From Wikipedia, the free encyclopedia
Yaqub Yamin oğlu Yolçiyev (21 dekabr 1938, Urud, Qarakilsə rayonu – 2007) — Azərbaycan alimi, AMEA Zoologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru (1984), İnstitutun "Parazit-sahib münasibətlərinin biokimyəvi əsasları" laboratoriyasının müdiri, professor.[1]
Yaqub Yamin oğlu Yolçiyev 1938-ci il dekabrın 21-də Qərbi Azərbaycanın Zəngəzur vilayətinin Sisian bölgəsinin Urud kəndində anadan olmuşdur. O, 1964-cü ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.[1]
Yaqub Yolçiyev Parazit-sahib münasibətlərinin biokimyəvi əsasları laboratoriyasının müdiri, 2002-ci ildən ömrünün sonunadək AMEA Zoologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində işləmişdir. AMEA Zoologiya İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının sədri olmuşdur.[1]
Yaqub Yolçiyev 1971-ci ildə biologiya üzrə fəlsəfə doktoru, 1984-cü ildə elmlər doktorluğu dissertasiyalarını müdafiə etmişdir. 2001-ci ildə professor elmi adını almış və AMEA-nın müxbir üzvü seçilmişdir.[1]
AMEA-nın müxbir üzvü Yaqub Yolçiyev öz tədqiqatlarına heyvanlar aləmində parazit həyat tərzinin biokimyəvi və immunoloji əsaslarını öyrənməklə başlamış, müasir zoologiyanın eyni adda yeni bir elmi istiqamətini inkişaf etdirmişdir. Alim tərəfindən koksidilərin müxtəlif mərhələlərinin biokimyəvi tərkbi öyrənilmiş, ev toyuqlarının, qoyunların və camışların eymeriozu və sarkosporidiozu zamanı zülal, aminturşu, Krebs dövriyyəsi komponentlərinin və onların mübadiləsində iştirak edən fermentlərin fəallığında baş verən biokimyəvi dəyişikliklər müəyyənləşdirilmiş, parazit-sahib münasibətlərində biokimyəvi proseslərin bəzi məsələləri nəzəri cəhətdən əsaslandırılmışdır.[1]
O, 100-dən çox elmi məqalənin və 3 monoqrafiyanın müəllifidir. Zoologiya, parazitologiya, biokimya və baytarlıq üzrə xarici ölkələrdə və Azərbaycanda keçirilmiş 20-dən çox qurultay, simpozium və konfranslarda iştirak edərək məruzələrlə çıxış etmişdir.[1]
Yaqub Yolçiyevin elmi rəhbərliyi altında 7 fəlsəfə doktoru, 1 elmlər doktoru dissertasiyası müdafiə edilmişdir.[1]
2003–2004-cü illərdə NATO-nun "İlan zəhərinin kimyəvi tərkibinin öyrənilməsi" qrantı, "Gürzənin zəhər vəzinin zəhər almaq üçün kulturada in vitro yetişdirilməsi" qrantı üzrə işlər aparmış, 2006-cı ildə BP şirkətinin biomüxtəliflik üzrə 5-ci müsabiqəsinin 3-cü mükafatına layiq görülmüşdür.
Alim Beynəlxalq Nobel Nəşriyyat Təşkilatının təsis etdiyi "Tətbiqi biologiya elmləri jurnalı"nın redaksiya heyətinin üzvü, Azərbaycan Zooloqlar Cəmiyyətinin protozoologiya bölməsinin sədri idi.[1]
Yaqub Yolçiyev məşhur koksidioloq alim kimi Beynəlxalq Nobel Nəşriyyatı Təşkilatının təsis etdiyi "Journal of Applied Biological Sciences" jurnalının redaksiya heyətinə üzv seçilmişdir.[1]
AMEA-nın müxbir üzvü Yaqub Yolçiyev 2007-ci il fevralın 20-də Bakıda vəfat etmişdir.[1]
AMEA-nın müxbir üzvü Yaqub Yolçiyev elmi-tədqiqat işlərinin müasir səviyyədə yerinə yetirilməsinə görə institutun müdiriyyəti tərəfindən dəfələrlə mükafatlandırılmış, ümumittifaq elmi-texniki cəmiyyətlərin Fəxri fərmanlarına layiq görülmüş, Azərbaycan Respublikasının "Şöhrət" ordeni və "Əmək veteranı" medalı ilə təltif olunmuşdur.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.