İntibah dövrü
From Wikipedia, the free encyclopedia
İntibah dövrü və ya renessans[2][3] (fr. Renaissance, it. Rinascimento — "yenidən doğulma", "dirçəlmə"[4][5]) — Avropa tarixinin XV və XVI əsrlərini əhatə edən, Orta əsrlərdən müasirliyə keçid dövrü. O, son orta əsrlər dövrü böhranından sonra baş vermişdir və böyük sosial dəyişikliklərlə səciyyələnir. Standart dövrləşdirməyə əlavə olaraq uzun renessans dövrü fikrini dəstəkləyənlər bu dövrün XIV əsrdə başlayıb, XVII əsrdə sonlandığını irəli sürürlər. Ənənəvi baxış renessansın daha çox erkən müasir aspektlərinə yönələrək onun keçmişdən bir qırılma olduğunu iddia etsə də, bu gün tarixçilərin əksəriyyəti bu dövrü orta əsrlər aspektindən dəyərləndirərək, renessansın orta əsrlərin davamı olduğunu düşünür.[6][7]
İntibah dövrünün intellektual əsası onun öz humanizm versiyasıdır. Humanizm roma mənşəli humanitas anlayışı və hər şeyin ölçüsü insandır deyən Protaqorun fəlsəfi fikirləri kimi, klassik Yunan fəlsəfəsinin yenidən kəşf edilməsindən törənmişdir. Bu yeni düşüncə incəsənət, memarlıq, siyasət, elm və ədəbiyyatda manifestə çevrildi. Dövrün ilk örnəkləri yağlı boya rəsmlərində perspektivin inkişafı və beton hazırlamadakı yenilənən biliklərdə görülür. Baxmayaraq ki, daşına bilən metal növünün ixtirası 15-ci əsrin sonundan başlayaraq sürətli şəkildə yayılmışdı, renessans dəyişiklikləri bütün Avropada eyni deyildi: İtaliyada renessansın ilk izlərinə 13-cü əsrin əvvəllərində, xüsusilə Dantenin yazılarında və Cottonun rəsm əsərlərində rast gəlmək olur.
Bir mədəniyyət hərəkatı olaraq intibah müasirlərinin Petrarkanın adı ilə əlaqələndirdikləri klassik mənbələrə əsaslanan öyrənmənin XIV əsrdə canlanması ilə başlayan Latın və yerli ədəbiyyatın yenilikçi çiçəklənməsini; xətti perspektivin inkişafı və rəssamlıqda daha təbii bir reallıq göstərmək üçün digər üsulları; tədricən, lakin geniş yayılmış təhsil islahatını əhatə edirdi. Siyasətdə renessans diplomatik adətlərin və konvensiyaların inkişafına, elmdə induksiyaya və müşahidəyə əsaslanan elmi tədqiqatlara töhfə verdi. Baxmayaraq ki, intibah dövrü müasir bankçılıq və mühsasibatlıq sahəsinin ortaya çıxması da daxil olmaqla bir çox intellektual, sosial və elmi məşğuliyyətlərdə inqilablarla xarakterizə olunur, çox güman ki, bu dövrün ən önəmli xüsusiyyətləri incəsənətin inkişafı və "renessans adamı" termininə ilham mənbəyi olan Leonardo da Vinçi və Mikelancelo kimi polimatların töhfələri sayılır.[8][9]
İntibah dövrü İtaliyanın Florensiya bölgəsində 14-cü əsrdə başlamışdır.[10] Dövrün mənşəyi və xarakteristikasını izah etmək üçün o dövrdə Florensiyanın özünəməxsus sosial və vətəndaş xüsusiyyətləri də — bölgənin siyasi quruluşu, şəhərin dominant Mediçilər sülələsinin himayədarlığı[11][12] və Konstantinopolun Osmanlılar tərəfindən fəthindən sonra yunan alimlərin və onların mətnlərinin İtaliyaya köçü — daxil olmaqla, fərqli faktorlar da nəzərə alınaraq müxtəlif nəzəriyyələr irəli sürülmüşdür.[13][14][15] Digər əsas mərkəzlərə İntibah papalığı dövründə Venesiya, Genuya, Milan, Bolonya və Roma kimi şimali İtaliyanın şəhər-dövlətləri və ya Belçikanın Brügge, Gent, Brüssel, Löven, Antverpen kimi şəhərləri daxil idi.
İntibah dövrünün uzun və qarışıq tarixşünaslığı özündə tarixin dövrləşdirilməsinə qarşı skeptisizm ehtiva edir. Belə ki, "İntibah"ın mədh edilməsi və o dövrün mədəni qəhrəmanlarının "İntibah insanları" olaraq anılması XIX əsrdə tarixçilər arasında çoxlu müzakirələrə səbəb olmuş, onları İntibah sözünün termin və tarixi təsvir kimi istifadəsinin əhəmiyyətli olub-olmadığını sorğulamağa vadar etmişdir.[16] İntibah konseptinə qarşı yönəlmiş bu müqaviməti nəzərdən keçirən incəsənət tarixçisi Ervin Panofski bildirmişdir:
İtalyan İntibahının faktuallığının ədəbiyyat üzrə təhsil almış şəxslər tərəfindən istisna hallarda, incəsənət tarixçiləri tərəfindən isə daha nadirən sorğulanmasına baxmayaraq, sivilizasiyanın estetik aspektləri ilə professional cəhətdən məşğul olmaq öhdəliyi olmayan insanların - iqtisadi və sosial tərəqqini, siyasi və dini vəziyyətləri, xüsusilə də, təbiət elmlərini araşdıran tarixçələrin – onu belə mütəmadi şəkildə və həvəslə sual altına salması heç də təsadüfi deyil.[17] |
Bəzi müşahidəçilər intibahı pessimizm dövrü və ya antik dövrə duyulan nostalgiya kimi yox,[18] mədəni "tərəqqi" kimi dəyərləndirsə də, sosial və iqtisadi tarixçilər, xüsusilə də, adları "uzun müddətli" (fr. long durée) ifadəsi ilə anılanlar, Panofskinin sözləri ilə desək, "minlərlə bağ ilə" bir-birinə bağlı olan bu iki era[19] arasındakı davamlılığa fokuslanırlar.[20]
Yenidən doğulma (it. rinascita) termini ilk dəfə Corco Vazarinin "Rəssamların həyatı" (1550) adlı kitabında işlədilmiş, 1830-cu illərdə isə ingilisləşdirilərək İntibah (ing. Renaissance) adlandırılmışdır.[21] Bu sözün istifadəsi Karolinq intibahı (8 və 9-cu əsrlər), Otton intibahı (X və XI əsrlər) və 12-ci əsr intibahı kimi bir sıra başqa tarixi və mədəni hərəkatlara da aid edilmişdir.[22]