Tarixi dövr From Wikipedia, the free encyclopedia
Böyük coğrafi kəşflər və ya sadəcə Coğrafi kəşflər — XV–XVII əsrlərdə Avropalılar tərəfindən yeni ticarət yollarının axtarılması məqsədilə başladılan və yeni okeanların, qitələrin kəşf edilməsi ilə nəticələnən tarixi prosesdir.
Avropada olan səyyah və dənizçilərdə olan böyük maraq coğrafi kəşflərin başlanmasına böyük təkan vermişdir. Digər tərəfdə orta əsrlərdə Avropada iqtisadi vəziyyətin gərgin olması, insanların yeni zəngin torpaqlar axtarması həvəsini daha da sürətləndirirdi. İlk coğrafi kəşflər Atlantik okeanı və Afrika sahillərindən, fransız və cenoalı gəmiçilər tərəfindən başladılmışdır. Kanar adaları və Azor adalarının kəşf edilməsi, bu səyahətlər nəticəsində mümkün olmuşdur.
Böyük coğrafi kəşflərin ilkin mərhələsində bir sıra səbəblər üzündən Portuqaliya və İspaniya digər ölkələrlə müqayisədə qarşıda duran mürəkkəb vəzifələrin yerinə yetirilməsinə daha çox hazır idilər. Məhz bu iki Pireney ölkəsinin səyyahları bir neçə onilliklərdə Afrikanın ətrafını dolanmaqla Şərq ölkələrinə və Amerikaya gedən yolları kəşf etmişlər, Şərq yolunun axtarışı ilə onlar Hindistanı və Qərb yolunun axtarışı ilə isə iki böyük materiki — Şimali və Cənubi Amerikanı kəşf etdilər və öyrəndilər.
Lakin XVI əsrin ortalarından başlayaraq Pireney ölkələri zəbt etdikləri sərvətlər ilə məhdudlaşaraq, yeni torpaqlar axtarışından imtina etdilər və əsas diqqəti tutuqları yerləri əldə saxlamağa yönəltdilər. Göstərilən vaxtdan sonra onların yerinə daha güclü olan İngiltərə və Hollandiya gəldi.
Deməli, Böyük Coğrafi kəşfləri ilkin hazırlayan və həyata keçirən iki Pireney dövləti- İspaniya və Portuqaliya olmuşdur. Böyük coğrafi kəşflər dövrü X. Kolumb və F. Magellanın adları ilə bağlı olsa da, bu bir həqiqətdir ki, həmin dövrdə uzaq dəniz səyahətlərinin elmi və texniki bazasını böyük təkid və həvəslə hazırlayan Portuqaliya şahzadəsi Henrix Dənizçi (1395–1460) olmuşdur. Dənizçi ləqəbi Henrixə XIX əsrdə verilmişdir. Bu adı almasına baxmayaraq, çoxlu ekspedisiyalar təşkil etsə də, onun özü heç bir dəniz səyahətinə çıxmamışdır.
O, hələ gənc ikən 1415-ci ildə Şimali Afrika limanı olan Suyetanın Portuqaliya tərəfindən alınmasında iştirak etmişdir. Hələ orada olarkən öyrənir ki, bu şəhərdən cənuba — Böyük səhranı kəsib keçən və qızılla zəngin olan ölkələrə karvan yolu uzanır. Odur ki, Henrix Dənizçi Afrikanın qərb sahili boyu gəmilər göndərib bu zəngin ölkələrə çatmağa can atırdı. O, bütün ömrünü belə məqsədlərin həyata keçirilməsinə həsr etmişdir.
Henrix Avropanın ən qərb burnu olan San-Visentedə rəsədxana, kosmoqrafiya və dənizçilik məktəbləri təşkil edir və Avropanın hər yerindən buraya ən yaxşı kartoqrafları, astronomları, naviqasiya cihazlarından başı çıxan mütəxəssisləri dəvət edir. Səyahətlər zamanı səmt küləkləri, dəniz axınları, burunlar və adalar haqqında toplanan ən yeni məlumatlar burada qeydiyyata alınırdı. Hindistana dəniz yolu axtarmaq üçün Henrix məktəbi tərəfindən ilbəil Afrikanın sahilləri boyuna Portuqaliya gəmiləri göndərilirdi.
Okean qarşısında qorxu hissi adamlarda hələ böyük idi və hətta bəzən heç nə ilə nəzərə çarpmayan adi bir burun keçilməz maneəyə çevrilirdi. Henrix Dənizçi adamları məcbur edirdi ki, bu qorxunu aradan qaldırsınlar, o əsl dənizçilər tərbiyə edirdi. Elə Afrikanın cənub ucqarındakı Ümid burnunu keçməyin qorxu xofunu məhz onun yetişdirdiyi dənizçilər aradan qaldırdılar.
Portuqaliyalılar hələ lap qədim zamanlardan başlayaraq Afrikanın qərb sahillərini qarış-qarış öyrənirdilər. Henrix Dənizçinin yetişdirmələri isə bu prosesi sürətləndirirdilər. Tezliklə Alvize de Kadamosto Yaşıl Burun adalarını kəşf edir. Afrika sahilləri ilə cənuba hərəkət edən Perri di Sintra 1462-ci ildə lap sahilə yaxın hündür dağlar görür, onun buludlarda gizlənən zirvəsindən pələng nərəsi eşidir və ona görə də bu dağa Syerra-Leone (Pələng dağı) adını verir.
1470–1473-cü illərdə portuqaliyalılar Qvineya körfəzinin sahillərini mənimsəməyə başlayırlar və bu zəngin yerlərə müxtəlif adlar verirlər: Fil Dişi Sahili, Qızıl sahil, Kölə sahil və s. İlk dəfə 1441-ci ildə buradan Avropaya aparılan qara qul əsl sensasiya doğurur. Sonrakı illərdə portuqaliyalıların təşkil etdikləri bir çox ekspedisiyaların başlıca məqsədi rüsvayçı və qeyri-insanı qul ovu idi, belə ki, qul alveri böyük gəlir gətirirdi. Qvineya körfəzindən cənuba hərəkət edən portuqaliyalılar sahilin görkəmli yerlərində daş sütunlar-padranlar qoyurdular. Onun yuxarı hissəsi xaç şəklində olurdu, üzərində isə Portuqaliya kralının və həmin sahilə ilk dəfə çıxan dəniz səyyahının adı yazılırdı.
Padranlar gələcək dəniz səyahətləri üçün oriyentir (mayak) rolunu oynayırdı və Portuqaliyanın bu yerlərin kəşflərində olan üstünlüklərini sübualı hesab olunan Hind okeanına çıxır. Lakin güclü fırtınalar onun gəmilərini əldən elə salır ki, o, həmən burnu "Fırtına burnu" adlandırır. Amma indi biz coğrafiya xəritələrində bu ada rast gəlmirik, ona görə ki, Portuqaliya Kralı II Juan "Fırtına burnu"nu "Ümid burnu" adlandırmağı əmr edir. Çünki Diaşın kəşfi portuqaliyalılara zəngin Hindistana dəniz yolu ilə gedib çıxmaq ümidini verirdi və doğrudan da bundan on il sonra Vasko da Qamanın səyahəti bu ümidi doğrultdu.
Portuqaliyalılar Afrikanın sahilləri ilə hərəkət etdikləri bir vaxtda, digər yerdə Hindistana və Çinə qərb dəniz yolunun axtarılması ideyası yetişirdi. Bu ideya antik coğrafların ideyaları ilə tanışlıq əsasında yaranan ümumi coğrafi baxışlar idi.
Xristofor Kolumb (1451–1506), 1492-ci ildə Amerika qitəsini kəşf edərkən, ucuz və qısa bir yolla Asiyaya getmək istəyirdi. Orta əsrlərdə yaşayan bir dənizçi və səyyahların əsas məqsədləri Hindistana gedən dəniz yollarını tapmaq və həmin ölkə ilə ticarət əlaqələri qurmaq olmuşdur. Hindistana quru yolu ilə gedən yol Anadolu və Qafqaz ərazilərindən keçirdi. Həmin dövrdə bu ərazilər Osmanlı imperiyasının nəzarəti altında olduğundan Venesiyalı tacirlərdən yüksək gömrük vergisi alınırdı. Bu səbəbdən Avropalı tacirlər alternativ ticarət yollarının axtarılması ilə məşğul idilər. XV əsrdə Avropada belə bir təsəvvür yaranmışdı ki, Hindistana çatan hər bir dənizçi və ya tacir dərhal varlanacaq. XV–XVI əsrlərdə ipək parça, baharat və ədviyyat kimi dəyərli məmulatlar yalnız Hindistanda mövcud idi və belə mallara Avropada böyük təlabat vardı.
Portuqal səyyahı Bartolomeu Diaşın Ümid burnunu kəşf etməsi, Hindistana gedən yolun tapılması istiqamətində böyük irəliləyişə səbəb oldu. Ancaq Bartolomeu Diaşın gəmi heyəti tropik qızdırma xəstəliyinə yoluxduğundan onun Hindistana getməsi baş tutmamışdır. Digər bir portuqal səyyahı Vasko da Qama 1498-ci ildə aylarla davam edən səyahətin ardından sonunda Hindistana çatdı. Fernan Magellan 1519–1522-ci il dünya səyahətində dünyanın yuvarlaq şəkildə olduğunu sübut etmiş oldu. Venesiyalı səyyah Marko Polo Asiya qitəsinə səyahəti zamanı burada gördükləri əsasında Marko Polonun kitabını yazdı. Bu kitab vasitəsilə Avropalıların Asiya və Şərq xalqları haqqında məlumatları daha da genişləndi.
Coğrafi kəşflər Avropada yaşayan yerli xalqın xammal məmulatları ilə daha yaxşı təmin olunması ilə nəticələndi. Kəşf olunan ərazilərdə yaşayan xalqlar, Avropalılara nisbətdə texnika və hərb sahəsində çox geri qalırdılar. Bu səbəbdən kəşf olunan ərazilərdə yaşayan xalqlar asanlıqla, Avropalıların əsarətinə düşürdülər. Bununla da müstəmləkəçilik adı verilən əsarət forması başlamış oldu. Avropalılar kəşf olunan ərazilərə başlıca olaraq 3 qrup şəxs göndərirdilər. Bunlardan biri rahiblər idi. Rahiblərin işi yerli əhalini xristianlıqlaşdırmaqdan ibarət olmuşdur. Cəngavərlər yerli əhalinin mübarizə əzmini qırmağa, tacirlər isə daha əlverişli ticarət yollarını axtarılması ilə məşğul olurdu. Coğrafi kəşflərin bir çoxu yerli əhali üçün faciə ilə nəticələnmişdir.
İspan konkistador Ernan Kortesin Meksikada yaşayan yerli astek xalqını coğrafi kəşflər adı ilə məhv etməsini buna misal göstərmək olar. Fransisko Pizarro isə Peruda yaşayan yerli ink xalqının kralını əsir almış və əvəzində isə böyük miqdarda qızıl tələb etmişdir. Qızılı aldıqdan sonra isə kralı öldürülməsinə əmr vermişdir. Coğrafi kəşflərdə uğurların əldə olunmasının əsas səbəblərindən biridə, Avropalıların bu kəşflərə yaxşı şəkildə hazırlanmaları olmuşdur. XV əsrdə taxta olmuş Portuqaliya kralı Henri tərəfindən açılmış dənizçilik məktəbi Vasko da Qama və Barlatemo Dias kimi dənizçiləri yetişdirmişdir.
XV əsrin ikinci yarısından XVII əsrin ortalarınadək Böyük coğrafi kəşflər zamanı Avropa dənizçiləri və səyyahları əvvəllər məlum olmayan dənizləri və okeanları, adaları və materikləri kəşf etdilər, ilk dünya səyahətinə çıxdılar, Yerin kürə şəklində olmasını əməli surətdə sübuta yetirdilər. Naməlum ölkələrin axtarılması üçün əsas stimul əsrlər boyu Şərq malları almaq üçün Avropadan Şərqə axan qızıla hərisliyin olması idi. Bundan başqa, Şərqə gedən quru ticarət yolları Osmanlı imperiyasının əlində idi. Buna görə də Avropa dənizçiləri özlərinin Hindistana və Çinə gedən yollarını axtarmağa başladılar. Həm də dəniz yolları quru yollara nisbətən daha əlverişli və təhlükəsiz idi. İlk dəfə Hindistana gedən yolları Portuqaliya dənizçiləri axtarmağa başladılar. 1486–87-ci illərdə Bartolomeu Diaşın ekspedisiyası Afrikanın cənub ucqarlarına çatmışdı. Diaş Afrikanı cənubdan ötüb-keçmiş ilk avropalıdır.
Geri qayıdarkən Ümid burnunu kəşf etmişdir (1488). 1492-ci ildə Kolumbun ispan kralı tərəfindən maliyyələşdirilən üç ekspedisiyası sayəsində Amerika kəşf və tədqiq olundu. 1498-ci ildə Afrikanı ötüb-keçən Vasko da Qama Hindistana çatdı. 1513-cü ildə ispan konkistadoru Nunyes Balboa Panama bərzəxini keçərək Sakit okeanı kəşf etdi. 1519–22-ci illərdə Fernando Magellan dənizlə ilk dövr-aləm səyahətinə çıxdı. 1642–44-cü illərdə holland dənizçisi Abel Tasman Tasmaniya, Yeni Zelandiya adalarını və yeni Avstraliya materikini kəşf etdi. 1648-ci ildə rus dənizçisi Semyon Dejnyov Şimal Buzlu okeanı boyunca Qərbi Asiyaya səyahət etdi və Asiyanı Amerikadan ayıran boğazı (sonralar Berinq boğazı adlandırılmışdır) kəşf etdi. Böyük coğrafi kəşflər avropalıların geniş müstəmləkələr tutmasının əsasını qoydu, Avropada əmtəə istehsalının artmasına təsir etdi, dünya ticarətinin meydana çıxmasına səbəb oldu.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.