ABŞ musiqisi — Dünyanın ən inkişaf etmiş ölkəsi olan Amerika Birləşmiş Ştatları da öz musiqisinin rəngarəngliyinə görə daha çox seçilir. Amerikadakı "Azadlıq" heykəlinin rəsmi simvolu, kəsb etdiyi məna dünyanın müxtəlif yerlərindən müxtəlif irqi əlamət və xüsusiyyətlərə malik olan insanları bir araya gətirmək, həmrəylik yaratmaqdır. Bu müxtəliflik, bu rəng çaları Amerika musiqisində də öz əksini tapır. ABŞ musiqisində Şimali Amerikada yaşamış hindilərin musiqi folkloru, sonralar isə Avropa mühacirlərinin musiqi mədəniyyəti öz əksini tapmışdır; zənci xalq yaradıcılığı ənənələri (caz, spiriçuels, bluz, reqtaym və s.) əhəmiyyətli yer tutur. 16–17-ci əsrlərdə ilk mühacirlərin həyat və məişət şəraiti musiqi sənətinin inkişafı üçün az əlverişli idi. Bu dövrdə yalnız ingilis puritanlarının himnləri yayılmışdı. 18-ci əsrdə mühacirətin artması ölkədə peşəkar musiqi sənətinin formalaşmasına şərait yaratdı. Dini mahnılar müəllifi U. Billinqs, "Minervanın məbədi" (1781) operasının müəllifi F. Hopkinson, populyar lirik mahnılar müəllifi S. K. Foster, fortepiano əsərləri müəllifi L.M. Qotşalk ilk Amerika bəstəkarlarıdır. 19-cu əsrin 2-ci yarısında ABŞ-yə köçən bir çox Avropa musiqiçisi burada simfonik orkestrlər, musiqi təhsili müəssisələri və cəmiyyətlər yaratdı. 1883-cü ildə Nyu-Yorkda "Metropoliten-opera" teatrı açıldı. Amerika milli bəstəkarlıq məktəbinin banisi E. Mak-Douell olub. 20-ci əsrin əvvəllərində isə caz sənəti formalaşdı, D. Ellinqton, L. Armstronq, B. Qudmen və b. görkəmli caz ustaları bu dövrün məşhur musiqiçilərinə çevrildi. Birinci dünya müharibəsindən əvvəl və sonra görkəmli Avropa musiqiçilərinin ABŞ-yə köçməsi ölkənin musiqi həyatında yeni canlanmaya səbəb oldu. 20-ci illərin axırlarında Amerika peşəkar bəstəkarlıq məktəbi yarandı. İlk milli opera "Porgi və Bess"in (1935) müəllifi C. Gerşvinin yaradıcılığında caz musiqisinin, zənci mahnı-rəqs folklorunun üslub xüsusiyyətləri inkişaf etdirilmişdir. U. Şumen, S. Barber, C. Menotti də bu dövrün bəstəkarlarındandır. 1940–50-ci illərdə ölkədə müzikl janrı geniş yayılmışdı. Bu dövrdə şair-bəstəkar, həmçinin xalq mahnıları ifaçılarından X. Ledbelli, Vudi-Qatri, P. Siger, eləcə də müğənni P. Robson məşhurlaşdı. Dirijorlardan Y. Ormandi, L. Stokovski, L. Maazel, pianoçulardan C. Brauninq, C. Bayron, B. Klaybern, M. Dixter, skripkaçılardan İ. Menuhin, İ. Stern, müğənnilərdən M. Lansa, M. Anderson, M. Dobbs, L. Prays, musiqişünaslardan N. Slonimski, C. Çeyz ABŞ-nin görkəmli musiqi xadimlərindəndir.