Adına günü (az.-əski. آدینا گونو), Adna günü və ya Ata-baba günüAzərbaycan təqvim inanclarında cümə axşamı və ya cümə üçün istifadə edilən gün. Ölülərin yad edilmə günüdür.

Adına günü
az.-əski. آدینا گونو
Tarixi adıAyna günü
Müddəti4-cü və ya 5-ci gün
Əvvəlki günDannasının dannası (Bakı)[1], Süd günü (Təbriz)[1], Harbə (Dərbənd)[1]
Sonrakı günAdına ertəsi (Gədəbəy), Ətinə axşamı (Dərbənd)[1]
AdətlərAdnalıq
Digər adlarıAdna günü, Ata-baba günü, Ətinə (Dərbənd), Duz günü (Təbriz)[1]

Mənası və icrası

Adına axşamı, cümə günü və ya cümə axşamı qədim dövrlərdə "ayna günü" də adlandırılmışdır. Bu gün ruhlarla əlaqələndirilərək Azərbaycanın bəzi yerlərində "ata-baba günü" adlandırılır. Adına günündə evlərdə xüsusi yemək bişirilir və qəbir üstünə gedilir, ölülər yad edilir.[2] Azərbaycan xalq inanclarına görə, ölülərin ruhları adına günündə, hava qaralanda öz evlərinə ziyarətə gəlirlər.[3]

Adına günü Gəncə, Qazax, Lənkəran, Şəki, Şəmkir, Zəngilanda 4-cü gün olaraq, Gədəbəy və Tovuzda 5-ci gün olaraq qeyd edilir. Gəncədə ölən adam üçün dördüncü gün verilən ehsan "adnalıx" ("adnalıq") adlanır. Adına ertəsi (adınadan sonra gələn gün mənasında) Gədəbəydə 6-cı gün kimi istifadə edilir.[4][5] Dərbənd dialektində 4-cü gün "ətinə", 5-ci gün "ətinə axşamı" adlanır. Bakı dialektində 4-cü və 5-ci günlər "Qatıqlı aş pişən gün" və "Küçik sütə düşən gün"dür. Təbriz dialektində isə 4-cü gün "süt güni" (süd günü) adlandırılır.[1]

"Adna" sözü türk dillərindəki d-y səs paralelliyi nəticəsində (adna-ayna) ortaya çıxmışdır.[3] "Ayna" sözü müxtəlif türk dillərində, mifoloji baxışlarda şər və xeyir varlıqları təmsil edir. Azərbaycan dilində "aynası tutqun" ifadəsi vardır. Həmçinin Azərbaycan dilindəki "əhval" da "ayna"nın gətirdiyi dəyişikliyin nəticəsidir, şər qüvvələrlə mübarizə haqqında qədim fikirlərə əsaslanır.[6]

Qoçqarışan ayında isə çobanlar qoçların sürüyə buraxılacağı tarixi təyin edərkən, adətə görə, cümə günü təyin edilirdi.[7] Azərbaycanda İslamın təsirinə məruz qalmış şamanizm adətlərinin qalıntılarından biri də azərbaycanlıların cümə axşamı ölülərin ruhuna hörmətən yediyi aşdır.[8] Qobu yaxınlığındakı Qırxqız təpəsində hər cümə günü daşların ağladığına və həmin günün ziyarət üçün məqbul gün olduğuna inanılar. Bu su daşa dönmüş qırx qızın göz yaşlarıdır.[9]

Mədəniyyətdə

Bu xas günü dilə gəlitdi ki, niyə hamsına iş verisan, cumıyə də, adnıyə də, bazara da. Bes mana iş vermədın. (Şəki dialektində)
(Bu xas günü dilə gəlib ki, niyə hamıya iş verirsən, cüməyə də, adnaya da, bazara da. Bəs mənə iş vermədin. (Standart azərbaycancada)

— İkinci gün olan xas gününün şikayəti. "Günlərə ad qoyulması" mətnindən[10]

Türk dünyasının ortaq irsi olan "Kitabi-Dədə Qorqud" dastanında ayna günü belə qeyd edilir:

Sağuş günündə ayna görklü,
Ayna günü okuyanda xütbə görklü.[2]

Azərbaycan şairi İmadəddin Nəsimi adına günü ilə bağlı belə açıqlama verir:

Adinə neçin oldu, adibənin adın bil,
Bu sirri ol bilir ki, haqq ilə aşinədir,
Adinədir qiyamət, ol gündədir nədamət,
Ol gündə həşr olisər, ol gündə macəradır.
Ol gündədir hesabın, həm rəhatü əzabın,
Ol gündə həqq qatında icmai-ənbiyadır.[2]

Həm "Kitabi-Dədə Qorqud"da, həm Nəsiminin şeirində ayna-adna günləri ruhlar aləmi ilə, bütün ruhların sınağa çəkiləcəyi qiyamət günü ilə əlaqələndirilir.[2]

Digər türk xalqlarında

Mişərlərdə 4-cü gün "atna kiç" və "kçi atna" (kiçik adına), 5-ci gün isə "atna kün" adlanır. Qaraimlərdə 5-ci günü "ayne kin" adlanır.[3] Özbək dilinin Xarəzm şivəsində "adına kün" ("adına kun") "bayram və bazar günləri" mənasında işlədilir.[11]

Həmçinin bax

İstinadlar

Ədəbiyyat

Əlavə oxu

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.