From Wikipedia, the free encyclopedia
Danabaş kəndinin əhvalatları — Cəlil Məmmədquluzadənin povesti.
Cəlil Mənməd Quluzadə 1894-cü ildə yazdığı "Eşşəyin itməkliyi" və "Danabaş kəndinin məktəbi" əsərlərinin ümumi adı. Əsərin əlyazması Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın) Əlyazmalar İnstitutunun fondunda saxlanılır (inventar VI-359 (3595)).[1]
Tədqiqatçıların əksəriyyətinin fikrinə görə, Cəlil Məmmədquluzadə bu ad altında silsilə əsərlər yazmağı nəzərdə tutubmuş. Həmin əsərlər "Danabaş kəndinin əhvalatları" ümumi ad - sərlövhə altında birləşəcəkmiş. Onlardan biri ("Eşşəyin itməkliyi") yazılmış, ikincisi ("Danabaş kəndinin məktəbi") yarımçıq qalmışdır. "Danabaş kəndinin əhvalatları" adı isə "Eşşəyin itməkliyi" əsəri üzərində qalmış, bu povest "Danabaş kəndinin əhvalatları" adı ilə məşhurlaşmışdır.
Əsər ilk dəfə yazıçının ölümündən sonra ayrıca kitabça kimi dərc olunmuş (1936), sonralar ədibin müxtəlif kitablarına, o cümlədən "Əsərləri" (1936), üçcildlik və altıcildlik "Əsərləri"nin I cildinə (1966, 1983) daxil edilmişdir.[4]
Əsərin sərlövhəsindən sonra kiçik bir remarka ("Nağıl edibdi lağlağı Sadıq. Yazıya götürübdü qəzetçi Xəlil") və Sokratın sözlərindən epiqraf verilib: "Qəlbimdən gələn səs mənə çox zadlar öyrədir. Haman səs pak və təmiz insafının səsidir ki, hamıda o insaf var. Hər kəs guş-huş ilə onun buyurduğuna qulaq asıb, əmrinə əməl eləsə, çox sirlərdən agah olub, çox şeylər bilər. Sokrat". Üç hissədən ibarət olan "Danabaş kəndinin əhvalatları" "Bir yungülvari müqəddimə" ilə başlanır. Xəlilin dilindən söylənən bu müqəddimədə Danabaş kəndinin iki sakini - qoltuqçu Xəlillə baqqal Sadığın şəxsiyyəti təqdim edilir. Hər kəsə bir ayama-ləqəb qoşulan Danabaşda Xəlilə savadlı olduğu üçün "qəzetçi", Sadığa isə çox və məzəli danışdığına görə "lağlağı" ləqəbi qoyublar. İki ildən bəri dostluq edən bu 30 yaşlı şəxslərin arasında belə bir söhbət olur:
"- Xəlil əmoğlu, mənim bir arzum var.
Dedim:
- Qardaşım, nədir arzun? Dedi:
- Əmoğlu, mən artıq əfsus eləyirəm ki, biz ölüb gedəcəyik, amma bu gözəl əhvalatlar yaddan çıxacaqlar.
Dedim:
- Əmoğlu, heç ürəyini sıxma, mən əhvalatları götürərəm yazıya və bir kitab bağlayıb adını qoyaram "Danabaş...". Biz ölüb gedərik, mən vəsiyyət elərəm ki, mən öləndə məni nə Kərbəlaya aparsınlar, nə də mənə ehsan versinlər... Mən vəsiyyət elərəm ki, var-yoxumu satıb pul eləsinlər və yazdığım əhvalatları versinlər çapa və kitabları müftə paylasınlar ona-buna.
Bu sözləri mən dedim qurtardım və Sadıq cəld yerindən durub gəldi və məni bərk qucaqladı, o üzümdən, bu üzümdən öpdü və ağlaya-ağlaya dedi:
- Əmoğlu, mənim arzum məhz bu idi. Bunu sən əmələ gətirdin, Allah səni hər iki dünyada həsrət qoymasın.
Sonra hər nə Sadığın fikrinə gələrdi, hər bir yaxşı xəbərlər, əhvalatlar eşidərdi, ya qeyri bir mətləb yadına düşərdi, əlüstü gəlib məni tapardı. Mən çıxardardım dəftəri, götürərdim qələmi və yazardım...".
Beləliklə, "Danabaş kəndinin əhvalatları" qələmə alınma səbəbi və şəraiti aydınlaşır. Bundan sonra povestin əsas hissəsi - "Eşşəyin itməkliyi" nağıl olunur. Bu hissədə "D.k.ə."-da Xudayar bəyin özbaşına idarə üsulu, Məhəmmədhəsən əmi və Zeynəbin başına gələn əhvalatlar, onların müsibətləri göstərilir. Povest "Xitamə" adlanan hissə ilə tamamlanır.[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.