Cənubi-Mərkəzi Asiyada Əfqanıstan ilə Pakistan arasında beynəlxalq sərhəd xətti From Wikipedia, the free encyclopedia
Dürand xətti (ing. Durand Line, puşt. د ډیورنډ کرښه) — Cənubi-Mərkəzi Asiyada Əfqanıstan ilə Pakistan arasında beynəlxalq 2670 kilometrlik (1,660 mil) sərhəd.[1] Böyük Britaniyanın Britaniya Hindistanını genişləndirməyə çalışdığı üç ingilis-əfqan müharibəsi nəticəsində meydana gəlmişdir. Bu xətt Əfqan Əmiri Əbdürrəhman xan və Hindistan Müstəmləkə İdarəsinin katibi Ser Mortimer Dürand arasında 1893-cü ildə aparılan danışıqlar nəticəsində yaranmışdır. Əfqanıstan hökuməti onu sərhəd kimi tanımaqdan imtina edir.
Dürand xətti | |
---|---|
| |
Xüsusiyyətləri | |
Dövlətlər | |
Uzunluğu |
|
Tarixi | |
Yaradılıb |
|
Son dəyişiklik |
|
Müqavilələr | Qandamak müqaviləsi, Dürand xətti sazişi, 1919-cu il İngiltərə-Əfqanıstan müqaviləsi |
Vikianbarda əlaqəli mediafayllar |
XIX əsrin ortalarında Çar Rusiyasının Mərkəzi Asiyanı ələ keçirməsindən sonra Britaniya İmperiyası üçün həyəcan təbili çalınırdı. Britaniya əsas müstəmləkəsi olan Hindistana Çar Rusiyanın yaxınlaşmasını ciddi təhlükə olaraq görürdü. Hindistanı qorumaq üçün Əfqanıstan ideal bufer zona idi. Əfqanıstanın dağlarından zəngin Hindistan ovası yüksəkdən görünürdü və ona görə də buranın çox böyük strateji əhəmiyyəti var idi. Bu geostrateji mübarizə "Böyük Oyun" adlandırılan paylaşım mübarizəsinin əsas parçalarından biri idi. Britaniya İmperiyası Əfqanıstan-müstəmləkə Hindistan arasında rəsmi sərhədlər yarada bilməmişdi. İkinci Əfqan-Britaniya müharibəsində əfqanların məğlub olmasından sonra 1893-cü ildə Əfqanıstan-Britaniya Hindistanı arasında sərhəd xətti müqaviləsi razılaşdırılır. Müqaviləyə Britaniya tərəfdən xarici işlər katibi Mortimer Durand imza atır və 2640 km-lik sərhəd xətti onun adını daşıyır. Durand xətti regionun ən böyük millətlərindən biri olan paştunların yaşadığı, Paştunistan adlı regionu iki yerə ayırırdı. Bu da, gələcəkdə yaşanacaq bir çox problemlərin bünövrəsini təşkil etdi. Vəziristanlılar və digər qəbilələr, Əfqanıstan İngilislərlə sülh müqaviləsi imzaladıqdan sonra da İngilis işğalına müqavimət göstərməyə davam etdilər.[2]
1893-cü il 12 noyabr tarixli bir səhifəlik müqavilədə Dürand xətti xaricində müdaxilə etməmək öhdəliyi də daxil olmaqla yeddi qısa məqalə var.[3] 1894-cü ildən başlayaraq sərhədin təxminən 800 milini (1300 km) əhatə edən ingilis-Əfqan ortaq demarkasiya xətti çəkildi.[4][5] İngilis-Rusiya "Böyük oyun" un sonlarına doğru qurulan bu xətt Əfqanıstanı bölgədəki İngilis və Rusiya maraqları arasında bufer zonası olaraq təyin etdi.[6] 1919-cu il İngiltərə-Əfqanıstan müqaviləsi ilə bir qədər dəyişdirildisə də, bu xətt 1947-ci ildə Hindistanın bölünməsindən sonra Pakistana miras qaldı.
Dürand xətti sərhədin hər iki tərəfində yaşayan etnik puştunları ikiyə bölərək Pakistan və Əfqanıstandan keçir. Pakistanın şimal və qərbindəki Hayber-Paxtunxva və Bəlucistanı və Gilgit-Baltistanı Əfqanıstanın şimal-şərq, şərq və cənub əyalətlərindən ayırır. Xəttin Qərb ucu İran, şərq ucu isə Çinin qərbindədir. Geopolitik və geostrateji baxımdan, 1980-ci illərdən bəri qaçaqmalçılıq və terrorizmə görə dünyanın ən təhlükəli sərhədlərindən biri kimi təsvir edilmişdir.[7][8][9][10]
Dürand xətti beynəlxalq səviyyədə Pakistanın qərb sərhədi kimi tanınsa da, Əfqanıstan tərəfindən böyük ölçüdə tanınmamış qalır.[11][12][13][14][15] Keçmiş baş nazir və daha sonra Əfqanıstanın prezidenti Sərdar Məhəmməd Daud Xan sərhədin bu xətlə olmasına qarşı çıxmış və məsələyə yenidən baxılması üçün mübarizə aparmışdır. Lakin 1976-cı ilin avqust ayında Pakistana rəsmi səfəri zamanı Dürand xəttini beynəlxalq sərhəd kimi tanıyaraq mövqeyini yumşaltmışdır.[16][17][18][19][20] 2017-ci ildə sərhədlərarası gərginliklər fonunda Əfqanıstanın keçmiş prezidenti Həmid Karzai Əfqanıstanın Dürand xəttini iki ölkə arasındakı beynəlxalq sərhəd olaraq “heç vaxt tanımayacağını” söyləmişdir.[21]
Dürand xəttinin keçdiyi ərazidə ən qədim dövrlərdən bəri ən azı e.ə. 500-cü ildən bəri yerli puştunlar[22] tərəfindən məskunlaşmışdılar. Yunan tarixçisi Herodot Eramızdan əvvəl 1-ci minillikdə Araxosiyada və ətrafında yaşayan paktyanlar adlı bir xalqdan bəhs etmişdir.[23] Bəluc tayfaları etnik bəluc xalqını bir-birindən ayıran Bəlucistan bölgəsindən keçən xəttin cənub hissəsində yaşayırlar.
Ərəb xilafəti VII əsrdə bölgəni fəth etdi və puştunlara İslamı tanıtdı. Yürüş edən ərəblərdən bir qisminin də Süleyman dağlarındakı puştunlar arasında məskunlaşdığı fərziyəsi də mövcuddur.[24] Qeyd etmək lazımdır ki, bu puştunlar tarixən "əfqan" olaraq bilinir və X əsrdə ərəb salnamələrində bu adla xatırlanırlar.[25] Puştun bölgəsi (bu gün "Puştunistan" regionu olaraq bilinir) Bölgə X əsrdə Qəznəvilər dövləti, ardından Qurilər, Teymurilər dövləti Böyük Moğol İmperiyası, Hotakilər, Dürranilər İmperiyası və daha sonra Siqx dövlətinin tərkibində olmuşdur.[26]
Müasir Əfqanıstan dövlətinin siyasi tarixi 18-ci əsrdə mövcud olmuş Hotaki və Durrani sülalələri ilə başlayır. 19-cu əsrin sonlarında Əfqanıstan həmin dövrdə hökmranlıq etmiş Britaniya Hindistanı və Rusiya İmperiyası arasındakı "Böyük oyun"da bufer ölkə rolunu oynamışdır. 1893-cü ildə Britaniya Hindistanı ilə sərhəddə yaradılan Durand xətti əfqan hökuməti tərəfindən tanınmadı və 1947-ci ildə Pakistanın müstəqillik əldə etməsindən sonra bu ölkə ilə əlaqələrin gərginləşməsinin əsas səbəblərindən biri hesab olunur.[27]
1839-cu ildə Birinci ingilis-əfqan müharibəsi (1838-1842) zamanı ingilislərin rəhbərlik etdiyi Hindistan qüvvələri Əfqanıstanı işğal etdi və Əfqan hökmdarları ilə müharibəyə başladı. İki il sonra, 1842-ci ildə ingilislər məğlub oldu və müharibə sona çatdı. İngilislər 1878-ci ildə İkinci ingilis-əfqan müharibəsi (1878-1880) zamanı yenidən Əfqanıstanı işğal etdilər.[28][29][30] İngilislər Əbdürrəhman xanın hakim təyin edilməsinə müvəffəq oldular[31] və 1880-ci ildə Qandamak Müqaviləsi imzalandı.[32][33] İngilislər bütün geosiyasi hədəflərinə çatdıqlarından sonra geri çəkildilər.
1893-cü ildə Mortimer Dürand, Hindistan Müstəmləkə İdarəsi tərəfindən Əbdürrəhman xanın ilə təsir dairələrinin sərhədlərini müəyyənləşdirmək, habelə diplomatik münasibətləri və ticarəti yaxşılaşdırmaq üçün bir müqavilə imzalamaq üçün Kabula göndərildi. 1893-cü il noyabrın 12-də Dürand xətti razılaşması əldə edildi.[3] Hər iki tərəf daha sonra Əfqanıstanın Xost şəhəri yaxınlığında, indi Pakistanın Federal İdarə Edilən Qəbilə Bölgələrinin (FATA) bir hissəsi olan kiçik bir qəsəbə olan Paraçinarda görüşdülər. İngilislər tərəfdən Mortimer Dürand və Sahibzada Abdul Qayyum, ingilis Vitse kralı təmsil edən Hayber Agentliyi və General Qubernator iştirak edirdi. Əfqan tərəfini isə Sahibzada Abdul Lətif və Əfqanıstanın Xost vilayətinin keçmiş valisi Sərdar Şireendil Xan Əbdürrəhman xanı təmsil edirdi. Dürand xətti müqaviləsinin 1893-cü il original nüsxəsi ingilis dilində, tərcümə nüsxələri dari dilində yazılmışdır. Əldə olan razılaşmaya və ya müqaviləyə görə, o vaxtlar FATA və Sərhəd Bölgələrini əhatə edən Pakistan əyaləti olan Hayber-Paxtunxva olaraq bilinən Şimal-Qərbi Sərhəd Əyaləti adlanan yeni bir vilayətin yaranmasına səbəb oldu.[34] Həmçinin Əfqanıstanın Nuristan və Vaxanı da öz ərazisinə qatmasına gətirib çıxardı.[35]
1894-1896-cı illəri əhatə edən birinci əfqan-ingilis komissiyasının xəritəçəkməsi 800 mil məsafəni müəyyənləşdirdi. Yüzlərlə sərhəd sütununun basdırıldığı, ətraflı topoqrafik xəritələr tezliklə dərc edildi. Hazırda o, xəritələr Britaniya kitabxanasındakı Hindistan bölümünün kolleksiyasında saxlanılır.[36] 1 Noyabr 1894-cü il tarixli bir sənəddə 20 səhifəlik tam mətndə ətraflı şəkildə Əfqanıstan-İngilis demarkasiya araşdırmalarının "J.Donald və Sərdar Şireendil Xanın sərhədləri Sikaram zirvəsindən (34-03 şimal, 69-57 şərq) Laram zirvəsinə (33-13 şimal, 70-05 şərq) qədər həll etdiklərini" bildirən bir neçə qovluq mövcuddur. Bu hissə 76 sütunla işarə edilmişdir. Laram zirvəsindən ... Khvaja Xidr (32-34 şimal) sərhədi ... 15 Aprel 1895-ci il tarixli bir hesabatda H.A.Anderson tərəfindən müxtəlif əfqan məmurları ilə birlikdə araşdırılmış və (39) sütunlarla işarələnmişdi... 8 mart 1895-ci ildə demarkasiya olunan Xvaja Xızırdan Domandiyə qədər ərazi (31-55 şimal) 31 sütunla olan hissəsi təsvir edilmişdi. Domandidən Yeni Çamana (30-55 şimal, 66-22 şərq) qədər olan xətt kapitan (sonradan polkovnik-leytenant) Henri MakMahon və Sərdar Gül Məhəmməd Xanın rəhbərlik etdiyi ortaq demarkasiya komissiyası tərəfindən 92 sütunla işarələnmişdir. Bu 26 fevral 1895-ci il tarixli hesabatda əksini tapmışdır. MakMahon ayrıca Məhəmməd Ömər Xanla sərhəd komissiyasına yeni Çamandan ... İranla üç qovşağa ... 13 may 1896-cı il tarixli bir hesabatda açıqlanan 94 sütunla sərhədi təyin edən qrupa rəhbərlik etmişdi.[37][38] 1896-cı ildə Kabul çayından Çinə, Vakhan Dəhlizi də daxil olmaqla uzun bir yol, davamlı, fərqli su hövzəsi silsiləsi sayəsində sərhəd elan olundu və yalnız Heybər keçidinin yaxınlığında kiçik bir hissə qaldı. 1922-ci il noyabrın 22-sində Kabulda Britaniya Missiyasının rəhbəri Genri Dobbsilə Əfqanıstan Xarici İşlər naziri Məhmudom Tarzi arasında ingilis əfqan sərhədlərinin müəyyənləşdirilməsi və diplomatik münasibərlər haqda müqavilə imzalandı.[37] Yalnız 1933–34-cü illərdə Arunduda (Arnawai) sərhədin təyin edilməsinə çox qısa bir düzəliş edildi.[5][37]
Dürand xətti sərhədləri müəyyənləşdikdən qısa müddət sonra ingilislər xəttin ətrafındakı bölgəni Şimali Qərb Dövlət Dəmir Yolu ilə birləşdirməyə başladılar.[39] Elə bu müddətdə Əbdürrəhman Xan nuristanlıları fəth etdi və onları müsəlman etdi.[40] Bundan əlavə, 1870-ci illərdə başlayan Əfqan dövləti ilə Britaniya Hindistanı arasında tez-tez baş verən toqquşmalar və müharibələr Pişəvər və Cəlalabad arasında gediş-gəlişi demək olar ki, mümkünsüz edirdi. Nəticədə, sərhəd boyunca əlaqələr demək olar ki, dayandırıldı. Bundan əlavə, ingilislər on minlərlə yerli puştunu Britaniya Hindistanı Ordusuna cəlb etdilər və onları Britaniya Hindistanı və cənub-şərqi Asiyada yerləşdirdilər. Şərqə doğru Pəncab bölgəsinə gediş-gəlişin asanlığı və Əfqanıstana doğru səyahət çətinliyi bir çox puştunun ingilis Hindistanı ilə yaxınlaşmasına və Kabildən uzaqlaşmalarına səbəb oldu. Bu səbəbdən Hindistanın müstəqilliyi dövründə bir qrup müstəqil Pakistan, başqa biri Əfqanıstanla birləşməyi dəstəkləyirdisə, bir çoxları birləşmiş Hindistanın daha yaxşı bir seçim olacağına inanırdı.
Üçüncü müharibəni İngiltərə, yeni hakimiyyətə gəlmiş Əmənullah xan 28 fevral 1919-cu ildə Əfqanıstanın müstəqilliyini elan etməsindən sonra başladı. Mayın 6-də İngiltərə Əfqanıstana müharibə elan etdi.[3] Britaniya Hindistanın 40 mindən ibarət əfqan nizami qüvvələri Heybər, Vəziristan və Qəndəhar istiqamətlərində hərəkət edən, üç sütuna bölünmüşdü.
İngilslərin qoşunlarının sayı 340 minə çatırdı. Heybər istiqamətindəki döyüşdə ingilislər uğur qazana bildilər. 1919-cu ilin mayında Kral Hərbi Hava Qüvvələrinin 31 və 114 nömrəli eskadronları Əfqanıstanın paytaxtı Kabili və şərqdəki Cəlalabad şəhərini bombardımana məruz qoydular. Vəziristan istiqamətində isə əfqanlar ingilislərə qalib gəlir və mayın 27-də Tal qalasını mühasirəyə aldılar. İngilislərin vəziyyətini həm də sərhədyanı puştun tayfalarının üsyanları və Hindistanda qalxan qurtuluş mübarizəsi oldu. Bu səbəblərdən İngiltərə müharibəni davam etməkdən imatina etdi. 8 avqust 1919-cu ildə Ravalpindidə preliminar (əvvəlcədən) sülh sazişi bağlandı. Əfqan hökmdarları 1919, 1921 və 1930-cu illər müqavilələrində Hindistan-Əfqanistan sərhədini qəbul etmələrini təsdiqlədilər.[37][41][42]
1921-ci ilin oktyabrında İngiltərə ilə Əfqanıstan arasında bağlanan Ravalpindi (22 noyabrda ratifikasiya olundu) sazişinə görə İngiltərə Əfqanıstanın müstəqilliyini tanıdı.[43]
Pakistan 1947-ci ildə Britaniya Hindistanından ayrıldıqdan sonra 1893-cü il müqaviləsini və sonrakı 1919-cu il Ravalpindi müqaviləsini miras aldı. Sərhəd məsələsində İslamabad ilə Kabul arasında heç vaxt rəsmi bir razılaşma və ya təsdiqləmə olmadı. 1947-ci ildə Pakistan müstəqliyini elan etdikdən sonra BMT üzvlüyünə səs vermə keçirilərkən Əfqanıstan buna qarşı çıxır. Lakin bir necə aydan sonra qərarını dəyişdirir[44].
Sərhəd məsələsi üzündən Pakistan ilə Əfqanıstan arasında münasibətlər getdikcə pisləşməyə başlamışdır. 26 iyul 1949-cu ildə Pakistan hərbi hava qüvvələrinin Dürand xəttini keçib əfqan kəndi üzərindən uçmasından sonra Loya Cirqada toplantı keçirilmişdir.[45] Bu hadisədən sonra Əfqanıstan Dürand xəttinin sərhəd olması tanımadığını, əvvəllər sərhədlə bağlı imzalanmış bütün müqavillərdən imtina etdiyini bəyan edir. 1950 və 1951-ci illərdə Əfqanıstan istiqamətdən Pakistan ərazisinə qanunsuz hərbi birləşmələr Pakistan ərazisinin bir qismini Əfqanıstana birləşdirmək cəhdlərini edir.[46] Ancaq bütün cəhdlər uğursuzluğa uğrayır. Buna cavab olaraq Pakistan Əfqanıstanla bütün diplomatik əlaqələri kəsir, diplomatlarını geri çağırır və Kabula neft ixracını üç ay müddətində dayandırır.
1970-ci illərdə iki ölkə arasında münasibətlər yenidən pisləşir. Zülfüqar Əli Bhuttonun hökuməti ilə puşdu və bəlluc milətçilər arasında münaqişə baş verdikdə Əfqanıstanın onları dəstəkləməsi əsas səbəblərdən biri idi. Bundan sonra Pakistan sərt tədbirlər görməyə başlayır. İlk öncə Əfqanıstan hökumətinin əsas düşməni olan islamçıları dəstəkləyir. Onlar gələcək mücahidlər olan Əhməd Şah Məsud və Gülbəddin Hikmətyarı də dəstəkləyirlər. Bu əməliyyatlar uğurla nəticələnir. 1977-ci ildə Məhəmməd Davud hökuməti bütün sərhəd məsələlərində güzəştə getməyi belə qərara alır.[16][18][47] Buna səbəb isə Pakistan konstitusiyasında puştulara muxtariyyət verilməsi imkanının olması idi. Ancaq sonradan Bhutto hökuməti tərəfindən bunun qarşısı alınır[48][49].
Pakistanla düşmən münasibətləri olan Hindistan elə ilk günlərdən da Əfqanıstanı dəstəkləməyə başlayır. Hindistan bütün Cammu və Kəşmirə iddia etdiyindən Əfqanıstanla qısa bir sərhəddə malik olduğunu iddia edir.[50] İddia olunan sərhəd Əfqanıstan-Pakistan sərhədinin ən şərq hissəsinin təxminən 105 km-ni (65 mil) əhatə edir (Əfqanıstanın Pakistanın Gilgit-Baltistan əyaləti ilə, əvvəllər Şimali Bölgələrlə həmsərhəd olan Vahan dəhlizi ilə sərhəddi).
2010-cu ildə ABŞ-nin Əfqanıstan və Pakistan üzrə xüsusi elçisi Riçard Holbruk "Hindistanın Əfqanıstanla ortaq bir sərhədi yoxdur" deyərək Hindistanda bəzi mübahisələrə səbəb olmuşdu.[51][52] 2015-ci ildə Hindistanın Milli Təhlükəsizlik Mütəxəssisi Ajit Doval Hindistanın Əfqanıstanla sərhədi olmasına dair iddiaları yenidən səsləndirmişdir.[53]
1978-ci ildə Pakistanda hakimiyyətə başda Məhəmməd Ziyaülhaqq olmaqla hərbiçilər hakimiyyətə gəlir. İki ölkə arasında münasibətlər yenidən soyumağa başlayır.[54]
"Soyuq Müharibə" dövründə ABŞ Pakistanın, Hindistanla yaxınlaşan SSRİ isə Əfqanıstanın mövqeyini dəstəkləməyə başlayır. Əfqanıstanı silahlandıran və kommunistləşdirən SSRİ, sonradan 1979-ci ildə Əfqanıstana birbaşa müdaxilə etmişdi. Moskva Əfqanıstanı ələ keçirdikdən sonra Əfqanıstanın Paştunistanla bağlı ərazi iddialarına birbaşa dəstək verirdi. Bununla Sovet hökuməti Paştunistanı Əfqanıstana qatıb Hind okeanına çıxış əldə etmək istəyirdi. SSRİ-nin Əfqanıstana müdaxiləsi silahlı üsyana səbəb olur və Əfqanıstan müharibəsi başlayır.[55] Bu səbəbdən, Əfqanıstan-Sovet müharibəsi zamanı Pakistan da ABŞ-la birlikdə Əfqan üsyançılarını[56] ciddi şəkildə dəstəkləmiş və Sovetlərin möhkəmlənməsinə imkan verməmişdi.[57] Beləliklə də, SSRİ-nin Hind Okeanına çıxmaq arzusu baş tutmamışır.
Müharibə zamanı yeni sovet yönümlü Əfqanıstan hökuməti dinc durmamış Pakistanla sərhəddə dəfələrlə təxribatlar törətmişdir. 1980-ci illərin əvvəllərində Şimali Qərbi sərhədində (indiki Khyber Pakhtunkhwa) bölgələrində partlayışlar törədilmişdir.[58] ABŞ Dövlət Departamenti 1987 və 1988-ci illərdə Pakistanın şəhərlərində baş verən terror hücumlarında VAD-ı (Əfqanıstanın gizli kəşfiyyat təşkilatı yaradıb) günahlandırmışdı.[59][60]
Əfqanıstanda Taliban hökuməti qurulduqdan sonra vəziyyət yenidən dəyişdi.[61] Talibanı dəstəkləyən Pakistan Əfqanıstanda daxili stabilliyin əldə olunması və Əfqanıstanın güclənməsini istəmirdi.[62] Taliban həm də etnik paştunlardan təşkil olunmuş, millətçi bir təşkilat idi. Taliban nəzarətində qurulan Əfqanıstan İslam Əmirliyi (1996-2001) də Dürand xəttini sərhəd olaraq tanımırdı. Hətta Taliban lideri Molla Ömər (milliyətcə paştun) Durand xəttini tanıyıb tanımayacağı barədə ona sual veriləndə çox əsəbləşmışdı.[63]
ABŞ-Əfqanıstan müharibəsindən sonra formalaşan Həmid Kərzai (milliyətcə paştun) hökuməti də Dürand xəttini tanımadığını açıqlamışdı.[64] Hazırda Əfqanıstan prezidenti olan Əşrəf Qəni Əhmədzay (milliyətcə paştun) də Dürand xəttinin tanınmasını heç bir halda müzakirə mövzusu olmadığını bildirir.[65]
37 milyon əhalisi olan Əfqanıstanda 15 milyona yaxın (40%) paştun yaşayır. Paştunlar Əfqanıstanda çox güclüdürlər və Əfqanıstanın siyasi həyatında əsas söz sahibidirlər. Paştun millətçiliyi Əfqanıstan siyasətinin əsas dinamikalarından biridir və paştunlar "Böyük Əfqanıstan" fikri ilə müstəqil Paştunistan hədəfinə çatmaq istəyir. Bu da Əfqanıstanda yaşayan digər millətlərə qarşı aqressiv münasibət yaradır.
200 milyon əhalisi olan Pakistanda isə 40 milyondan çox paştun yaşayır ki, onun da 30 milyonu (15%) Əfqanıstanın iddia etdiyi Paştunistan ərazilərində yaşayır. Paştunlar pəncablılardan (45%) sonra Pakistandakı ən böyük etnik qrupdur. Pakistanda yaşayan paştunlar isə müstəqilliyə çox da isti baxmırlar. Təbii ki, Əfqanıstan kimi zəif ölkədənsə, Pakistanın vətəndaşı olmaq daha məntiqlidir. Bununla yanaşı, paştunlar Pakistanın da siyasi və hərbi elitasında güclüdülər. İndiyənə kimi, üç Pakistan prezidenti milliyyətcə paştun olub. Hazırkı baş nazir İmran Xan da milliyətcə paştundur.[66] Bununla belə, Pakistan paştun millətçiliyini ciddi təhdid kimi görür. Paştunistan əraziləri Pakistanın ümumi ərazilərinin 60%-ni təşkil edir. Bu da paştunların Pakistana qarşı tələblərinin birbaşa Pakistanın mövcudiyyətinə təhdid olduğunu göstərir.
Əfqanıstan Dürand xəttini tanımadıqca, Pakistanın Əfqanıstana qarşı münasibəti dəyişməyəcək. Hər iki ölkə bu səbəbdən normal münasibətlər qura bilmir. Hazırda Qərb dövlətləri Əfqanıstanın Dürand xəttini tanımasını istəyir. Regiondakı Hindistan faktoru da Əfqanıstanın əsas üstünlüklərindən biridir. Çünki Hindistan sərhəd məsələsində Əfqanıstana dəstək veriri. Belə görünür ki, vaxtı ilə Britaniya İmperiyasının Dürand xətti timsalında qoyduğu "saatlı bomba" gələcəkdə Cənubi Asiyada baş verə biləcək yeni sərhəd münaqişələrinin səbəbi olacaq.
Dürand xətti boyunca Pakistan 2,670-kilometr məsafədə ayırıcı baryer tikintisinə başlamışdır.[67] Baryer Dürand xətti vasitəsilə qanunsuz immiqrasiyanın qarşısının alınması üçün nəzərdə tutulmuşdur.[68] Pakistan prezidentinin mətbuat katibi olmuş general-mayor Şaukat Sultan bildirmişdir ki, baryer sərhəd vasitəsilə Əfqanıstandan mücahidlərin sərhəddi keçməsinin qarşısını almaq məqsədi ilə tikilir. Baryerin tikintisi Amerika Birləşdirilmiş Ştatların maliyyə dəstəyi ilə həyata keçirilir.[69]
Pərviz Müşərrəfin hakimiyyəti dövründə biometrik sistemdən Pakistanın sərhəd keçidlərində istifadə edilirdi. Əfqanıstan bu sistemin tətbiqinə qarşı etiraz edirdi. Sistem indiyə qədər işləyir.[70]
2014-cü ildə pakistanlılar Bəlucistan əyalətində - Əfqanıstanla 1100 kilometr sərhəd xətti boyunca səngər qazmağa qərar verdilər. 2014-cü ilin sentyabrına görə 235 kilometr uzunluqda səngər qazılmışdı. Səngərin qazılması prosesi Sərhəd korpusunun qüvvəsi hesabına aparılırdı. Səngərin qazmasının hədəfləri: mücahidlərin axınını dayandırmaq, qaçaqmalçılar, narkotik vasitələrin qanunsuz yerdəyişməsi, həmçinin sərhəddə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi. Bəlucistan əyalətində səngərin hazırlanmasına çəkilən xərc 14 milyard Pakistan rupisinə xəzinəyə başa gəlmişdi. Səngər 11-fut dərinliyində və 14 fut enində idi.[71]
Pakistan hazırda Dürand xətti ilə Əfqanıstandan qanunsuz immiqrasiya və sərhəd qaçaqmalçılığının qarşısını almaq üçün sərhədi gücləndirir. Pakistana görə AfPak sərhəd baryeri həm də silahlıların sərhəddən keçməsinin qarşısını almaq üçün lazımdır.[72] 2019-cu ilin yanvar ayına qədər baryerin 900 km-i tamamlanmışdır.[73] Dürand xətti bir çoxu qeyri-qanuni immiqrasiyaya səbəb olan 235 keçid nöqtəsi ilə işarələnmişdir. Layihənin ən az 532 milyon dollara başa gələcəyi proqnozlaşdırılır.[74]
Ümumdünya Ticarət Təşkilatında (ÜTT) xidmət edən Əfqanıstann diplomatı Pakistan tərəfindən sərhədin bağlanması nəticəsində Əfqanıstan hər il 90 milyon ABŞ dolları həcmində zərər gördüyünü iddia etmişdir.[75]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.