Ox (III mövsüm)
From Wikipedia, the free encyclopedia
“Ox” teleserialının üçüncü mövsümünün premyerası The CW telekanalında 8 oktyabr 2014-cü ildə baş tutmuş, final seriyası isə 13 may 2015-ci ildə yayımlanmışdır. Üçüncü mövsümə ümumilikdə 23 seriya daxildir. Üçüncü mövsümdə əsas diqqət Ox komandasının Qatillər Liqasının rəhbəri Ras al-Qulla mübarizəsinə yönəldilib. Fleşbeklərdə Oliverin Honkonqda yaşayışı, A.R.G.U.S.-la əməkdaşlığı göstərilmişdir. Üçüncü mövsümdə yeganə şouranner Mark Quqqenheym olmuşdur.
Ölkə | ABŞ |
---|---|
Seriya sayı | 23 |
Orijinal kanal | The CW |
Orijinal efir | 8 oktyabr 2014 (2014-10-08) – 13 may 2015 (2015-05-13) |
Ox teleserialının seriyaları |
Üçüncü mövsüm hər hədtənin çərşənbə günü saat 20:00-da The CW telekanalında yayımlanmış, hər seriya orta hesabla 3.52 milyon izləyici toplamış və tənqidçilərdən qarışıq rəylər almışdır. Süjetin romantik məzmunu, Betmenə edilən həddən artıq açıq istinadlar və Ras al-Qul personajının yetərincə bitkin yazılmaması xüsusilə tənqid mövzusuna çevrilmişdir. Mövsümün ən yaxşı seriyaları kimi “Ox” serialının spin-offu olan “Fleş” serialı ilə illik krossoverin ikinci hissəsi olan “Cəsur və kobud” və əsas qəhrəmanla antaqonistin ilk dəfə açıq döyüşdə qarşılaşdığı “Qalxış” seriyası qiymətləndirilmişdir.
“Ox”un üçüncü mövsümü, ABŞ-la yanaşı digər ölkələrdə də yayımlanmışdır. Böyük Britaniyada mövsümü Sky1, Kanadada isə CTV telekanalları yayımlamışdır. Serial həmçinin Netflix və Rusiyada Sony Sci-Fi telekanalları tərəfindən yayımlanmışdır. Mövsüm ev üçün DVD formatında Region 1-də 22 sentyabr 2015-ci ildə, Region 2-də 28 sentyabr 2015-ci ildə, Region 4-də 23 sentyabr 2015-ci ildə yayımlanmışdır. Blu-ray formatda mövsüm Region A üçün 22 sentyabr 2015-ci ildə, Region B üçün isə 28 sentyabr 2015-ci ildə çıxarılmışdır.