Ərk qalası — Təbriz şəhərində yerləşən və XIV əsrdə Hülakülər (Elxanilər) zamanında vəzir Əlişah tərəfindən tikdirilən abidə.
Günümüzdə şəhərin mərkəzində parkın üzərində yerdən 26 metr yüksəkliyə ucalan Ərk-i Əlişah qalası və ya köhnə adı ilə Məscid-i Əlişah Elxanilər dövrü memarlığının bir nümunəsidir. Son Elxani hökmdarı Əbu Səid Xanın (1316–1335) vəziri Əli şah tərəfindən tikdirilən abidə ilk tikildiyi zaman məscid olub və müsəlmanların namaz qılması üçün uzun müddət bu şəkildə istifadə edilib. Sonralar ehtimal ki, Təbrizdə baş verən şiddətli və tez-tez baş verən zəlzələlər səbəbindən bina dağılıb və bəzi əlavələrlə qalaya çevrilmişdir. Bundan sonra abidə Ərk-i Əlişah adlandırılmışdır. Qala sadəliyi, ölçüləri və kərpic hörgüsü ilə diqqəti özünə cəlb edirdi. Tacəddin Əli şah tərəfindən tikdiriilən və sonradan qalaya çevrilən bu binanın eni 30 metr, hündürlüyü 26 metr, qalınlığı isə 10 metrdir. Təəssüf ki, günümüzdə onun yalnız qurbangahı və yan divarları qalmaqdadır. Bundan başqa abidənin üzərində günümüzə qədər gəlib çatmış heç bir yazı yoxdur. 1931-ci ildə abidə Milli İrs siyahısına qeydə alınmışdır.