Azərbaycan maarif xadimi, Azərbaycan Pedaqoji İnstitutunun direktoru (1925-1927) From Wikipedia, the free encyclopedia
Cəlil Hacı Məmməd oğlu Məmmədzadə (ilk adı: Cəlil Hacı Məmməd oğlu Sadıqov[1][2]; 2 (14) dekabr 1888, Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 8 iyun 1934, Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ) — Azərbaycan dövlət xadimi, Azərbaycanın Ukraynada komissarı (1918–1919), Azərbaycan SSR xalq ictimai təminat komissarının katibi (1920–1921), Azərbaycan SSR xalq maarif komissarının müavini (1923–1928), "Maarif və mədəniyyət" jurnalının redaktoru (1924–1926), "Azərnəşr"in direktoru, Azərbaycan Dövlət Universiteti (keçmiş Ali Kişi Pedaqoji İnstitutu) pedaqoji fakültəsinın dekanı (1926–1928), AK(b)P Gəncə dairə komitəsinin təşkilat şöbə müdiri (1929–1932), Azərbaycan Mərkəzi Nəzarət Komissiyası və Fəhlə-Kəndli Müfəttişliyi sovet qurulucuğu şöbəsinin rəhbəri (1932–1934).[3][4]
Cəlil Məmmədzadə | |
---|---|
Cəlil Hacı Məmməd oğlu Məmmədzadə Cəlil Hacı Məmməd oğlu Sadıqov | |
1926 – 1928 | |
Əvvəlki | Şərif Manafov |
Sonrakı | vəzifə ləğv edilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 (14) dekabr 1888 |
Doğum yeri | |
Vəfat tarixi | 8 iyun 1934 (45 yaşında) |
Vəfat yeri | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, diplomat, bürokrat |
Vikianbarda əlaqəli mediafayllar |
Cəlil Məmməd oğlu Sadıqov (Məmmədzadə) 14 dekabr (köhnə təqvimlə 2 dekabr) 1888-ci ildə Şuşada tacir ailəsində anadan olub. Əslində onun ilk soyadı Sadıqov olub,[2] sovet dövründə keçmişini gizlətməyə çalışaraq soyadını Məmmədzadə edib.[5] 7 yaşında məhəllə məktəbinə gedən C.Məmmədzadə iki il müddətində burada oxuyub-yazmağı və hesabı öyrənib, sonra təhsilini Şuşa real məktəbində davam etdirib. Sonralar tərcümeyi-halında yazırdı[4][6]:
Real məktəbin 5-ci sinfində oxuyana qədər çox az dini bilgim, bir az da təsərrüfatla bağlı bacarığım var idi. 5-ci sinifdə oxuyanda özünütəhsillə məşğul olmağa başladım. Məqsədim Gəncə gimnaziyasında oxumaq idi. İki il Gəncə gimnaziyasında oxuduqdan sonra Kiyev gimnaziyasına köçürüldüm. Həmin illərdə ailəmizin maddi vəziyyəti kəskin şəkildə pisləşmişdi. Gimnaziyada oxuduğum üç il müddətində onlar mənə maddi kömək edə bilmədilər. Müstəqil yaşamağa və işləməyə başladım. |
1 oktyabr 1906-cı ildə Kiyevdə Vyaçeslav Pyotrun özəl gimnazıyasına daxil olaraq 30 iyun 1909-cu ildə orada 8 siniflik tam orta təhsilini başa vurub.[7] Məktəbi qurtardıqdan sonra Kiyevdəki Müqəddəs Vladimir Universitetinin tibb fakültəsində 1909-cu ildən 1 may 1910-cu ilədək oxuyub. 1910-cu ilin yayında Kiyev Politexnik İnstitutunun kimya fakültəsinə dəyişib, 1914-cü ilədək bu fakültədə müntəzəm oxuyub, ancaq həmin il təhsilhaqqını ödəmədiyinə görə ali məktəbdən uzaqlaşdırılıb. 1917-ci ildə ali təhsilini başa vurub.[8] Kiyevdə yaşayarkən o ictimai-siyasi fəallığı ilə seçilib. "Kiyev şəhəri müsəlman tələbələr təşkilatı"nın fəal üzvlərindən biri olub. Həmin təşkilatda onunla birgə Möhsün İsrafilbəyov (Qədirli), Hüseyn bəy Axundov, Mustafa Quliyev də səmərəli fəaliyyət göstərib.[4][9]
1917-ci il Fevral inqilabından sonra Kiyevdə qalıb. 10 oktyabr 1918-ci ildə Ukraynada yaşayan azərbaycanlılar özünün idarə qurumu "Azərbaycanın Ukraynada Komissarlığı"nı təsis edirlər. Bu qurum "Ukraynada yaşayan azərbaycanlıların hüquq və maraqlarını qorumaq" məqsədi daşıyırdı. Təsis yığıncağında Cəlil Sadıqov[10] (Məmmədzadə) komissar, Yusif Salehov onun köməkçisu, Mircəlal Mirtağıyev və Cahangir Həmzəyev isə katib seçiliblər.[11] 1918-ci ilin yayından sonra Azərbaycan Cümhuriyyəti ilə Ukrayna Dövləti arasında rəsmi münasibətlər qurulana və Azərbaycan səfiri təyin edilənə qədər komissar Cəlil Sadıqov (Məmmədzadə) Azərbaycan hökümətinin bu ölkədəki rəsmi nümayəndəsinin vəzifələrini yerinə yetirib. Ona Azərbaycan höküməti də səlahiyyət verib və bu səlahiyyəti Ukrayna höküməti tanıyıb. C.Sadıqov (Məmmədzadə) 1 noyabr 1918-ci ildə Cümhuriyyətin Ukraynaya Yusif bəy Vəzirovu səfir təyin etməsindən sonra da rəsmi nümayəndə vəzifəsini davam etdirib. 1920-ci ilin yazınadək o, Kiyevdə yaşayaraq İran konsulluğunun katibi işləyib.[12]
1920-ci ildə Moskvada tələbə yoldaşı Möhsün İsrafilbəyovla (Qədirli) görüşü onun bolşevizmə meyil etməsinə səbəb olur. Həmin vaxt Möhsün Qədirli Azərbaycan Xalq Hərbi Dəniz İşləri Kommisarlığı siyasi idarəsinin rəisi vəzifəsində işləyirdi. O, 1920-ci ildə Bakıya gələrək yeni hakimiyyətlə əməkdaşlıq edir. Azərbaycan SSR Siyasi İdarənin nəzdindəki mədəniyyət şöbəsinin müdiri vəzifəsində (iyun 1920 – dekabr 1920) çalışır. Eyni zamanda partiya kurslarının mühazirəçisi kimi 120 nəfərin siyasi hazırlıq keçməsində mühüm rol oynayır. Rus və ukrayn dillərini mükəmməl bilən C.Məmmədzadə partiya siyasi kurslarında inqilab hərəkatının tarixindən, siyasi iqtisadın əsaslarından mühazirələr oxuyur. İctimai-siyasi fəallığı ilə seçilən C.Məmmədzadə 17 iyul 1920-ci ildə bolşevik partiyası sıralarına qəbul edilir. 5 dekabr 1920-ci ildən 5 noyabr 1921-ci ilə kimi xalq ictimai təminat komissarının şəxsi katibi olub.[4][13]
1921-ci ilin fevralında Rusiya ilə ictimai təminatla bağlı əlaqələri genişləndirmək məqsədilə Moskvaya, oradan isə ailəsini Bakıya gətirmək üçün Kiyevə ezam olunur. Anasının Kiyevdə xəstələnməsi ilə əlaqədar olaraq üç ay orada qalmalı olur. Elə bu zaman Ukrayna K(b)P Kiyev vilayət komitəsində "Şərq bölməsi"ni və "Şərq zəhmətkeşləri klubu"nu yaradıb.[5] 1923-cü ildə Azərbaycan K(b)P MK-nın Bakı şöbəsi katibini müavini təyin edilir. Bir müddət Azərbaycan SSR Xalq Komissarları Sovetində işlər idarəsində çalışır.[13]
1924–1926-сı illərdə o, həm də ölkədə maarif və mədəniyyətin yayılmasında, mədəni inqilabın həyata keçirilməsində, savadsızlığın ləğvində mühüm rol oynayan "Maarif və mədəniyyət" (indiki "Azərbaycan") jurnalının məsul katibi (redaktoru) olmuşdur. O, redaktor olduğu illərdə professor Pyotr Fridolin, Əhməd Pepinov redaksiya heyətinin üzvü, Hacınski isə katib olmuşdur. Jurnalın 1924-cü il (12 №-si), 1925 -ci il (8 №-si), 1926-cı il (12 №-si) onun redaktorluğu ilə nəşr edilmişdir. Maraqlıdır ki, həmin dövrdə C.Məmmədzadə həm də "Azərnəşr"in direktoru, teatr idarəsinin sədri olub.[4][14]
16 iyul 1926-cı ildə Azərbaycan SSR Xalq Komissarları Soveti "Ali Pedaqoji İnstitutun yenidən təşkili" ilə bağlı qərar qəbul etdi. 1926–1927-ci tədris ilinin sonu, 1927–1928-ci tədris ilinin əvvəlində Ali Pedaqoji Kişi İnstitutu, Ali Pedaqoji Qadın İnstitutu Azərbaycan Dövlət Universitetinin pedaqoji fakültəsi ilə birləşdirildi. Birləşmiş fakültənin ilk dekanı Cəlil Məmmədzadə oldu.[4][15]
O, ərəb qrafikasının latın qrafikasına dəyişdirilməsinin qatı tərəfdarlarından idi. Hələ 1922-ci ildə başqa müəlliflərlə birgə "Yeni türk əlifbası" dərsliyini hazırlamışdı. 1925-ci il may ayının 25-də Bakıda çağırılan Azərbaycan SSR-in Birinci müəllimlər qurultayının 3-cü isclasında xalq maarif komissarının müavini Cəlil Məmmədzadə məruzə ilə çıxış edərək məktəblərdə artıq yeni latın əlifbasına keçməyin vaxtı çatdığını irəli sürüb və qurultayın bütün nümayəndələrini yeni əlifbanı həyata keçirmək üçün köməyə çağırıb.[16]
C.Məmmədzadə Birinci Ümumittifaq Türkoloji Qurultayın təşkilatçılarından və Azərbaycandan oraya nümayəndələri seçən özəl komissiyanın üzvü idi. O, 26 fevral – 5 mart 1926-cı ildə Bakıda keçirilən Türkoloji Qurultaya Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin nümayəndəsi olaraq qatılıb, mandat komissiyasının sədri seçilib, "Türk xalqları əlifbalarının sistemləri haqqında" məruzə edib.[3]
Cəlil Məmmədzadə 1929–1932-ci illərdə Azərbaycan K(b)P Gəncə dairə komitəsinin təşkilat şöbə müdiri kimi şəhərdə gedən tikinti və yenidənqurmu işlərinə rəhbərlik edir. Daha sonra Azərbaycan K(b)P MK-nın sosial-mədəni qrupunun rəhbəri olur. 1932-ci ilin yanvarından ömrünün sonuna kimi Azərbaycan Mərkəzi Nəzarət Komissiyası və Fəhlə-Kəndli Müfəttişliyi sovet qurulucuğu şöbəsinin rəhbəri vəzifəsində və Şura Kontrolu Komissiyasının müvəkkili aparatında çalışıb. Geniş ictimai-siyasi və mədəni-maarifçilik fəaliyyəti ilə seçilən C.Məmmədzadə 1922–1924-cü illərdə Azərbaycan K(b)P Bakı Şəhər Komitəsinin üzvü, 1923–1928-ci illərdə Bakı Şurası üzvü, 1932-ci ildən Azərbaycan K(b)P MK Plenumu və Prezidiumu və Azərbaycan Sovet Şuralar Cəmiyyəti Xalq Komissarları Şurasının, Xalq Maarif Komissarlığı Kollegiyasının üzvü olub,[4][17] Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinə namizəd seçilib.[3]
Cəlil Məmmədzadə uzun sürən xəstəlikdən sonra 7[4] və ya 8 iyun 1934-cü ildə[1] Bakı şəhərində vəfat etdi. Onun ölümü ilə bağlı "Kommunist" qəzetində Azərbaycan K(b)P MK və Bakı Komitəsinin, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin, Azərbaycan Sovet Şuralar Cəmiyyəti Xalq Komissarları Şurasının, Şura Kontrolu Komissiyasının, Azərbaycan Sovet Şuralar Xəmiyyəti Xalq Maarif Komissarlığının, Azərbaycan Həmkarlar İttifaqları Şurası prezidiumunun, Azərbaycan Maarif İşçiləri İttifaqının Mərkəzi İdarəsi və rayon şöbələrinin, Xalq Səhiyyə Komissarlığının, "Kommunist" qəzeti redaksiyası və əməkdaşlarının başsağlığı elanları və neqroloq verilmişdir. Cəlil Məmmədzadənin dəfninin təşkili ilə bağlı xüsusi komissiya yaradılmış, 8 iyun 1934-cü ildə onunla vida görüşü 26 Bakı Komissarı adında sarayda keçirilmiş, elə həmin gün saat 4-də dəfn olunmuşdur.[4][18]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.