From Wikipedia, the free encyclopedia
Xəttat – gözəl yazı ustası; yazıçıların əsərlərini, xüsusilə şeirlərini nəfis xətlə köçürüb yayan şəxs; xoşnəvis, mirzə, katib, kalliqraf.[1]
İslam dinində canlıların surətini yaratmaq qadağan olunmuşdu. Bununla və ərəb əlifbası qrafikasının xüsusiyyələri ilə əlaqədar bədii yazı sənəti olan xəttatlıq islamı qəbul etmiş xalqların mədəniyyət və incəsənətində vacib sahələrdən birinə çevrilmişdi. İslamı qəbul edən ölkələr Qurani-Kərimin əlifbasını da qəbul etmişdilər. Din xadimləri bu əlifbada yaranan yazı sənətini hər cür dəstəkləyir və belə bir kultun yaranması üçün xəttatlara yardım da göstərirdilər. Dekorativ-ornamental sənətlə qovuşan bədii yazı mədəniyyəti kitabları, saray binalarını, məscidləri, saxsıdan, metaldan,ağacdan və parçadan hazırlanan tətbiqi sənət nümunələrini bəzəyirdi. Xəttatlıq get-gedə müsəlman dünyasında müstəqil və əsas sənət növlərindən birinə, gözəl yazmaq savadlılıq dərəcəsinin göstəricisinə çevrilirdi. Dövlət xadimlərinin, ədib, şair və alimlərin, rəssamların həm də yaxşı xəttat olduqlarına dair çoxlu misallar gətirmək mümkündür.
Orta əsrlərdə Azərbaycanda bir qayda olaraq, bütün savadlı adamlar, münəccim, həkim, yaxud filosof olmalarından asılı olmayaraq, hesab edirdilər ki, yüksək savad dərəcəsinin bir göstəricisi də şeir yazmaq və xəttatlıq sənətinə yiyələnməkdir. Buna görə də, o dövrdə şair və xəttat kimi şöhrət qazanmaq olduqca çətin idi. Bu çətinlik xüsusilə xəttatlıqda özünü göstərirdi. Ölkədə xeyli kitabxana və emalatxanalar vardı ki, burada da yüksək səviyyəli peşəkar xəttatlar kitabların üzünü köçürür, qəbir daşları, ziyarətgahlar və mülki binalar üçün yazı qəlibləri hazırlayırdılar. Peşəkar və həvəskar xəttatlar həm də ona görə xüsusi rəğbət və hörmət sahibi olurdular ki, müqəddəs Quran ərəb yazısı ilə nazil olmuşdu və bununla da həmin əlifbanın ilahi mənşəyi barədə təsəvvürlər geniş yayılmışdı.
XV əsrin görkəmli Azərbaycan dilçisi Məhəmməd Naxçıvani yazırdı: "Uşaqları ilk növbədə yazıya və səyahət etməyə öyrətmək lazımdır". Məhəmməd peyğəmbərə istinad eləyən ərəb alimləri belə deyirdilər: "Yazı-elmin yarısıdır". Eyni zamanda həm gözəl yazmaq, həm də mətnin məzmun dərinliyi vəhdətdə götürülürdü.
Xəttatların bir neçə nəslinin uzun axtarışlarının nəticəsində ərəb əlifbasının o dövrün praktik və estetik tələblərini ödəməyə qabil altı əsas xətt növü yaradılmışdı: süls, nəsx, mühəqqəq, reyhani, touqi və rəqa. Bunlar birlikdə klassik altılıq adlanırdılar.
Azərbaycanda xəttatlıq sənəti Mübarək şah Zərrinqələm Təbrizinin işlərindən başlanır. O, XIII əsrin məşhur ərəb xəttatı Cəmaləddin Müstəsiminin yetirdiyi altı şagirddən biri idi. Bunlar xəttatlıq tarixinə "altı usta" adı ilə daxil olmuşlar. Ondan başqa həmin "altılıq" a daha bir azərbaycanlı usta şeyx Əhməd Sührəvərdi də daxil idi. Mübarək şah Zərrinqələm klassik xətlərin altısını da yaxşı bilirdi və onun həmin xətlərlə yazan xeyli ardıcılı vardı. Sanki artıq xəttatlıq özünün zirvəsinə çatmışdır və bu sahədə artıq heç bir yenilik etmək mümkün deyil. Bununla belə XIV əsrdə Azərbaycanda, bütün müsəlman dünyasında məşhur olacaq bir xəttat yetişir. Həmin xəttat Xacə Mir Əli ibn İlyas Təbrizi (1330-1405) idi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.