From Wikipedia, the free encyclopedia
Darren Aronofski (ing. Darren Aronofsky; 12 fevral 1969[1][2][…], Bruklin, Nyu-York) — amerikan kinorejissor, ssenarist və prodüser.
Darren Aronofski | |
---|---|
ing. Darren Aronofsky | |
Doğum tarixi | 12 fevral 1969[1][2][…] (55 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Həyat yoldaşı |
Reyçel Vays (2001–2010) Brendi-Enn Milbredt (2012–2015) |
Uşağı | Henri Çans Aronofski (Vaysla nigahdan) |
Partnyorları |
|
Fəaliyyəti | film prodüseri, kinorejissor, ssenarist, yazıçı, kino aktyoru, rejissor |
Fəaliyyət illəri | 1996-cı ildən |
Təhsili |
|
IMDb | ID0004716 |
darrenaronofsky.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Darren Aronofski (doğum tarixi 1969-cu il, 12 Fevral) Amerikalı kinorejissor, ssenari müəllifi prodüser və ətraf mühit üzrə aktivist kimi fəaliyyət göstərir. O, surreal movzulu filmləri ilə tamaşaçıların rəğbətini qazanıb və kinematoqraf Metyu Libatik, redaktor Endryü Veysblam və bəstəkar Klint Mansell ilə əməkdaşlıq etməsi ilə tanınır. Onun filmləri əksər hallarda mübahisələrə səbəb olmuş və adətən özündə şiddət ehtiva edən, kədər doğuran həzin mövzuları ilə məşhurdur. "1998-ci ildən 2014-cü ilə kimi Aronofskinin altı filminin mövzusu mükəmməlik axtarışı, xoşbəxtlik uğrunda axtarış, sevgi həsrəti, şohrətdən məst olmaq, yadlaşmanın iztirabı və məsuliyyətin ağırlığı kimi mövzuları əhatə edir."[5]
Aronofski Harvard Universitetini film və sosial antropologiya ixtisası üzrə bitirib və Amerika Film Institutunun rejissorluq sahəsində təhsil alıb. Diplom işi olaraq çəkdiyi "Supermarketin təmizlənməsi" filmi Tələbələr arasında Oskar mükafatı finalisti olduqdan sonra da o, bir neçə film mükafatı qazandı. Aronofskinin debüt filmi olan və sürrealist psixoloji triller janrlı "Pi" 1997-ci ilin Noyabr ayında çəkilib. Cəmi 60 000 dollarlıq məhdud büdcə ilə çəkilən və baş rolda Şon Qulletin çəkildiyi film Artisan Entertainment şirkətinə 1 milyon dollara satılır və 3 milyon dollardan çox gəlir əldə edir; Film Aronofskiyə 1998-ci ildə Sundance Film Festivalında ən yaxşı rejissor və ən yaxşı orijinal ssenariyə görə İndependent Spirit mükafatını qazandırır.
Aronofskinin növbəti, psixoloji mövzuda çəkilmiş "Requiem for a dream" filmi Hyubert Selbinin eyniadlı romanı əsasında çəkilmişdi. Film müsbət rəylər aldı və Ellen Börstin filmdəki çıxışına görə Oskar mükafatına namizəd göstərildi. II Dünya müharibəsindən bəhs edən qorxu filmi "Aşağıda"nın ssenarisini yazdıqdan sonra, Aronofski sayca üçüncü, romantik elmi- fantastik janrda olan "Fəvvarə" filminin çəkilişinə başladı. Filmlə bağlı qarışıq resenziyalar dərc edildi və o, kinoteatr kassalarında istənilən uğur əldə etməsə də, o zamandan bəri kult filmlər siyahısındadır.[6]
İdman mövzusunda çəkilən dördüncü filmi "Güləşçi" tənqidçilər tərəfindən yüksək qiymətləndirildi və filmin ulduzları Miki Rurk və Marisa Tomey Oskar mükafatına namizəd göstərildilər. 2010-cu ildə Aronofski "Döyüşçü" filminin icraçı prodüseri oldu və onun beşinci bədii, psixoloji qorxu filmi "Qara qu quşu"daha çox tənqidçi rəğbəti qazandı ; ən yaxşı ekran əsəri və ən yaxşı rejissor nominasiyalarında Oskar mükafatına namizəd göstərildi, Natali Portman isə filmdəki roluna görə ən yaxşı Aktrisa nominasiyasında qalib gəldi. Aronofski Qızıl Qlobus mükafatlandırma mərasimində ən yaxşı rejissor və Amerika Rejissorlar Gildiyasının mükafatı nominasiyasına namizəd göstərilib. Onun Bibliyadan ilhamlanaraq ərsəyə gətirdiyi altıncı film "Nuh" 28 mart 2014-cü il kinoteatrlarda nümayişə çıxarılıb.
Aronofski 1969-cu ildə, Nyu York, Bruklin şəhərində orta məktəb müəllimləri Şarlot və Abraham Aronofskilərin ailəsində anadan olub. Manhattan Biçin qonşuluğunda böyüyən Darren, Edward R. Murrow Litseyindən məzun olub.[7] Orta məktəb dövründən peşəkar balet məktəbinə gedən Patti adlı bir bacısı var.[8] Valideynlərinin onu tez-tez Brodvey teatr tamaşalarını seyr etməyə aparması balaca Darrendə şou-biznesə qarşı maraq yaratdı.[9]
Gənc ikən o, 1985-ci ildə Keniyada Ətraf mühit üzrə araşdırmalar məktəbində, 1986-cı ildə Alyaskada bioloq kimi təlim gördü.[10] Dırnaqlılar[10] haqqında öyrənmək marağında olduğundan o, Keniyadakı məktəbə yazılmışdı. Sonralar o, demişdi: "Ətraf mühit üzrə araşdırmalar məktəbi dünyanı qavrama tərzimi dəyişdi".[10] Aronofskinin ətraf mühitə olan marağı onun öz yolunu Avropa və Yaxın Şərqə salmasına gətirib çıxardı. 1987-ci ildə o, Harvard Universitetinə daxil oldu və burada sosial antropologiya ixtisası üzrə, kino istehsalı ixtisasına yiyələndi, 1991-ci ildə Universiteti bitirdi.[11]
Hələ Harvardda təhsil alarkən sənətə yeni başlayan animator Den Şrekerlə dostlaşdıqdan sonra o, kino sahəsinə ciddi maraq göstərməyə başladı.[12] Aronofski sonradan ilk filmi "Pi"nin əsas ulduzu olacaq Şon Qullet ilə də məhz Harvard universitetində tanış oldu.[13] Kinematoqrafiya sahəsində təsirləndiyi şəxslər Akira Kurosava,[14] Roman Polanski,[15] Terri Gilyam,[15] Şinya Tsukamoto,[15] Hyubert Selbi,[15] Spayk Li,[16] və Cim Carmuş[16] olub.
Aronofskinin əsas diplom işi olaraq təqdim etdiyi "Supermarketin təmizlənməsi" film 1991-ci ildə Tələbə Akademiyası Mükafatlarında finalçı oldu.[17] Aronofski Amerika Film İnstitutunun film rejissorluğu üzrə magistr dərəcəsini 1992-ci ildə aldı; onun sinif yoldaşları arasında Todd Fild, Daq Ellin, Skott Silver və Mark Voters də var idi.[18][19] O, institutun Frenklin C. Şaffner məzun medalını da qazandı.[20]
Aronofskinin debüt filmi "Pi" (həmçinin π adı ilə də tanınır) 1997-ci ilin Noyabrında çəkilib. Film bütünlüklə onun ailə üzvləri və dostlarının hər birinin 100 dollar ianəsi hesabına maliyyələşdirilırək ərsəyə gəldi.[21] Əvəzində, Aronofski film qazanc gətirərsə onların hər birinə 150 dollar ödəyəcəyinə vəd verdi, əksinə film heç bir gəlir gətirməyəcəyi təqdirdə isə ən azından filmin istehsalına onların yardım etdikləri qeyd olunmuşdu.[9] Gənc ikən İsrailə səfəri zamanı o, pravoslav Yeşivasında bir neçə gün keçirmişdi,[22] bu təcrübə sonradan onun çəkəcəyi filmin müjdəçisi oldu.[23] Ilkin olaraq 60 000 dollarlıq büdcə ilə film hazırlayan Aronofski Pi`nin premyerasını 1998 Sundance Film Festivalında etdi və burada ən yaxşı rejissor mükafatını qazandı. Film özü isə xüsusi münsif mükafatına namizəd oldu.[24] Artisan Entertainment $ 1 milyon ödəyərək filmin yayım hüquqlarını əldə etdi.[9] Tənqidçilərdən müsbət rəylər alan filmin elə həmin il ictimai nümayişi keçirildi və o, $ 3.221.152 dollar gəlir əldə etdi.[25][26]
Aronofski debüt filminin ardınca Hyubert Selbinin eyni adlı romanı əsasında "Requiem for a Dream" filiminin rejissorluğunu etdi. Ona $ 50,000 dollar ödənilmişdi və əvvəlki filmindəki kimi demək olar ki, eyni çəkiliş komandası ilə üç il birlikdə işlədi.[27] "Pi" filminin maliyyə uğurunun ardınca, onun artıq Ellen Börstin və Cared Leto kimi ulduzlarla işləmək imkanı vardı və filmin istehsalı üçün ona 3,500,000 dollarlıq büdcə ayrılmışdı.[28] Filmin ərsəyə gəlməsi bir il müddətində davam etdi; 2000-ci ilin Oktyabr ayında nümayişə çıxarılan film bütün dünyada $ 7.390.108 gəlir gətirdi.[29] Aronofski özünəməxsus rejissorluq üslubuna görə rəğbət qazandı və bu dəfə Independent Spirit mükafatlarında ən yaxşı rejissor mükafatına namizəd liyi irəli sürüldü.[30] Film özlüyündə isə ümumilikdə beş nominasiyada mükafata namizəd göstərildi ki, bunlardan ikisi üzrə — ən yaxşı qadın aktrisa və ən yaxşı kinematoqraf işi nominasayalarında qalib gəldi.[30] Klint Manselin film üçün yazdığı musiqi də publika tərəfindən müsbət qarşılandı, ilk dəfə əməkdaşlıq etməyə başladıqları 1996-cı ildən bəri Klint Mansell Aronofskinin bütün filmlərinə musiqi bəstələyib.[31][32] Ellen Börstin ən yaxşı qadın aktrisa rolu üzrə Oskar mükafatı da daxil olmaqla, çoxsaylı nominasiyalara namizəd göstərildi və nəhayət Independent Spirit mükafatını qazandı.[30][33][34] Filmin narkotiklərdən sui-istifadəsini təsvir etdiyi üçün Narkomaniyaya qarşı Dövlət İnstitutu Aronofskini Robert Vud Conson Fondunun PRISM mükafatı ilə təltif etdi.[35]
2001-ci ilin Aprel ayında Aronofski Warner Bros və Village Roadshow şirkəti ilə baş rolda Brad Pittin çəkiləcəyi və o zaman hələ adı seçilməmiş elmi-fantastika janrıda filmin rejissorluğunu etmək üçün danışıqlar aparmağa başladı.[36] 2001-ci ilin Iyun ayında ildə aktrisa Keyt Blanşetlə filmin aktyor heyətinə daxil olmaq üçün danışıqlara başlandı.[37] Filmin adının gizli qalmasını istəyən Aronofski, ona müvəqqəti olaraq "Sonuncu adam" adını vermişdi.[38] Filmin istehsalı hamilə Blanşetin 2001-ci ilin Dekabr ayında dünyaya uşaq gətirməsi səbəbindən təxirə salındı. Nəticədə filmin istehsalının 2002-ci il Oktyabrın sonlari Kuinslend və Sidneydə başlanılmasına qərar verildi. Artıq rəsmi olaraq "Fəvvarə" adlanan filmin büdcəsi $ 70 milyon təşkil edirdi və Village Roadshow`nun layihəni tərk etməsindən sonra onun yerinə daxil olan New Regency və Warner Bros tərəfindən birgə maliyyələşdirilirdi.[39] Pitt filmin ilk çəkiliş günündən düz yeddi həftə əvvəl layihəni tərk etdi və beləliklə də filmin çəkilişi dayandı.[40] 2004-cü ilin Fevral ayında Warner Bros. şirkəti baş rola Hyu Cekmeni dəvət edərək, layihəyə $ 35 milyonluq büdcə ilə yenidən start verdi.[41] Avqust ayında aktrisa Reyçel Vays Blanşettin boş qalmış yerinə gəldi.[42] "Fəvvarə" filmi 22 noyabr 2006-cı ildə Şükran bayramından bir gün əvvəl Amerikada nümayiş edildi və dünya kinoteatrlarında $ 15.978.422 gəlir əldə etdi. Auditoriya və tənqidçilər filmə reaksiyaları baxımından fərqli qütblərdə yer aldılar.[43] Audiences and critics were divided in their responses to it.[44][45][46]
"Güləşçi" filmini çəkmək fikri Aronofskinin planında on ildən çox idi ki vardı.[47] İdeyalarını ssenari şəklində yazmaq üçün o, Robert D. Siqllə işləməyə başladı. 2007-ci ilin Oktyabr ayında filmin baş qəhrəmanı Rendi rolunda çəkilməsi üçün aktyor Nikolas Keyclə danışıqlara başlanıldı.[48] Bir ay sonra Keyc layihəni tərk etdi və Miki Rurk baş rolda onu əvəz etdi. Təxminən 40 günlük çəkilişlər 2008-ci ilin Yanvar ayında başladı.[49]
"Güləşçi"nin premyerası 65-ci Venesiya Beynəlxalq Film Festivalında baş tutdu. Əvvəlcə heç kimin diqqətini cəlb etməyən film daha sonra dünyanın ən nüfuzlu film festivalıının ən yüksək — Qızıl Şir mükafatına layiq görüldü.[50] "Güləşçi" tənqidçilərin böyük rəğbətini qazandı və həm Rurk, həm də onun tərəf müqabili Marisa Tomey filmdəki oyunlarına görə Oskar mükafatı, Qızıl Qlobus, Kinoaktyorlar Gildiyasının və BAFTA nominasiyalarına namizəd göstərildilər.[51] Rurk filmdəki roluna, Bryus Sprinqstin isə film üçün yazdığı orijinal mahnıya görə Qızıl Qlobus mükafatını qazandılar. $ 6,000,000 büdcə ilə çəkilən "Güləşçi" filmi dünya üzrə $ 44.674.354 gəlir əldə edərək o zamankı göstəricilərə görə Aronofskinin ən çox gəlir gətirən filmi oldu.[52]
Aronofskinin növbəti filmi hələ 2001-ci ildən bəri layihə halında olan psixoloji triller "Qara qu quşu" Nyu York Sitidə yaşayan balerinadan bəhs edirdi.[53][54] Filmin baş rolunda Aronofski ilə hələ 2000-ci ildən tanış olan aktrisa Natali Portman çəkilib. 2009-cu ildə filmin heyətinə daxil olan Mila Kunislə Aronofskini o tanış etmişdi.[55] "Qara qu quşu" filminin dünya premyerası 2010-cu ilin Oktyabr ayında 67-ci Venesiya Film Festivalının açılış filmi olaraq baş tutdu. Film ayaq üstə alqışlandı və Variety jurnalı onun "son illərdə Venesiya Film Festivalı tarixinin ən güclü açılış filmlərindən biri" olduğunu qeyd etdi.[56]
"Qara qu quşu" filmi tənqidçilərdən müsbət rəylər aldı və Broadcast Film Tənqidçiləri Assosiasiyasının 12, 4 Independent Spirit mükafatı, 4 Qızıl Qlobus, Kinoaktyorlar Gildiyasının üç nominasiyası üzrə və bir çox başqa mükafatlara namizəd göstərildi.[57][58][59] Aronofski ən yaxşı rejissor üzrə Qızıl Qlobus mükafatına layiq görüldü.[59] Film kinoteatrlarda məhdud şəkildə nümayiş olunsa da gözlənilməz dərəcədə yüksək $ 329.398.046 gəlir gətirdi.[60][61] 25 yanvar 2011-ci ildə filmin ümumilikdə beş Oskar mükafatına namizədliyi irəli sürüldü: ən yaxşı film, ən yaxşı rejissor, ən yaxşı aktrisa, ən yaxşı kinematoqraf işi və ən yaxşı montaj. Mart ayında Portman ən yaxşı aktrisa mükafatını qazandı.[62] Film psixi sağlamlıq mövzusundan bəhs etdiyi üçün Narkotik maddələrdən istfadə əleyhinə və Ruhi Sağlamlıq üzrə xidmətlər Administrasiyasının PRISM mükafatı ilə təltif edildi.[63] Aronofski həm də Oskar mükafatlandırma mərasimində ən yaxşı film nominasiyasına namizəd göstərilən və Krisian Beyl ilə Melissa Leonun ən yaxşı köməkçi aktyor və ən yaxşı köməkçi aktrisa mükafatına layiq görüldükləri "Döyüşçü" filminin icraçı prodüseri olub.[62]
2011-ci ilin Dekabr ayında Aronofski Lou Rid və Metallica qrupunun Lulu albomundan "View" mahnısının klipinin rejissoru oldu.[64]
2011-ci ildə Aronofski $ 115 milyon büdcə ilə nəzərdə tutulan Bibliyada bəhs olunan Nuhun gəmisi əhvalatının özünəməxsus tərzdə təqdimatına başlamağı planlaşdırdı.[65] Növbəti ildə filmin maliyyəsi və yayımı New Regency and Paramount Pictures şirkətləri tərəfindən təmin olunmuşdu və baş rol ifaçısı kimi Rassel Krou ilə razılığa gəlindi.[66] Aronofski və Ari Handel tərəfindən filmin seriallaşdırılmış qrafik roman adaptasiyası hazırlandı və 2011-ci ilin Oktyabr ayında Belçika nəşriyyatı Le Lombard tərəfindən fransız dilində nəşr olundu.[67] 2012-ci ilin İyul əyında artıq Aronofskinin komandası Nyu York, Lonq Aylend, Oyster Bey şəhərində gəminin inşasına başlamışdı.[68] Elə həmin ay Aronofski Tvitter sosial şəbəkəsində İslandiyadakı çəkilişlərlə bağlı tvit paylaşaraq Nuh filminin çəkilişlərinə başlandığını açıqladı.[69] Filmdə həmçinin Emma Vatson, Entoni Hopkins, Loqan Lerman və Aronofskinin "Requiem for a Dream" filmində baş rol ifaçılarından biri Cenifer Konneli çəkilib.[70] Aronofski bu filmin çəkilişi zamanı heç bir heyvandan istifadə etməmişdi və PETA videosunda bu hərəkətinə belə açıqlama gətirmişdi: "Artıq texnologiya bizə fərqli üsullardan istifadə etməyə imkan yaratdığı üçün, buna heç bir ehtiyac yoxdur."[71] Rejissor Birləşmiş Ştatların İnsan Cəmiyyəti tərəfindən filmdə kompüterin köməyilə yaradılmış heyvanlardan istifadə etdiyinə görə Humanitar Kinorejissor mükafatına layiq görüldü.[72]
Ssenarisini Aronofskinin özünün yazdığı və baş rolunda Cenifer Lourensin çəkiləcəyə Ana! filmi onun rejissor pultu arxasına keçəcəyi növbəti film olacaq.
Aronofskinin ilk iki filmi, "Pi" və "Requiem for a dream", az büdcəli filmlər idi və bu filmlərdə hip hop montajı kimi məşhur olan son dərəcə qısa kadrlardan istifadə olunub.[73] Adətən 100 dəqiqəlik filmdə 600–700 belə qısa kadrlar olur, "Requiem for a dream" filmində isə belə kadrların sayı 2000-dən artıqdır. Filmdə iri planda çəkilişlərlə yanaşı, bölünmüş ekran üslubundan da geniş istifadə olunub.[74] Relslər üzərində quraşdırılmış kameraların köməyilə aparılan uzun çəkilişlər (aktyorun bədəninə xüsusi aparatla bərkidilən və Snorrikam adlanan kamera ilə aparılan çəkiliş də daxil olmaqla) və aşağı tezlikli fotoçəkiliş də onun filmlərində nəzərə çarpan əsas üslubardandır.[75]
"Fəvvarə" filmi ilə Aronofski kompüterin köməyilə yaradılmış görüntüdən istifadəni məhdudlaşdırdı.[76] Look Effects`in vizual effektlər üzrə mütəxəssisi Henrik Fett demişdi: "Darren nə istədiyini çox yaxşı bilirdi və onun kompüter qrafikasından istifadəni minimuma endirmək istəməsi… sayəsində fikrimcə nəticələr olduqca möhtəşəm alındı."[76] Kinematoqraf Metyu Libatik rejissor Aronofski ilə onun beş filmində əməkdaşlıq etmişdir, film bəstəkarı Klint Mansel isə rejissorun çəkdiyi altı filmin hər birində onunla birgə işləyib. Manselin musiqisi Aronofskinin filmlərinin adətən ən əhəmiyyətli elementlərindən hesab edilir.[77] Mansell's music is an often important element of the films.[78]
"Pi" filmində bir neçə dəfə riyaziyyat və riyazi nəzəriyyələrə istinad edilir.[21] 1998-ci ildə verdiyi müsahibəsində Aronofski "Pi" filmi ilə bağlı özü üçün ilham mənbəyi olan bəzi məqamları etiraf edib:
"Mən Kurosava və Fellininin böyük pərəstışkarıyam. Bu filmdə məncə xüsusilə Roman Polanski və Teri Gilyamın təsiri, eləcə də "Dəmir adam: Tetsuo"nun rejissoru Şinya Tsukamoto adlı Yapon rejissorunun təsiri hiss olunur."
"Pi" filmində (hətta "Requiem for a dream" filmində də) vizual üslub baxımından Yapon filmi "Dəmir adam: Tetsuo" arasında çoxsaylı oxşarlıqlar var.[79][80]
"Requiem for a dream" filmi ilə bağlı rəy bildirənlərin əksəriyyəti onu "Basketbolçunun gündəliyi", "Las Veqasda Qorxu və nifrət" kimi "narkotik janrında çəkilən filmlərlə" yanaşı səciyyələndirsələr də[73], Aronofski öz filminə daha geniş kontekstdən yanaşaraq bunları söyləyib:
"Requiem for a dream" heç də heroin və ya narkotiklər haqqında film deyil. Harri-Tayron-Marion üçlüyünün başına gələnlər heroin aludəçilərinin düçar olduğu ənənəvi süjetdir, amma bunları Saranın başına gələnlərlə yan-yana qoyduqda, qeyri-ixtiyari deyirik "İlahi, narkotik nədir ki?" Belə ki, narkotik aludəçiliyindən, siqaretdən xilas olmağa cəhd göstərən insanlarla 9 kiloqram arıqlamaq üçün heç nə yeməyən insanların beynindən keçən daxili monoloqun eyni olması fikri mənə həqiqətən maraqlı idi. Belə məqamı filmlərdə seyr etmədiyimizi düşündüm və bu ideyanı özüm ekranlaşdırmaq istədim."[81]
Aronofski dostu Ari Handellə birlikdə "Fəvvarə" filminin süjeti üzərində işlədi; rejissor filmin ssenarisini özü yazdı. Aronofskinin fikrincə Matriks filmi 1999-cu ildə elmi fantastika janrı üslubuna yeni nəfəs gətirmişdi.[36]
Toronto Beynəlxalq Film Festivalında verdiyi müsahibəsində Aronofski "Güləşçi" filimi ilə bağlı əsas ilham mənbəyi i kimi Çarlz Minqusun 1957-ci ildə ifa etdiyi "Kloun" mahnısını qeyd etmişdi. Bu təsadüfən kütlənin qana susadığını öyrənib çıxışının sonunda özünü öldürən bir kloun barəsində şe`rin oxunduğu instrumental musiqi parçasıdır.[82]
Aronofski, güləşçi və rəqqasə arasındakı sevgidən bəhs edən ilkin layihələrindən birini xatırladaraq, "Qara qu quşu" filminin "Güləşçi" filminə yaxın mövzulu film olduğunu qeyd edib. O, bu mövzunun "bir film üçün çox" olduğunu nəzərə alaraq, sonda güləş və balet dünyalarını ayırır. O, iki filmi müqayisə edərək belə deyib: "Bəziləri güləşi incəsənətin ən aşağı növü hesab edirlər — hətta bunu incəsənət adlandırmaqları belə şübhəlidir — və bəzi insanlar baleti ən yüksək incəsənət nümunəsi hesab edirlər. Mənim üçün ən valehedici məqam bu iki aləmin ifaçılarının əslində necə oxşar olduqları idi. Onlar özlərini ifadə etmək üçün bədənlərindən inanılmaz şəkildə istifadə edirlər." "Qara qu quşu" psixoloji trillerinin təbiəti haqqında danışarkən aktrisa Natali Portman filmin üslubunu Polanskinin 1968-ci ildə çəkdiyi "Rouzmerinin körpəsi" filmi ilə müqayisə edib.[83] Aronofski isə sonuncu filmində Polanskinin "Nifrət" (1965) və "Kirənişin" (1976) filmlərinin "böyük təsiri" olduğunu qeyd edib.[55] Aktyor Vinsent Kassel də "Qara qu quşu"nu Polanskinin erkən filmləri ilə müqayisə edərək, filmdə həm də Alexandro Xodorovskinin filmlərinin[84] və Devid Kronenberqin ilk işlərinin təsiri olduğunu deyib.[85]
Aronofskinin filmlərində bir sıra aspektlər mübahisələrə səbəb olmuşdur, onlardan xüsusilə "Requiem for a Dream, "Güləşçi" və "Qara qu quşu"nu qeyd etmək lazımdır. "Requiem for a dream" filminin əslində 2000-ci ildə nümayişi planlaşdırılmışdı, lakin filmdəki qrafik seks səhnələrinə görə Amerika Kinoşirkətləri Birliyi tərəfindən 18 yaşından aşağı şəxslərin filmə baxması qadağan olunduğundan bu, ABŞ-da mübahisələrə səbəb oldu.[86] Aronofski bu reytinq göstəricisi ilə bağlı apelyasiya müraciəti edərək, filmin hər hansı bir hissəsi kəsilib çıxarılacağı təqdirdə onun verəcəyi mesajın öz təsirini itirəcəyini iddia etdi, lakin rejissorun müraciəti rədd edildi və Artisan şirkəti filmin heç bir reytinq göstəricisi olmadan nümayişə çıxarılmasına qərar verdi.[87]
"Güləşçi" filmi, Miki Rurkun İran bayrağını daşıyan dirəyi zərblə dizinə vuraraq iki yerə bölməsi səhnəsinə cavab olaraq, bir çox İran qəzet və saytlarında "İran əleyhinə" film kimi pislənmişdir.[88] İranın dövlət qəzeti Borna News da mənfi güləşçi "Ayətullah" obrazını tənqid atəşinə tutmuşdu. Yaramaz əclaf kimi təsvir olunan obrazın əynində ərəb geyimi (kefiye və bişt) vardı ki, qəzetin fikrincə bu məqam auditoriyanı iranlıları ərəblərlə eyni olduğuna inandırmaq üçün nəzərdə tutulmuşdu.[88] Güləş meydançasında isə onun əynində Ayətullah sözünün ilk hərfi olan Əlif işarəli, İran bayrağı təsvir olunmuş dar triko idman forması var.[88]
Bəzi İran qəzetləri isə ehtimal ki, bununla İranın dini liderlərini təhqir etməkdən çəkinərək həmin obrazdan ümumiyyətlə bəhs etmədilər.[88] 2009-cu ilin Mart ayında isə prezident Mahmud Əhmədinecatın mədəniiyyət məsələləri üzrə müşaviri Cavad Şamaqdari Kino Sənətləri və Elmləri Akademiyasının İrana səfər edən aktyor və prodüser nümayəndə heyətindən "Güləşçi" və digər Hollivud filmlərində İslam Respublikasının mənfi və ədalətsiz şəkildə təsvir edildiyini əsas gətirərək, onlardan üzr tələb etdi.[89]
"Qara qu quşu" filmində isə Portman üçün dizayn olunmuş 40 balet kostyumu və rəqqasələr filmlə bağlı ictimailəşdirilmiş mübahisəli məsələlərdən biri idi.[90] Mətbuatda dublyor rəqqasə ilə bağlı müzakirələrə — filmdəki rəqsinə görə Portmanın və onun rəqs üzrə dublyoru, Amerika Balet Teatrının solisti Sara Leynin adının filmdə nə qədər qeyd olunduğu məqamına kifayət qədər yer ayrıldı[91]: Leyn əslində filmdə adı çəkildiyindən daha artıq rəqs etdiyini iddia etdi. Rejissor və Fox Searchlight şirkəti Leynin iddiası ilə razılaşmadı. Onların rəsmi açıqlamasında deyilirdi: "Daha mürəkkəb rəqs hərəkətlərinin ifası zamanı xoşbəxtlikdən Sara komandamızda idi və biz ona bu ağır işin öhdəsindən gəldiyi üçün minnətdarıq, lakin filmdəki rəqslərin əksəriyyətini Natali özü ifa edib."[92]
Aronofskinin digər filmləri kifayət qədər emosional reaksiyalar doğursa da, ən səs-küylü mübahisələr "Nuh" filmi ətrafında yarandı. Film ilk dəfə 2014-cü il Martın 28-i nümayiş etdirildi və filmə 13 yaşından aşağı olanların valideyn nəzarəti altında baxması reytinqi qoyulmasına baxmayaraq, tezliklə Box Office Mojo tərəfindən "Məsihin sevdası" və "Da Vinçi kodu" kimi filmlərlə yanaşı son 35 ilin ən mübahisəli filmlərindən biri kimi qəbul edildi.[93] Həmçinin, onlayn resenziyalar üzrə sorğuya əsasən aydın oldu ki, tamaşaçılar Aronofskinin Bibliyadakı əhvalatı özünəməxsus şəkildə nəqlini bir neçə nöqteyi-nəzərdən sual altına alırlar. Bəziləri nəcib patriarxın "Vikkan", "dini ekstremist" və cənnətdən qovulmuş mələklərlə əlbir olub "dəliliyin ən son həddində olan psixopat", "Yaradan"ın isə "insanlardan daha çox heyvanların qayğısına qalan laqeyd — xəbərsiz və ya vecsiz" nəzarətçi kimi təsvir edildiyini iddia edib. Filmin həmçinin zahirən zorakılığı dəstəklədiyi, psixoaktiv maddələrin istifadəsinə təşviq etdiyi və təkamül nəzəriyyəsi ilə yaradılışı səhv saldığı ifadə edildi. Nəhayət, məhkəmə iddialarından sonra Nuh filminin Birləşmiş Ərəb Əmirlikləri, Qatar və İndoneziyada nümayişi dini zəminlər səbəbindən qadağan edilib.[94]
Aronofski 2001-ci ilin yayında İngilis aktrisa Reyçel Vaysla görüşməyə başladı və 2005-ci ildə onlar nişanlandılar.[95] 2006-cı il 31 May tarixində Nyu York Sitidə oğulları Henri Çans Aronofski anadan oldu.[96][97] 2010-cu il Noyabr ayında Vays və Aronofski artıq bir neçə aydır ki, ayrı yaşadıqlarını, lakin Nyu-Yorkda oğullarını birgə böyütmək üçün yaxın dost olaraq qaldıqlarını bildirdilər.[98] 2012-ci ildə o, Kanadalı film və televiziya prodüseri Brendi-Enn Milbredtlə görüşməyə başladı.[99]
Aronofski 2014-cü ildə dini inancı ilə bağlı bunları deyib "İnanclı insan olduğumu düşünürəm. Nəyə inandığım "Fəvvarə" filmində öz əksini bütünlüklə tapıb."[100]
2011-ci il Aprel ayında Aronofski 68-ci Venesiya Beynəlxalq Film Festivalında Münsiflərin Prezidenti elan edildi.[101]
2014-cü ilin Noyabrında Aronofski 2015-ci il Fevral ayında baş tutacaq 65-ci Berlin Beynəlxalq Film Festivalında Münsiflərin Prezidenti elan edildi.[102]
Aronofski ətraf mühitin mühafizəsi üzrə fəallığı ilə tanınır. 2014-cü ildə o, Sierra Klubun üzvü Maykl Brun və Leonardo DiKaprio ilə Alberta qətranlı torpaqlarına səfər edib.[103] 2015-ci ildə o, Brun, Kerri və Rassel və bir neçə veteran qrupunun liderləri ilə birlikdə Alyaska yarımadasında Arktika Milli qoruğuna səfər etdi.[104]
Rejissor həm Amerika Birləşmiş Ştatlarının Humanitar Cəmiyyəti[105], həm də PETA`nın humanitar mükafatına layiq görülüb.
2015-ci ildə o, iqlim dəyişikliyinə qarşı etiraz əlaməti olaraq diplomatları Tərəflərin Konfransı-21`də hərəkətə keçməyə təşviq etmək məqsədilə yaradılan "Daimi yürüş" ictimai sənət instalyasiyasının hazırlanmasında rəssam JR ilə əməkdaşlıq etdi.[106]
O, Sierra Klub Fondu və Ətraf mühit üzrə araşdırmalar məktəbində İdarə Heyətinin üzvüdür.[107]
Year | Film | Rejissor | Prodüser | Ssenari müəllifi | Digər | Qeydlər |
---|---|---|---|---|---|---|
1998 | Pi | bəli | bəli | bəli | Montaj üzrə assistent | |
2000 | Requiem for a Dream | bəli | bəli | bəli | Ziyarətçi (titrlərdə adı yoxdur) | |
2002 | Aşağıda | bəli | bəli | |||
2006 | Fəvvarə | bəli | bəli | |||
2008 | Güləşçi | bəli | bəli | |||
2010 | Qara qu quşu | bəli | ||||
Döyüşçü | bəli | |||||
2014 | Nuh | bəli | bəli | bəli | ||
2016 | Ceki | bəli | ||||
2017 | Aqibət | bəli | ||||
Ana! | bəli | bəli | ||||
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.