1973-cü il neft böhranı
Ərəb ölkələrinin Dünya neft bazarında yaratdığı süni neft qıtlığı / From Wikipedia, the free encyclopedia
1973-cü il neft böhranı ("neft embarqosu" kimi də tanınır) — 1973-cü il oktyabrın 17-də başlamış böhran. Həmin gün bütün Opek-in ərəb üzv ölkələri, eləcə də Misir və Suriya Yom Kippur müharibəsi və Misir və Suriyanın yəhudi dövləti ilə münaqişəsi zamanı İsraili dəstəkləyən ölkələrə (Böyük Britaniya, Kanada, Hollandiya, ABŞ, Yaponiya) neft satmayacaqlarını açıqladılar. Bu, ilk növbədə ABŞ və onun Qərbi Avropadakı müttəfiqlərinə aid idi. Növbəti il ərzində neftin qiyməti bir barel üçün üç dollardan on iki dollara qədər qalxdı. 1974-cü ilin martında embarqo aradan qaldırıldı.
1973-cü ildəki neft böhranı ilk enerji böhranı idi və hələ də bu qəbildən olanların arasında ən böyüyü hesab olunur. OPEC neft hasilatını təkcə dünya bazarlarında qiymətlərin öz xeyrinə dəyişmək üçün azaltmadı. Bu tədbirin əsas məqsədi Qərbin İsrailə dəstəyini azaltmaq üçün dünya birliyinə siyasi təzyiq etmək idi.
OPEC-in iqtisadi təzyiqinin nəticəsi ərəblərin mövqeyini dəstəkləyən Ümumi Bazar ölkələrinin Nazirlər Şurasının bəyanatı oldu. Bundan əlavə, demək olar ki, bütün Afrika ölkələri İsrail ilə diplomatik münasibətləri kəsdi. Yaranmış siyasi vəziyyət İsrailin ABŞ-dən asılılığını gücləndirdi və inkişaf etmiş ölkələrin neftin qiymətindən asılılığının həqiqi dərəcəsini aşkara çıxartdı. Sənaye ölkələrində neft qiymətlərinin artması iqtisadi böhrana səbəb oldu[1]. Eyni zamanda, böhran Sovet İttifaqından Qərbə neft ixracının artmasına səbəb oldu.