From Wikipedia, the free encyclopedia
Avstraliya-Amerika Samoası — 11 aprel 2001-ci ildə Avstraliya ilə Amerika Samoası milli futbol komandaları arasında Avstraliyanın Koffs Harbur şəhərindəki Beynəlxalq Stadionda oynanılmış 2002-ci il dünya çempionatının təsnifat oyunu. Avstraliya komandası həmin matçda 31-0 qalib gələrək beynəlxalq bir futbol qarşılaşmasında əldə edilən ən böyük qələbə rekordunu qırdı. Bu matçda 13 qol vuran Avstraliya futbolçusu Arçi Tompson bir beynəlxalq qarşılaşmada ən çox qol vuran futbolçu adının sahibi oldu.[1] Tompsondan sonra oyunu 8 qol vuraraq tamamlayan Devid Zdriliç isə Birinci Dünya Müharibəsindən bu vaxtadək bir beynəlxalq oyunda ən çox qol vuran ikinci futbolçu oldu.
Avstraliya 31-0 Amerika Samoası | |||||||
---|---|---|---|---|---|---|---|
|
|||||||
Tarix | 11 aprel 2001 | ||||||
Yer | Beynəlxalq Stadion, Koffs Harbur, Avstraliya | ||||||
Hakim | Ronan Loustik (Taiti) | ||||||
Tamaşaçı | 3000 |
Oyunun nəticəsi turnirin təsnifat mərhələlərinin keçirilmə formasının müzakirə edilməsinə səbəb oldu. Avstraliya komandasının baş məşqçisi Frenk Farina və 13 qol vurmuş futbolçu Arçi Tompson güc bərabərsizliyinin bu qədər çox nəzərə çarpdığı oyunların qarşısını almaq üçün ön təsnifat mərhələsinin keçirilməsinin vacib olduğunu söylədilər və FİFA tərəfindən də bənzər fikirlər bildirildi. Bu müzakirələrin nəticəsi olaraq 2006-cı il dünya çempionatının Okeaniya seçmələrində bir ön təsnifat turu da keçirilməyə başlandı.
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası 1986-cı ildən bəri Okeaniya regionu üçün ayrıca bir təsnifat mərhələsi keçirirdi. Bundan əvvəl isə Okeaniya regionunun komandaları Asiya regionunun komandalarının da daxil olduğu qarışıq bir təsnifatdan keçirdi. 2002-ci ildə Okeaniya seçmələrində cəmi on komanda iştirak etdi. Bu on yığma hər komandanın bir-biri ilə bir oyun keçirdiyi, hər qrupda beş komanda olmaqla iki qrupa bölündü. Qruplarını birinci tamamlayan komandalar iki oyunlu final turu oynamalı idi. Final turunun sonunda Okeaniya lideri olan komanda Cənubi Amerika seçmələrində 5-ci olan komanda ilə Dünya Çempionatında iştirak edə bilmək üçün qitələrarası play-off oynayamalı idi. Avstraliya və Amerika Samoası milli komandaları Fici, Samoa və Tonqa ilə birlikdə 1-ci qrupda qərarlaşmışdılar. Qrup qarşılaşmalarının 2001-ci ilin aprelində Avstraliyanın Koffs Harbur regionunda oynanılması qərarlaşdırılmışdı.[2]
Avstraliya ilə Yeni Zelandiya Okeaniya regionunun ən güclü komandaları hesab olunurdu. Bu iki komanda Okeaniya regionunun on komandası içərisində əvvəllər OFC Millətlər Kubokununu qazanan və Dünya Çempionatında iştirak edə bilən (Avstraliya 1974-ci ildə, Yeni Zelandiya 1982-ci ildə) yığmalar olaraq nəzərə çarpırdı. Amerika Samoası isə 1998-ci ildə FIFA-ya üzv olduqdan sonra oynadığı bütün oyunlarda məğlub olmuşdu və dünyanın ən zəif milli komandalarından biri hesab olunurdu. Oyundan əvvəlki FIFA Dünya Reytinqində Avstraliya 75-ci pillədə, Amerika Samoası isə bütün FIFA-ya üzv olan ölkələr arasında 203-cü və axırıncı pillədə qərarlaşmışdı.[3]
Bu oyundan iki gün əvvəl qrupdakı rəqibi Tonqanı 22-0 məğlub edən Avstraliya 2000-ci ildə Küveytin Butanı 20-0 məğlub edərək yiyələndiyi ən böyük qələbə rekordunu qırmışdı.[4] Amerika Samoası isə bu oyundan əvvəl Ficidən 13-0 və Samoadan 8-0 hesablı ağır məğlubiyyətlər aldı.[2]
Avstraliya milli komandası oyuna müntəzəm olaraq əsas heyətə düşən futbolçularının böyük bir hissəsinə istirahət verərək əvvəllər az oyuna çıxmış futbolçularla çıxdı. O vaxtın vacib Avstraliyalı oyuncularından hesab olunan Harri Kyuel və Mark Viduka əsas heyətə salınmadı.[5] 22-0 hesabı ilə başa çatan Tonqa ilə oyunda 10 qol vuran hücumçular Con Aloysi və Demian Mori də oyuna ehtiyat oyunçu kimi başlamışdılar.
Amerikan Samoası komandasında isə pasport problemlərinə görə 20 yaş üstü əsas komanda heyətindən təkcə qapıçı Niki Salapunu heyətə salmaq mümkün olmuşdu. Həmçinin 20 yaş altı komandanın futbolçularından əksəriyyətinin məktəblərindəki imtahanlara görə heyətə cəlb oluna bilmədi. Müəyyən olunan heyətdəki iki futbolçu isə məşqlərdə zədələndiklərinə görə oyuna aparılmadılar.[1] Buna görə də komandanın heyəti üçü 15 yaşında olmaqla gənc komandadan gələn futbolçularla tamamlana bildi. 14 futbolçudan ibarət olan komandanın orta yaşı 18 idi.[6]
Qarşılaşmanın səkkizinci dəqiqəsində ilk Avstraliya hücumunda Aurelio Vidmarın cərimə meydançasında vurduğu zərbəni qapıçı Salapu çölə çıxardı.[1] Kon Botsiyanisin künc zərbəsindən vurduğu birinci qola kimi keçən ilk 10 dəqiqəyə qədər Amerika Samoası rəqibini dayandıra bilmişdi. 12-ci dəqiqədə Arçi Tompson qarşılaşmadakı ilk qolunu vurdu. Digər hücumçu Devid Zdriliç də bir dəqiqədən sonra özünün ilk qolunu vurdu. Toni Popoviç 17-ci və 19-cu dəqiqələrdə vurduğu iki qolla hesabı artıq 6-0 etmişdi. 25-ci dəqiqədə Zdriliç özünün 3-cü, komandasının isə 9-cu qolunu vurdu. Sonrakı 7 qolun 6-sını Tompson vurdu. Beləliklə qarçılaçmanın ilk yarısı Avstraliyanın 16-0 üstünlüyü ilə tamamlandı. İlk yarıda Tompson cəmi 8, Zdriliç isə 4 qol vura bildilər.[7][8] Qarşılaşmanın ilk qolunu vuran Botsiyanis bu dəfə 50-ci dəqiqədə ikinci yarının ilk qolunu vurdu. Sonra bir qol da vuran futbolçu beləliklə het-trik etmiş oldu. İkinci yarıda 5 qol vuran Tompson və 4 qol vuran Zdriliç oyunu müvafiq olaraq 13 ve 8 qolla tamamladılar. Botsiyanis 3, Aurelio Vidmar və Simon Kolosimo 2 və sonradan oyuna daxil olan Fausto de Amisis 1 qolla oyunu başa vurdular.[7][8] 86-cı dəqiqədə 29-0 geridə olan Amerika Samoasının Avstraliya qapısına etdiyi hücumda Pati Feagyainin zərbəsini qapıçı Maykl Petkoviç çölə çıxararaq təhlükənin qarşısını aldı. Bu zərbə Amerika Samoasının qarşılaşmadakı ilk və tək zərbəsi idi.[9]
Vurulan qolların çoxluğu hesabda qarışıqlıqlar yaratdı. Matçın sonunda stadionun hesab lövhəsində 32-0 yazılmış və Tompsonun 14 qol vurduğu bildirilmişdi.[10] Amma stadionun əməkdaşları tərəfindən keçirilən yoxlamadan sonra Tompsonun qollarının sayı 13 və oyunun nəticəsi 31-0 olaraq müəyyənləşdirildi.[7] Oyundan sonra FİFAnın müşahidəçiləri və oyunun hakimindən gələn hesabatlara görə açıqladığı rəsmi statistika ilə oyunun 31-0 hesabı ilə başa çatdığı və Tompsonun 13 qol vurduğu təsdiqləndi.[11]
11 aprel 2001 19:00 UTC 10 |
|
Beynəlxalq Stadion, Koffs Harbur Tamaşaçı: 3000 Hakim: Ronan Loustik |
|
|
|
Köməkçi hakimlər:
|
Avstraliyanın 31-0 hesablı bu qələbəsi beynəlxalq qarşılaşmalarda qazanılmış ən böyük qələbə rekordu oldu. Əvvəlki rekord hələ iki gün əvvəl həmin seçmələrdə Avstraliyanın Tonqanı 22-0 məğlub etməsi ilə əldə olunmuşdu. Komandanın bu iki qələbəsi də əvvəlki rekord olan Küveytin Asiya Çempionatı 2000 seçmələrindəki 20-0 hesablı Butan qələbəsini arxada qoymuşdu.[4] Bu oyun həmçinin Dünya Çempionatı seçmələrində qazanılmış ən böyük qələbə oldu. Bu sahədə əvvəlki rekord 2002-ci il Asiya seçmələrində Quamı 19-0 hesabı ilə məğlub edən İrana məxsus idi.[1]
Bu oyunda komanda rekordları ilə yanaşı qırılan fərdi rekordlar da var idi. Bundan əvvəl ancaq iki dəfə milli komandaya çağırılmış[12] və bir qol vurmuş Avstraliyalı Arçi Tompson 13 qol birdən vuraraq bir beynəlxalq qarşılaşmada ən çox qol vuran futbolçu rekorduna yiyələndi. Bu rekordun əvvəlki sahibləri- 14 avqust 1981-ci ildə Ficiyə qarşı oynadıqları 1982-ci il Dünya Çempionatının təsnifat oyununda yeddi qol vuran başqa bir Avstraliyalı Geri Kol[13] ilə 2 iyul 1997-ci ildə Maldiv adalarına qarşı 1982-ci il Dünya Çempionatının təsnifat oyununda yeddi qol vuran İranlı Kərim Baqiri idi.[14] Qarşılaşmada 8 qol vuran Devid Zdriliç dəfələrlə bir beynəlxalq oyunda ən çox qol vuran ikinci futbolçu kimi hesab olunurdu. Lakin bu, əvvəllər 10 qol vurmuş Sofus Nielsen (Danimarka ilə 1908 Olimpiya Oyunlarında) və Gotfrid Füxsün (Almaniya ile 1912 Olimpiya Oyunlarında) arxasında qalmışdı.[3] Bütün zaman boyunca olmasa da Zdriliç son 90 ildə keçirilən milli qarşılaşmalarda ən çox qol vuran ikinci futbolçu oldu. Arçi Tompson vurduğu rekordla yanaşı, 1885-ci ildə Şotlandiya Kubokunda Arbroutun Bon Akkordu 36-0 məğlub etdiyi oyunda vurduğu 13 qolla dünya futbol tarixində peşəkar qarşılaşmalarda bir oyunda ən çox qol vuran futbolçu hesab olunan Con Petrinin rekorduna da ortaq oldu.[15]
Avstraliyanın baş məşqçisi Frenk Farina oyundan sonra etdiyi açıqlamada belə qarşılaşmaların keçirilməsini tənqid edərək təsnifatın keçirilmə formatının müzakirəsinə səbəb oldu. Vurduğu 13 qolla rekord qıran Arçi Tompson da rekord qırdığı üçün sevinməsinə baxmayaraq, məşqçisinin fikirlərini dəstəklədi. FIFA-nın mətbuat xidmətinin katibi Keit Kuper də onların fikirlərini dəstəkləyərək, təsnifat sisteminin aşağı səviyyəli komandaların bir ön təsnifat mərhələsi keçirilə biləcək şəkildə dəyişdirilməsini təklif etdi. Okeaniya Futbol Konfederasiyasının prezidenti Bezil Skarsella isə bildirilən bu fikirlərə qarşı çıxaraq Avstraliyanın özündən daha yuxarı pillələrdəki Braziliya və Fransa kimi komandalarla qarşılaşa bildiyi kimi, zəif komandaların da Avstraliya və Yeni Zelandiya kimi komandalarla oynama haqqının lazım olduğunu bildirdi.[1][9] 13 qol vurmuş Tompson oyunun sonunda etdiyi açıqlamada "Mənim üçün dünya rekordunu qırmaq bir yuxunun çin çıxması kimidir, bu cür şeylər başınıza hər gün gəlmir. Lakin oynadığımız komandalara nəzər salmalı və bu vəziyyəti sorğulamalıyıq. Bizim belə qarşılaşmalara çıxmağımız lazım deyil." dedi.[9]
Hər qapıçı 31 qol buraxandan sonra başı dik dura bilməz. Lakin Salapu elə deyil. O cəsarətli bir qapıçıdır.
— Toni Lanqkild, Amerika Samoasının baş məşqçisi[6]
Amerika Samoasının baş məşqçisi Toni Lanqkild standartların olduqca aşağısında olan futbolçular arasından yaxşı bir heyət qurmağın çox çətin olduğunu və qapıçı Salapunun yaxşı çıxış edərək daha da çox qol buraxılmasının qarşısını aldığını bildirdi. Oyuna standart düzülüşləri olan 3-3-4 düzülüşü ilə çıxdıqlarını bildirən Lanqkild, ikinci yarıda müdafiəyə meyilli bir taktikaya deçdiklərini dedi. Həmçinin bəzi futbolçularının bundan əvvəl 90 dəqiqəlik futbol belə oynamadıqlarını və komandanın vəziyyətinin hər bir oyun daha da yaxşılaşacağını bildirdi. Sonuncu pillədə olduqları FIFA reytinqinin əksinə özlərinin dünyanın ən zəif komandası olduqlarını qəbul etmədiyini və sonrakı illərdə bunu sübut edəcəklərini sözlərinə əlavə etdi.[16] Amerika Samoasının məşqçisi Tunoa Lui isə Avstraliyanın oyuna dünya rekordunu qırmaq üçün çıxdıqlarını və bunun üçün əllərindən bir şey gəlmədiklərini bildirdi. Bəzi insanların bu qədər ağır bir məğlubiyyətin səbəblərini, komandanın yaşadıqlarını bilməyərək kəskin tənqid etmələrindən narahat olduqlarını sözlərini əlavə etdi.[6]
Qarşılaşmadan bir neçə gün sonra bir reportajda Salapu, "Mançester Yunayteddə oynayan Fabian Bartes kimi olmaq istəyirəm. Onun adının yazılı olduğu əlcəklərdən istifadə edirəm, lakin deyəsən orijinal deyillər." deyə açıqlama etdi.[6] Biabırçı məğlubiyyətə görə utanıb utanmadığı sualına isə "Oyundan zövq aldım. Hansısa bir utanc hiss etmədim, çünki hamımız bu mağlubiyyətdən bir dərs çıxardıq. Əsas futbolçularımızın hamısı olsa idi bəlkə beş-altı qol buraxardıq, yaxşı müdafiəçilər olmayanda mən heç bir şey edə bilmərəm." deyə cavab verdi.[6]
Bu oyun və digər nisbətsiz qələbələr Dünya Çempionatı 2006 seçmələrində bu cür birtərəfli oyunların qarşısını almaq üçün ön təsnifat mərhələsi keçirilməsinə şərait yaratdı.[17] Okeaniya qrupunda Avstraliya və Yeni Zelandiya ilə qalan komandalar arasındakı böyük fərq Avstraliyanın daha rəqabətli bir şərait üçün 2006-cı ilin axırında Okeaniya Futbol Konfederasiyasından imtina edərək Asiya Futbol Konfederasiyasına keçməsinə səbəb oldu.[18] 2010 seçmələrindən etibarən Avstraliya komandası Asiya seçmələrində iştirak etməyə başladı.[19]
Amerika Samoası Dünya Çempionatı 2002 seçmələrini Tonqaya 5-0 məğlub olaraq tamamladı. Komanda qrupunu bir qol belə vura bilmədən -57 top fərqi ilə axırıncı pillədə başa vurdu.[2]
Avstraliya komandası isə qrupunu 2-0 hesablı Fici və 11-0 hesablı Samoa qəbələləri ilə tamamladı. Qrup qarşılaşmalarını bir qol belə buraxmadan, +66 top fərqi ilə lider kimi başa vurdu.
Komanda | O | Q | B | M | VQ | KQ | QF | X |
---|---|---|---|---|---|---|---|---|
Avstraliya | 4 | 4 | 0 | 0 | 66 | 0 | +66 | 12 |
Fici | 4 | 3 | 0 | 1 | 27 | 4 | +23 | 9 |
Tonqa | 4 | 2 | 0 | 2 | 7 | 30 | −23 | 6 |
Samoa | 4 | 1 | 0 | 3 | 9 | 18 | −9 | 3 |
Amerika Samoası | 4 | 0 | 0 | 4 | 0 | 57 | −57 | 0 |
Bundan sonra o biri qrupun lideri Yeni Zelandiya ilə oynadığı iki oyunlu final turunu isə ümumi nəticədə 6-1 hesabı ilə keçən komanda,[2] beləliklə Cənubi Amerika təsnifat qrupunu beşinci pillədə tamamlayan Uruqvay ilə qitələrarası pley-off turuna vəsiqə qazandı. İki oyunun nəticəsində 3-1 hesabı ilə məğlub olan Avstraliya, bu nəticə ilə Dünya Çempionatı 2002-də iştirak etmək şansını itirdi.[20]
Bu qarşılaşma Mayk Brett və Stiv Ceymisonun rejissorluq etdiyi Next Goal Wins adlı 2014 istehsalı bir sənədli filmin mövzusu oldu.[21]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.