Azərbaycan əsilli rus, gürcü və polyak hərbi xadimi From Wikipedia, the free encyclopedia
İsrafil bəy Həsən bəy oğlu Yadigarov (rus. Исрафил-бек Едигаров, Исрафил Бек-Иедигаров; gürc. ისრაფილ-ბეგ იედიგარივი; pol. Izrafił bek Jedygarow, Israfił bek Jedigar; 7 avqust 1888, Tiflis, Tiflis qəzası, Tiflis quberniyası, Rusiya imperiyası – 18 may 1939) — Rusiya imperiyası,[1] Gürcüstan və Polşanın[2][3] Azərbaycan əsilli hərbi xadimi.
İsrafil bəy Yadigarov | |
---|---|
İsrafil bəy Həsən bəy oğlu Yadigarov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 avqust 1888 |
Doğum yeri | |
Vəfat tarixi | 18 may 1939 (51 yaşında) |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Atası | Həsən bəy Yadigarov[d] |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rusiya imperiyası, Gürcüstan Demokratik Respublikası, Polşa Respublikası |
Qoşun növü | süvari |
Rütbəsi | mayor, podpolkovnik[d] |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
General-leytenant İsrafil bəy Yadigarovun nəvəsidir.
İsrafil bəy Yadigarov 7 avqust 1888-ci ildə[4][5] Tiflisdə milis praporşiki və varlı mülkədar Həsən bəy Yadigarovun (1854/56–1934)[6][7] ailəsində anadan olmuşdur. İsrafil bəyin adını daşıdığı babası İsrafil bəy Yadigarov rus ordusunda general-leytenant rütbəsi almış ilk azərbaycanlı idi. Babası İsrafil bəyin kiçik qardaşı 1844–1848-ci illərdə isə Peterburq universitetində ərəb-fars-türk filologiyası üzrə təhsil almış və Rusiyada universitet təhsilinin tam kursunu başa vuran ilk azərbaycanlı Ağa bəy Yadigarovdur.[8][9] Yadigarovlar əslən Borçalı qəzasının Təkəli kəndindəndirlər.
O, 1898–1905-ci illərdə Tiflisdəki Kadetlər korpusunda oxuyur. 1910-cu ilin avqustunda I kateqoriyalı korpusu tamamlayaraq, çar II Nikolayın 17-ci Nijeqoroddakı süvari alayında podporuçik rütbəsini alır. 1913-cü ildə poruçik rütbəsini alır. Birinci Dünya müharibəsi başlayanda İsrafil bəy bir müddət süvari generalı Hüseyn xan Naxçıvanskinin komandanlıq etdiyi 17-ci Nijeqorod süvari alayının sıralarında döyüşür.[10] Tabeliyində olan alayla Varşava yaxınlığında olur. Arada hospitalda müalicə aldıqdan sonra 2-ci eskadrona başçılıq edir. 1915-ci ilin yanvarında Qafqaz cəbhəsinə göndərilir. 1915-ci ildə ona ştabs-rotmistr rütbəsi verilir. Bir müddət sonra Odessa ətrafına köçürülür və Bolqarıstana desant üçün hazırlığa başlayır. 1916-cı ilin noyabrında rotmistr rütbəsini alaraq Qafqaz süvari diviziyasının Tatar alayına köçürülür və Rumıniya cəbhəsinə göndərilir. 1917-ci ilin yanvarında podpolkovnik rütbəsi alaraq Qafqaza diviziya rəisi təyin olunur və 2-ci tatar alayının ehtiyat briqadasını təşkil etmək tapşırığını alır. 1917-ci ilin sonunadək orduda qalır və sonra tərxis olunub öz malikanəsinə qayıdır.[11]
İnqilabdan sonra Şərq cəbhəsinin dağılması nəticəsində Vətənə qayıtmış İsrafil bəy Yadigarov yenicə yaranmış Gürcüstan Demokratik Respublikası ordusunun sıralarına qoşulur. 1918-ci ilin dekabrında erməni-gürcü müharibəsində iştirak edir.[1]
1919-cu ilin fevralında Gürcüstan Müəssislər Məclisinə keçirilən seçkilərdə iştirak etmiş "Borçalı Qəzasının Müsəlmanları" qrupunun Gürcüstan Seçki Komissiyasına təqdim edilmiş siyahısında İsrafil bəy Yadigarovun adı göstərilmişdir.[12] Lakin onun namizədliyi (GMMŞ-in sədri Əbdürrəhim bəy Haqverdiyev və Ömər Faiq Nemanzadə kimi) komissiya tərəfindən təsdiq edilməmişdir. Qrup isə müəyyən edilmiş həddi aşa bilməmiş və buna görə də onun üzvləri Müəssislər Məclisinə daxil ola bilməmişdirlər.[13] Gürcüstan Daxili işlər nazirinin 20 may 1919-cu il tarixli № 52 əmri ilə mayor İsrafil Yadigarov Borçalı qəzasının Yaylaqat nahiyəsinin qubernatoru (qayımməqamı) təyin edilmişdir.[14]
Cahangir bəy Kazımbəylinin xatirələrinə əsasən Gəncə üsyanının ərəfəsində gizlicə Gəncəyə gələn 3 gürcü zabitdən biri olmuşdur. C. Kazımbəyli yazır:[15][16][17]
Gürcüstan ordusu ilə əlaqə yaratmaq və ümumi hərəkətləri onlarla uyğunlaşdırmaq məqsədilə gizli surətdə Gəncəyə gəlmiş olan 3 gürcü zabitini Tiflisə göndərdim. Bunlar: Miralay Eristov, Sumbatov və qayımməqam İsrafil Yadigarovdan ibarətdi. Bunları öz planlarımla müfəssəl surətdə tanış etdim. |
Bolşevik Rusiya Gürcüstanı işğal etməyə başlayanda Borçalı və Tiflis qəzalarının müsəlman əhalisinin 200 nəfərlik dəstəsinə komandanlıq edərək Qızıl Orduya qarşı mübarizə aparmışdır.[18][19] "Sakartvelos Respublika" qəzeti (№ 38, 18 fevral 1921) bu haqda yazır:
Dünən hökumətin sədrinə Borçalı müsəlmanlarının nümayəndələri təqdim olunub və onlar bildiriblər ki, bütün müsəlmanlar qanları bahasına Gürcüstanın torpağını, suyunu düşmənlərdən qorumağa hazırdılar. Borçalı nümayəndə heyəti: "Biz gürcü xalqı ilə birlikdə doğulmuşuq və onunla birlikdə düşmənlə mübarizədə ölməliyik. Rusiya hökuməti bizə etibar etmirdi və orduya çağırmırdı. Sizdən isə xahiş edirik ki, əlində silah tuta bilən hər birimizi orduya dəvət edin." Onlar bundan əlavə hökumət sədrinə ordumuzun necə cəsurca mübarizə apardığını xatırlatmışlar və eyni zamanda üsyankar ermənilərin dinc müsəlmanlara qarşı törətdikləri vəhşiliyi təsvir etmişlər. Hökumətin sədri isə nümayəndə heyətinə hər cür kömək edəcəklərini bildirdi və eləcə də ümumi müsəlman xalqının köməyi ilə sadəcə Gürcüstanı deyil, eyni zamanda Azərbaycanı da bolşeviklərin istibdadından azad edəcəklərinə ümidvar olduğunu bildirdi. |
Bir gün sonra "Sakartvelo" qəzeti (№ 39, 19 fevral 1921) "Borçalı və Tbilisi müsəlman dəstəsi" başlıqlı xəbərdə yazır:
Dünən polkovnik Yadigarovun komandanlığı altında Borçalı və Tbilisidən olan 200 müsəlmandan ibarət dəstə dövlət səfərbərlik xidmətinin rəhbəri polkovnik Vaçnadze tərəfindən qarşılanıb. Dəstənin komandiri Yadigarov deyib ki, Borçalı və Tbilisi müsəlmanları daima Gürcüstanın paytaxtının sadiq gözətçiləri olublar və indi də öz işlərini sədaqətlə yerinə yetirəcəklər. |
Çox sonralar gürcü mühacir və Varşava Ali Hərbi Məktəbinin məzunu leytenant Mixail Dadiani xatirələrində yazır:[20]
Fevralın 23-də axşam hava qaraldıqdan sonra polkovnik Çxeidze məni dördüncü bölüyə göndərdi və mənə yazılı əmr gətirdi. Mən onu mayor Elizbar Şervaşidzeyə çatdırmalı oldum. Yolun ortasından keçmişdim ki, atların ayaq səsini eşitdim. Atı dayandırdım. Bir az tərəddüd etdim. Elə bildim ki, ruslardır. Vaxt daralırdı. Atamın hədiyyəsi "Naqan" revolveri hazır edib rusca qışqırdım: "Kim gəlir?" Cavab: "Borçalılar". Yadigarovun başçılığı altında Borçalı tatarlarının süvari tağımı olduğu ortaya çıxdı. O, məndən qərargah generalı Andronikaşvilinin harada olduğunu soruşdu. Mən ona göstərdim və ayrıldıq. |
Gürcüstanın bolşevik işğalından sonra Türkiyəyə sığınmış, buradan isə Polşaya keçmiş, orduda xidmətə başlamışdır.[21] Bu vaxt Gürcüstan və Azərbaycandan bir çox zabit Polşa ordusunun sıralarına yazılmaq üçün buraya mühacirət edirdilər. Bunların arasında qohumları Ərçil bəy və Vəli bəy Yadigarovlar, Cahangir bəy Kazımbəyov, tez-tez İsrafil bəylə səhv salınan İsrafil bəy Məhəmməd, Həmid bəy Məmmədzadə və Kazım bəy Səfəroğlu vardır.[2]
O, zabitlərin yenidənhazırlanma kurslarını bitirmiş və Minsk-Marovşada 7-ci süvari dəstəsində[22] təcrübə keçmiş, sonra mayor rütbəsi ilə Polşa ordusunun süvari hissələrində xidmət etmişdir. Sexanuvda 11-ci Legioner Ulan Alayının podpolkovniki (polkovnik-leytenantı) olmuşdur.[23]
İsrafil bəy Yadigarov 18 may 1939-cu ildə vəfat etmişdir. Qəbri Varşavadakı müsəlman-tatar qəbiristanlığındadır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.