Şirvan xalçaçılıq məktəbi
From Wikipedia, the free encyclopedia
Şirvan xalçaçılıq məktəbi — Azərbaycan xalçaçılıq məktəblərindən biri.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Şirvan məktəbi gözəl xalçaları ilə məşhurdur. Şirvan Azərbaycanın qədim tarixi bölgələrindən biridir. Bütün mümkün xalçaların toxunması yerli əhalinin həm oturaq, həm də köçəri hissəsi tərəfindən geniş yayılmışdır. Şirvan məktəbinə Şirvan rayonunun Şamaxı, Qobustan (Mərəzə), Ağsu, Kürdəmir kimi şəhər və rayonlarında toxunan xalçalar aiddir. Bu məktəb özündə 25 kompozisiya cəmləşdirir. Bura həmçinn öz bədii və texniki xüsusiyyətləri ilə oxşar olan Səlyan xalçaları da daxildir. Şirvan xalçaları mürəkkəb təsvirləriylə və çoxlu miqdarda insan, quş, məişət təsvirləri ilə xarakterizə olunur.
Şirvan xalçaçılıq məktəbi Şamaxı, Mərəzə, Ağsu, Kürdəmir, Qazıməmməd (Hacıqabul), Göyçay və onların ətraf kəndlərini əhatə edir. Şirvan qrupuna "Mərəzə xalçası", "Qobustan xalçası", "Şirvan xalçası", "Kürdəmir xalçası", "Şilyan xalçası", "Şirəlibəy xalçası", "Çuxanlı xalçası","Bico xalçası", "Sor-Sor xalçası", "Hacıqabul xalçası" və s. kompozisiyalar daxildir. Şirvan xalçalarının zəngin və mürəkkəb naxışlı kompozisiyaları orta əsrlərdən məşhurdur. Şirvan xalçalarının bədii dəyəri haqqında VI–VIII əsr alman, ingilis tacirləri, səfirləri öz gündəliklərində qiymətli məlumatlar vermişdilər. Bu xalçalar hələ XIV–XV əsrlərdə Avropa rəssamlarının tablolarında tərənnüm edilmişdir. Niderland rəssamı Hans Memlinq (XV əsr) "Məryəm öz körpəsi ilə" əsərində "Şirvan" xalçasının təsvirini vermişdir.