![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/57/Az%25C9%2599rbaycan_g%25C9%2599ncl%25C9%2599ri_milli_geyimd%25C9%2599._%25C6%258Flinc%25C9%2599_qalas%25C4%25B1%252C_Nax%25C3%25A7%25C4%25B1van_Muxtar_Respublikas%25C4%25B1%252C_Az%25C9%2599rbaycan.jpg/640px-Az%25C9%2599rbaycan_g%25C9%2599ncl%25C9%2599ri_milli_geyimd%25C9%2599._%25C6%258Flinc%25C9%2599_qalas%25C4%25B1%252C_Nax%25C3%25A7%25C4%25B1van_Muxtar_Respublikas%25C4%25B1%252C_Az%25C9%2599rbaycan.jpg&w=640&q=50)
Azərbaycan etnik və milli kimliyi
From Wikipedia, the free encyclopedia
Azərbaycan etnik və milli kimliyi — azərbaycanlıların ortaq və xarakterik mədəniyyətində, dilində və adət-ənənələrində təcəssüm tapmış etnik və milli mənsubiyyət hissini və vətəndaşlığı ifadə edən termin.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/57/Az%C9%99rbaycan_g%C9%99ncl%C9%99ri_milli_geyimd%C9%99._%C6%8Flinc%C9%99_qalas%C4%B1%2C_Nax%C3%A7%C4%B1van_Muxtar_Respublikas%C4%B1%2C_Az%C9%99rbaycan.jpg/640px-Az%C9%99rbaycan_g%C9%99ncl%C9%99ri_milli_geyimd%C9%99._%C6%8Flinc%C9%99_qalas%C4%B1%2C_Nax%C3%A7%C4%B1van_Muxtar_Respublikas%C4%B1%2C_Az%C9%99rbaycan.jpg)
Təqribən 1840-cı ildə Mirzə Kazım bəy Azərbaycan dilini "Azərbaycan türkcəsi" adlandırmışdır. Tiflisdə yaşayan müsəlman ziyalıları 1880-ci illərdə "Azərbaycan türkcəsi" dil adını qəbul etmiş, bu dildə danışanları azərbaycanlı adlandırmışdır.
Azərbaycan mühitində "azərbaycanlılar" və ya "Azərbaycan türkləri" termini ilk dəfə 1891-ci ildə liberal Bakı qəzeti "Kəşkül" tərəfindən təklif edilmiş, XIX əsrin sonundan bu termin Yelizavetpol quberniyasında özünüadlandırma kimi yayılmağa başlamışdır. XIX əsrin sonlarından etibarən "azərbaycanlı" etnonimi elmi ədəbiyyatda müxtəlif formalarda istifadə edilməyə başlamışdır. Ancaq terminin rəsmi istifadəsi sovet dövründə 1936-cı ildən, dövlət və məhkəmə sənədləri ilə başlamışdır.
1995-ci ildə qəbul edilmiş Azərbaycan Konstitusiyasına əsasən, Azərbaycan xalqına, ölkə qanununa tabe olmaq şərti ilə, burada yaşan hər kəs (respublika ərazisində yaşayan azərbaycanlılar, Ermənistan azərbaycanlıları, ölkənin etnik azlıqları) və həmçinin diaspora daxildir.