Türkofobiya
From Wikipedia, the free encyclopedia
Türkofobiya[1] (alm. Türkenphobie, ing. Turkophobia, rus. Tюркофобия, türk. Türkofobi; "türk" və q.yun. φόβος – "qorxu" sözlərindən) və ya Anti-türkçülük (alm. Türkenfeindlichkeit, ing. Anti-Turkism, rus. Антитюркизм, türk. Türk düşmanlığı; q.yun. ἀντι – "qarşı" və "türk" sözlərindən) — türkdilli xalqlara, onların mədəniyyətinə və tarixi irsinə qarşı düşmənlik, nifrət, ayrı-seçkilik və ya qərəz hisslərini və ifadələrini təsvir etmək üçün istifadə edilən termin, etnofobiyanın istiqaməti.[2][3] Bunun əksi türkpərəstlikdir.
Türkofobiya həmişə türkdilli xalqlara yox,[4][5][6] Balkan yarımadasında yaşayan müsəlmanlara, xüsusən də boşnaklar, albanlar, pomaklar və tobeşlərə, eləcə də türk diasporuna istiqamətləndirilir.[7][8][9][10] Həmçinin, indiki dövrdə türkdilli xalqların nümayəndələri Yunanıstan, Almaniya, Belçika, Bolqarıstan, Çin, Polşa, Ermənistan, ABŞ, İsveç, Danimarka, Fransa, Avstriya, İran və Rusiya kimi ölkələrdə irqçi hücumlara məruz qalırlar.[11]
Türkofobiya islamofobiya ilə yaxından əlaqəlidir. Əslində, müasir türkofobiyanın özü islamofobiyaya əsaslanır.[12] İslamofobların türkləri hədəfləməsinin başqa bir səbəbi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın islamçı siyasətidir.[13] Türkofobların əhəmiyyətli hissəsi xristiandır və xristian milliyətçiliyi fəlsəfəsini təqib edir. Türkofoblar Türkiyəni Avropa ölkəsi hesab etmir,[13] İstanbul şəhərinin (tarixən Konstantinopol; yun. Κωνσταντινούπολις, translit. Konstantinoupolis. lat. Cōnstantīnopolis) "gerçək sahibləri olan xristianlara[lower-alpha 1] geri qaytarılması"nı arzulayırlar.[14]
Digər tərəfdən, türkofobiya türk milliyətçilər (türkçülük və ya turançılığın tərəfkeşləri) və apologetlər tərəfindən türkdilli xalqların tənqidinə qarşı propaqanda kimi istifadə edilir.