Yevlax Hava Limanı
Yevlax Hava Limanı Azərbaycanın Yevlax şəhərində yerləşən aeroportdur. Hava limanının texniki-iqtisadi göstəriciləri, 2013-cü ildə yenidənqurma işləri nəticəsində 2520 metr uzunluğunda, 40 metr enində, ümumi sahəsi 105 min kvadratmetr olan asfalt-beton örtüklü yeni uçuş-enmə zolağı salınmışdır. Əvvəllər isə uçuş-enmə zolağının uzunluğu cəmi 1200 metr idi. Bununla yanaşı, 345 metr uzunluğunda, 25 metr enində, ümumi sahəsi 10,7 min kvadratmetr olan yeni asfalt-beton örtüklü yönəldici yolun tikintisi, sahəsi 30,8 min kvadratmetr olan yeni asfalt-beton örtüklü perronun, sahəsi 1200 kvadratmetr olan aerovağzalın yenidən qurulması da görülən işlər sırasına daxildir. Uçuş-enmə zolağı, yönəldici yol və perron xaricdə istehsal olunan işıq-siqnal sistemləri ilə təchiz edilmişdir. Burada sərnişinlərin uçuşa gediş və gəliş zonaları, qeydiyyat masaları, kafe, brifinq və hava limanının işçiləri üçün ofis otaqları yaradılmışdır. Ümumi sahəsi 1300 kvadratmetr olan və dispetçer məntəqəsinin yerləşdiyi dördmərtəbəli bina da tamamilə yenidən qurulmuşdur. Aerodrom bir çox iri həcmli təyyarələrin və bütün tipli helikopterlərin qəbulu üçün yararlıdır.