Şimali Amerika dövləti From Wikipedia, the free encyclopedia
Kanada (ing. Canada [ˈkænədə] dinlə; fr. Canada [kanadɑ] dinlə) — Şimali Amerikada yerləşən ölkə.
Kanada | |||||
---|---|---|---|---|---|
| |||||
"A mari usque ad mare" (latın) |
|||||
Himn: Ey Kanada |
|||||
Tarixi | |||||
• Kanada Konfederasiyası | 1 iyul 1867 | ||||
• Vestminster Nizamnaməsi | 11 dekabr 1931 | ||||
• Kanada Qanunu | 17 aprel 1982 | ||||
Rəsmi dilləri |
|
||||
Paytaxt |
Ottava 45°24′ şm. e. 75°40′ ş. u.HGYO |
||||
İdarəetmə forması | Federal parlamentar konstitusiyalı monarxiya | ||||
Kral | ΙΙΙ Çarlz | ||||
General-Qubernator | Meri Saymon | ||||
Baş nazir | Castin Trüdo | ||||
Sahəsi | Dünyada 2-ci | ||||
• Ümumi | 10.001.143 km² | ||||
• Su sahəsi (%) | 11.76 (2015)[3] | ||||
Əhalisi | |||||
• Əhali | 39,566,248[4] nəfər (37-ci) | ||||
• Siyahıyaalma (2021) | 36.991.981[5] nəf. | ||||
• Sıxlıq | 4.2 nəf./km² (236-cı) | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | ▲ $2.385 trilyon dollar (15-ci) | ||||
• Adambaşına | ▲ $60,177 dollar (24-cü) | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2023) | ▼ $2.090 trilyon dollar (8-ci) | ||||
• Adambaşına | ▼ $52,722 dollar (14-cü) | ||||
İİİ (2021) | 0.936 | ||||
Demonim | Kanadalı | ||||
Valyuta | Kanada dolları | ||||
İnternet domeni | .ca | ||||
ISO kodu | CA | ||||
BOK kodu | CAN | ||||
Telefon kodu | +1 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Kanada sözünün etimologiyası haqqında indiyə qədər bir çox fərziyyələr irəli sürülüb, amma rəsmi olaraq qəbul edilən fərziyyəyə görə, kanada sözü Müqəddəs Lavrentiya İrokezlərinin (Kanadanın yerli əhalisi) dilindəki bir söz olan "kanata" sözündən əmələ gəlib. Bu söz kənd və ya qəsəbə mənasını verir. 1791-ci ildə bu ərazi Yuxarı Kanada və Aşağı Kanada adlanan iki Britaniya koloniyası halına gəldi və "kanadalılar" adlandırıldı. 1867-ci ildə London konfransında bu ölkənin rəsmi ünvanı "Kanada hökmranlığı" (ing. Dominion of Canada) olaraq qəbul edildi. 1982-ci ildə Kanada konstitusiyasının qəbulu ilə Dominion sözü Kanadanın qarşısından yığışdırıldı və sadəcə "Kanada" olaraq qaldı.
Kanadanın avropalılar tərəfindən işğalınadək burada eskimoslar və hindular yaşayırdı. 1605-ci ildə fransızlar, 1623-cü ildə isə ingilislər Kanada ərazisində ilk yaşayış məntəqələrinin əsasını qoydular. XVIII yüzilin ortalarında (1756–1763) Fransa və Böyük Britaniya arasında yeddi illik müharibədə britaniyalıların qələbəsi nəticəsində Kanada Britaniyanın müstəmləkəsinə çevrilmiş və yalnız 1931-ci ildə müstəqillik əldə etmişdir.
Arxeoloji tədqiqatlar göstərir ki, Şimali və Cənubi Amerika insanların köç etdiyi son qitədir. 17–50 min əvvəl Wisconsin əyalətində düşən dəniz səviyyəsi insanların Sibirdən Şimali Amerikaya Bering körpüsü boyunca tədricən hərəkət etməsinə imkan verdi. Onlar Kanadanın əksəriyyətini əhatə edən Laurentide adlanan buzlaqların olmasına görə minlərlə il boyunca Alyaska və Yukon-u keçə bilmədilər. 16000 il əvvəl buzlaqların əriməsi Cənub torpaqlarından və Berinq tərəfdən insanların Kanadaya daxil olmasını asanlaşdırdı. Kraliça Şarlotta adaları, Qədim Qarğa ovalığı və Mavi Balıq mağaraları Kanadada ən qədim Paleo-Hind arxeoloji sahələri hesab oluna bilər. Məhz bu dövrdən Şimali Amerikanın mədəniyyətinin tarixi başlayır. Müasir elm hesab edir ki, bu qitənin ilk sakinləri genetik cəhətlərinə görə protomonqoloid qrupuna məxsus olmuş altay, fin-uqor, tibet xalqlarına daha yaxındırlar. Təsdiqini tapmış bu fikirlər linqvistik və antropoloji əlamətlərə əsaslanmaqdadır. Amerikanın kəşfi və işğalı digər avropalı çoxsaylı xalqların burada məskunlaşması ilə nəticələndi, lakin bundan öncə bir sıra təmaslar baş vermişdir ki, bunlardan birini belə izah etmək olar: Belə ki, qayıq ilə avropalılara tanış olmayan bir insan tipi avropa sahillərinə yan almışdı və onların dəriləri qırmızı rəngə çalırdı. Ehtimal olunur ki, bu gələnlər hindular olmuş və axına düşərək yollarını itirmiş, buraya gəlib çatmışdılar. Bundan başqa daha bir ehtimalda vardır ki, Çin və Yaponiya bu ərazilərlə təmasda olmuşdur. Burada tapılan əşya və məmulatlar bunu deməyə imkan verir. Həmçinin Çin xəritələrində də bu ərazilərlə bağlı yerlər göstərilmişdir. Bu Kolumb öncəsi mövcud olan təmaslara aid olanlardı. Kolumb Amerikanı avropalılar üçün kəşf etmişdi, asiyalı və digərləri üçün deyil, amma yuxarıda sadaladıqlarımız bizə imkan verir ki, Kanada ilə Asiya qitəsi arsında əlaqələrin olduğunu söyləyək. Təbii ki bunlar hamısı bir ehtimal olaraq qalır. Bundan başqa, bu ərazilərə Kolumba qədər Skandinaviya Vikinqlərininin də güclü təmasları olduğu barədə məlumatlar var. Vikinqlər bir sıra ərazilərə getmiş, yağmalamış, talamış və öz təsirlərini yaymışlar. Şimali Amerikaya isə Leif Eriksonun başçılığındakı vikinqlər L'Anse aux Meadows'da, Labradorda, Nyufaundlenddə bir sıra məskunlaşma vahidləri qurdular. Qrenlandiyadakı Skandinav koloniyası təxminən 500 il mövcud oldu. İsland saqalarına (dastan, rəvayətlərinə) görə, Vikinqlər İslandiyadan Qrenlandiya ərazisinə təxminən 985–986-cı illərdə gəlmişlər. Qrenlandiyada 2 məskən meydana gəldi: Şərq məskəni Qrenlandiyanın cənub-qərb ucunu, qərb məskəni isə bugünkü Nuukun daxili sahillərindəki əraziyə qədər olan təxminən 500 km-lik ərazini əhatə edirdi. Əhali təxminən 2000–3000 nəfər idi. Tədqiqatlar zamanı buradan 400 təsərrüfat sahəsi təsbit edilmişdir. Burada həmçinin Norveç Qrenlandiyasının bir yepiskopluğu da vardı.1380-ci ildə Norveç krallığı Danimarka ilə fərdi bir birlik meydana gətirdi. 14-cü əsrdən buradakı məskunlaşmalar azalmağa başladı. Qərbdəki məskunlaşma 1350-ci illərdə tərk edilməyə başladı və son yepiskop 1377-ci ildə dağıldı. Bu ərazilərdə saqalarda izah olunan Vinland (Şərab ölkəsi), Helluland (Meşələrin ərazisi) və Markland ərazi vahidləri qurulmuşdur. Ərazidəki digər məskunlaşma vahidi olan Lans'O Medou, Kanada Nyufaundlendi və Labrador əyalətində, Nyudaundlendin ən şimalındakı bir arxeoloji yerdir. Bundan başqa, Point Rouz və ya Fırtınalı nöqtə adlandırılan yer isə, Kanadanın Atlantik okeanı sahillərində, Nyufaundlendin cənub-qərb ucunda, Kodroy yaxınlarında yerləşən bir ərazidir.
XVII əsrin əvvəllərinə qədər Fransa və İngiltərənin Şimali Amerika Afrika, Şərqi Hindistan və Vest Hinddə müstəmləkələri vardı. Düşmənliklər 1628-ci ildə yeni dünyada başladı(Avropada 1689-cu ildə) və 1761–1762-ci illərə kimi davam etdi(Avropada 1815-ci ilə kimi). İki ölkə arasındakı qarşıdurma XIV Lüdovikin işğalçılıq ehtirasları ilə başladı və Napoleon Vaterlooda məğlub olduğunda sona çatdı. Bu ölkələr öz ərazilərini digərinin hesabına genişləndirməyə çalışdıqca bu mübarizə daha da böyüyür və hətta dəniz müharibəsinə çevrilirdi. Şimali Amerikadakı müharibə eynilə Avropadakı kimi sürətlə baş verdi. Yer adları bu ərazilərdə fransızcadan ingiliscəyə və ya əksinə olaraq dəyişirdi. Kanada adlanan Yeni Fransanın bir qismi 1629-cu ildən 1632-ci ilədək İngiltərənin işğalı altına girdi. Oxşar şəkildə Akadia 1654–1667-ci illər ərzində ingilislər tərəfindən işğal edildi. Atlantik okeanı sahillərində Yeni İngiltərə koloniyaları Yeni Fransa tərəfindən tutuldu. İlk olaraq Akadia, daha sonra Kanada və Luiziana tərəfdən fransızlar Missisipi vadisinə doğru genişləndi. XVII əsrdə İngiltərə və Fransa Kanada uğrunda davamlı olaraq vuruşurdu. 1607-ci ildə ingilislər Port Royalın kiçik kəndinə endi və onu yox etdi. 1603-cü ildə Virciniya ingilisləri Port Royaldakı məskunlaşma vahidlərini taladı. İngiltərə Akadia adını 1621-ci ildə Nova Skotiaya adı ilə (Yeni Şotlandiya) dəyişdirdi. 1629-cu ildə imzalanan Suz sazişindən sonra onlar Akadia və Port-Royalı tərk etməli oldular. 1632-ci ildə imzalanan San Jermen-an-Ley müqaviləsindən sonra Akadia Fransızlara geri qaytarıldı. Ancaq 1654-cü ildə Bostondan başqa bir ingilis donanması Port Royala endi. Mayor Sequik Akadiaya bir daha hücum etdi. Akadiaya istiqamətli olan ingilis təhdidi hər daim mövcud idi. 1667-ci il Breda sazişi bölgəni yenidən Fransaya geri göndərdi.(Qərbi Hind adalarına qarşılıq olaraq). Ümumilikdə bu ərazi 32 il fransız və 31 il ingilis nəzarəti altında oldu.1628-ci ildə bir ingilis donanması Tadussaka endi. Ertəsi il Şampleyn iki qardaş — Tomas və Luis Kirke qardaşları tərəfindən Kvebekdən qovuldu. Fransa 1632-ci ilədək koloniyasını bərpa edə bilmədi. XVI və XVII əsrlərin bir qismi boyunca ingilis, ispan, fransız və portuqallar Nyufaundlend sularında sülh içində ov edirdilər. XVII əsrdə St. Consun paytaxtı 2 dəfə hollandlar və bir dəfə də Danimarkalılar tərəfindən hücuma uğradı. Kolonistlərin çoxu bu vaxt özünü fransız və bask quldurları tərəfindən müdafiə etmək məcburiyyətində qaldılar. Fransızlar 1713-cü il Utrext sazişindən sonra Nyufaundlenddən ayrıldı. Yeni Fransanın Kanadası Hudzon körfəzinə də nəzarət etmək üçün ingilislərlə müharibə içində idi. 1692-ci ildə qubernator Frontenak, Pier le Moyn d'İbervilə ingilis koloniyalarının sahillərində patrul gəzməsi və ingilislərlə olan ünsiyyətə maneə törətməsi əmrini verdi. Bir neçə il sonra, 1696-cı ildə Nyufaundlendi aldıqdan sonra d'İbervil Hudzonun fəthi üçün yola çıxdı. 1697-ci ildə Risvik(Rijsvik) sazişi (Haaqa yaxınları) XIV Lüdovik ilə Birləşmiş İttifaq arasındakı Ausburq Liqası müharibəsinə son verdi. Razılaşma Fransanın Şimali Amerikadakı nüfuzunu irəli sürdü. Akadia və Hudzon körfəzi Yeni Fransanın müstəqil koloniyası olarkən, Nyufaundlend İngilislərə yenidən geri qaytarıldı.
Tarixi hadisələr təcrid halındadır. Dünyanın bir tərəfindəki hadisələr digərində çox əhatəli və uzun müddətli təsirlərə sahib ola bilir və Fransız İnqilabı (1789–1799) bunun mükəmməl bir nümunəsidir. İnsanlıq tarixindəki ən təsirli hadisələrdən biri olaraq qəbul edilən geniş diametrli siyasi və ictimai qarışıqlıq, İngilis Şimali Amerikasında qətiliklə hiss edildi. Kanadalılar inqilaba necə reaksiya verdi? İngilis və Fransız əhalisi arasında buna münasibət fərqlilikləri oldu mu? Son olaraq, Fransız İnqilabı İngilis Şimali Amerikasını necə dəyişdirdi?
İngilis və Fransız Kanadalı dəstəkçiləri arasındakı ən böyük fərq, Fransız vətəndaşlarının hələ də keçmiş Fransa ilə olan bağlarını hiss etməkləri idi. "La Gazette də Québec" kimi erkən İngilis Şimali Amerika qəzetləri inqilabın hadisələrini yaxından izləyirdi və oxucularının duyğularını əks etdirirdi: Qəzetin saylarından birində belə bir maraqlı məlumat əks olunmuşdu. "… bu gün heç şübhə yoxdurki, bu artıq bir üsyan deyil, gerçək bir inqilabdır. … Fransa bir daha əsla iki il əvvəl olduğu kimi olmayacaq" İngilis Şimali Amerikalılar, xüsusilə də rahiblərin və rahibələrin vəhşicəsinə öldürüldükləri haqqındakı məlumatların 1792-ci ildə ortaya çıxmağa başlamasıyla, inqilabın şiddət təbiətinə xüsusilə üstünlük vermədilər. XVI Lüdovikin edamına reaksiya olaraq, Böyük Britaniya Fransız səfirini və Fransanı bir müharibə bəyanatı ilə cavablamışdı. Bu qarışıqlığa qarışmaq istəməyən ABŞ hökuməti tərəfsizlik elanı nəşr etdi (1793). İngilis Şimali Amerikası yenə də bir İngilis koloniyası olmasına baxmayaraq, neytral ola bilmədi.
Britaniya, Fransa inqilabının Atlantikə yayılmadığından və Şimali Amerika maraqlarını zəiflətdiyindən əmin olmaq üçün önləyici addımlarını atmağa qərar verdi. İngilis səlahiyyətlilər üç əhəmiyyətli addım atdı:
İngilis Parlamenti aktı 1840-cı il iyulun 23-də kraliça Viktoriya tərəfindən təsdiqləndi və 1841-ci ilin fevralında qüvvəyə mindi. Bu akt Aşağı və Yuxarı Kanadanın bir hökumət daxilində birləşdiyini elan etdi. Bu aktın əsas müddəaları aşağıdakılar idi:
Ümumiyyətlə, bu akt Daremin hesabatından qaynaqlanırdı. Milli fikrin ilk zəif həyəcanları 1812-ci il müharibəsində yaranmışdı. Bruk, Tekumseh, Laura Sekurd kimi qəhrəmanlarla yarım milyonluq xalq cənubda 8 milyonluq bir ölkənin istismarına qarşı özünü müdafiə etdi. İngiltərədə sənaye inqilabı, okeanın hər iki tərəfinədə siyasi düşüncəni inkişaf etdirən yeni bir orta sinif yaratdı. Bu, iqtisadi inkişaf yerini dəyişən insan qrupu yaratdı və onların əksəriyyəti yeni dünyaya miqrasiya etdilər və həmçinin,"Şato Klik" və "Fəmili Kompakt" tərəfindən yaradılan monopoliyaya qarşı üsyan etdilər. (Fəmili Kompakt — Yuxarı Kanadanı idarə edən oliqarxlara verilən addır, Şako Klik isə Aşağı Kanadada hökuməti idarə edən və əksəriyyəti ingilislərdən təşkil olunan kiçik, yuxarı sinifdir.) Baxmayaraq ki,1837-ci il üsyanları tez yatırıldı, ingilislər başqa bir koloniya qrupunu itirmək istəmirdi. Darem hesabatı ittifaq haqda akt olaraq adlanan sənəd probleminin həllini və islahat proseslərini özündə ehtiva edirdi, lakin eyni zamanda bu sənəd elə bir çıxılmaz vəziyyət yaratdı ki, 27 il sonra bu cəsarətli təcrübə tərəfindən qırıldı. İttifaq müflisləşən Yuxarı Kanadada təcili maddi məsələlərin həlli üçün yaradıldı. Onlar ümid edirdi ki, bura Aşağı Kanada ilə birləşsə, buranın maliyyə problemi həll edilə bilər. Yeni təşkil olunan hökumət forması, bugünkü Kanada hökumətinin təməlini təşkil edir. İcraedici şura Kabinet oldu. Qanunvericilik şurası qanun və qaydalar üzərindəki səlahiyyətlərini itirdi. İki Kanadanın birləşməsi Lord Sidenxem tərəfindən Monrealda 1841-ci ildə reallaşdı. Yeni birləşmiş koloniya Kanada əyaləti olaraq seçildi və hökumət Sidenxem tərəfindən Kinqstona köçürüldü. Yuxarı Kanada rəsmi olaraq Qərbi Kanada, Aşağı Kanada isə Şərqi Kanada olaraq adlandırıldı. Şərqi Kanada 450.000, Qərbi Kanada isə 650.000 əhaliyə sahib idi. Şərqi Kanada qanunvericilik məclislərində 42 yerlə təmsil olunurdu. Yuxarı Kanadada Lui Josef Papino tələb etdi ki, birləşmiş Kanadanın yeni parlamenti ləğv olunsun və əhali tərəfindən nümayəndəlik yaradılsın. Qərbi Kanadanın ingilisdilli ikitirəlik salarkən, Şərqi Kanadanın fransızdilli əhalisi Qanunverici Assambleyada birləşmiş frankokanadalıların varlığını güclü qarantiya edirdilər. Lafonteyn-Baldvin hökuməti, məclisdə, məhkəmələrdə və vətəndaş rəhbərliyində fransız dili əleyhinə olan tədbirləri qüvvədən qaldırmağı bacardı. İkili əksəriyyət prinsipi ilə Qərbi və Şərqi Kanada yenidən ayrıldı və qısa bir idarə üçün hər iki tərəf müstəqil idarə olunmağa başladı. Onuda qeyd edək ki, bu akt 1867-ci ilə kimi hökm sürən siyasi qeyri-sabitliyin əsas səbəbi idi. Sonda vəziyyət daha dözülməz hala gəldi və 1864-cü ildə Böyük Koalisiyaya və 1867-ci ildə Konfederasiyaya (Kanada Dominionu) keçdi.
Konstitusiya haqqında bir neçə konfrans keçirildikdən sonra, 1867-ci il iyulun 1-də qəbul olunan konstitusiya aktı Kanada konfederasiyasının yaradılmasını elan etdi. İlk olaraq bu konfederasiyaya 4 əyalət daxil oldu: Ontario, Quebec, Nova Scotia və New Brunswick. Kanada hökumətinin Rupert torpağını və Şimal-Qərb-də yerləşən əraziləri nəzarətə alması "qırmızı çay" üsyanına və 1871-ci ildə Manitoba əyalətinin yaranmasına səbəb oldu. Britaniya Kolumbiyası və Vancouver adası (1866-cı ildə bu iki ada birləşdirilib) 1871-ci ildə konfederasiyaya daxil oldu. Prince Edward adası isə konfederasiyaya 1873-cü ildə qoşuldu. 1898-ci ildə hökumət Yukon ərazisini rəsmi olaraq yaratdı. Alberta və Saskatchewan əraziləri 1905-ci ildə əyalət oldu.
1867-ci il konstitusiya aktına əsasən Kanadanın xarici işlər nazirliyi Böyük Britaniyanın nəzarəti altında idi və 1914-cü ildə Böyük Britaniyanın müharibəyə daxil olmasıyla avtomatik olaraq Kanada da müharibəyə daxil oldu. Kanada hərbi korpusu "Vimy" döyüşündə və müharibənin digər mərhələlərində çox əhəmiyyətli rol oynadı. 1-ci dünya müharibəsində iştirak edən 625 min kanadalının 60 min-ə yaxını öldü, 172 min-i isə yaralandı. 1919-cu ildə Kanada Böyük Britaniyadan müstəqil olaraq Millətlər Birliyinə qoşulmuşdur və 1931-ci ildə Westminster Təşkilatı Kanada müstəqilliyini təsdiqləmişdir. 1930-cu illərin əvvəllərində Kanadada Böyük Depressiya iqtisadi böhrana səbəb oldu və ölkədə çətinliklərə gətirib çıxardı. Bu azalmaya cavab olaraq, Saskatchevandakı Kooperativ Birlik Federasiyası (CCF) 1940 və 1950-ci illərdə Kanadanı bir sosial dövlət kimi təqdim etdi. Baş nazir William Lyon Mackenzie Kralın məsləhətinə əsasən, Almaniya ilə müharibə 1939-cu il sentyabrın 10-da, Birləşmiş Krallıqdan yeddi gün sonra King George VI tərəfindən elan edilmişdir. Kanadanın müharibəyə Böyük Britaniyadan daha gec daxil olması Kanadanın müstəqilliyini vurğulayırdı. 1939-cu ilin dekabrında ilk Kanadalı Ordu birlikləri İngiltərəyə gəldi. Ümumilikdə bir milyondan artıq Kanadalı II Dünya Müharibəsi zamanı silahlı qüvvələrdə xidmət etmiş və təxminən 42,000 nəfər həlak olmuş, 55 min nəfər isə yaralanmışdır. Kanada qoşunları 1942-ci ildə Dieppe Raid döyüşündə, İtaliyanın Müttəfiqlər tərəfindən işğalında, Normandiya döyüşündə və 1944-cü ildə Scheldt döyüşündə böyük rol oynamışdır. Kanada Hollandiya işğal edilən zaman Hollandiyalı monarxiya üçün sığınacaq təmin etdi və Nazi Almaniyasından azadlığına böyük töhfələr verdiyi üçün Hollandiya bu ölkəyə böyük miqdarda kredit verdi. Kanada müharibə dövründə Britaniyanı, Çini və Sovet ittifaqını hərbi silah-sursatla təmin etdiyi üçün iqtisadiyyatında canlanma baş verdi. 1944-cü ildə Kvebekdəki əsgər böhranına baxmayaraq, Kanada müharibəni böyük bir ordu və güclü iqtisadiyyatla bitirdi.
"Böyük Depressiya" adlanan maliyyə böhranı Newfoundland Dominionunu 1934-cü ildə məsul hökumətdən imtina etməyə və Britaniya hökmdarı tərəfindən idarə olunan bir koloniyaya çevrilməyə gətirib çıxartdı. [81] Keçirilən iki üzücü referenduma əsasən Newfoundlanders 1949-cu ildə Kanadanın tərkibinə daxil oldu. [82] Kanada'nın müharibədən sonrakı iqtisadi artımı, Liberal hökumətin ardıcıl davam edən uğurlu siyasəti ilə birləşərək, 1965-ci ildə "Maple Leaf" adlanan bayrağın qəbul edilməsinə gətirib çıxardı və bu Kanadanın yeni kimliyini ortaya qoydu. 1969-cu ildə fransız və ingilis dili Kanadanın iki rəsmi dili olaraq qəbul edildi. 1971-ci ildə Multikulturalizm institutu açıldı. Həmçinin hökumət sağlamlıq, pensiya və tələbə krediti haqqında bir sıra sosial proqramlar yaratdı. Kanada müstəqil bir ölkə kimi tam suverenliyini qurmasına baxmayaraq, Kraliça bir monarx olaraq Kanada hakimiyyətində öz rolunu qorumuşdu. 1999-cu ildə Nunavut federal hökumətlə bir sıra danışıqlardan sonra Kanadanın üçüncü ərazisi oldu. Eyni zamanda Quebec 1960-cı illərin Səssiz İnqilabı ilə dünyəvi bir millətçi hərəkat yaranmasına səbəb olan dərin sosial və iqtisadi dəyişikliklər etdi. 1970-ci ildə radikal Cəbhə Liberté Québec (FLQ) oktyabr böhranını bir sıra bombalamalar ilə alovlandırdı və suveren Partiya Québécois 1976-cı ildə iqtidar partiya kimi seçildi. Quebec suverenliyi məsələsinə əlavə olaraq, bir sıra böhranlar 1980-ci illərin sonlarında və 1990-cı illərin əvvəllərində Kanada cəmiyyətini sarsıtdı. Bu böhranlara daxildir: 1985-ci ildə Hindistana gedən təyyarənin partladılması, qadın tələbələri hədəf alan universitet terroru, 1999-cu ildəki "Oka" krisisi və son olaraq hökumətlə yerli xalq arasındaki qarşıdurmalar. Kanada 1990-cı ildə Körfəz müharibəsinə qatılıb və ABŞ-nin rəhbərlik etdiyi koalisiya qüvvəsi tərkibində 1990-cı illərdə bir neçə sülhməramlı missiyada fəaliyyət göstərib. Bu missiyalara keçmiş Yuqoslaviyadaki "UNPROFOR" missiyası da daxildir. Kanada 2001-ci ildə Əfqanıstana qoşun göndərdi, amma 2003-cü ildə ABŞ-nin İraqa qarşı işğalçılıq fəaliyyətinə qoşulmadı. 2011-ci ildə Kanada qüvvələri NATO-nun Liviyadaki vətəndaş müharibəsinə qarşı müdaxiləsinə qatıldı. 2010-cu ilin ortalarında isə İraqda İslam Dövlətinə qarşı mübarizə apardı.
Kanada İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (Economic Co-operation and Development — OECD) və "Böyuk Səkkizlik" qrupuna daxil olan dövlətlərdən birdir. Dünyanın ən yaxşı 10 ticarət ölkəsindən biri hesab olunur. Kanadada adambaşına düşən gəlir 23.900 ABŞ dolları təşkil edərək, OECD ortalamasından yüksəyə çıxır. Toronto birjası dünyanən yeddinci ən böyük birjasıdır. 2015-ci ildəki araşdırmaya görə bu birja 1500-dən çox şirkəti 2 trilyon ABŞ dolları ilə təmin edir. 2014-cü ildə Kanada ixracatı 528 milyard dollar təşkil edib. 20-ci əsrin əvvəllərindən manufaktura, mədənçilik, xidmət sahələrinin inkşafı ilə ölkə iqtisadiyyatı kənd təsərrüfatından sənayeyə keçib. Kanadanın ABŞ ilə iqtisadi əməkdaşlığı 2-ci dünya müharibəsindən sonra əhəmiyyətli dərəcədə artıb. Müasir dövrdə Kanadanın iqtisadiyyatı ikili xarakter daşıyır. Bir tərəfdən İnkişaf etmiş ölkələr üçün səciyyəvi olan bütün əlamətlər Kanadaya da aiddir. Digər tərəfdən isə, bəzi əlamətlər Kanadanı İnkişaf etməkdə olan ölkəyə bənzədir. Məsələn, ölkənin təsərrüfatı, xüsusilə onun sənayesi xarici kapitaldan, ilk növbədə ABŞ-nin inhisarçı şirkətlərindən asılıdır. 1989-cu ildə olan Kanada-ABŞ Azad Ticarət Razılaşması (FTA) və 1994-də olan və Meksika'nında daxil olduğu Şimali Amerika Azad Ticarət Razılaşması (NAFTA) ABŞ ilə olan kommersiya ve iqtisadi əlaqələri gücləndirdi. Əslində Kanada ABŞ-nın iqtisadiyyatına bağlanmışdır. Buna görə də ABŞ-nın iqtisadiyyatında böhran əlaməti hiss olunanda, Kanadanın bütün iqtisadiyyatı sarsılır. Kanadanın sənaye dairələrində belə deyirlər: ABŞ-nın iqtisadiyyatına soyuq dəyən kimi Kanadanın iqtisadiyyatı hospitala düşür.
Kənd təsərrüfatının inkişafı üçün daha əlverişli aqroiqlim şəraiti ölkənin cənubunda yerləşən düzənlik və yaylalardır. Burada mülayim kontinental iqlim hakimdir. Ölkə ərazisinin cəmi 15%-ə qədər hissəsi kənd təsərrüfatına yararlıdır. Bu sahələr ABŞ sərhədin boyunca uzanır və əsasən qara və şabalıdı torpaqlardan ibarətdir. Daha quraqlıq olan Kordilyerin dağ ətəklərində yaxşı təbii otlaqlar var. Kanadada çoxsahəli kənd təsərrüfatı texniki cəhətdən yaxşı təchiz olunmuşdur. Yüksək məhsuldarlığı və əmtəəliyi ilə fərqlənən kənd təsərrüfatı ixracat əhəmiyyətinə malikdir. Əmtəəlik məhsullarının 60%-ə qədərini verən heyvandarlıq kənd təsərrüfatının başlıca sahəsidir. Ətlik istiqamətli maldarlıq və qoyunçuluq başlıca olaraq Alberta və başqa çöl əyalətlərində, südlük heyvandarlıq Kvebekdə, donuzçuluq və quşçuluq isə Ontarioda inkişaf etmişdir. Bununla yanaşı Kanada taxıl istehsalına görə dünyada birinci yerlərdən birini, əhalinin adambaşına düşən buğda istehsalına görə isə birinci yeri tutur. Taxıl əkininə görə çöl əyalətləri olan Saskaçevan, Alberta və Manitoba fərqlənir. Ölkədə ildə 50–55 milyon tona yaxın taxıl (o cümlədən 20–25 milyon ton buğda) yığılır. Əhalinin illik tələbatı isə 5 milyon tondur. Dünyada buğda ixracatının 1/5-ə qədəri Kanadanın payına düşür.
Kanadanın təsərrüfatı əvvəlcə Böyük Britaniyanın (Böyük Britaniyanın taxıl mənbəyi kimi), İkinci dünya müharibəsindən sonra isə ABŞ-nın təsiri altında əmələ gəlmişdir. Kanada iqtisadiyyatının ikili xarakteri həm də təsərrüfatın sahəvi strukturunda aydın nəzərə çarpır. Emaledici sənaye hakim mövqe tutur, lakin hasilat sənayesinin və kənd təsərrüfatının payı ABŞ-yə, Qərbi Avropa ölkələrinə və Yaponiyaya nisbətən xeyli yüksəkdir. Kanada dünya bazarında ilk əvvəl sənaye xammalı (ölkədə çıxarılan mineral xammalın 80%-i ixrac edilir) və ərzaq tədarükçüsü kimi tanınıb.
Kanadanın böyük əraziyə malik olması, sənaye və kənd təsərrüfatının ixitisaslaşdırılmış sahələrinin ölkə ərazisi üzrə səpələnməsi ölkənin iqtisadiyyatında nəqliyyatın rolunu artırmış və onun bütün növlərinin inkişafına təsir etmişdir. Ölkədə boru kəmərinin yüksək inkişafı, Böyük Göllər və Müqəddəs Lavrenti çay sisteminin yükdaşınmada böyük rolu Kanada nəqliyyatının səciyyəvi xüsusiyyətidir. Kanada iqtisadiyyatı həm də xarici ticarətdən güclü surətdə asılıdır. Ölkədə istehsal edilən məhsulların əhəmiyyətli hissəsi dünya bazarına çıxarılır. İxracatının 2/3 hissəsindən artığı xammal, yarımfabrikat və ərzaq məhsullarının payına düşür. Kanada həm də maşın və avadanlıqlar ixrac edir. İdxalatında hazır sənaye məhsulları, boksit, pambıq, kauçuk, qəhvə, kakao üstünlük təşkil edir. Xarici ticarət dövriyyəsinin 2/3-dən artıq hissəsi ABŞ-nın payına düşür.
Kanada sink, uran, qızıl, alüminium, daş kömür, nikel, polad kimi xammalların öndə gedən ixracatçısıdır.
Bütün İnkişaf Etmiş Ölkələrdə olduğu kimi Kanadada da sənayenin sahəvi strukturu mürəkkəbdir. Energetika təsərrüfatı neft və təbii qaza, həm də Kanadada elektrik enerjisinin 2/3-dən artığını verən SES-lərə əsaslanır. Ölkədə atom energetikası inkişaf edir. Emaledici sənayenin strukturunda metallurgiya və maşınqayırma hakim mövqe tutur. Qara metallurgiyanın başlıca mərkəzi Hamiltondur. Ucuz elektrik enerjisinə və zəngin yerli xammala (boksit istisna olmaqla) əsaslanan əlvan metallurgiya, xüsusilə Qayana və Yamaykadan gətirilən boksit əsasında alüminium istehsalı sahəsi güclü inkişaf etmişdir. Qara metallurgiyadan fərqli olaraq bu sahə ixracat əhəmiyyəti daşıyır.
Maşınqayırma nəqliyyat maşınları istehsalı, radioelektronika, cihazqayırma ilə, həm də meşə tədarükü və ağac emalı üçün maşın və avadanlıq istehsalı ilə təmsil olunur. Qara metallurgiya zavodları kimi maşınqayırma müəssisələrinin də böyük hissəsi göl sahili və Müqəddəs Lavrenti çayı boyunca (Toronto, Monreal və s.) yerləşir. Kanadada təsərrüfatın ənənəvi sahəsi meşə tədarükü, ağac emalı və sellüloz-kağız sənayesidir. Meşə materiallarının böyük hissəsini Britaniya Kolumbiyası verir. Meşə sənayesinin iri mərkəzi Vankuverdir. Kimya sənayesinin ən iri müəssisələri qərb əyalətlərinin iri və orta şəhərlərində yerləşir. Əsasən idxal xammala əsaslanan yüngül sənaye ölkənin tələbatının yalnız yarısını təmin edir. Yüngül sənaye müəssisələri bütün əyalətlərdə var.
Kanadanın pul kredit sistemi tarixən formalaşmağa başlamışdır. Bu 1867-ci ilə qədər təşəkkül tapmışdır. Kanadanın dövlət kimi yaranmasına qədər pul münasibətlərinin kollonial tipi mövcud idi. Burada pul kimi fransız, ispan, portuqal gümüş pulları və həmçinin kağız pullar da dövr edirdi.
1670-ci ildən mübadilə vasitəsi kimi Kanadada duz işlənirdi, lakin bu daxili münasibətlərə nisbətən az yer tuturdu. Bu zamanda Kanadada hamının dediyi kimi ticərət dövriyyəsi birbaşa əmtəələrin mübadiləsilə baş verirdi. Əmtəələrin birbaşa mübadiləsi daxili bazarda bir neçə səbəbə görə baş veriridi: Yolların pis vəziyyətdə olması, yerli bazarların məhdud olması və.s. Kağız pulun mübadiləsinə şərait yaransa da, 1685-ci ildə fransız kolloniyaları buna qarşı çıxdılar. Kağız pullar 18-ci əsrin sonlarında fransız kolloniyalarının hakimiyyətinin sona çatdığı dövrdə təşəkkül tapmağa başladı. 1825-ci ildə İngiltərənin rəsmi olaraq qızıl monometalizmə keçməsi təsdiq olunduqdan sonra Kanadanın valyuta vahidi funt sterlinq oldu.
1870-ci ildən Kanadanın valyuta vahidi Kanada dolları oldu. Bu valyuta vahidi britaniya funt sterlinqinə əsasən təşəkkül tapdı. Kanada dolları, nəhayət ABŞ dolları ilə dəyişdirilə bilinərdi hansı ki, o da belə qızıla əsaslanırdı. 1908-ci ildən ölkədə qəpiklər-dəmir pullar kəsilməyə başladı. Əsas gümüş olmaq etibarilə, dəmir pullar 1908–1919-cu illər arası kəsilirdi. Banknotların emissiyasının mərkəzləşdirilməsi 1935-ci ildə Kanada Bankının yaranmasına səbəb oldu. Onun milliləşdirilməsi isə 1938-ci ilə təsadüf edir.
Kanadada pul kredit münasibətlərində əsas rolu çek əməliyyatları tutur. Çeklər valyuta hesablarının 90 %-ni tutur. Kanada əhalisi artıq bu əməliyyatlara uyğunlaşmış və onlar üçün bu daha rahatdır. Nağdsız dövriyyədə, inkişafın nəticəsi olaraq, kredit kartları önəmli rol oynayır. 1970-ci ilə qədər Kanada dolları ABŞ dollarına möhkəm bağlı idi. 1970-ci ilin mayından sonra Kanada hakimiyyəti elan etdi ki, Kanada Bankı ABŞ dolları, digər valyutalar və Kanada dolları arasında məzənnə paritetini təsbit etməyəcək. Beləliklə, milli valyuta üzən valyutaya çevrildi. Kanadanın pul krdeit siyasəti əsasən ölkənin milli valyutasının möhkəmlənməsinə və sabitliynə yönəlib ki, bu da inflyasiyaya və Kanada dollarının məzənnə kursuna nəzarətlə əldə edilir. Müasir dövrdə ölkənin pul-kredit siyasətinin əsas aləti hakimiyyətə və digər kommersiya banklarına məxsus depozitlərin yerdəyişməsi və əks hərəkətidir.
Bunu qeyd etmək lazımdır ki, Kanada xarici ticarət dövriyəsinin 2/3 hissəsi ABŞa məxsusdur. Bu prosesdə ABŞ dolarından istifadə edilir, amma Qərbi Avropa və Uzaq Şərq ölkələrilə ticarətdə Kanada funt-sterlinqdən istifadə edir.
Kanada iqtisadiyyatının hədsiz açıqlığı və onun ABŞ iqtisadiyyatı ilə tarixi əlaqələri Kanada hakimiyyətini dünya valyuta bazarlarındakı hadisələri izləməyi məcbur edir. 80-ci illərdən başlayaraq Kanada valyuta siyasətinin əsas məqsədi Kanada dollarının məzənnəsini ABŞ dollarına nisbətən sabit saxlamaqdır.
Müharibədən sonrakı dövrdə ölkədə inflyasiya dalğası başladı. Bunun səbəbləri, Koreyada müharibə, xammal və investisiya "bum" ları, ABŞ-yə xammal və yarımfabrikatların ixracının artımı və s. olmuşdur. Baxmayaraq ki, Kanada dolları daxili hesablaşmalarda istifadə edilir, onun valyuta rezervlərinə bağlılığı bu pul vahidini dünya pul sisteminin həssas puluna çevirib. Çünki, Kanada dolları inteqrasiyanın nəticəsi olaraq ABŞ dollarına istiqamətlənib və ona qarşı çox həssasdır.
Kanada hakimiyyəti 1969–1975-ci illərdə qiymətlərin və əmək haqqının artımını məhdudlaşdırmağa çalışırdı, lakin bu tədbirlər faydasız oldu, çünki hakimiyyət qiymətlərə və əmək haqqına təsir göstərən monopoliyanı dayandıra bilmədi.
İnflyasiya Kanadada 1990-cı ildə 5,2 %-dən 1993-cü ildə 1.8-%-ə düşdü və 1994-cü ildə 0,2% təşkil etdi ki, bu da bütün mühribədən sonrakı dövrdə qeydə alınan ən aşağı göstərici idi. 1996-cı ildə yumşaq kredit-pul siyasətinə baxmayaraq, inflyasiya tempi 1,5 % təşkil etmişdi.
Kanadanın ərazisi min illərlə müasir hindu və eskimosların soyları tərəfindən, 4 əsr öncə isə avropalılar tərəfindən məskunlaşmışdır. Müxtəlif ölkələrdən immiqrasiya prosesinin uzun müddət davam etməsi ölkə əhalisinin etnik tərkibinə ciddi təsir göstərmişdir.
İl | Əhali | % Kişi | % Qadın | Sıxlıq (km2) | Böyümə faizi |
2018 | 36,974,226 | ||||
2017 | 36,785,943 | 49.62% | 50.38% | 4 | 0.93% |
2015 | 35,949,709 | 49.60% | 50.40% | 4 | 1.02% |
2010 | 34,168,668 | 49.61% | 50.39% | 3 | 1.14% |
2005 | 32,287,980 | 49.57% | 50.43% | 3 | 0.99% |
2000 | 30,735,773 | 49.54% | 50.46% | 3 | 0.94% |
1995 | 29,330,073 | 49.51% | 50.49% | 3 | 1.16% |
1990 | 27,692,680 | 49.59% | 50.41% | 3 | 1.37% |
1985 | 25,873,949 | 49.66% | 50.34% | 3 | 1.07% |
1980 | 24,537,422 | 49.80% | 50.20% | 2 | 1.17% |
1975 | 23,156,209 | 50.04% | 49.96% | 2 | 1.54% |
1970 | 21,452,737 | 50.14% | 49.86% | 2 | 1.72% |
1965 | 19,703,883 | 50.27% | 49.73% | 2 | 1.92% |
1960 | 17,917,236 | 50.57% | 49.43% | 2 | 2.63% |
1955 | 15,738,362 | 50.68% | 49.32% | 2 | 2.76% |
1950 | 13,733,402 | 50.72% | 49.28% | 1 | 0.00% |
2017-ci il hesablamalarına əsasən Kanada əhalisinin sayı 36,785,943 nəfər təşkil etmişdir ki, bu da 2011-ci ildəki rəqəmlə müqayisədə 7,5% artım deməkdir. 1990 və 2008-ci illəri aralığında isə əhali 5.6 milyon nəfər (20.4%) artım təşkil etmişdir. Ölkədə əhalinin əsas artım mənbəyi immiqrasiya hesab olunur. Kanada dünyada adambaşına düşən ən yüksək immiqrant dərəcəsinə sahibdir. Kanada xalqı və böyük siyasi partiyalar immiqrasiyanı dəstəkləyir. 2014-cü ildə Kanada 260,400 immiqrant qəbul etdi. Yeni gələn immiqrantlar əsasən ölkənin yüksək urbanizasiya səviyyəsinə malik Toronto, Monreal və Vankuver kimi böyük şəhərlərdə məskunlaşır. Həmçinin Kanada hər il çoxlu sayda qaçqına ev sahibliyi edir. İllik qlobal qaçqın qəbulunun 10%-dən çoxu Kanadaya məxsusdur. Kanada dünyada ən aşağı əhali sıxlığına malik ölkələrdən biridir. Kanada bir kvadratkilometr-ə 3.7 insan düşür. Digər inkişaf etmiş ölkələrdə olduğu kimi Kanada da yaşlıların çoxalması, cavanların isə azalması müşahidə edilir. 2006-cı ildə ortalama insan yaşı 39.5 idi. 2011-ci ilə qədər ortalama yaş 39.9-a yüksəldi. 2013-cü il etibari ilə Kanadada orta ömür müddəti 81 il olaraq qeyd edilib. Kanadalıların 69,9%-i ailədə, 26,8%-i isə yalnız yaşayır. 2006-cı il etibarilə ailədə yaşayan ortalama insan sayı 2.5 idi. Ən çox əhaliyə malik olan Kanada şəhəri Monrealdır. Hal-hazırda orada 3.2 milyon nəfər yaşayır. Kanadanın digər böyük şəhəri olan Torontoda isə 2.6 milyon nəfər yaşayır. Əhalinin 4/5 hissəsi 150 km uzunluğunda olan Kanada-ABŞ sərhədi yaxınlığında yaşayır. Bunun iki səbəbi var. Birincisi iqlimdir. ABŞ sərhədi yaxınlığın olan ərazilərdə yay mülayim, qış isə çox soyuq deyil. İkinci səbəb ABŞ-yə getmək üçün olan məsafənin qısalığıdır. İndi ölkədə əhalinin böyük hissəsini ingilis mənşəli (13 milyon nəfər) və Kvebek vilayətində məskunlaşan fransız mənşəli kanadalılar (9 milyon nəfər) təşkil edir. Digər etnik qruplar (almanlar, italyanlar, ukraynalılar, ruslar və b.) əhalinin 33 %-ni, yerli əhali isə 4 %-ni təşkil edir.
Şəhərin adı | Əhalisi |
Montreal | 3,268,513 |
Toronto | 2,600,000 |
Vancouver | 1,837,969 |
Calgary | 1,019,942 |
Ottawa | 812,129 |
Edmonton | 712,391 |
Mississauga | 668,549 |
North York | 636,000 |
Winnipeg | 632,063 |
Scarborough | 600,000 |
Quebec | 528,595 |
Hamilton | 519,949 |
Brampton | 433,806 |
Surrey | 394,976 |
Laval | 376,845 |
Halifax | 359,111 |
Əhali ölkə ərazisi üzrə qeyri-bərabər, başlıca olaraq ABŞ ilə sərhəd boyunca daha sıx yerləşmişdir. Dünyada ən az əhali sıxlığına malik olan ölkə Kanadadır. Əhalinin 81%-i şəhərlərdə yaşayır. İldə 30 min nəfərin Kanadaya immiqrasiya etməsi əhalinin artımına müsbət təsir göstərir. İri milyonçu şəhərləri Monreal,Toronto və Vankuverdir. Şimalda iri torpaq sahələri isə demək olar ki, mənimsənilməyib.
İmmiqrasiya Kanadaya dünyanın ən zəngin ölkələrindən biri olmağa kömək etdi. Millətlərarası konfliktlər bu ölkədə çox nadir hallarda olur. Miqrasiya siyasətini yumşaqlığından son zamanlar ölkəyə Asiyadan çoxlu mühacirlər gəlir. Kanadanın aborigenləri (yerli əhalisi) – hindu tayfaları əhalinin iki faizindən azını təşkil edir.
Yerli idarə orqanları ilə hindu xalqı arasında torpaqların və təbii resursların istifadəsi ilə bağlı səlahiyyətlərin müəyyənləşdirilməsi problemi artıq uzun illərdir ki, ictimaiyyətin diqqət mərkəzində qalmaqda davam edir. Daxili siyasətin əsas problemi isə Kvebek əyalətinin fransızdilli əhalisinin uzun illərdən bəri davam edən separatçı mövqeyidir. 1955-ci ildə bu problemlə bağlı keçirilən sonuncu referendumda Kvebekin tatmamilə müstəqil olmasını istəyənlər səslərin yarısından bir az toplayaraq məğlub oldular, amma həmin vaxtdan ictimai fikrin sorğusu müstəqillik tərəfdarlarının azaldığını qeyd edir. 2003-cü ildə yerli seçki Kvebekin müstəqilliyinə çalışanların məğlubiyyəti ilə nəticələndi. Kvebekin orijinallığı mövzusu 2006-cı ilin sonunda daha da inkişaf etdi. Belə ki, parlament kvebeklilərin Kanadının tərkibində ayrı bir millət olduğunu müəyyənləşdirdi. Bu qərar, əsasən, simvolik xarakter daşıyır və ölkənin konstitusiyası və digər qanunlarında qeyd olunmayıb. Kanada son zamanlar Arktika ilə qeyri-dəqiq sərhədlə ayrılmış ərzilərdə hakimiyyət hüququ barədə daha aktiv bəyanatlar verir. Bununla yanaşı, ABŞ və Danimarka da bəzi rayonlara öz hüquqları olduqlarını irəli sürüblər. Geniş, lakin hələ tədqiq edilməmiş neft və qaz ehtiyatlarının kimə məxsus olacağı bu mübahisələrin nəticəsindən asılıdır.
Kanadanın həyatında bir çox şey güclü cənub qonşusu ABŞ ilə münasibətlərlə müəyyənləşir. Dünyada bir–biri ilə ikitərəfli ticarət həcminə görə ABŞ və Kanada ilə rəqabətə girə biləcək başqa cüt ölkə yoxdur. Kanadanın ABŞ və Meksika ilə birgə imzaladığı Şimali Amerika sazişi ölkədə ticarətin birdən –birə yüksəlişinə səbəb oldu, amma bir çox problemlər həll olunmamış qaldı. Əsas narazılıq isə ABŞ-nin Kanada ixracatına mənfi təsir edən fəaliyyətidir – məsələn, Kanada meşəsinə olan tarif və Amerika fermerlərinə artan maddi yardım. Kanada ilə ABŞ arasında digər mübahisəyə səbəb isə ətraf mühitin çirklənməsidir. Sərhəd boyunca uzanan Amerika zavodları və Alyaskadakı neft sənayesi çirklənməyə əsas səbəb göstərilir. Xarici siyasət sferasında Kanada cənub qonşusundan fərqli kursdadır. Məsələn, Kanada ABŞ-nın elan etdiyi terrorla müharibə üçün öz qoşunlarından istifadə etmək qərarını verdi, amma onları İraqa göndərmədi. Kanada Amerikanın Kubaya qoyduğu ticarət embarqosunu da dəstəkləmir. 2001-ci il 11 sentyabr hadisəsindən sonra əsas aktual problem terrorçuların 9 min km uzunluqda olan Amerika-Kanada sərhədindən keçə bilməsinin qarşısını almaq olub. Bu, hər iki dövləti daha aktiv informasiya mübadiləsi aparmağa şövq etdi.
Kanadada dini müxtəliflik mövcuddur. Kanadada rəsmi bir kilsə mövcud deyil və hökumət dini müxtəlifliyi dəstəkləyir. Kanadada dini etiqad azadlığı qanunlarda öz əksini tapıb və insanların toplaşmaq və öz dinlərinə etiqad etmək azadlığı var. Son illərdə Kanadada xristian dininə inanan insanların sayında azalma müşahidə edilir. Kanadalıların bir çoxu dinin gündəlik həyatda önəmsiz olduğunu fikirləşsələrdə, Tanrıya inam mövcuddur. 2011-ci ildəki araşdırmaya görə Kanadalıların 67,3%-i xristiandır. Bunun 38,7%-ni Roma katolikləri təşkil edilir. Qalan 27% isə protestantlardan ibarətdir. 2011-ci ildə 23,9% insan hər hansı bir dinə bağlı olmadığını etiraf etmişdir. Geriyə qalan 8,8%-i isə digər xristian olmayan dinlər (İslam-3.2%, Hinduizm-1.5%) təşkil edir.
Şimali Amerikada yerləşən Kanadanın təhsil sistemi dünyada mövcud olan ən mükəmməl təhsil sistemlərindən biri hesab edilir. Digər ölkələrlə müqayisədə Kanadada təhsilin inkişafına daha çox maliyyə vəsaiti ayırır. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 2012-ci ildə verdiyi məlumata əsasən Kanada dünyanın ən təhsilli ölkələrindən biridir. Kanada ali təhsilli insanların sayına görə dünyada birincidir. Kanadadakı yetkin insanların 51%-i ən azından kollec və ya universitet dərəcəsinə sahibdir. 1982-ci ildə qəbul edilmiş konstitutsiyanın 23-cü maddəsinə görə ölkənin bir çox bölgələrində həm ingilis, həm də fransız dili rəsmi təhsil dili olaraq qəbul edilir. Tələbələr bu iki dildən birində təhsil ala bilər. Bəzi universitetlərdə təhsilin iki dildə olmasına baxmayaraq, tələbələrin daxil olması üçün iki dili yaxşı bilmək elə də vacib deyil. 2002-ci ildə edilən araşdırmaya əsasən 25 ilə 64 yaş arasındakı kanadalıların 43%-i ali təhsilə sahib idi.
Konstitusiyaya görə təhsillə bağlı hər əyalət müstəqil hərəkət edir. Nəticədə, müxtəlif əyalətlərdə təhsil sistemi əhəmiyyətli dərəcədə müxtəlif ola bilər. Tədris proqramlarının məzmunu əyalətlərdə fərqli olsa da, ümumilikdə ölkə konstitusiyasının müvafiq tələblərinə uyğun hazırlanır. Bütün əyalətlərdə təhsilin məzmununa və keyfiyyətinə ciddi dövlət nəzarəti mövcuddur. Ölkədə hər bir əyalətin ayrıca Təhsil Nazirliyi olsa da, federal Təhsil Nazirliyi və rəsmi akkreditasiya sistemi mövcud deyil,
lakin ümumilikdə ölkədə təhsil standartları eyni dərəcədə yüksəkdir. Kanada universitetlərinin diplomları bütün dünyada tanınır. Kanada universiteləri müasir maddi-texniki avadanlıqla təchiz edilir və yaxşı kitabxanaları var. Kanada ali məktəblərinin əsas tərəfi elm və təcrübə ilə sıx əlaqədədir. Ümumilikdə Kanadanın ali təhsil sistemi ABŞ ali təhsil sisteminə uyğundur.
Ölkədə dövlət məktəbləri ilə yanaşı, özəl məktəblər də fəaliyyət göstərir. Təhsil müəssisələrinin böyük əksəriyyəti dövlət tərəfindən maliyyələşdirilir. Ölkədə yüksək nailiyyətləri ilə seçilən kifayət qədər çoxsaylı təhsil müəssisəsi fəaliyyət göstərir. Şagirdlərin oxu, təbiət elmləri və riyaziyyat fənləri üzrə beynəlxalq testlərdə yüksək nəticələr göstərməsi Kanada məktəblərindəki keyfiyyətli təhsilin əyani təzahürüdür. Tədris proqramlarının təcrübə ilə sıx əlaqələndirilməsi Kanada təhsil modelinin üstün cəhətlərindəndir. Tədris planları işəgötürən müəssisələrin tövsiyələri nəzərə alınmaqla tərtib olunur. Kanadada yüksək texnologiyalar, aerokosmik sənaye, mikro-elektronika, biotexnologiya və digər sahələrin inkişafı yalnız tədrisin keyfiyyəti sayəsində mümkün olub. Bütün bunlarla yanaşı, mühəndislik, biznes və təbiət elmləri sahəsində də ciddi nəticələr əldə edilib.
Məcburi məktəbə başlama yaşı 5–7 yaş arası qəbul edilir. Uşaqlar 1 və ya 2 il könüllülük prinsipi əsasında məktəbəqədər təhsil müəssisələrinə cəlb olunur. 6 yaşı bitmiş uşaqlar isə I sinfə qəbul edilir. Dərs ili sentyabr ayında başlayır, iyun ayında başa çatır. Müəyyən hallarda isə uşaqların məktəbə qəbuluna yanvar ayında başlanılır. Ölkənin əyalətlərindən asılı olaraq orta məktəb təhsili 11 və ya 12 il davam edir. Abituriyentlər universitet, kollec və ya 3 illik peşə təhsili müəssisələrinə qəbul ola bilərlər.
Kanadada məktəbəqədər təhsil 5 yaşdan başlayaraq icbari təhsil dövrünə qədər olan mərhələni əhatə edir. Bəzi əyalətlərdə uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbul yaşı fərqlidir. Məktəbəqədər təhsil pulsuzdur. Kifayət qədər çox olan məktəbəqədər təhsil müəssisələrində uşaqların hərtərəfli formalaşması və məktəbə hazırlanması üçün hər cür şərait yaradılıb. Valideynlər övladları üçün hansı məktəbəqədər tərbiyə müəssisəsini seçmək baxımından tam sərbəstdirlər. Məktəbəqədər təhsil müəssisələrinin işi, bir qayda olaraq, sentyabr ayında başlayır və iyul ayında başa çatır. Günüuzadılmış uşaq bağçaları isə demək olar ki, il ərzində fasiləsiz fəaliyyət göstərirlər.
Kanadada orta təhsil ingilis və ya fransız dillərində aparılır. Ölkədə dövlət, özəl, böyük, kiçik, sərbəst, pansion və ali təhsil müəssisələrinin nəzdində məktəblər fəaliyyət göstərir. İctimaiyyət tərəfindən maliyyələşən məktəblərə də tələbat duyulur.
Məktəblərdə təhsilin keyfiyyətinə əsasən iki assosiasiya — PELSA (Sakit Okean İngilis Dilli Ölkələrin Assosiasiyaları) və CAPLS (Peşəkar İngilis Dilli Məktəblərin Kanada Assosiasiyası) nəzarət edir. Şagirdlər üçün intensiv ingilis dili, inteqrasiya edilmiş akademik və ya ingilis dili proqramları mövcuddur. İngilis dili bacarıqları yüksək olan şagirdlərə, akademik proqramlar üzrə təhsil almış məzunlara müvafiq fərqləndirici diplom verilir.
Özəl orta məktəblər Kanadanın hər bir əyalətində mövcuddur. Özəl məktəblərə daxil olmaq üçün bəzən TOEFL imtahanının nəticələri də tələb olunur. Yuxarı siniflərə daxil olmaq istəyən şagirdlər isə Orta Məktəblərə Qəbul Testi (SSAT) verməlidirlər. Kanadanın biznes və siyasət sahəsində aparıcı mövqe tutan simalarının əksəriyyəti özəl məktəblərin məzunlarıdır. Özəl məktəblər yerləşdikləri əyalətlər üzrə Təhsil Nazirliyində qeydiyyatdan keçməli, vahid kurikulum və digər standartlara cavab verməlidirlər. Valideynlər övladları üçün yalnız oğlanların və ya qızların, o cümlədən də qızlarla oğlanların birgə oxuduğu təhsil müəssisələrini seçə bilərlər. Bəzi özəl məktəblər dini etiqad məsələlərinə sadiq qalaraq daha çox mənəviyyat elmlərinin tədrisinə üstünlük verir, həmçinin ciddi elmi standartları tətbiq edirlər. Dini və dünyəvi təhsil verən orta məktəblərin təhsil proqramları əyalətlərə görə fərqlənir.
İctimai orta məktəblərdə əcnəbilər də oxuya bilərlər. Belə məktəblər seçilmiş məktəb şuraları tərəfindən idarə olunur. Bütün ictimai məktəblər yalnız gündüz şöbəsində təhsil proqramları təklif edir. İctimai məktəblərdə əcnəbilər üçün qəbul şərtləri və təhsil haqları fərqli ola bilər. Xüsusi dil məktəblərində standart (ümumi ingilis dili, biznes ingilis dili, peşəkar proqramlar) və şagirdlərin tələblərinə uyğunlaşdırılmış ixtisaslaşmış kurslar təklif edilir. Demək olar ki, bütün məktəblərdə əcnəbi şagirdlər üçün nəzərdə tutulmuş "Akademik məqsədlər üçün ingilis dili" (EAP) kimi uzunmüddətli kurslar təşkil olunur. Əcnəbi şagirdlər üçün fransız dilini xarici dil kimi tədris edən mərkəzlər də vardır. Eyni zamanda ölkə üzrə geniş yayılmış xüsusi pansion məktəblər də fəaliyyət göstərir. Əcnəbilərin təhsil aldığı belə tədris ocaqları, əsasən katolik məktəblər hesab olunur.
6 yaşında I sinfə daxil olan uşaqlar məktəbdən, eləcə də əyalətdən asılı olaraq 11 və ya 12 il təhsil alırlar. Yalnız bundan sonra universitetlərə daxil olmaq istəyən abituriyentlər kolleclərdə 2 illik hazırlıq bölməsində oxuyurlar. Məktəblərdə uşaqlara əsas (riyaziyyat, qrammatika, ədəbiyyat və düzgün yazılış, Kanadanın siyasi strukturunun əsaslarından ibarət fənlər) və təbiət elmlərinə dair (fizika, biologiya və bu qəbildən olan digər fənlər) fənlər qrupu tədris olunur. Qeyd edilən fənlərlə yanaşı, məktəblərdə kompüter vərdişləri, xarici musiqi kimi fənlər də keçirilir. Yuxarı siniflərdə isə qeyd edilən fənlər üzrə biliklərin möhkəmləndirilməsi davam etdirilir.
Kanadada təxminən 170 dövlət və xüsusi kollec fəaliyyət göstərir. Bunlar regional kolleclərə, texniki institutlara və CEGEP kolleclər sisteminə bölünür. Regional kolleclərin əksəriyyəti uyğun assosiasiyalara (Kanada Kolleclər Birliyi Assosiasiyasına) daxildir. Kanada kolleclərinin əsas vəzifəsi sənaye və biznes sahəsi üzrə peşəkar kadrlar hazırlamaqdan ibarətdir. Bu kolleclərdə təhsil alan tələbələr qısa müddət ərzində müəyyən peşəyə yiyələnə bilirlər. Kolleclərdə tədris olunan birillik proqramların sonunda dinləyicilərə müvafiq sertifikat təqdim olunur. Bundan əlavə, kolleclərdə ikiillik proqramlar da tədris olunur ki, bu proqramların sonunda məzunlara diplom verilir. Üçillik bakalavr proqramları mövcud olan kolleclər hər hansı bir ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir. Son illər eksperiment olaraq üçillik kollecləri bitirmiş məzunlara xüsusi bakalavr dərəcəsi verilir. Kolleclərdə, əsasən informasiya, texnologiya, dizayn, mühasibatlıq, biznesin idarə olunması, mehmanxana və turizm idarəetməsi ixtisasları üzrə mütəxəssislər hazırlanır. Nəzəri biliklər ixtisas üzrə təcrübə məşğələləri ilə vəhdət təşkil edir.
Kanadada texniki peşə təhsilinin tarixi XVII əsrin ikinci yarısına gedib çıxır. Texniki peşə təhsilinin əsası 1668-ci ildə Kvebek şəhərində Roma Katolik Kilsəsi tərəfindən yaradılmış sənət məktəblərinin fəaliyyətə başlaması ilə qoyulub. Bu məktəblərdə xarrat, çilingər, çəkməçi, dərzi, heykəltaraş, rəssam, bənna və digər peşələr öyrədilirdi. XVIII əsrdə ilk peşə-ixtisas təhsili sahəsində təcrübə daha da genişləndi, məktəbdə tədris olunan nəzəri və praktiki fənlər arasında əlaqələr möhkəmləndi. Dövrün tələblərinə uyğun peşələrə maraq artdı, peşə təhsili müəssisələrinin şəbəkəsi formalaşdı. Peşə təhsili ümumi orta təhsil və yaxud da orta məktəbdən sonrakı peşə hazırlığı çərçivəsində tədris olunur. Müasir dövrdə Kanadada peşə təhsili həmçinin orta məktəb təhsili çərçivəsində şagirdlərin ümumi biliklərinin zənginləşdirilməsini və çoxsaylı praktiki vərdişləri əhatə edir. Ölkə vətəndaşları ilə yanaşı, əcnəbilər də ödənişli şərtlərlə texniki peşə təhsili ala bilərlər.
Kanadanın ali təhsil sistemi öz nüfuzuna görə dünya arenasında ən üstün yerlərdən birini tutur. Kanada universitetlərində 1,5 milyondan çox tələbə təhsil alır. Onların 1,2 milyonu dərəcə proqramlarında, 275800-ü gündüz növbəsində oxuyur. Ali məktəblərdə tam ştatlı 42000 professor-müəllim çalışır.
Ölkə üzrə aparılan tədqiqat işlərinin 30 faizi universitetlər tərəfindən həyata keçirilir. Ali təhsil müəssisələrində dünya miqyasında tanınan elmi tədqiqatlara imkan yaradan yüksək keyfiyyətli infrastruktur və unikal laboratoriya avadanlıqları mövcuddur.
Ali təhsil müəssisələri tədris proqramlarının dərinliyi baxımından fərqlənir. Universitetlər də daxil olmaqla, əyalət və ərazilər üzrə müvafiq dövlət orqanları təhsilin bütün səviyyələrinə cavabdehdir. Kanadada təxminən 100 universitet və onların nəzdində fəaliyyət göstərən universitet kolleci fəaliyyət göstərir. Digər ingilisdilli ölkələrlə müqayisədə, açıq immiqrasiya siyasətinin mövcudluğu ali məktəbləri bitirən əcnəbilərin Kanadada qalıb işləməsi üçün geniş üfüqlər açır. Təsadüfi deyil ki, hər il 125 min əcnəbi tələbə Kanada ali məktəblərini seçir və gələcək həyatlarını bu ölkə ilə bağlayırlar.
Digər Qərb ölkələrində olduğu kimi, Kanada ali təhsil sistemi də üçmərhələlidir. 3 illik ilk ali təhsil proqramında bakalavr dərəcəsi verilir. 1 və ya 2 illik magistr proqramından sonra doktoranturaya qəbul olanlar isə fəlsəfə doktoru dərəcəsi (PhD) almaq üçün daha 4 il elmlə məşğul olmalıdırlar. Bundan əlavə, universitetlər ixtisaslaşmış diplom və sertifikatların verilməsi ilə bağlı bir sıra proqramlar da təklif edirlər. Kanada ali məktəbləri tədris proqramlarına görə üç qrupa bölünür. Bakalavr təhsili verən ali məktəblər birinci, bakalavr və magistr proqramları tədris edilən universitetlər ikinci qrupa daxildir. Üçüncü qrupa isə doktor proqramları və tibb fakültələri olan ən nüfuzlu universitetlər aid edilir.
Universitetlərə sənəd qəbulu tədris ilindən bir il əvvəl başlayır. Qəbul üçün orta təhsil haqqında attestat və TOEFL imtahanının nəticələri və fransız dili üzrə universitetin xüsusi testindən keçmək tələb olunur. Magistr proqramlarına daxil olmaq üçün GRE, GMAT və LSAT (hüquqşünaslar üçün test) vermək lazımdır. Əcnəbi tələbələrin universitetlərə daxil olmaları üçün akademik proqramlar əsasında (ESL) kurslar təşkil olunur. Əcnəbilərin qarşısında qoyulan tələblər onların seçdiyi ixtisaslardan asılı olaraq dəyişir. Bir qayda olaraq, onlar orta təhsil haqqında attestatı təqdim etməli və TOEFL imtahanı verməlidirlər.
Kanadada təhsil almaq istəyən əcnəbi tələbəyə il ərzində 15–20 min Kanada dolları civarında maliyyə vəsaiti lazımdır. Yaşayış və təhsil xərclərini ödəmək məqsədilə əcnəbi tələbələrə həftədə 20 saat və tətil günlərində isə tam ştatda işləmək imkanı yaradılır. Kanadada 3 aylıq dil kursları üçün tələbə vizası almaq tələb olunmur, lakin ölkədə uzunmüddətli təhsil almaq üçün tələbə vizası və "təhsil üçün icazə" sənədini almaq əsas şərtlərdəndir. Birillik tibbi sığortaya isə 700 Kanada dolları ödənilir. Bütün bunlarla yanaşı, tələbələrə təqaüd almaq üçün ərizə ilə dövlətə müraciət etmək imkanı verilir. Kanadanın Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyi tərəfindən reallaşdırılan üç dövlət təqaüdü yüksək tədris uğurları olan tələbələrə şamil edilir. Bu sıraya Kanada Hökumətinin Təqaüd Proqramı, Ali Məktəblərdə Elmi-Tədqiqat Proqramı və Ali Məktəblərin Təkmilləşdirilməsi Proqramı daxildir.
Kanadanın ali məktəblərinin dünya elminin inkişafına verdiyi xüsusi töhfələrdə Toronto Universiteti mühüm yer tutur. Bu təhsil ocağında ilk elektron kardiostimulyator, süni qırtlaq, kimya lazeri hazırlanıb, mədəaltı vəzinin transplantasiyası əməliyyatı, bir çox digər mürəkkəb xəstəliklərin müalicəsi həyata keçirilib. 5000 aparıcı tədqiqatçı universitetdə hər il 1 milyard dollar dəyərində tibbi tədqiqatlar aparır. Tibb elmi tarixində önəmli hadisələrdən olan insulinin kəşfi 1921-ci ildə bu ali məktəbdə yerinə yetirilib. 1963-cü ildə beyin sümüyünün köçürülməsi əməliyyatının əsasını qoyan gövdə hüceyrələri aşkarlanıb. 1972-ci ildə tədqiqatlar nəticəsində atmosferdə qara dəliklərin olması sübuta yetirilib. Universitetin astronomları Uran planetinin peykləri olan Kaliban və Sikoraksanı, Andromeda I, II, III qalaktikalarını aşkar ediblər. Dünyada ilk operativ kompüterlərdən biri olan UTEC və ilk kommersiya kompüteri Toronto Universitetində hazırlanıb. Ali məktəbdə elmi-tədqiqat sahələri günbəgün genişləndirilir və bu istiqamətdə dünya liderliyini qazanmaq üçün səylər artırılır.
Kanada universitetlərində aparılan elmi tədqiqatlar ölkə tarixində, eləcə də bütün dünyada biznesin inkişafı, dövlət siyasətinin düzgün müəyyənləşdirilməsi, bəşəriyyətin tədqiqi, mədəniyyət və incəsənətin tərəqqisinə imkan yaratmaqla həyat səviyyəsinin yüksəldilməsini təmin edir. Ölkədə mühüm elmi kəşfləri və ixtiraları, innovasiyaları həyata keçirən Kanada İnnovasiya Mərkəzi (CFİ) kimi müstəqil korporasiya fəaliyyət göstərir. Bu qurum elmi tədqiqat infrastrukturunu maliyyələşdirmək məqsədilə təsis edilib. Mərkəzin başlıca məqsədi universitetlərin, kolleclərin və tədqiqat hospitallarının fəaliyyətini stimullaşdırmaqdır. Bütün bunlar müsbət nəticə verib, səhiyyə, təbii resurslar, informasiya-kommunikasiya texnologiyaları, enerji və ətraf mühit kimi sahələrin sürətli inkişafı təmin olunub.
Universitetlər özəl sektordan sonra elmi tədqiqatları həyata keçirən ən böyük mərkəzlər hesab olunur. Universitetlərin həyata keçirdiyi elmi tədqiqatların 55–60 faizi hökumət tərəfindən maliyyələşdirilir. Federal tədqiqat yönümlü qrant agentliklərindən maliyyələşən Kanadanın Sosial Elmlər və Bəşəriyyətin Tədqiqi Şurası və Kanada Səhiyyənin Tədqiqi İnstitutları bakalavr və magistr təqaüdlərini ödəməklə yanaşı, fakültə üzvlərinin tələbələrə tədqiqat işlərində köməklik göstərməsini də maliyyələşdirir. Elmi tədqiqatlar sahəsində şöhrət qazanmış Kanada ali məktəbləri bir sıra elmi kəşflərə və innovasiyalara imza atıb. Məsələn, 1999-cu ildə dünyada ilk dəfə MakGil Universitetində klonlaşdırılmış keçilər təqdim edilib. Daha sonra Montreal Universitetində üç klon buzov yaradılıb.
Digər sahələrdə də Kanadanın payına düşən elmi ixtiraları sadalamaqla bitmir. Bütün bunlar isə dünya elminin və bəşəriyyətin inkişafına Kanadanın verdiyi töhfələrin aydın mənzərəsini yaradır.
Kanada təhsil sahəsində beynəlxalq əməkdaşlığın inkişafına xüsusi önəm verir. Ölkə üzrə tələbələrin 10 faizini əcnəbilər təşkil edir. Kanadanın beynəlxalq təhsil bazarındakı mövqeyini daha da möhkəmləndirmək üçün Xarici İşlər və Beynəlxalq Ticarət üzrə Federal Departament əyalətlər və təhsil müəssisələri ilə birgə müvafiq işlər aparır.
2011-ci ildə ikiillik Yeni Beynəlxalq Təhsil Strategiyasının işlənilib hazırlanması üçün Federal büdcədən təxminən 10 milyon dollar civarında vəsait ayrılıb. Bu strategiyada ən istedadlı əcnəbi tələbələrin Kanada universitetlərinə cəlb edilməsi məsələsi də öz əksini tapıb. Bu sənəddə, həmçinin tədqiqatçı tələbələrə, tədqiqatçı alimlərə əlverişli imkanların yaradılması və ölkə hüdudlarından kənarda yerli mütəxəssislərin fəaliyyətinə təkan verilməsi nəzərdə tutulub.
Kanada Universitetlər və Kolleclər Assosiasiyası universitet prezidentlərindən ibarət nümayəndə heyətlərini vaxtaşırı dünyanın müxtəlif ölkələrinə göndərir, əcnəbi tələbələrin təhsil və karyera sahəsində seçim zamanı Kanadaya üstünlük vermələri üçün təbliğat kampaniyaları təşkil edir. Məhz bunun nəticəsidir ki, Kanada universitetlərində ilbəil sayları artan əcnəbi tələbələr təhsillərini başa vurduqdan sonra bu ölkədə qalmağa çalışırlar.
Kanadanın Toronto, MakGil, Brandon, Vinnipeq, Viktoriya, Alberta, Manitoba, Akadiya, York, Saskaçevan, Qərbi Kanada, NyuFaundlend Memorial universitetləri artıq əsrlər boyunca zəngin təcrübə qazanmış ali məktəblərdən hesab olunur. Odur ki, bütün dünyada biznes, hökumət, həmçinin akademik dairələrdə Kanadada verilmiş dərəcə, diplom və sertifikatlar yüksək səviyyədə qəbul edilir.
Kanadanın iki rəsmi dili vardır : İngilis və Fransız dili. 7 iyul 1969-cu ildə Kanadanın federal torpaqlarının hamısında ingilis və fransız dilləri rəsmi dil olaraq qəbul edildi. 2016-cı ildəki sayıma əsasən, 7.9 milyondan çox kanadalı ana dili olaraq rəsmi dillərdən fərqli dil istifadə edir. İngilis və fransız dillərindən başqa ən çox istifadə edilən dillər bunlardır: Çin dili, Pəncab dili, Taqaloq dili, İspan dili, Ərəb dili, Alman dili və İtalyan dili.
Kanada coğrafiyası geniş və çoxşaxəlidir. Torpaq sahəsi Şimali Amerika qitəsinin təxminən 40%faizini təşkil edir. Kanada sahəsinə görə Rusiyadan sonra dünyada ikinci ölkədir. 10.001.143 milyon km² (torpaq: 9,109,980 km² .su: 891,163 km²) ərazini tutan Kanada, Rusiyanın ərazisinin təxminən 3/5 -ü qədəri boydadır. Avstraliyadan 1.3 dəfə böyük, Avropadan isə bir qədər kiçikdir və Böyük Britaniyadan 40.9 dəfə böyükdür. Kanadanın və ümumilikdə dünyanın ən şimalda yerləşən yaşayış məntəqəsi Kanada hərbi qüvvələrinə məxsus olan və Elsmir adasının ən şimal nöqtəsində yerləşən Alert qəsəbəsidir. Şimal maqnit qütbü Kanada sərhədləri çərçivəsində yerləşir, lakin son müşahidələr onu göstərir ki, maqnit qütbü Sibirə doğru öz istiqamətini dəyişir. 2005-ci ildə Ottavada Kanada təbii sərvətlər nazirliyi nəzdində yerləşən geomaqnit labaratoriyasının idarə başçısı Larri Nyuit öz çixışında söyləyib ki, "400 ildən artıq Kanadaya məxsus olan dünyanın şimal maqnit qütbü ölkəni tərk edib".
Kanada Qərbdə Sakit okeanı ilə şərqdə Atlantik okeanı arasında, cənubda ABŞ və şimal-qərbdə (Alyaska), şimalda Şimal Buzlu okeanı arasında böyük ərazi tutur – (buna görə də ölkənin devizi "dənizdən dənizə"). Kanadanın Nyufaundlend sahilindən cənubda isə Fransanın xarici torpaqları sayılan Sen-Pyer və Mikelon adaları yerləşir. 1925-ci ildən Kanada Şimal qütbün müəyyən hissələrinə iddia edir, lakin bu ümumi qanunlara zidd hesab olunur. Ölkənin ərazisi bir çox təbii zonalarla (Arktika buzlaqlarından tutmuş çöllərə qədər) təmsil olunur. Relyefində düzənliklər üstünlük təşkil edir. Qərbində uzanan Kordilyer dağ sistemi insanların təsərrüfat fəaliyyətini çətinləşdirir, lakin Kanadanın ABŞ-la sərhəd olması, tarixən ölkədə işgüzar insanların məskunlaşması və üç okean sularının onu əhatə etməsi ölkənin sürətlə inkişaf etməsinə səbəb olmuşdur.
Kanadada bir çox zəlzələ ocağı və aktiv vulkanlar mövcuddur. Xüsusilə Maunt Meyager dağ silsiləsi, Qaribaldi dağı, Cayley dağ silsiləsi, Edziza dağı aktivliyinə görə fərqlənir. 1775-ci ildə Britaniya Kolombiyası əyalətində Nass çayının yaxınlığındakı "Tseax Cone" adlanan vulkan ocağında baş verən püskürmə zamanı təxmini 2000-ə yaxın insan həlak oldu, həmçinin Nass çayının yanındaki kənd tamamilə məhv olmuşdu. Bu vulkan püskürməsi Kanadanın ən böyük fəlakətləri sırasındadır.
Kanada da Makkenzi və Müqəddəs Lavrenti çayları bu ölkənin ən uzun çayları hesab edilir. Kanada ərazisindəki buzlaqların miqdarına görə dünyada 3-cü yeri tutur (Antraktida və Qrelandiyadan sonra). Kanada dünyanın ən uzun sahil xəttinə sahibdir. Ölkənin sahil xətti bütövlükdə 243.042 km uzunluğa sahibdir. Həmçinin Kanadanın Amerika Birləşmiş ştatları ilə sərhəddi dünyanın ən uzun sərhəd xətti (8,891 km) hesab olunur. Kanadanın Arktik adaları, həmçinin Baffin, Viktoriya və Ellesmere adaları dünyanın ən böyük adası içərisində yer alır. Bunlardan ən böyüyü Baffin adasıdır. Kanadada 2 milyondan çox göl var. Kanada dünyada ən çox gölə sahib olan ölkədir. Kanadadakı 563-dən çox gölün sahəsi 100 km2-i keçir. HəmçininKanada dünyada ən çox şirin su ehtiyatına sahib ölkədir.Kanadanın ümümi elektrik enerji istehsalında SES-lər(59,3%) əsas yer tutur və dünyada ikinci ən böyük su elektrik enerji istehsalçısıdır.Kanadanın ən böyük gölləri aşağıdakılardır:
Sıra | Gölün adı | Ərazi | Yerləşdiyi Əyalət |
---|---|---|---|
1 | Superiyor gölü | 82,100 km2 (31,700 sq mi) | Ontario 28,700 km2 (11,100 sq mi)/USA 53,400 km2 (20,600 sq mi) |
2 | Huron gölü | 59,600 km2 (23,000 sq mi) | Ontario 36,000 km2 (14,000 sq mi)/USA 23,600 km2 (9,100 sq mi) |
3 | Böyük ayı gölü | 31,328 km2 (12,096 sq mi) | Northwest Territories |
4 | Böyük nökər gölü | 28,568 km2 (11,030 sq mi) | Northwest Territories |
5 | Eri gölü | 25,700 km2 (9,900 sq mi) | Ontario 12,800 km2 (4,900 sq mi)/USA 12,900 km2 (5,000 sq mi) |
6 | Vinnipeq gölü | 24,387 km2 (9,416 sq mi) | Manitoba |
7 | Ontariyo gölü | 18,960 km2 (7,320 sq mi) | Ontario 10,000 km2 (3,900 sq mi)/USA 8,960 km2 (3,460 sq mi) |
8 | Atabaska gölü | 7,935 km2 (3,064 sq mi) | Saskatchewan and Alberta |
Kanada 10 əyalətə (qərbdən şərqə doğru: Britaniya Kolumbiyası, Alberta, Saskaçevan, Manitoba, Ontario, Kvebek, Nyu-Brunsvik, Şahzadə Eduard Adası, Yeni Şotlandiya və Nyufaundlend və Labrador) və 3 bölgəyə (qərbdən şərqə doğru: Yukon, Şimal-Qərb Əraziləri və Nunavut) ayrılmışdır. Federal rəhbərlik əyalətlərə geniş nisbətdə muxtariyyət versə də, bölgələrin müstəqilliyi daha azdır. Şablon:Kanadanın inzibati bölgüsü (xəritəsi)
Kanadanın ictimai televiziya və radiosu uzun ənənəyə malikdir. Kanadanın CBC yayım korporasiyası 1930-cu illərdə Amerika radiosunun artan təsirinə cavab olaraq yaradılıb. CBC-yə, əsasən, ingilis və fransız dillərində söhbət janrında və mədəni verilişlər verən dörd radiostansiya daxildir. Bundan əlavə, korporasiya iki ümummilli telekanala, həmçinin "Radio Canada İnternational" ümumdünya xidmətinə də malikdir. Həmçinin ölkənin şimalında yaşayan hindu tayfaları üçün də tele və radio proqramlar yayımlayır. Kanadada 2000-ə yaxın radiostansiya qeydiyyatdan keçib, onların arasında çoxu kommersiya xarakterlidir. Ölkədə kabel televiziyaları, həmçinin, ixtisaslaşmış və ödənişli kanallar böyük populyarlıq qazanıblar. Kanadanın KİV-i həyatı istənilən istiqamətdə işıqlandırmaqda müstəqildirlər, amma bununla yanaşı, radio və televiziyada norma sistemi mövcuddur, belə ki, televiziya və radioların verdiyi materialların, təqribən, 30–35 faizi Kanada istehsalı olmalıdır.
Mətbuat
Televiziya
Radio
İnformasiya agentlikləri
Kanada əhalisinin etnik tərkibi də çox rəngarəngdir. Kanada, yerli əhalisi – eskimoslar və hindularla bərabər, miqrasiya dalğaları nəticəsində polietnik, polikonfessional qruplardan təşkil olunan kosmopolit bir əhali tərkibinə malik olan ölkədir. Kanadanın özünəməxsusluğu ondan ibarətdir ki, həm fərdi, həm də ictimai həyatda bütün bu fərqliliklərə sahib olan insanların birgəyaşayışının harmoniyasını yaradan nadir ölkələrdən biridir. Miqrantlar və yerli xalqların yaratdığı bu kosmopolit mühit Kanadada multikultural cəmiyyət yaratmışdır. Kanada əhalisini yerli xalqlar – milli azlıqlar və miqrantlar formalaşdırsalar da, əhalinin əsas çəki yükünü "daxili millət" adlanan frankafonlar və anglofonlar təşkil edirlər. Beləliklə, bu ölkənin əhalisinin etno-konfessional tərkibi Kanadanı "çoxmillətli dövlət" adlandırmağa əsas verir. Belə ki, Kanadada min illərlə yerli, aborigen xalqlarla bərabər, 4 əsr öncə bu məkanda məskunlaşan avropalılar da yaşayırlar. Müxtəlif ölkələrdən immiqrasiya prosesinin uzun müddət davam etməsi ölkə əhalisinin etnik tərkibinə ciddi təsir göstərmişdir. İndi ölkədə əhalinin böyük hissəsini ingilis mənşəli (18 milyon nəfər) və Kvebek vilayətində məskunlaşan fransız mənşəli kanadalılar (13 milyon nəfər) təşkil edir. Digər etnik qruplar əhalinin 33 %-ni, yerli əhali isə 1, 3 %-ni təşkil edir. Beləliklə, Kanada əhalisinin rəngarəng etno-konfessional tərkibi Kanada multikulturalizami modelini yaratmışdır.
Kanada multikulturalizmini öyrənərkən ictimailəşmə anlamına diqqət yetirmək məqsədəuyğundur. İctimailəşmə adlandırılıan proses, insanların özlərini cəmiyyətə aid olduqlarını və bu cəmiyyətə üzv olduqlarını öyrənmələridir, lakin Kanadada ölkə multikulturalizmi ilə bağlı gedən geniş müzakirələrdə ictimailəşmə assimilyasiya prosesi kimi başa düşülür. Bu hal miqrantların öz mədəni özünəməxsusluğunu qorumaq istiqamətində apardıqları siyasətə qarşı yönəlmiş irqçiliyə əsaslanan praktiklərin fəaliyyəti nəticəsində yaradılır. Kanadaya immiqrasiya edənlərin kimliyinin dəyişməsi və eyni zamanda Kanadada doğulan miqrant ailələlərinin uşaqlarına verilən Kanadalı kimliyi, miqrantlarla müqayisədə onların övladlarına model olaraq üstünlük verilməsi kimi başa düşülür. Bu mənada Kanada multikulturalizm siyasəti bir çox pozitiv cəhətləri ilə seçilir. Bu cəhətlərin ən əhəmiyyətlisi isə avropalı və ya xristian olmayan miqrantların Kanada əhalisinin əksəriyyətini təşkil etdiyi avropalı xristianlar tərəfindən xoş qarşılanmasıdır. Bu pozitiv cəhətlər eyni zamanda, etnik kanadalıları düşündürən qeyri-müəyyənliyi də ortadan qaldırır.
Kanadanın müasir həyatı dilindən, dinindən, etnik mənşəyindən asılı olmayaraq cəmiyyətdə yeni və fərqli bir fərd düşüncəsini yaratmaqdadır. Bu fərd düşüncəsi, etnik mənşə ilə bağlı əlaqələri minimuma endirmişdir. Hazırda Kanadadakı multikulturalizm anlayışı ilə bağlı intellektual müzakirələr Kvebek bölgəsinə milli azlıqlar statutusunun verilməsi ilə bağlı frankofonlar tərəfindən irəli sürülən siyasi tələblərin dəyərləndirilməsi əsasında gedir. Bu mənada multikulturalizm haqqında ilk fikirlər Pierre Elliott Trudeaunun 1962-ci ildə nəşr ettiyi "Cite Libre" adlı əsəridir. Bu əsərdə müəllif milli azlıqların bir millət anlayışını yaratdıqlarını və bu millətin irəli sürdüyü muxtariyyət tələblərinin legitimliyini haqlı bir tələb olaraq qəbul edilməsinin mümkünlüyünü vurğulamışdır. Öz növbəsində Charles Taylor 1970-ci ildə nəşr etdiyi "Pattern of Politics" adlı kitabında frankofonların Kanada cəmiyyətində tutduqları yerin əhəmiyyətinə diqqət yetirmişdir. Müəllif bu kitabında Kanadada yaşayan fransızlarla bağlı konsepsiyasını araşdırmış və multikulturalizm siyasətinə dair düşüncələrini bildirmişdir. Müəllif apardığı tədqiqatlara əsaslanaraq göstərmişdir ki, Kvebek bölgəsinin xüsusi bir siyasi status qazana bilməsi düşüncəsi güclü bir asimmetrik federalizm ilə əlaqəlidir.
Etnik azlıqlar, mədəni plularilzm, multikulturalizm, fərqlilik siyasəti kimi siyasi məsələlər ilk dəfə Kanada konteksində ortaya çıxmışdır. Şimali Amerikada özünəməxsus etnik mənsubiyyətə malik olan iki fərqli cəmiyyət (anglo-sakson və fransızlar) uzun zaman birgəyaşayışın təşkili üzərinə müzakirələr aparıblar. İngilis və fransızların birlikdə yaşamaq üçün yürütdükləri demokratik müzakirə və təşəbbüslər Kanada modelini dünyada multikulturalizm siyasətinin tətbiqi sahəsində ilk sıraya çıxarmışdır. Multikulturalizm termininin Kanada mənşəli olması heç də təsadüfi deyildir. İlk dəfə Kanadada multikulturalizm iki qurucu xalqdan başqa, azsaylı yerli xalqların fərqli etnik və mədəni mənsubiyyətlərin qorunması və inkişaf etdirilməsi dövlət siyasətinin prioritetine çevrilmişdir. Kanadada multikulturalizm həm sosioloji bir reallıq kimi, həm də siyasi bir ideologiya mənasında işlədilir. Bunlardan birincisi Kanada xalqının rəngarəng etnik mozaikasını, digəri isə qanunvericiliyin bu mədəni pluralizm içərisində birgəyaşayışı təmin etməsini əhatə edir. Kanada 19-cu əsrdən etibarən geniş immiqrasiya dalğalarını yaşamışdır. Artıq 1980-ci illərdə ölkə əhalisinin 40% -ni ingilis və fransız mənşəli immiqrantlar təşkil edirdi. Bu iki cəmiyyət Kanada tarixində böyük əhəmiyətə malikdir və bunlar dövlətinin iki qurucu xalqı olmaqdadır. Avropa mənşəli olan bu iki xalqın nümayəndələri 21-ci əsrin əvvəllərində artıq ölkə əhalisinin əksəriyyətini meydana gətirir.
Federal Hökumət 1970–1980 illəri arasında "multikulturalizm siyasətini" rəsmi olaraq tətbiq etməyə başlamışdır. Kanada xalqının multikultural olması, yəni tək bir xalqdan deyil, ingilis və fransız dilli immiqrantlardan və azsaylı xalqlardan ibarət olduğu "Kanada Multikulturalizm Aktında" (1988) və Kanada konstitutsiyasında əksini tapmıştdır. Bunlara görə, dövlətin iki rəsmi dili vardır: ingilis və fransız dili. Fransız dili muxtar vilayət olan Kvebekin rəsmi dilidir. Dövlət rəsmi olaraq iki dilli (bilingualism) olsa da, iki rəsmi mədəniyyəti (biculturalism) yoxdur. Çünki burada ingilis və fransızlardan başqa yerli xalqların da özünü idarə, siyasi təmsil, ana dili ilə əlaqəli hüquqları və ənənəvi iqtisadi strukturlarını qoruyub saxlamaq haqları təmin edilir. Kanada multikulturalizmi etnik azlıqlara geniş hüquqlar verir. Bu mənada azsaylı dini-etnik qrup olan "Hutteritlər" i misal göstərmək olar. Bu qəbilədə şəxsi mülkiyyətə önəm verilmədiyindən kollektiv mülkiyyət ənənəsi hələ də qorunmaqdadır. İdeoloji sahədə "Hutterit Kilsəsi" öz icması üzərində böyük təsir gücünü saxlamaqdadır. Qəbilə üzvlərindən hər hansı biri dini qanun qaydalarına riayət etmədikdə kilsə tərəfindən cəzalandırılır. Kilsə onu qəbilədən uzaqlaşdırır və ortaq mülkiyyətdəki payından tam məhrum edir. Hutterit Kilsəsi bu cəza tədbirləri bu etnik-dini qrupun üzvləri tərəfindən anlamlı şəkildə qəbul edilir. Belə ki, kilsə bu mövqedən uzaqlaşsa "Hutteritlər"in birliyi dağıla bilər. "Hutteritlər" etnik-dini qrupundan uzaqlaşdırılanlar və mülkiyyətindən məhrum edilənlərin bir çoxu Kanada Federal məhkəməsinə müraciət etmişlər, lakin əksər hallarda federal məhkəmə bu icmadan qovulanların kompensasiya tələblərini təmin etməmiş və "Hutteritlər" icmasının haqlarını müdafiə etmişdir. Məhz bu yanaşma kollektiv haqlara əsaslanan Kanada multikulturalizminin özünəməxsusluğunu göstərən bir misal olaraq diqqətə çatdırıla bilər.
Kanadada multikulturalizm siyasəti kanadalıların etnik irsinin qorunması istiqamətində həyata keçirilir. Bu siyasətin ana xətti Kanadada yaşayan, mənşəcə etnik kanadalı olmayan insanlara dözümlü münasibətin olmasıdır. Bu siyasət liberal multikulturalizmi müdafiə edənlər ilə qeyri-liberallar (kommunitariyanlar) arasında müəyyən ziddiyyətlərin meydana gəlməsinə səbəb olur. Belə ki, liberal olmayan multikulturalizm tərəfdarları kanadalıların özləri üçün tutarlı bir kimlik formalaşdırılmasını özlərinin etnik mənşələri ilə bağlayırlar. Liberal multikulturalizm tərəfdarları isə fərdlərin özünəməxsus kimlik (identiklik) formalaşdırmasını xüsusi, şəxsi seçim istiqamətində aparılmasının daha doğru olduğunu irəli sürürlər, amma Kanada kontekstində bu siyasət paradoksal məzmuna malikdir. Çünki liberal siyasət anlayışı, nəticə olaraq kimlik inşasını kanadalı millət terminologiyası çərçivəsində təşviq edir. Bu siyasət ilə birlikdə azlıqlara aid olan fərdlərin etnik mənşələri nə qədər çox təşviq edilirsə, o qədər də özlərini kanadalı hesab etməkdədirlər (Yəni kanadalı kimliyinin mənimsənilməsi üçün, fərqli etnik mənsubiyyətlərin təşviq edilməsi zəruridir).
Bəs bu siyasət "daxili millətlərə" necə təsir edəcəkdir? Kanadada əsasən iki daxili millət mövcuddur. Bunlardan birincisi ingilis dilində danışan Anglofonlar, digəri isə fransız dilində danışan Frankofonlardır. Anglofonlar ölkə əhalisinin təxminən yarısından çoxunu, Frankofonlar isə əhalinin üçdə birini meydana gətirir. Bunlardan başqa azlıqlar isə "daxili millətin" kiçik hissəsindən ibarət olan yerli xalqlardır. Kanadalı olma Kanadada milli azlıqlar kontekstində bir identifikasiya olduğu halda; kanadalılıq ölkəyə imiqrasiya edən qrupların mədəni irslərini itirmə bahasına gizli bir inteqrasiya istiqamətində yürüdülən multikulturalizm siyasətidir. Kanadada 1996-cı ildə əhalinin 86%-nin sadəcə ingilis və fransız ana dilinə sahib olduğunu, ancaq 1, 7%-nin bu iki dildən heç birində danışmadığı təsbit edilmişdir. Bu kontekstdə Evelin Kallen belə demişdir: "Kanada çoxmillətli cəmiyyət olduğu kimi çoxdilli bir cəmiyyət halına gəlmək məcburiyyətindədir. Ölkəyə köç edən bütün fərdlər sahib olduqları ana dillərini danışa bilməli və eyni zamanda Kanada hökuməti buraya immiqrasiya edənlərin özünəməxsus mədəniyyətlərini yaşaya bilmələri və ana dillərindən istifadə etmə imkanlarını təmin etməlidir." Dövlət miqrantlara öz dillərini, mədəniyətlərini, adətlərini və dinlərini qoruma imkanı tanımalıdır, amma Kallennin çoxdilli və çoxmədəniyyətli cəmiyyətə dair təklifində bəzi əskikliklər vardır. İmmiqrasiya edən bir fərdin və ya qrupun başqa bir etnik azlıqla qarşılaşması durumunda nə olacaqdır? 1996-cı ildə gerçəkləşdirilən bir tətqiqata görə əhalinin 36%-nin etnik mənşə yönündən evliliklər vasitəsi ilə qarışdığı və bu halda etnik mənşə anlayışının müxtəlifləşdiyi görülmüşdür.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.