Şeyx Səfi kompleksi
Şeyx Səfi kompleksi — İranın Ərdəbil şəhərində yerləşən tarixi-dini memarlıq kompleksi. Kompleks Səfəviyyə Sufi təriqətinin şeyxi Səfiəddinin məzarı üzərində inşa edilmiş kompleks ətrafında formalaşmışdır. Səfəvilər sülaləsindən olan şahlar kompleksə böyük əhəmiyyət verərək onun genişləndirilməsi və zənginləşdirilməsini təşviq etmişlər. Şah İsmayıl Xətainin dövründə Şeyx Səfinin türbəsinin fasadı nəfis kaşı işləmələrlə bəzədilmişdir. Onun oğlu I Təhmasibin dövründə Şeyx Səfinin xatirəsinə möhtəşəm memarlıq abidəsi olan məscid inşa edilmişdir. I Şah Abbasın dövründə isə kompleksə Çinixana binası əlavə edilmişdir. Nəfis çiniçilik nümunələrinin toplandığı və sərgiləndiyi bina böyük kitabxana ev sahibliyi etməklə yanaşı, I Abbasın dövründə həm də rəsmi görüşlərin keçirilməsi üçün istifadə edilmişdir. Kompleksin həyətlərindən birində isə Çaldıran döyüşü şəhidləri dəfn edilmişdir.