Verilənlər bazası (VB), həmçinin məlumat bazası (MB) və ya databaza (ing.database, DB) — verilənlər bazası idarəetmə sistemindən istifadə etməklə elektron şəkildə saxlanılan və əldə edilən verilənlərin mütəşəkkil toplanması. Kiçik verilənlər bazaları fayl sistemində saxlanılılır, lakin böyük verilənlər bazaları kompüter klasterlərində və ya bulud yaddaşında yerləşdirilir. Verilənlər bazalarının dizaynı formal texnikaları və praktiki mülahizələri əhatə edir. Bura verilənlərin modelləşdirilməsi, məlumatların səmərəli təqdim edilməsi və saxlanması, sorğu dilləri, həssas məlumatların təhlükəsizliyi və məxfiliyi, həmçinin paylanmış hesablama məsələləri daxildir.
Verilənlər bazası idarəetmə sistemi (DBMS) məlumatları özündə saxlamaq və təhlil etmək üçün son istifadəçilər, proqramlar və verilənlər bazası ilə qarşılıqlı əlaqədə olan proqramdır. DBMS proqramı əlavə olaraq verilənlər bazasını idarə etmək üçün nəzərdə tutulmuş əsas imkanları əhatə edir. Verilənlər bazası DBMS və əlaqəli proqramların hamısını ümumilikdə verilənlər bazası sistemi adlandırmaq olar. Çox vaxt "verilənlər bazası" termini hər hansı DBMS, verilənlər bazası sistemi və ya verilənlər bazası ilə əlaqəli proqrama aid edilir.
İnformatiklər verilənlər bazası idarəetmə sistemlərini dəstəklədikləri verilənlər bazası modellərinə görə təsnif edirlər. Relyasiyalı verilənlər bazaları 1980-ci illərdə üstünlük təşkil etmişdi. Bu model məlumatları bir sıra cədvəllərdə sətirlər və sütunlar kimi təqdim edir. Onların böyük əksəriyyəti məlumatların yazılması və sorğulanması məqsədilə SQL-dən istifadə edir. 2000-ci illərdə qeyri-relyasiyalı verilənlər bazaları populyarlaşmışdı və onlar müxtəlif sorğu dillərindən istifadə etdikləri üçün birlikdə NoSQL adlandırılmışdılar.
Verilənlər bazası (verilənlər bazası sistemləri) məlumatların təşkil edilməsi, saxlanılması və idarə olunması üçün strukturlaşdırılmış bir sistemdir. Verilənlər bazası, məlumatların cədvəl şəklində (sütunlar və sətrlər) saxlanıldığı, mütəşəkkil bir mühit təqdim edir. Bu sistemlər SQL (ing.Structured Query Language) istifadə edərək məlumatların sorğulanmasına, dəyişdirilməsinə və idarə olunmasına imkan tanıyır. Relyasiyalı verilənlər bazası modelləri ən yaygın olanlardandır. Verilənlər bazası sistemləri məlumatların etibarlılığını və təhlükəsizliyini təmin etməyə kömək edir.
Verilənlər bazası informasiyanın saxlanmasını və həmçinin tez bir zamanda verilənlərə müraciəti təmin edir. Tətbiqi proqramlar və ya əlavələr verilənlər bazasına daxil olan dəyişənlərin işlənməsinə xidmət edir. Təşkilindən asılı olaraq bazada verilənlər təqdiminin aşağıdakı əsas modelləri vardır:
İerarxik modeldə — verilənlər bazası ağacşəkilli (ierarxik) təşkil olunur
Şəbəkə modelində — verilənlər bazası qraf şəklində təşkil olunur
Relyasiya modelində — verilənlər cədvəllərdə yerləşdirilir və bu cədvəllər arasında əlaqə yaradılır.
Obyektyönümlü modeldə — bazanın ayrı-ayrı yazıları obyekt şəklində təşkil olunur.
Hal-hazırda ən populyar model relyasiya VB-dır. Relyasiya VB cədvəllər, sorğular, formalar, hesabatlar, makroslar, web-səhifələr və modullardan ibarətdir. Verilənlər cədvəlinin strukturu cədvəlin sütunlarının adlarının siyahısı ilə təyin edilir. VB-dan verilənləri çıxarmaq, emal etmək, dəyişmək və silmək üçün xüsusi proqramlar tələb olunur. Bu proqramlar verilənlər bazalarının idarəetmə sistemləri (VBİS) adlanırlar.
Verilənlər bazasını yaratmaq üçün istifadə edilən proqramlar:
Connolly, Thomas M.; Begg, Carolyn E. Database Systems – A Practical Approach to Design Implementation and Management (6th). Pearson. 2014. ISBN978-1-292-06118-4.
Lightstone, S.; Teorey, T.; Nadeau, T. Physical Database Design: the database professional's guide to exploiting indexes, views, storage, and more. Morgan Kaufmann Press. 2007. ISBN978-0-12-369389-1.
Teorey, T.; Lightstone, S. and Nadeau, T. Database Modeling & Design: Logical Design, 4th edition, Morgan Kaufmann Press, 2005. ISBN0-12-685352-5.