Donbass müharibəsi — Ukraynanın cənub-şərqində Rusiyameylli qüvvələrlə Ukrayna ordusu arasında 2014-cü ilin aprel ayından bəri baş verən müharibə. 2014-cü ildə baş vermiş Ukrayna inqilabı və Avromeydan hərəkatının ardınca 2014-cü ilin mart ayının əvvəllərindən etibarən rusyönümlü qruplaşmaların etirazları Ukraynanın Donetsk və Luqansk vilayətlərində də baş verib. Bu cür etiraz aksiyalarının davamı olaraq Krım yarımadası Rusiya Federasiyası tərəfindən anneksiya olundu və rusyönümlü separatçıların daha böyük qruplaşmaları Ukraynanın cənub və şərq hissələrinə də yayıldı ki, bu da Donetsk və Luqanskda özünü idarə etmək iddiasında olan separatçı qüvvələrlə Ukrayna hökuməti arasında silahlı münaqişənin baş verməsi ilə nəticələndi.[21] Öz müstəqilliyini elan etmiş separatçı Donetsk Xalq Respublikasında 2014-cü ilin may ayından rəhbərliyin dəyişdiyi avqust ayına qədər olan müddət ərzində separatçı hökumətin bir çox liderləri Rusiya vətəndaşlarından ibarət idi.[22] 2014-cü ilin ortaları ərzində rusiyalı yarımhərbi qüvvələr separatçı döyüşçülərin 15 faizini, Ukrayna hökumətinin məlumatlarına görə isə 80 faizini təşkil edirdi. 2017-ci ilin sentyabr ayına olan məlumata əsasən Ukraynanın Donetsk və Luqansk vilayətlərində hökumət qüvvələri ilə mübarizə aparan 6,000 rusiyalı hərbçi və 40,000 nəfər separatçının olduğu hesablanmışdır.[23][24]
Cəld faktlar Tarix, Yeri ...
Donbass müharibəsi |
---|
2018-ci ilin avqust ayına olan hərbi vəziyyət: Çəhrayı rənglə təsvir olunmuş ərazilər rusyönümlü separatçıların, sarı rənglə təsvir olunmuş ərazilər isə Ukrayna hökumətinin nəzarəti altındadır |
Tarix |
6 aprel 2014 – davam edir |
Yeri |
Ukraynanın Donetsk və Luqansk vilayətləri |
Nəticəsi |
Davam edir
- Rusyönümlü separatçılar Donetsk və Luqansk vilayətlərinin bir hissəsinə nəzarəti ələ keçirdi
- Malayziya Hava Yolları reys 17 vuruldu, 298 nəfər həlak oldu
- 5 sentyabr 2014-cü ildə atəşkəs barədə Minsk protokolu imzalandı[1]
- Faktiki olaraq Rusiya tərəfindən idarə olunan Donbass Komissiyası yaradıldı[2]
- 15 fevral 2015-ci ildə Minsk 2 atəşkəs razılaşması qüvvəyə mindi. Buna baxmayaraq, razılaşmadan qısa müddət sonra separatçılar Debaltsev şəhərini ələ keçirdi
- 1 sentyabr 2015-ci ildə Minsk 2 atəşkəs razılaşmasının yenilənməsinə cəhd edildi[3]
- 10-dan çox atəşkəs cəhdi uğursuzluqla nəticələndi[4]
|
|
|
64,000 nəfər[12]
|
40,000–45,000 nəfər[13] (3,000–4,000 nəfər rusiyalı könüllü)[14] 9,000–12,000 nəfər Rusiya hərbçisi (Ukrayna və ABŞ hesablamalarına əsasən)[15]
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
22 və 25 avqust 2014-cü il tarixləri arasında Rusiyaya məxsus "humanitar konvoy" Ukrayna hökumətinin icazəsi olmadan ölkə ərazisinə daxil oldu. Həmin konvoylar həm rusyönümlü qüvvələrin nəzarəti altında olan ərazilərdən, həm də Donetsk vilayətinin cənub-şərqində yerləşən Novoazovsk şəhəri istiqamətindən ölkə ərazisinə daxil olurdu. Bu hadisələr Rusiya ilə sərhəd xəttindən Ukrayna hərbçilərinə məxsus müdafiə mövqelərinin atəşə tutulması ilə davam etdi.[25][26] Ukrayna Təhlükəsizlik Xidmətinin başçısı Valentin Nalivayçenko 22 avqustda baş vermiş hadisələri "Ukrayna ərazisinin Rusiya tərəfindən birbaşa işğalı" adlandırdı.[27] Ukrayna və Qərb dövlətlərinin rəsmiləri bu hadisələri Ukraynanın Rusiya tərəfindən "görünməz işğal"ı kimi təqdim etdi.
Rusiyalı dövlət rəsmilərinin Donbasdakı rus qoşunlarının mövcudluğu barədə fikirləri anlaşılmaz idi: hökumət rəsmiləri Ukraynada nizami silahlı qüvvələrin mövcud olmadığını bildirsə də, bəzi hallarda həmin ərazidə yaşayan "rusdilli əhalinin müdafiə olunması məqsədilə" döyüş zonasına rusiyalı "hərbi mütəxəssislərin" göndərildiyi açıqlanırdı. 2017-ci ilin sonlarına qədər olan vaxt ərzində ATƏT müşahidəçiləri onlara müşahidə etmək icazəsi verilən iki nəzarət-buraxılış məntəqəsi vasitəsilə Rusiya ərazisindən Donbassa hərbi formaya oxşar geyimdə 30 minə yaxın şəxsin keçdiyini hesablamışdır. 2018-ci ilin avqust ayında ilk dəfə olaraq ATƏT-ə məxsus dron vasitəsilə Rusiyadan münaqişənin davam etdiyi əraziyə iki hərbi konvoyun daxil olması qeydə alındı. Münaqişənin başlanğıcında Ukrayna tərəfi də bir neçə dəfə hərbi konvoyların Ukrayna ərazisinə keçməsini qeydə alsa da, Rusiya bu iddiaları təkzib edirdi.[28] 2018-ci ilin avqustunda münaqişə ərzində ilk dəfə olaraq separatçıların nəzarəti altında olan ərazidə Rusiyaya məxsus dörd ədəd radioelektron mübarizə sistemləri müşahidə olundu.[29]
Sonradan, Donetsk və Luqansk vilayətlərində yerləşən üsyançılar Ukrayna hökumətinin hücumları nəticəsində itirilmiş əraziləri yenidən nəzarət altına almağı bacardı. 5 sentyabr 2014-cü ildə Ukrayna, Rusiya, Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikası arasında atəşkəs barədə Minsk protokolu adlı sənəd imzalandı. Lakin, bu atəşkəs müqaviləsi uzun müddət qüvvədə qalmadı. Belə ki, artıq 2015-ci ilin yanvarında Donetsk Beynəlxalq Hava Limanı və Debaltsev şəhəri də daxil olmaqla münaqişə zonası boyunca ağır döyüşlər başlandı. Atəşkəs müqaviləsinin imzalanmasından dərhal sonra separatçı qüvvələr Debaltsev şəhərinə hücuma keçdi və nəticədə, burada yerləşən Ukrayna qoşunları geri çəkilmək məcburiyyətində qaldı. Debaltsevin separatçılar tərəfindən ələ keçirilməsindən aylar sonra təmas xətti boyunca kiçik toqquşmalar davam etsə də, heç bir ərazi dəyişikliyi qeydə alınmadı. Münaqişənin bu cür davam etməsi onun getdikcə "donmuş münaqişə"yə çevrilməsi ilə nəticələndi. Hər ay tərəflər hərbi və mülki itkilər versə də, təmas xətti boyunca heç bir ciddi irəliləyiş qeydə alınmırdı.[30] 2017-ci ildə münaqişə zonasında ortalama olaraq hər üç gündə bir ukraynalı hərbçi həlak olurdu. Münaqişənin başlanğıcından etibarən tərəflər arasında 10-dan çox atəşkəs razılaşması qeydə alınsa da, bunların heç biri münaqişəni dayandırmaq gücündə olmadı. Tərəflər arasındakı ən son atəşkəs razılaşması isə 1 iyul 2018-ci il tarixində qüvvəyə mindi. Buna baxmayaraq, razılaşmanın qüvvəyə minməsindən bir neçə saat sonra Ukrayna və separatçı qüvvələr bir-birilərini atəşkəsi pozmaqda ittiham etdi.