From Wikipedia, the free encyclopedia
Afrotürklər və ya Qaradərili türklər— neqroid irqinə mənsub olan Türkiyə vətəndaşları. Zənci abxazlar kimi onların da mənşəyi Osmanlı İmperiyasında mövcud olmuş quldarlıq rejimi ilə əlaqəlidir. Belə ki, "afrotürklər" ifadəsi, əsas etibarilə, Osmanlı imperiyasının hökmranlığı dövründə qul olaraq[1] gətirilən və ya öz istəkləri ilə Afrikadan Anadoluya və ya Kiprə gələrək məskunlaşan şəxslərin nəsillərinə verilən addır. Onların bir qismi sonradan ölkələrinə qayıtmış, qalanları isə Egey və Aralıq dənizi regionunda yerləşərək kənd təsərrüfatı ilə məşğul olmuş və kəndlər qurmuşdular. Afrotürklərin yaşlı nəsilləri özlərini ərəb adlandırsalar da, şəhərlərdə məskunlaşan gənc nəsil "Afrika əsilli" deməyə üstünlük verir.
Osmanlı dönəmində Niger, Səudiyyə Ərəbistanı, Liviya, Keniya və Sudandan[2] afrikalılar əsasən Zənzibar vasitəsilə Osmanlıya gətirilmiş və Dalaman, Manavqat, Çuxurova, Menderes və Gediz obalarında yerləşdirilmişdilər. Bəzi Afrika əsilli şəxslər isə 1923-cü il Türkiyə-Yunanıstan əhali mübadiləsi zamanı Kritdən gəlmiş və Egey regionunda, xüsusən də İzmirdə yerləşmişlər.[2] Ayvalıkda yaşayan afrotürklər ata-babalarının yunanca danışdığını, türk dilini sonradan öyrəndiklərini qeyd edirlər.[3]
Bəzi mənbələr XIX əsrdə İzmirin Səbirdaşı, Dolapquyu, Tamaşalıq, İkiçeşməlik və Ballıquyu kimi bölgələrində yoxsul qaradərililərin yaşadığı məhəllələrdən xəbər verir.[4] İzmirdə yaşayan afrotürklər 1960-cı illərə qədər[lower-alpha 1] afrikalıların milli bayramını "Dana bayramı" adı ilə qeyd edir, bahar şənlikləri təşkil edirdilər.[4] Üç həftə davam edən şənlik zamanı qodyaların (Afrika cəmiyyətinin görkəmli nümayəndələri) yığdıqları pulla dana alınır və may ayının ilk şənbə günü qurban kəsilirdi. Hazırda bu bayram sadəcə iki gün qeyd olunur və qurban kəsilmir.
Osmanlı ordusunun sıralarında minlərlə qaradərili afrikalı xidmət edirdi. Ordu Osmanlı-Avstriya müharibəsi (1716-1718) zamanı 24,000 afrikalını Balkan yarımadasına göndərmişdi.[5] Tarixdə ilk qaradərili pilotlardan biri Əhməd Əli Çeliktən Birinci Dünya müharibəsində Osmanlı hərbi hava qüvvələrində xidmət etmişdir.
Hazırda afrotürklər Egey regionunda, xüsusən də İzmir, Aydın və Muğlada yaşamaqdadırlar. Eləcə də Antalya və Adana illərinin bəzi qəsəbələrində də Afrika əsilli şəxslər yaşayırlar.[6] Afrika köçkünlərinin nəslindən bəziləri qalıb bu ərazilərdəki əhali ilə qarışmış, bir çoxu daha böyük şəhərlərə köç etmişdir.[2] Bu kimi faktorlar ölkədə afrotürklərin sayının müəyyənləşdirilməsini çətinləşdirir.[7]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.