From Wikipedia, the free encyclopedia
Cəfər Pənahi (fars. جعفر پناهی; 11 iyul 1960[1][2][…], Miyana, Şərqi Azərbaycan ostanı) — İran kinorejissoru və ssenaristi. İran kinematoqrafiyasının Yeni dalğa nümayəndələri arasında ən tanınmışı.
Cəfər Pənahi | |
---|---|
fars. جعفر پناهی | |
Doğum tarixi | |
Doğum yeri | Cənubi Azərbaycan, Miyanə |
Milliyyəti | Azərbaycanlı |
Vətəndaşlığı | İran |
Fəaliyyəti | kinorejissor, ssenarist |
Təhsili | |
Mükafatları | |
IMDb | ID0070159 |
Vikianbarda əlaqəli mediafayllar |
Cəfər Pənahi 1960-cı il iyulun 11-də İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhərində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra gənc Cəfər bir neçə qısametrajlı film çəkib, daha sonra hərbi xidmətə yollanıb. İran-İraq müharibəsində iştirak edib. Müharibədən sonra universitetə qəbul olunan Pənahi, bir neçə il sənədli filmlərlə maraqlanıb və rejissor assistenti kimi çalışıb.
Tehranda Rejissorluq fakültəsində oxuduğu illərdə Pənahi gizlicə böyük kino arxivinə giriş əldə edib. Demək olar ki, bütün dünya klassiklərini izləyib. 90-cı illərdə Cəfər Pənahi İran kinosundakı "Yeni dalğa" cərəyanının yaradıcılarından biri Abbas Kiarostaminin "Zeytunların arasından" filmində çalışıb.
1995-ci ildə Kiorastami Pənahinin yeni filmi üçün ssenari yazıb. "Ağ şar" rejissora dünya şöhrəti gətirir.
İlk filmində senzuradan yayınmaq üçün rejissor uşaqlar mövzusunu seçib. Sosial problemlərə də toxunan Pənahi uşaqlar haqda, amma uşaqlar üçün olmayan film çəkib. Film yeni il ərəfəsində qızıl balıq almaq üçün bazara yollanan, yolda pulunu itirən və böyüklərin dünyası ilə tanış olan balaca qızdan bəhs edir.
İran Mədəniyyət Nazirliyinin qadağasından sonra "Oskar"a gedə bilməyən "Ağ şar" "Kann"dan əliboş qayıtmayıb. Pənahi "Kann" kinofestivalında "Qızıl kamera" mükafatını qazanıb. Eyni ildə film Nyu York tənqidçilərinin "1995-ci ilin ən yaxşı filmləri" siyahısında da yer alıb[3].
1997-ci ildə çəkilmiş “Güzgü” filmində dərsdən çıxanda həmişə onu qarşılayan anasını gözləməyə səbiri çatmayan balaca məktəbli Minanın (Ayda Məmmədxani) sərgüzəştləri diqqət mərkəzinə gətirilir. Sonuncu rəfiqəsi də arxasınca gələn atasının avtomaşınına oturub getdikdən sonra, bir əli gipsdə olsa da, evlərinə təkbaşına yola düşməklə tərsliyini, müstəqilliyini, yaşından böyük görünmək istəyini ortaya qoyan Minanın səs-küylə şığıyıb keçən iri avtomaşınların təkərləri fonunda olduqca köməksiz görünməsi xırda adamı böyük şəhərlə qarşılaşdırır. İlk baxışdan inamlı görünən Minanın qara çadralı bir qadının ətəyindən tutaraq yolu keçməsi maneənin dəf olunması yolunda ilkin qələbəyə çevrilsə də, motosikldəki müəllimlə dostunun avtomobil qəzasına düşməsinin şahidinə çevrilməsi psixoloji gərginliyi artırır. Səhvən mindiyi növbəti avtobusda oğlu ilə münaqişəsindən gileylənən çarşablı qadının, ərlərin xəyanətini çözən qadınların söhbətini, İranla Cənubi Koreyanın söhbəti fonunda balaca Minanın kiminsə verdiyi pulu akkordeon çalıb oxuyan atasını dəfdə müşayiət edən balaca oğlana ötürməsi kimi uzun planda kameranın sevdiyi Aida Məmmədxaninin daxili monoloqunun bir an belə səngimədiyini təsdiqləyir.
Nəhayət ki, kameraya baxmaqla rejissorun iradını eşitməklə səbir kasası daşaraq oynamaqdan cana doyub yaylığını, əlinin gipsini çıxarıb, paltosunu soyunan Minanın evlərini özü tapmaq istədiyini birbaşa kinokameraya deməsi ilə ekran personajının, ifaçı Ayda Məmmədxaniyə çevrilməsi ilə kinolentin bitməsi, digər kameranın başqa rakursundan Cəfər Pənahi də daxil olmaqla çəkiliş qrupunun ekrana gəlişi filmin gedişatını dəyişir. Bu epizod bədii təxəyyüllə real həyatın sərhədlərini şəffaflaşdırmaqla saxtalıqla, gerçəklik güzgüsünü üzləşdirən rejissorun daxili azadlığını önə çəkir. Bundan sonra çarşablı qadının evdə münaqişəsinin olmadığını Aydaya bildirməsindən sonra bədii-oyun filminin estetikasının durdurulması, “dördüncü divar”ın dağılması ilə gerçək zaman-məkan parametrlərinin önə keçməsi, müəllifin sufi təbiətinə uyğun təəssürat üzərində qurulan, anilikdə yaranan impersionizmə meydan verilir.
Finalda sərnişinlərinin, sürücünün iştirakı ilə qadın-kişi münasibətlərini arakəsmədən çözdükləri taksinin vicdanlı sürücünün evlərinə gətirib çıxardığı, böyük şəhərin qaydalarına müqavimətini bildirən balaca Minanın vasitəsi ilə güzgü tutulan Tehranın sosiodinamik mühitinin öz əksini karnaval estetikasında tapdığı bu film kinofestivallarda dəyərləndirilərək Lokarnoda “Qızıl bəbir”, İstanbulda “Qızıl lalə” mükafatlarına layiq görülür[3].
Artıq 2000-ci ildə Pənahi filmlərinin əsas mövzusu böyüklər olub. "Dairə" filmində hadisələr yenicə həbsxanadan çıxmış bir neçə qadın ətrafında cərəyan edir. Bu qadınlardan biri başqa şəhərə köçmək, biri abort etdirmək, digəri isə keçmiş ərindən qurtulmaq istəyir. Pənahi bu qadınların keçmişi haqda heç nə demir, ancaq ölkəsindəki qadınların sıxışıb qaldığı tabuları, qadağaları bütün çılpaqlığı ilə göstərir. "Venesiya" kinofestivalının əsas mükafatını qazanan "Dairə" İranda de-fakto qadağan olunub[3].
2003-cü ildə ekranlaşdırdığı "Qıpqırmızı qızıl" filmi İran cəmiyyətinin növbəti portretidir. Elə real həyatda da pitsaçı Hüseynlə birlikdə Pənahi Tehran küçələrinə səfər edir. Yeni filmində qadın qəhrəmanlardan imtina edən rejissor bu dəfə də kişiləri hədəf alır.
Pənahi filmin yenidən işlənməsi təklifiylə razılaşmır və "Qıpqırmızı qızıl" rejissorun İranda qadağan olunan növbəti filmi olur[3].
2006-cı ildə ekranlara çıxan "Ofsayd" filmi Pənahinin kinoya olan əsl münasibətinin təzahürüdür. Filmdə süjet real hadisələrə əsaslanır. Film İran-Bəhreyn matçı zamanı lentə alınıb. Komandalar 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatına vəsiqə qazanmaq üçün çalışır. Nəticəni əvvəlcədən müəyyən etmək mümkün olmadığı üçün çəkiliş prosesində ssenariyə xeyli əlavələr olunub.
Futbolun fonunda Pənahi stadiona çıxmaq istəyən gənc qızlardan bəhs edir. Tədricən qızlar stadiondakı "həbsxanaya" düşür, onlara nəzarət edən mühafizəçilərlə dostlaşmağa başlayırlar. İran qalib gəlir, xalq küçələrə axışır. Bütün tabuları yıxan qadınlar və mühafizəçilər qələbəni yataqda qeyd edir.
"Ofsayd" filmi də ümidləri doğruldur, 2006-cı ildə Berlin kinofestivalında "Gümüş ayı" mükafatını qazanır[3].
Apelyasiya məhkəməsinin qərarını gözlədiyi günlərdə Cəfər Pənahi operator Mojtaba Mirtəhmasiblə birlikdə, ev şəraitində "Bu, film deyil" adlı film çəkir. Film dörd gün ərzində rəqəmsal videokameraya çəkilib, altı gün ərzində isə montaj olunub.
Filmdə Pənahi İran rejimi tərəfindən siyasi səbəblərə görə 6 il həbs cəzası, 20 il peşəsini icra edə bilməmək, yəni film çəkməmək, ssenari yazmamaq və ölkədən çıxmamaqla cəzalandırıldığına görə çəkmək istədiyi yeni filmi də çəkə bilmir. Pənahi, “madam film çəkə bilmirəm, o zaman çəkmək istədiyim filmdən danışaram” deyib dostu Mojtaba Mirtəhmasibi çağırır.
Dostu gəlir. Pənahi ondan kameranı yandırıb film barədə danışığını lentə almasını istəyir. Belə də edirlər. Pənahi film haqqında danışmaq üçün evində uyğun bildiyi guşəyə keçir və çəkə bilmədiyi filmi barədə danışmağa başlayır. Seçdiyi guşəni yapışqan kağızla sərhədləyir və göstərir – bu ev, bu qızın otağı, bu çarpayısı, bu pəncərə, bu qapı… Rejissor, izah etməyə çalışdığı filmdə həm də aktyoru əvəz edir. Birinci səhnənin bitdiyini deyib dayanır və: “bir filmi anlatmaq üçün əvvəl onu çəkmək lazımdır. Bir filmi çəkmədən, onu necə anlada bilərəm ki? Filmi anlada bilsək, niyə film çəkək ki?” — deyib dayanır[4].
Mirtəhmasibin fləş karta yazıb, tortun içində gizlətdiyi film son anda 61-ci "Kann" kinofestivalının müsabiqədənkənar proqramına daxil edilib.
Film 2013-cü il ABŞ Kinomotoqrafiya elm və incəsənəti üzrə Akademiyasının Oskar mükafatına namizəd kimi ilkin irəli sürülmüş 15 film siyahısına düşmüş və ilk seçim mərhələsinə buraxılmışdır[5].
Pənahi heç vaxt ölkədə gedən siyasi proseslərə biganə qalmayıb. 2009-cu ildə növbəti prezident seçkiləri ərəfəsində də rejissor müxalif namizəd, azərbaycanlı Mirhüseyn Musəviyə dəstəyini ifadə edib. 2009-cu ilin iyununda keçirilən seçkilər zamanı Mahmud Əhmədinejad qələbə çalıb. Musəvi tərəfdarları küçələrə axışıb. "Yaşıl inqilab" adlanan nümayişlər zamanı 20-yə yaxın insan həlak olub. İlk dəfə Cəfər Pənahi aksiyalar zamanı həlak olan gənc qız Neda Soltanın dəfnində həbs olunub və rejissora ölkədən çıxmaq qadağan olunub.
Rejissor Monrealda keçirilən beynəlxalq kinofestivala yaşıl şərf taxıb. Premyeralar zamanı Pənahi faciə qurbanlarını unutmadıqlarını və mövcud rejimin hakimiyyəti saxta yollarla ələ keçirdiyini deyib.
Artıq fevralda İran hakimiyyəti rejissoru "Berlin" kinofestivalına buraxmır. Evində aparılan axtarış zamanı Pənahi, həyat yoldaşı, qızı və həmkarı Məhəmməd Rəsulof həbs olunub. Dövlət əleyhinə təbliğatda ittiham olunan Pənahi aclıq aksiyasına başlayıb. Rejissor bu addımı ailəsinə qarşı təzyiqlərdən və həbsxanada məruz qaldığı zorakılıqlardan sonra atıb.
2011-ci ilin oktyabrında Tehran Apelyasiya Məhkəməsi Pənahinin şikayətini rədd edib. Beləliklə, rejissor altı illik həbs cəzası və iyirmi illik kino çəkmək qadağası ilə üzləşib.
Rejissorla həmrəylik nümayiş etdirən "Berlin" kinofestivalının təşkilatçıları bütün nümayişlər zamanı oturacaqlardan birini boş saxlayıb. 50 iranlı rejissor, aktyor və rəssam Pənahinin azad olunması tələbilə petisiya imzalayıb. Pol Tomas Anderson, Koen qardaşları, Julyet Binoş, Frensis Ford Koppola, Cim Carmuş, Martin Skorseze, Stiven Spilberq, Robert de Niro, Oliver Stoun, Terrens Malik və başqaları da analoji sənədə imza atıb.
Həmkarı Əsgər Fərhadi Berlin kinofestivalında mükafatı almaq üçün kürsüyə çıxanda Pənahiyə səslənib və deyib[5]:
Bu mükafatı sənə verirəm. Gələn il burada dayanmaq növbəsi sənindir. |
Cəfər Pənahi Tahirə Səidi ilə evlidir. Onların bu evlilikdən iki övladları dünyaya gəlir. 1984-cü ildə doğulmuş Pənah Pənahi Tehran universitetini bitirib. 2009-cu ildə çəkdiyi ilk qısametrajlı "Birinci film" adlı filmi Monrealda keçirilən beynəlxalq festivalda nümayiş etdirilmişdir[6]. Qızları Solmaz Pənahi Tehran universitetində təhsil alıb.
Pənahinin filmləri Kann kinofestivalında "Qızıl kamera" (1995, "Ağ şar" filmi), Lokarno kinofestivalında "Qızıl leopard" (1997, "Güzgü" filmi), Venesiya kinofestivalında "Qızıl şir" (2000, "Dairə" filmi) və Berlihale kinofestivalında "Gümüş ayı" (2006, "Ofsayd" filmi), həmin kinofestivalda ən yaxşı ssenari kateqoriyasında mükafatın qalibi (2013, "Pərdə" filmi) kimi nüfuzlu beynəlxalq kino mükafatlarının laureatı olmuşlar.
2012-ci ilin oktyabr ayında Cəfər Pənahi (vəkil, hüquq müdafiəçisi, məhbus xanım Nəsrin Setude ilə birqə) İranda insan haqları və onların əsas azadlıqları uğrunda göstərdikləri fəaliyyətə görə, Avropa Parlamenti tərəfindən Andrey Saxarov adına "Düşüncə azadlığına görə" mükafatı ilə təltif olunmuşdur. 2012-ci il dekabrın 12-də yığıncaqda iştirak edə bilmədiyindən mükafat onun qızı Solmaz Rənahiyə təqdim olunmuşdur.
2013-cü ildə Cəfər Pənahinin “Pərdə” filmi Berlində hər il keçirilən beynəlxalq festivalda ən yaxşı ssenari kateqoriyasında mükafatın qalibi olmuşdur. Rejissor filmi uzun müddət dostluq etdiyi Kamboziya Partovi ilə birgə çəkmişdir. Filmdə baş rolları da onların özləri ifa etmişlər.
Cəfər Pənahinin İranı tərk etməsinə icazə verilmədiyi üçün mükafatı onun adından Kamboziya Partovi almışdır.
Mükafatları | |||
---|---|---|---|
İl | Təşkilat ya festival | mükafat | Film |
1995 | Kann kinofestivalı | Qızıl kamera mükafatı | Ağ şar |
1997 | Lokarno Beynəlxalq Film Festivalı | Qızıl Leopard mükafatı | Güzgü |
2000 | 57-ci Beynəlxalq Venesiya Film Festivalı | Qızıl şir mükafatı | Dairə |
2003 | Kann kinofestivalı | Xüsusi baxış mükafatı | Qıpqırmızı qızıl[7] |
2006 | Berlin Beynəlxalq Film Festivalı | Gümüşü ayı mükafatı | Ofsayd |
2007 | Valdiviya Beynəlxalq Film Festivalı | Pudu mükafatı | həyat və yaradıcılığına görə |
2007 | HIVOS | HIVOS Limitsiz Kino Mükafatı | |
2011 | Kann kinofestivalı | Carrosse d'Or mükafatı | Bu film deyil |
2012 | Avropa Parlamenti | Saxarov mükafatı | |
2013 | 63-cü Berlin Beynəlxalq Film Festivalı | Silver Bear for Screenwriting | Bağlı Pərdə |
2015 | 65-ci Berlin Beynəlxalq Film Festivalı | Qızıl ayı | Taksi |
2018 | 71-ci Kann kinofestivalı | Ən yaxşı ssenari mükafatı | Üç üz |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.