Bosfor
Qara dəniz və Mərmərə dənizini bir-birləri ilə əlaqələndirən su keçidiBosfor — Qara dəniz və Mərmərə dənizini bir-birləri ilə əlaqələndirən su keçidi. Bosfor boğazı ümumi olaraq şimal-şərq və cənub-qərb istiqamətində uzanır və İstanbul şəhərini Avropa tərəfi və Asiya tərəfi olmaqla iki hissəyə ayırır. Boğazın hər iki tərəfində mövcud olan məskunlaşma ərazisi "Boğaziçi" olaraq adlandırılır. Bosfor boğazı Mərmərə dənizi və Dardanel boğazı ilə birlikdə Türk boğazlarının siyahısına daxil edilmişdir. Boğaz Avropa və Asiya qitələrini bir-birlərindən ayıran təbii sərhədlərdən biri olaraq qəbul edilir. 1 may 1982-ci il tarixində qüvvəyə minən İstanbul Liman Nizamnaməsinin qərarına əsasən Bosfor boğazının şimal sərhədi Anadolu mayakını Rumeli mayakına birləşdirən xətt, cənub sərhədi isə Axırqapı mayakını Kadıköy İnciburnu mayakına birləşdirən xətt olaraq təyin olunmuşdur.