etdi və Akkad ölkəsinin bir çox şəhərlərini tutub dağıtdı, Bail ilahəsi Nanayın heykəlini qənimət apardı. Mənbə qeyd edir ki, "elamlı Kutir-Nahhunti, böyük allahlara içdiyi anddan qorxmayaraq və kor-koranə gücünə arxalanaraq Akkadın ibadətgahlarına əl uzatdı və Akkadı külə döndərdi" . Bundan sonra uzun müddət Elamın siyasi tarixi barədə qaynaqlar məlumat vermirlər.
Elam erkən quldar dövləti olmuşdu. B.e.ə. III minillikdə mülki bərabərsizlik daha da güclənmişdi. B.e.ə. II minilliyin birinci yarısında Elamda cəmiyyətin iqtisadi özəyini böyük ailə icmaları, yaxud ev icmaları təşkil edirdi. Kənd icması dağılmışdı, lakin onun inzibati və idarə orqnları öz varlığını saxlıyırdı. Mübahisəli məsələlər, o cümlədən hüquqi münaqişələr xalq yığıncağında həll olunurdu. Kənd icmasında birgə torpaq sahibkarlığı artıq ləğv olunmuşdu. Torpaqlar ev icmaları arasında bölünmüşdü. Qədim Elam dövründə ev icmaları həmçinin mülki bərabərsizliyə düçar olurdu. Böyük ev icmaları parçalanırdı, torpaq və mülk alğı-satqısı peyda olurdu. Böyük ev əmlakı və ümumi torpaq övladlar arasında bölüşdürülürdü. İcma torpaqları artıq parçalanmış ailələrin xüsusi mülkiyyətinə çevrilirdi Ailələrarası iqtisadi münasibətlər meydana gəlirdi. Adətən ailə başçısı-ata vəfat etdikdən sonra vahid ailə təsərrüfatı da dağılırdı, ya da birgə təsərrüfat saxlanırdı. Ailə əmlakı və torpağı ev icmaları arasında bölünəndə bu bölgüdə cinsindən asılı olmayaraq bütün övladlar iştirak edirdilər. Qızın əmlak bölgüsündə iştirakı Elam ev icmasına xas olan cəhət idi. Başqa ölkərdə qıza ancaq cehiz ayrılırdı. Digər qədim ölkələrdə olduğu kimi, Elamda "oğulluğa götürmə" qaydası mövcud idi. Sənədlərin birində Rihua adlı birisi ailə başçısı tərəfindən oğulluğa qəbul edilir və evin bütün əmlakı onun adına yazılırdı. Ata əmlakını və torpaqlarını oğulluğuna verməklə əsil varislərini, yəni övladlarını bu əmlakdan məhrum edirdi. Ev əmlakı həm də "oğulluğa götürmə" vasitəsilə satılırmış.
Elamda "qardaşlığa götürmə" müqavilə forması daha geniş yayılmışdı. "Qardaşlığa götürmə" bir neçə iqtisadi nəticələrə gətiririb çıxarırdı. "Qardaşlığa götürmə" müqviləsi vasitəsilə mülk və torpaq "qardaşa" əvəzsiz verilirdi, ya "qardaşın" malına sahib olunurdu, ya da "qardaşların" təsərrüfatı birləşdirilirdi və gəlir aralarında tam bölünürdü. Sənəddən birində bibinin "qardaşlığa" götürülməsi və bütün mülkün ona verilməsi sənəddə qeyd olunmuşdu. Digər sənəddə qeyd edilmişdir ki, "qardaşlıq" müqaviləsi əks tərəfin mal-mülkinə sahib olmaq üçün bağlanmışdır. Üçüncü sənəddə isə yazılmışdı ki, hər iki tərəf qazancı öz aralarında bölüşdürməlidirlər. İlk əvvəllər "qardaşlıq" müqaviləsi vasitəsilə birgə təsərrüfat yaradılırdı və hər iki ailə icmasının işçi qüvvələri birləşdirilirdi. "Qardaşlıq"" müqavilələri qeyri qan qohumları arasında da bağlanırdı.
Ailənin başçısı ev mülkiyyətinin sahibi sayılırdı. Məhz onun sərəncamı, yaxud razılığı ilə ev xüsusi mülkiyyəti bölünə bilərdi. Atanın vəfatından sonra isə mövcud adət-ənənələrə uyğun olaraq ailə mülkiyyəti övladlar arasında bölüşdürülürdü. Ananın bu əmlaka hüququ yox idi. Ata sağlığında ona pay ayırırdı. Sənədlərin birində qeyd edilir ki, kişi "evini avadanlığı ilə, bağ və torpaq sahəsini, ….arabasını öküzləri ilə birlikdə arvadı Eriştuya bəxş edib verdi". Göründüyü kimi, ailə başçısı bütün əmlakını arvadına bağışlamışdı, çünki onun övladı yox imiş. Bəzən ata əmlakını arvadına müəyyən şərtlə vəsiyyət edirdi. Qeyd edilirdi ki, arvad mülkdən "Nə qədər ki sağdır, istifade edəcəkdir…nə vaxt istəsə (övladlarına) verə bilər". Belə hallarda ana ev mülkünü istədiyi övladı verirdi. Ailə mülki münasibətləri bardə bir sənəd təsəvvür yaradır. Orada deyilir:
Kişi öz əlinin gəlirini, nəyi varsa arvadına bəxş edir, çünki onunla birlikdə zəhmət çəkmiş, iş görmüş və ona vermişdi. |
Sənəddə övladların anaya qarşı gələcək mülki iddiası belə bir ifadə ilə rədd edilir:"Əgər kimsə oğul və qızlarından "sənə bəxş edilməmiş, sənə verilməmiş" desə, onda onun evinə girməsin və onun çörəyini yeməsin". Ata vəsiyyətini saxlamayan övlad (yəqin ki, öz payını almış övladdan söhbət gedir) evdən qovulurdu. Lakin ananı sayan övlad onun əmlakına sahib ola bilərdi:"Ona hörmət edən onun qulluğunda dayanan oğul, onun əlinin bütün gəlirlərinə sahib ola bilər".
Ailə münasibətlərini qaydaya salan Elam qanunları aşkar edilməmişdir. Lakin belə qanunlar olmamış deyildi. Qızın vərəsəlik hüqunu bərpa edən qanun parçası qalmışdı. Burada deyilir:"Suzin qız vətəndaşı atasının əmlakına sahib ola bilər, necə ki, onun qardaşları, atasının varisləri sahib olurlar. Kim onunla (qız övladı ilə) bir yerdə qalırsa, o qadının əmlakəna sahib ola bilər". Bu qanun qız övladının ata malına hüququnun möhkəmləndirilməsinə yönəldilmişdi. B.e.ə. II minilliyin birinci yarısında Elam cəmiyyətində mülki bərabərsizlik sürətlə inkişaf edir, ev icmalarının larçalanmasına səbəb olurdu. Ev icma torpaqları bölüşdürülürdü, həm satılırdı. Torpaq üzərində xüsusi mülkiyyət yaranırdı. Elamda fərdi təsərrüfat ilə yanaşı, məbəd və dövlət təsərrüfatları da mövcud olmuşdur. Bu təsərrüfatlarda qul əməyindən idtifadə edilirdi. Elamda köləlik geniş yayılmışdı. Hər bir ev icması qullara malik idi. Dövlət və məbəd təsərrüfatında azad icmaçılar mükəlləfiyətə cəlb olunurdular. Dövlət təsərrüfatına qərbi samilər-amorilər, muşkenum adlanan asılı adamlar təhkim olunmuşdular. Dövlət torpaqları əkinçilərə icarəyə verilirdi. Dövlət idarələrində xidmətlərinə görə azaf adamlara torpaq sahəsi ayrılırdı. Elam məbədlərinin torpaq sahələri vardı. Burada qul əməyi də tətbiq olunurdu. Məbəd mülkiyyəti toxunulmaz idi.
E.ə XIV əsrin sonunda Elam yenidən siyasi cəhətdən dirçəlməyə başladı. Bu zaman Elam kassi hökmdarı II Kuriqalzunun (b.e.ə. 1345 – b.e.ə. 1324-cü illər) hakimiyyətindən azad olmuşdu. II Kuriqalzu Suz və Elamı işğal etmiş və böyük qənimətlə geri qayıtmışdı. Həmin dövrdə Elamdaa İqelhalki başda olmaqla (b.e.ə. 1350– b.e.ə. 1330-cu illər) Anşan sülaləsi hakimiyyətə gəlmişdi.
Anşan sülaləsinin ilk hökmdarlarının siyasi fəaliyyəti barədə məlumat qalmamışdır. Bu sülalənin nümayəndəsi Attarkitah (b.e.ə. 1310– b.e.ə. 1300-cü illər) artıq "Anşan və Suz hökmdarı" rütbəsini daşıyırdı. Elam daxili işlərlə daha çox məşğul olurdular, məbəd tikintilərinə diqqət yetirirdilər. Untaş-Napirişa saldırdı. Burada məşhur zikkurat, yəni qülləli məbəd tikdirdi. Məbəd beş mərtəbəli olmaqla pillə şəklində inşa edilmişdi. Məbədi qoşa divarlar əhatə edirdi. Divarlararası məsafədə 13 məbəd ucaldılmışdı. Şəhərə 50 km uzunluğunda kanal çəkilmişdi. Kərha çayından kanal vasitəsilə şəhər içməli su ilə təmin edilirdi. Sonralar bunu "Dara kanalı" adlandırırdılar. Hökmdar kitabəsi qeyd edirdi: Mən, Untaş-Napirişa, Humpanummennanın oğlu, Suz və Anşan hökmdarı, öz həyatının və rifahımın naminə hökmdar hakimiyyəti hüququndan istifadə etdim və könlümün hökmü ilə çoxlu günlər və uzun illər üçün mənim adımın şöhrəti kanalını çəkirdim".
Dur-Untaş müqəddəs şəhər hesab olunurdu. Burada hökmdar və onun əyanları yaşayırdılar, lakin dövlətin paytaxtı Suz şəhəri idi. Şəhərin inşası barədə Untaş-Napirişa belə məlumat verirdi:"Mən tikinti materialı gətirdikdən sonra Untaş şəhərini burada tikdirdim və müqəddəs məkanı yaratdım. Mən bunları içəri və çöl sədləriylə əhatə etdim. Mən elə yüksək məbəd tikdirdim ki, beləsini tikmək heç bir əvvəlki hökmdara müyəssər olmamışdı. Mən bunu Humpan və İnşuşinak allahlarına, müqəddəs məskənin havadarlarına ithaf etdim… Kim müqəddəs səddi daşa tutsa, divarını deşsə, yazılı kərpicləri oğurlasa, tikinti tirləni yandırsa və darvazaları yaxınlaşan düşmənə açsa, qoy onu Humpan, İnşuşinak və Kiririşanın qəzəbi tutsun, qoy onun nəsli qalmasın".
Untaş-Napirişa, digər Elam hökmdarları kimi, qadın şərəfini, ana şərəfini yüksək tuturdu. Arvadı Napirasunun ("Ayabənzər", "Aytəkin" mənasını verir) tunc heykəlini düzəltdirmişdi. Hökmdarə əllərini çarpazlayıb ibadətə hazırlaşırmış kimi təsvir olunmuşdu. Təmtəraqlı libası ayaqlarını altına kimi sallanırdı. Heykəlin üzərində müvafiq yazı həkk olunmuşdu. Heykəlin baş hissəsi qalmamışdır. Untaş-Napirişanın hakimiyyəti illərində Elam çiçəklənmə dövrü keçirirdi. Elam hökmdarı Kiten-Hutran (b.e.ə. 1235–1205-ci illər) İkiçayarası ilə müharibələrə daha çox diqqət ayırırdı. B.e.ə. 1226-cı ildə Kiten-Hutran İkiçayarasına soxuldu və Nippur şəhərini tutdu, əhalisini qırdı. Sonra Der şəhərini taladı, əhalisini isə köləliyə aparırdı. Bir müddət sonra Kiten-Hutran İkiçayarasına yenidən hücum etdi. İsin şəhərini tutdu və Nippurun kənar məskənlərinə gəlib çatdı, böyük qənimətlə Elama geri qayıtdı. İkiçayarası ilə daha uğurlu müharibələr Elam hökmdarı Şutruk-Nahhuntinin (b.e.ə. 1185–1155-ci illər) adı ilə bağlıdır. O, Şutrukilər süalələsinin əsasını qoydu. B.e.ə. 1160-cı ildə Şutruk-Nahhunti zəifləmiş kassi Babilistana yürüş təşkil etdi. O, Babilistan məbədlərini taladı və böyük bir qənimət ələ keçirtdi. Babilistan işğal edildi. Qələbə əlaməti olaraq Şutruk-Nahhunti Akkad hökmdarları Maniştusunun heykəlini, Naram -Suenin yazılı "qələbə abidəsini", qədim Babilistan hökmdarı Hammurapinin qanunları həkk olunmuş qara sütun daşı və digər abidələri qəniçət kimi Suz şəhərinə gətirdi. Şutruk-Nahhunti işğal etdiyi başqa ölkələrdən də tarixi aabidələri Suz şəhərinə gətirtdirirdi. Sanki o, abidə toplayan həvəskar hökmdar imiş. Onun hakimiyyəti illərində, Elamın siaysi təsiri cənubda Fars körfəzinə kimi çatırdı. Babilistan Elama tabe edilmişdi. Oğlu Kutir-Nahhunti Babilistana hökmdar təyin etmişdi. II Kutir-Nahhunti bir müdfət Babikistanı öz hakimiyyəti altında saxlaya bildi. Baş vermiş üsyanları yatırtdı . Mənbə onun Babilistandakı siyasətini belə təsvir edir:
Kutir -Nahhunti qəzəbləndi və ümumidünya daşqını kimi Akkadın bütün əhalisini məhv etdi. Babili və başqa məmurlar ibadət şəhərlərini bir yığın xarabalığa çevirdi, böyük allah Marduku əzəmətli taxtından düşməyə vadar etdi. Şumer və Akkad əhalisini Elama əsir apardı…. O, canişin təyin etdi, lakin Babil mənşəli yox, Mardukun düşmənini. |
Babilistanda kassi hakimiyyətinə son qoyuldu (b.e.ə. 1157-ci il) .
Bəzi məlumatlara görə, Kutir-Nahhunti öz oğlu tərəfindən öldürülmüşdü, lakim hakimiyyətə qardaşı Şilhak-İnşuşinakın övladı kimi qələmə verirdi. Ehtimal ki, II Kutir-Nahhunti sui-qəsd nətucəsində öldürülmüşdü. Oğlu Huletuş-İnşuşinakın bu sui-qəsdlə heç bir əlaqəsi yox idi. Belə olsaydı, hakimiyyətə özü gələrdi. Kitabələrdə Şilhak-İnşuşinak özünü II Kutir-Nahhuntinin sevimli qardaşı kimi qələmə verməsinə baxmayaraq, sui-qəsdin təşkilatçısı olubmuş. Mövcud olan vərəsəlik qaydalarına görə Hutelutuş-İnşuşinak hakimiyyətə sahib olmalıymış, lakin Elam taxtına əmiso çıxdı. Şilhak-İnşuşinak hakimiyyətini möhkəmlətmək üçün II Kutir-Nahhuntinin arvadına evləndi.
Şilhak-İnşuşinak Elamın görkəmli hökmdarlarından biri idi. O özündən əvvəl gəlmiş hökmdarların siyahısını tərtib etdirmişdi. Siyahıda məbəd inşa etmiş on altı Elam hökmdarının adı çəkilmişdi. Şilhak İnşuşinakın kitabəsində belə qeyd olunmuşduː
əvvəlki hökmdarlar burada, İnşuşinakın ibadətgahında tikib yaratmışdılra. Mən onların kitabələrini məhv etmədim və dəyişdirmədim, sadəcə olaraq təzələdim və İnşuşinakın məbədinin divarını hördüm. |
Şilhak-İnşuşinak nəinki öz hökmdar əcdadlarına, eyni zamanda yaxın qohum-əqrəbasına qayğı ilə yanaşırmış. Kitabələrində övladlarına, qohum-əqrəbasına əmin-amanlıq arzulayırdı. Şilhak-İnşuşinak yeni məbədlər tikdirdi, köhnəlib dağılmış məbədlərin bərpasına fikkr verirdi. Ölkənin, əhalinin və ailəsinin amin-amanlığı üçün allahlara müraciət edirdi. O, həddindən artıq dindar idi. Yazılarında allahlardan mərhəmət diləyirdi:
Bizim, nim və Nahhunti-Utunun firavanlığına qoy Elam allahları, Anşan allahları, Suz allahları kömək etsinlər. Qoy şər Suz əhalisinin üstünə gəlməsin. |
Şilhak-İnşuşinak işğalçılıq müharibələrini davam etdirirdi. Şimal istiqmətində o, Diyala və Aşağı Zab çaylarına kimi çatdı, Assuriya ərazisinə daxil oldu və Arrapxa şəhərini tutdu. Bundan sonra o, Babil ordusu ilə Dəclə çayı üzərində döyüşə başladı, məğlub olmuş ordu geriyə çəkildi. Şilhak-İnşuşinak Fərat çayına çatdı və burada da qələbə çaldı. Onun vəfatından sonra hakimiyyətə Hutelutuş-İnşuşinak (b.e.ə. 1120– b.e.ə. 1110) gəldi. Bu xaman Babilistanın İsin hökmdarı I Navuxodonosor Elam ilə qəti döyüşə hazırlaşırdı. I Navuxodonosor böyük bir tərəddüdıə Elama qarşı hərbi yürüş təşkil edirdi. Əvbəlki Babilistan hökmdarlarının Elam əsarəti gözü qarşısında canlanırdı və buna görə qorxu keçirirdi.
B.e.ə. 1115-ci ildə Elam yürüşünə başladı. Kitabəsində qeyd edirdi:
Mən qorxu, həyəcan və ümidsizlik içində öz-özümə deyirdim: Mən indi Elamdan olan sələfinin taleyini bölüşdürmək istəmirəm, ölüm bundan yaxşıdır…. Mən istəmirəm elamlı ilə döyüşdən kənarda qalam, mən istəmirəm dala çəkiləm. Buna görə də mən onu ordumun qalığı ilə Uknu çayı yanında güddüm. Lakin ən güclü allah Nerqal mənim döyüşçülərimə cəza verdi.. Mən ölümdən qorxdum və döyüşə girişmədim, geriyə çəkildim… Elamlı gəldi və mən şəhərdən qaçdım. |
I Navuxodonosorun bu yürüşü uğursuz oldu, Elam ordusu qələbə çaldı.
B.e.ə. 1110-cu ildə o, yeni yürüşə başladı. Kitabədə belə qeyd edilmişdir:
Navuxodonosor allahlar padişahı Mardukun məsləhətinə qulaq asaraq silaha sarıldı ki, Akkadın intiqamını alsın. O öz ordusu ilə Derdən çıxdı…. Yollardakı daş-kəsək od kimi ayağı yandırırdı, su qurtarmışdı, atlar yorulmuşdu, döyüşçülərin qıçları qırılırdı. Lakin nəcib hökmdar dayanmırdı, əlçatmaz torpaq onu qorxutmurdu, o, qoşqudakı atları qovurdu…qüdrətli hökmdar Ulay çayının sahilinə çatdı və hər iki hökmdar döyüşə başladı. Onların yanında hərdənbir alov qalxırdı, toz gün işığını tuturdu, müharibə tufan kimi tüğyan edirdi… Hutelutuş-İnşuşinak, Elam hökmdarı, öz dağını tapdı (yəni həlak oldu) Navuxodonosor qələbə çaldı, Elam ölkəsini işğal etdi və onun var-yoxunu taladı. |
Bu məğlubiyyətdən sonra təxminən üç əsr Elamın adı siyasi səhnədən silindi.
Bu dövrdə Elam hökmdarları İkiçayarası ilə yenidən uzun-uzadı müharibələrə girişmişdilər. Elam Babilistana qarşı ənənəvi hərbi siyasətini dəyişmişdi. Assur dövləti Ön Asiyanın siyasi səhnəsində qabaqcıl mövqe kəsb etmişdi. Assuriya Babilistan hadisələrinə yenə də müdaxilə edirdi. Belə şəraitdə Elam Babilistanın rəqibindən yaxın müttəfiqinə çevrilmişdi. Hər iki dövlət Assuriyaya qarşı birgə mübarizə aparırdı. Əslində Elam daha çox özünümüdafiə etməli olurdu. B.e.ə. 720-ci ildə Assur hökmdarı II Sarqon Elamın sərhəd şəhəri Der yaxınlığında döyüşə başladı. Yeni Elam dövlətinin hökmdarı Humbannikaş Assur ordusu üzərində qələbə çaldı. Elamın müttəfiqi Babilistan hökmdarı Merodoxbaladan qələbədən sonra döyüş yerinə gəlib çıxdı. II Şutruk-Nahhunti öz sələflərinin işğalçılıq müharibələrini davam etdirirdi. O, 32 ölkəni zəbt etmişdi. Bu ölkələr şimal və güman ki, şərq istiqmətində yerləşirdi. O, Ayapir vilayətini Elama birləşdirdi. Ayapir hökmdarı Hanni öz bacısına evlənmişdi. Elamın bu kənar vilayətində bacı ilə nikah və bacı xəttilə hakimiyyətə sahib olmaq qaydası qabarıq şəkildə öz varlığını saxlayırdı. II Şitruk-Nahhuntinin özü də sələfinin bacısı oğlu kimi hakimiyyətə sahib olmuşdu. B.e.ə. 710-cu ildə II Sarqon tərəfindən məğlubiyyətə uğradılmış Merodaxbaladan Elamda sığınacaq tapdı. Bir müddət birləşmiş Elam və Babilistan ordusu b.e.ə. 703-cü ildə Sinahheribi məğlub etdi. Tezliklə II Hallutuş-İnşuşinak dövlət çevrilişi nəticəsində hakimiyyətə gəldi. O, Babilistana soxuldu, Sippar şəhərini tutdu, Babil taxtına oturmuş Sinahheribin oğlunu əsir apardı. Lakin b.e.ə. 693-cü ildə Sinahherib Nippur yanında birləşmiş Elam-Babil ordusuna qalib gəldi. Elamlar bu məğlubiyyəti hökmdara bbağışlamadılar, Suz şəhəri kənarında Hallautuş-İnşuşinakı öldürdülər. Hakimiyyətə gəlmiş Humbanimmena Babilistan ilə ittifaqı saxlayaraq Sinahheribe qarşı vuruşmalı oldu . E.ə 691-ci ildə Halul düzənliyində döyüş başlandı. Elam tərəfindən döyüşdə Ellipi, Parsuaş və Anşan iştirak edirdi. Döyüşün nəticəsi mənbələrdə ziddiyətli əks olunmuşdur. Sinahherib öz kitabəsində qələbə çaldığını qeyd etmişdi, Babil xronikası ilə qələbəni Humbanummenaya qismət olduğunu göstərmişdi. Yəqin ki, döyüşən tərəflərin heç biri qələbə əldə edə bilməmişdi. Babiı xronikası xəbər verir ki, bundan sonra Humbanummenanı iflic vurdu:"Onun ağzı əyildi, buna görə dili daha söz tutmadı".
Müharibələrdə əldən düşmüş Elamda hakimiyyət uğrunda mübarizə güclənirdi. Bir müddət Urtaki ilə Teumman ikisi birlikdə fövləti idarə edirdilər. B.e.ə. 665-ci ildə Urtaki İkiçayarasına daxil oldu. Assur hökmdarları Aşşurbanipal salnaməsində onun hərəkətlərini belə pisləyirdi:
Elamda başlayan ağır aclıq günləri zamanı mən onun xalqını aclıqdan xilas etmək üçün taxıl göndərdim. Ağır dəqiqələrdə mən ona əl tutdum. Aclıq zamanı Elamdan gəlib Assuriyada sığınacaq tapanları yağışlar yağınca və məhsul yetişincə ölkəmdə onların həyatını qorudum, sonra geriyə, onun yanına göndərdim. Mən heç bir zaman güman etməzdim ki, elamlının mənə həmlə etməyə cürəti çatar, heç bir zaman onun düşmənçiliyini güman etməzdim. |
Aşşurbanipalın ordusu Urtakink Babilistandan sıxışdırıb çıxartdı.
Teumman Elamı təkbaşına idarə etməyə başladı. Onun təqiblərinə dözməyən Elam hakim ailə üzvləri Assuriyanın paytaxtı Nineviyada pənah tapdılar. Aşşurbanipal onlara sığınacaq verdi. TeiUmmaan qaçqınların qaytarılmasını tələb etdi, lakin rədd cavabı aldı. İlk zamanlar Teumman Elamdan şimala yürüş təşkil etmiş və lallarip tayfasını məğlubiyyətə uğratmışdı. Lallarip vilayəti yəqin ki, Mannanın cənubunda yerləşirdi. Vaxtilə Assur hökmdarı Aşşurnazirpal burada Lalu çayının axdığını yad etmişdi. Elamdakı vəziyyət Aşşurbanipalı narahat edirdi. Aşşurbanipala xəbər çatdı ki, "Teummanı azar tutmuşdur, onun dodaqları qurumuş və gözləri kəlləsinə çıxmışdır" . Yəqin ki, Teumman huşunu itirmə, özündəngetmə xəstəliyinə düçar olmuşdu. Aşşurbanipal fürsətdən istifadə edərək Elama yürüş təşkil etdi. B.e.ə. 653-cü ildə o, Der keçidini aşaraq şimaldan Elama soxuldu. Aşşurbanipalın salnaməsi Teumman barədə qeyd edir:"O canımı xilas etməküçün öz ölkəsinin adamlarına qızıl və gümüş payladı. O, Ulay çayı yanında mənə qarşı mövqe tutdu". Qızğın döyüş elamların məğlubiyyəti ilə qurtardı. Aşşurbanipal öz qələbəsini belə təsvir edir:
Onun döyüşçülərini saysız-hesabsız qırdım, cəngavərlərini öz əlimlə diri-diri tutdum. Onların cəsədlərinin Şuşanın çölünə səpələdim. Onların qanını Ulay çayına axıtdım, suyunu isə qırmızı yun kimi qana buladım. Onların cəsədlərini üç gün içində çayda axıtdım. |
Teumman döyüş meydanından qaçdı, lakin canını qurtara bilmədi. Assur döyüşçüləri onun dalınca düşdülər, tutub başını kəsdilər və Nineviyaya göndərdilər. Salnamədə belə qeyd edilmişdiː
Teummanın, Elam hökmdarının başını mənim döyüşçülərim təcili sürüyüb gətirdilər və Nineviyada Aşşur darvazaları qabağında mənim cəng arabalarımın altına atdılar. Mən xəncərlə onun sifətini yazdım, sonra isə ona tüpürdüm. |
Teummanın başı şəhər mərkəzində xalqın tamaşasına qoyuldu. Aşşurbanipal Elam üzərində qələbəyə böyük əhəmiyyət verirmiş. Aşşurbanipalın göstərişi ilə Urtakinin övladları Elam şəhərlərinə hökmdar təyin edildilər. Bununla o, mərkəzi Elam hakimiyyətini parçalamaq məqsədini güdürdü. Müəyyən dərəcədə buna nail oldu. Elamın daxilində hakimiyyət uğrunda mübarizə başlandı.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.