2020 Bakı Qələbə Paradı
Azərbaycanın qələbəsi şərəfinə Bakıda keçirilən tarixi hərbi parad / From Wikipedia, the free encyclopedia
2020-ci il dekabrın 10-da Bakıda Azadlıq Meydanında Qələbə Paradı və ya Zəfər Paradı — İkinci Qarabağ Müharibəsində (Vətən Müharibəsində) Azərbaycanın qələbəsi şərəfinə Bakıda keçirilən tarixi hərbi parad.[1] Paradda 3000 Azərbaycan əsgəri və zabiti[2] ilə yanaşı və türk əsgər və zabitləri də iştirak etmişdir.[3]
Qələbə Paradı | |
---|---|
Tarix | 10 dekabr 2020 |
Yeri | Azadlıq Meydanı |
Səbəbi | Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsinin şərəfinə |
İştirakçılar | 3 mindən artıq hərbçi |
Vikianbarda əlaqəli mediafayllar |
Paradı Azərbaycan Silahlı Qüvvələrinin ali baş komandanı Azərbaycan Prezidenti İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş[4] Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir.
Parada Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi və müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev komandanlıq etmişdir.[5] Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirilmişdir.[6][7].
Müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olunmuşdur.[8] Azadlıq Meydanında keçirilən hərbi paradda 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir.[9]
Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanla yanaşı,[10][11] tədbirdə yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusların nümayəndələri də iştirak etmişdilər.
Hərbi parad Bakı sakinlərində böyük maraq doğurmuşdu, şəhərin müxtəlif yerlərində toplaşan və COVID-19 ilə əlaqəli qaydalara baxmayaraq paradı yaxından izləməyə çalışmışdılar.[12][13]
Qələbə Paradının ssenari müəllifi və aparıcısı, əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani olmuşdu.[14] Hərbi parad Azərbaycan Dövlət Televiziyası ilə canlı yayımlanmışdır. Təntənəli yürüş Azərbaycanın Əməkdar İncəsənət Xadimi polkovnik-leytenant Rüfət Axundzadənin rəhbərliyi altında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Orkestri ilə müşayiət olundu, parada "Azərbaycan Fanfarı" kompozisiyası ilə başlandı.[5]