Blokçeyn
Paylaşdırılmış verilənlər bazası / From Wikipedia, the free encyclopedia
Blokçeyn (ing. Blockchain) — kriptoqrafik heşlər vasitəsilə etibarlı şəkildə bir-birinə bağlanan qeydlərin (blokların) artan siyahıları olan paylanmış reyestr.[1][2][3][4] Hər blokda əvvəlki blokun kriptoqrafik heşi, vaxt damğası və əməliyyat məlumatı var (ümumiyyətlə Merkl ağacı kimi təmsil olunur, burada məlumat qovşaqları yarpaqlarla təmsil olunur). Hər bir blokda əvvəlki blok haqqında məlumat olduğuna görə onlar effektiv şəkildə bir zəncir təşkil edir (əlaqəli siyahı məlumat strukturu ilə müqayisədə), hər bir əlavə blok özündən əvvəlki bloklarla əlaqələndirilir. Nəticə etibarilə, blokçeyn əməliyyatları geriqayıtmazdır, çünki onlar qeydə alındıqdan sonra hər hansı bir blokdakı məlumatları bütün sonrakı blokları dəyişdirmədən geriyə doğru dəyişdirmək mümkün deyil.
Blokçeynlər adətən ictimai paylanmış reyestr kimi istifadə üçün tay-tuşlar kompüter şəbəkəsi ("peer-to-peer") tərəfindən idarə olunur, burada qovşaqlar yeni əməliyyat bloklarını əlavə etmək və təsdiqləmək üçün konsensus alqoritm protokoluna kollektiv şəkildə əməl edir. Blokçeyn qeydləri dəyişməz olmasa da, blokçeyn çəngəllərini tətbiq etmək mümkün olduğuna görə blokçeynlər dizayn baxımından təhlükəsiz olaraq qəbul edilir və yüksək Bizans qüsurlarına dözümlü paylanmış hesablama sistemi üçün nümunə hesab edilir.[5]
Blokçeyn Stüart Haber, Veykfild Skott Stornetta və Deyv Bayyer əvvəlki işlərinə əsaslanaraq, "Bitcoin" kriptovalyutası əməliyyatları üçün ictimai paylanmış reyestr kimi xidmət etməsi üçün 2008-ci ildə Satoşi Nakamoto adından (və ya təxəllüsündən) istifadə edən şəxs (və ya bir qrup insan) tərəfindən yaradılmışdır.[6] Blokçeynin "Bitcoin" daxilində tətbiqi nəticəsində o, etibarlı orqan və ya mərkəzi serverə ehtiyac olmadan ikiqat xərcləmə problemini həll edən ilk rəqəmsal valyuta olmuşdu. "Bitcoin" dizaynı ictimaiyyət tərəfindən oxuna bilən və kriptovalyutalar tərəfindən geniş istifadə olunan digər tətbiqlərə və blokçeynlərə ilham vermişdi.[2][3] Blokçeyn bir növ ödəniş xətti hesab olunur.[5]
Şəxsi blokçeynlər biznes istifadəsi üçün təklif edilmişdir. "Computerworld" müvafiq təhlükəsizlik modeli olmayan belə özəlləşdirilmiş blokçeynlərin marketinqini "ilan yağı" adlandırmışdı.[7] Bununla belə, başqaları iddia edirdilər ki, icazəli blokçeynlər, diqqətlə tərtib edilərsə, icazəsiz olanlardan daha mərkəzləşdirilməmiş və buna görə də praktikada daha təhlükəsiz ola bilər.[2][8]