From Wikipedia, the free encyclopedia
Ekiben (駅弁?) – Yaponiyada qatar stansiyalarında satılan bento çeşidi. Ekibenlər yemək çubuqları və ya qaşıqlarla da təqdim oluna bilər. Ekiben qabları plastikdən və ya taxtadan hazırlana bilər. Bir çox qatar stansiyaları yerli yemək çeşidlərinin olduğu ekibenləri ilə məşhurlaşıb.
Ekibenlərin tarixçəsi XIX əsrdən başlayır. Tezliklə ekiben uzun qatar səyahətləri zamanı ehtiyac duyulan bento çeşidinə çevrilib. Ekiben satışları 1980-ci illərdə öz pik nöqtəsinə çatmasına baxmayaraq, hava səyahətinin populyarlaşması, eləcə də, qatar səyahətinin sürətlənməsi nəticəsində satışlarda azalma başlayıb. Buna baxmayaraq, ekibenlər hələ də öz populyarlıqlarını saxlayırlar: stansiyalarda, platformalarda və ya qatarın içində satılır və ekiben qabları səyahətçilər tərəfindən bəzən suvenir kimi saxlanılır.
Ekiben sadəcə Yaponiyada deyil, digər Şərqi Asiya ölkələrində də (xüsusilə Tayvan) populyardır.
"Ekiben" sözü yapon dilində "stansiya" mənasına gələn "eki" və "bento" sözünün qısaltması olan "ben" sözlərinin birləşməsindən yaranıb.[1] Qatar səyahətlərinin başlamasından əvvəl səyahətə çıxan şəxslər çay evlərindən satılan taxta bento qutularına öz yeməklərini qoyurdular və özləri ilə aparırdılar. Kabuki tamaşalarının fasilələrində isə makunoçi-bento (aktlararası bento) satılırdı. Qatar səyahətlərinin başlamasından sonra bunlar ekibenin yaranmasına gətirib çıxaracaqdılar. İlk ekiben satışının 1885-ci ildə Utsunomiya stansiyasında reallaşdığı qəbul edilir.[2] İlk ekibenlər çox sadə idi. Utsunomiya stansiyasındakı ekiben sadəcə cavan bambuk yarpaqlarına bükülmüş oniqiridən ibarət idi. Daha sonra ekiben ideyası Yaponiyanın digər qatar stansiyalarında da populyarlaşmağa başladı. 1888-ci ildə ilk dəfə Himeci stansiyasında düyü və bir neçə yan yeməkdən ibarət ilk standart ekiben satışa buraxıldı.[3] XX əsrin əvvəllərində isə bir çox stansiya yerli təamlardan ibarət ekibenlər təklif etməyə başladılar. Nəticədə, ekiben artıq bentonun xüsusi formasına çevrilmişdi. Artıq bəzi qeyri-adi, unikal ekibenləri ancaq bir stansiyada tapmaq mümkün idi.[4] Məsələn, Hokkaydoda yerləşən Mori stansiyasında ikameşi (düyülü kalmar) tapmaq olardı.[1]
İkinci dünya müharibəsindən sonra Yaponiyada qatar səyahəti daha da populyarlaşdı və bu, ekibenlərin populyarlığına da müsbət təsir göstərdi. Hətta 1970-ci illərdə Yaponiyada ekibenləri dadmaq üçün səyahətə çıxan şəxsdən bəhs edən bir manqa əsasında serial da çəkilmişdi. 1980-ci illərdin ortasında gündə 20 milyon ekiben satılırdı.[3] Lakin ekibenlərin "Qızıl dövrü" bundan sonra enişə keçməyə başladı: təyyarə sayəhəti populyarlaşdı, qatarlar daha sürətləndi. Belə ki, 1980-ci illərdən əvvəl təyyarə səyahəti çox baha idi, sərnişinlər o dövrdə qatarlarla üstünlük verirdi və uzun qatar səyahətləri üçün ekibenə ehtiyac duyulurdu.[5] Şinkansenlərin ortaya çıxması bəzi stansiyaların bağlanmasına, dolayısı ilə onların təklif etdikləri ekibenlərin də yoxa çıxmasına səbəb oldu.[1] 1987-2008-ci illərdə ekiben istehsalçılarının sayında 50%-lik azalma müşahidə olunub. Bir çox yerlədə ekibenlər turistlər üçün unikal suvenirlərə çevrilib.[3][6]
Hazırda qatar stansiyalarından qıraqda da (alış-veriş mərkəzlərində, hava limanlarında) ekiben almaq mümkündür. Bəzi alış-veriş mərkəzlərində illik ekiben yarmarkaları keçirilir (ilki 1966-cı ildə keçirilib). Ən böyük ekiben yarmarkaları Şincuku stansiyasındakı Keyo alış-veriş mərkəzində və Osakadakı Hanşin alış-veriş mərkəzində baş tutur.[1]
Ekibenlərin bir çox növləri var. Lakin onları əsas 2 qrupda toplamaq olar: makunoçi-bento (standart ekibendir, bütün Yaponiyada tapılır, əsasən düyü, qızardılmış balıq, balıq tortları, turşular və digər standart elementlərdən ibarət olur) və regional (bütün Yaponiyada tapılmır, yerli mətbəxin təamlarından ibarət olur).
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.