From Wikipedia, the free encyclopedia
Bağdad sülh müqaviləsi — Səfəvilər və Osmanlı dövləti arasında bağlanan sülh müqaviləsi. 6 yanvar 1733-cü ildə bağlanmışdır.
Bağdad sülh müqaviləsi | |
---|---|
İmzalanma tarixi | 6 Yanvar 1733-cü il |
İmzalanma yeri | Bağdad şəhəri |
Qüvvəyə minməsi | |
• şərtləri | Osmanlı imperiyası son 10 ildə işğal etdiyi bütün Səfəvi torpaqlarından geri çəkilir. |
Tərəflər |
Osmanlı İmperiyası Səfəvilər |
Nadir xan II Təhmasibin imzaladığı Kirmanşah sülh müqaviləsi ilə razılaşmadı və Osmanlı qüvvələri üzərinə yenidən hücuma keçdi. Osmanlı dövləti Nadirin hücumunun Qafqazdan olacağını gözləsə də, Nadir gözlənilməz formada İraqdan hücum etdi. Samarra döyüşündə məğlub olan Nadir sonradan qüvvələrini cəmləşdirib əsas Osmanlı ordusunu Kərkük döyüşündə darmadağın etdi. Bu zaman əsnasında Bağdad şəhəri uzun müddət mühasirədə saxlanıldı. Köməyə göndərilən orduların məğlubiyyətə uğradılmasından sonra Bağdaddakı Osmanlı canişini Əhməd paşa sülh danışıqlarına başlamaq xahişi ilə öz elçisini Nadirin düşərgəsinə göndərdi.[1]
Tarixi ədəbiyyatda olan məlumata görə, Nadirlə Əhməd paşa arasında sülh müqaviləsi ilə bağlı danışıqlar 1733-cü il dekabr ayının ortalarında aparıldı və həmin ayın 19-da sülh razılaşması əldə edildi.
Bağdad qalası hələlik osmanlıların əlində qalmaqla, razılaşmada Nadirin əsas tələbi öz əksini tapdı. Birincisi, Osmanlı sarayı son 10 il ərzində ələ keçirdiyi torpaqları geri qaytarmalı və 1639-cu ildə Osmanlı sarayı ilə Səfəvi sarayı arasında imzalanmış müqavilədə göstərilən sərhəd xətti bərpa edilməli idi. İkincisi, döyüşlərin gedişində əsir götürülmüş döyüşçülər və ələ keçirilmiş artilleriya geri qaytarılmalı idi. Nəhayət üçüncüsü, Osmanlı nəzarəti altında olan ərazilərdəki müqəddəs yerlərə ziyarətə gedən iranlılara müəyyən güzəştlər təqdim edilməli idi.
Əhməd paşa söz verdi ki, razılaşma İstanbula göndəriləcək və iki ay ərzində Osmanlı sarayı tərəfindən imzalanacaqdır. O eyni zamanda Qafqazdakı Osmanlı paşalarına məktub göndərdi, onlara Nadirlə əldə edilmiş razılaşma haqqında məlumat verdi və onlardan tələb etdi ki, Gəncə, Şirvan, İrəvan və Tiflis Osmanlı qoşunları tərəfindən tərk edilsin. Həmin vilayətlər Nadirin nəzarəti altına düşməli idi
“Aləm Ara-ye Naderi”yə görə, Nadirin Əhməd paşadan tələb etdiyi əsirlər arasında vaxtilə onun qoşununda topçubaşı olmuş Mehdi xan da var idi. Nadirin Bağdad ətrafındakı uğursuzluğu zamanı Mehdi xan onu tərk edib Osmanlılara sığındı.Fərarilik göstərən döyüşçülərinə qarşı amansız olan Nadir bundan çox qəzəbləndi. Amma Əhməd paşa Nadirə çoxlu hədiyyələr göndərməklə bərabər, Mehdi xanın günahından keçməsini də xahiş etdi. Nadir bu xahişi qəbul etdi və Mehdi xana toxunmadı.
Tərəflər arasında imzalanan Bağdad sülh müqaviləsinə əsasən, Osmanlı dövləti 1723 -1724-cü illərdən başlayaraq ələ keçirdiyi bütün Səfəvi torpaqlarını geri qaytarmağa razılıq verdi. Osmanlı dövləti həmin dövrdə Şimali Azərbaycanın böyük hissəsini (Xəzəryanı ərazilərdən savayı), habelə Təbriz , Ərdəbil, Marağa, Xoy və digər Cənubi Azərbaycan ərazilərini nəzarətə götürmüşdür. 1732-ci il 16 yanvarda bağlanan Kirmanşah müqaviləsi ilə Səfəvilər Cənubi Azərbaycan ərazilərini geri ala bilmişdir.[2]
Nadir Bağdad ətrafını tərk etməzdən əvvəl Osmanlı sarayının sədrəzəmi Əbdül Kərim əfəndiyə məktub göndərdi. O çox güman ki, əldə edilmiş razılaşmanın sədr-əzəm tərəfindən tezliklə imzalanmasına nail olmaq istəyirdi. Məktubda Nadir türk olduğunu və Osmanlı türkləri ilə eyni kökə malik olmasını da xatırladır və məhz buna görə də sülhə razı olduğunu bildirirdi. Amma istər Osmanlı sarayı, istərsə də elə Əhməd paşa özü də əldə olunmuş razılaşmanın imzalanmasına tərəfdar deyildi. Yaranmış vəziyyətdə Bağdadın mühasirədən xilas edilməsi naminə Əhməd paşa razılaşma söhbətini ortaya atdı və niyyətinə də nail oldu. Osmanlı sarayı Əhməd paşanı vəzifəsindən azad etdi. Onun Gəncə, Şirvan, İrəvan və Tiflis paşalarına göndərmiş olduğu əmr də ləğv edildi. Yəni, həmin şəhərlərin boşaldılması haqqında verilən əmrin qüvvədən düşdüyü bəyan edildi. Bununla belə, Bağdad ətrafında əldə edilmiş razılaşmanın imzalanmayacağı barədə Nadirə konkret xəbər verilmədi. Onun diqqətini Osmanlı qüvvələri ilə döyüşlərdən çəkindirmək üçün bildirilirdi ki, Osmanlı sarayı razılaşma üzərində işləyir. Beləliklə, Osmanlı dövləti Nadir xanla imzalamış olduğu müqaviləni ratifikasiya etməkdən imtina etdi. Buna cavab olaraq isə Nadir Osmanlı dövlətinə qarşı olan yürüşlərini daha da intensivləşdirdi və ard-arda Osmanlı qoşunlarını ağır formada məğlub etdi.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.