Azərbaycanda Stalin repressiyaları
From Wikipedia, the free encyclopedia
Azərbaycanda Stalin repressiyaları — 1920-ci illərin sonundan 1950-ci illərin əvvəlinə qədər Azərbaycan SSR-də həyata keçirilən Stalin repressiyalarına verilən ad. Bu repressiya Azərbaycanın ali rəhbərlərinə, ruhanilərə, ziyalılara və varlı kəndlilərlə bərabər bütün Azərbaycan əhalisinə toxunmuşdur. Repressiyalara əksinqilabi fəaliyyətdə, casusluqda, anti-sovet təbliğatını aparmaqda şübhəli bilinən insanların və əmlakının milliləşdirilməsinə mane olan qolçomaqların təqibi o cümlədən güllələnmələri, həbs olunmaları, əmək düşərgələrinə göndərilmələri və əhalinin SSRİ-nin digər bölgələrinə deportasiyaları daxil idi.
Repressiyalar öz pik həddinə yuxarı idarəetmə orqanlarının təlimatlarına uyğun olaraq XDİK tərəfindən həyata keçirilən 1937–1938-ci illərdə baş tutmuş Böyük təmizləmə və ya Yejovşina dövründə çatdı. Bu dövr Azərbaycanı 20 il idarə etmiş Mircəfər Bağırovun rəhbərliyi illərinə təsadüf edirdi. Onun adı sovet ədəbiyyatında adətən 1930-cu illərdə baş vermiş kütləvi repressiyalarla bağlı mövzularda çəkilirdi, çünki bir qayda olaraq 1937–1938-ci illərdə respublikada baş vermiş repressiyaların aparıcı təşəbbüskarı məhz o özü idi. Yenidənqurma dövrü və ondan sonra yazılan ədəbiyyatlarda Bağırovun olmuş hadisələrdə nə dərəcədə məsuliyyət daşıması ilə bağlı aydın fikirlər hələ də öz əksini tapmayıb.[1] İsveçli politoloq Svante Kornel onu "azərbaycanlı Stalin"[2], sovet-rus filosofu və tarixçi Dmitri Furman isə onu "azərbaycanlı Beriya" adlandırırdı.[3]