From Wikipedia, the free encyclopedia
Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
XIII əsrin 80–90-cı illərində Hülakilər dövlətində baş verən siyasi və ictimai-iqtisadi böhran ən yüksək səviyyəyə çatdı. İşğal altındakı ölkələrin müdhiş dağıntılara məruz qalması, arası kəsilməyən feodal çəkişmələri, zəhmətkeş əhalinin amansız şəkildə talan olunması nəticəsində öz yerlərini tərk etməsi və digər amillər kənd təsərrüfatı istehsalının kəskin surətdə azalmasına, şəhərlərin iqtisadi həyatının tənəzzülünə gətirib çıxarmışdı.
XIII–XIV əsrlərdə Azərbaycanda mövcud olan hüquq mənbələrinin içərisində Elxani hökmdarı Mahmud Qazan xanın verdiyi fərmanlar mühüm yer tutur. Qazan xana qədərki hökmdarlar – Hülakü xan, Abaqa xan, Arqun xan və Keyxatu xanın hakimiyyəti illərində də bu və ya digər məsələlərlə bağlı müxtəlif səpkidə fərmanlar vermişdilər. Başlıca cəhət odur ki, Qazan xanın fərmanları istər ictimai-siyasi, sosial-iqtisadi, dini, istərsə də hüquqi baxımdan mükəmməlliyi ilə seçilir və daha mühüm əhəmiyyət daşıyırdı. 1295-ci ildən 1304-cü ilə qədər hakimiyyətdə olan Qazan xan yerli feodalları öz tərəfinə çəkmək və öz hakimiyyətini möhkəmləndirmək məqsədilə əsasən dövlətin sosial-iqtisadi və hüquqi həyatını əhatə edən bir sıra islahatlar həyata keçirdi. Bu islahatlar onun vermiş olduğu 40-a yaxın fərmanında öz təzahürünü tapmışdı.
Qazan xan islahatlarının tənzimlədiyi münasibətlər sistem baxımından aşağıdakı bölgü ilə ayrıla bilər: İslam dininin qəbulu və möhkəmləndirilməsi barədə qanunvericilik; hərbi iş və qoşun saxlanılmasına dair qanunvericilik; təsərrüfat iqtisadiyyatının idarə edilməsi barədə qanunvericilik; torpaq və rəiyyətin hüquqları barədə qanunvericilik; ticarət-maliyyə qaydaları barədə qanunvericilik; saraydaxili idarəçilik barədə qanunvericilik; daxili qayda-qanunlara əməl edilməsi sahəsində qanunvericilik; ədalət mühakiməsi və mülkiyyət tələbləri haqda qanunvericilik.
Qazan xanın həyata keçirdiyi islahatların əsas təşəbbüskarı və həyata keçirəni baş vəzir, təbib, dövrün məşhur tarixçisi Fəzlullah Rəşidəddin idi. İslahat vergi sisteminin sabitləşdirilməsi, vergi zülmünün yumşaldılması, vergilərin yığılması prosesində mövcud olan sui-istifadə hallarının aradan qaldırılması vasitəsilə əkinçiliyin və şəhər iqtisadiyyatının yüksəlişini təmin etmək məqsədi güdürdü. Tədbiri həyata keçirən şəxslərin qənaətinə görə, bu islahat dövlət xəzinəsinin sabit şəkildə gəlirlərlə təchiz olunmasını təmin etməli idi.
İslahatların əsas hissəsi 1297–1304-cü illər ərzində həyata keçirildi və inzibati aparatın təqribən bütün sahələrini əhatə etdi. Baş verə biləcək müxtəlif qeyri-qanuni əməllərin aradan qaldırılması üçün Qazan xan Elxanilər dövlətinin bütün maliyyə vergi sisteminin yenidən qurulması siyasətini yeritməyə başladı. Vergi verməli olan əhalinin siyahısı tərtib olundu, vergilərin növləri, məbləği və vaxtı dəqiq müəyyən edildi. Vergilərin növləri, ödənilmə vaxtı taxta, metal, daş lövhələr üzərində həkk olundu və müxtəlif yaşayış məntəqələrinin nəzərəçarpan yerlərində qoyuldu. Tərtib olunmuş dövlət sənədlərinə düzəlişlərə imkan verməmək məqsədilə həmin sənədlərin əsli Şənbi-Qazanda yerləşmiş xüsusi yerə təhvil verilməli idi.
Həyata keçirilən islahata əsasən xərac və qopçur vergilərinin məbləği, ödənilmə vaxtı, qaydası müəyyən edilmişdi. Dövlət torpaqlarından alınan xərac vergisi məhsulun 60 faizini təşkil edirdi, xüsusi torpaq sahələrində isə əldə olunan məhsulun 10 faizi xərac vergisi şəklində ödənilməli idi. Vergi alınarkən tərk edilmiş, uzun müddət ərzində becərilməmiş torpaq sahələrini becərənlərə güzəştlər edilirdi. Bu cür sahələrin sahibləri becərmənin ilk ilində bütün vergilərdən azad olunurdular. Üçüncü ildən etibarən, torpaq becərildikdən sonra, torpağın becərilməsi çətinliyindən asılı olaraq xəracın məcmusu tədricən 3/4, 2/3 və 1/2 qədər azaldılmışdı. Belə torpağı becərən şəxs mülk hüququnda həmin torpaq sahəsinin sahibinə çevrilirdi.
1303-cü ildə Qazan xan hərbi feodal əyanlarının mənafeyi naminə xüsusi fərman vermişdi. Bu fərmana əsasən dövlət torpaq mülkiyyəti (divani) fondundan onlara iqta hüququnda sahələr verilməyə başlandı. Torpaq sahələri ilə yanaşı həmin ərazidəki kəndlər, suvarma şəbəkələri və s. iqtidarların ixtiyarına keçdi. İqta torpaqları alınıb-satıla, bağışlana, cehiz və ya başqa şəkildə özgəsinə verilə bilməzdi. Yalnız hərbi qulluq göstərənlər iqta ala bilərdilər. İqtalar iqtidarın ölümündən sonra onun hərbi işi davam etdirən xələfinə çatırdı.
XI–XII əsrlərdə iqta ömürlük şərti torpaq sahəsi idi. XIV əsrdə isə bu sahələr feodalların irsi istifadəsinə keçdi. İqtadar vergi toxunulmazlığı hüququna malik olub, iqta ərazisindəki əhali üzərində geniş səlahiyyətlərdən istifadə edirdi. Türk-monqol mənşəli feodallar Muğan, Şirvan və Arranda geniş iqta sahələrinə malik oldular.
1303-cü il fərmanına əsasən kəndlilərin bir yerdən digər yerə keçməsi qadağan olunmuşdu. Kəndli torpağa təhkim edilmişdi. Lakin qaçmış kəndlilərin əksəriyyəti keçmiş məskənlərinə qayıtmadı. Onları zorla qaytarmaq isə torpaq sahiblərinə müyəssər olmadı.
Qazan xan torpaq islahatı monqolların orta təbəqələrinə və elxanlara qulluq göstərən yerli əyanların mənafeyini və yaşayışını təmin etməyə istiqamətlənmişdi. Bu islahatın əsas hissəsini monqol qoşunlarında xidmət edənlərə iqta torpaq sahələrinin verilməsi təşkil edirdi. Qazan xanın fərmanına əsasən incu və divan torpaqları və eləcə də, boş qalmış torpaqlar (bayrat torpaqlar) hesabına bir çox ərazilər hərbi hissələrin sərəncamına verildi.
Qazan xan istifadəsiz qalan bayrat torpaqların becərilməsi üçün təsirli tədbirlər gördü: bütün istifadəsiz torpaqlar divana təhkim olundu, becərilməyən mülklər də satın alınaraq divana verildi. Həmin torpaqlar yeni sahibkarlara paylandı və onların bu ərazilər üzərindəki hüquqları xüsusi divan sənədləri ilə qanuniləşdirildi.
Yeni sahibkarlar həmin torpaqları satmaq, bağışlamaq, icarəyə vermək və s. hüququna malik idilər. Bayrat torpaqlardan dövlət vergiləri ərazinin təbii şəraitindən, məhsuldarlığından, xüsusilə su təchizatından asılı olaraq güzəştli şərtlərdə toplanırdı və bu baxımdan 3 yerə bölünmüşdü.
1300-cü ildə "Məhkəmə haqqında", "Qazı rütbəsinin verilməsi haqqında", "Dələduzluğun və əsassız iddiaların qarşısının alınması, habelə girovsuz borc alanlar, digər borcluların əhdi pozma hallarının aradan qaldırılması haqqında" fərmanlarla məhkəmə-istintaq islahatı, "İslam hökmdarının qazılara, şeyxlərə, zahidlərə, alimlərə və mömin şəxslərə təlimatları haqqında" fərmanla müxtəlif məsələləri əhatə edən islahat həyata keçirildi. Məhkəmə islahatı ilə əvvəllər mövcud olmuş qayda-məhkəmə hakimi vəzifələrinin iltizama verilməsi qaydası ləğv olunurdu. Həmin fərmanlara əsasən şəriətə aid bütün məsələləri hakimlər, əmirlər, feodallar qazıya bildirməli, qazı isə həmin məsələləri öz hökmü ilə həll etməli idi. Başqa heç bir kəsin bu işə qarışa bilməməsi, qazının həbs etdiyi şəxsi kimsənin azad etməsinin yolverilməz olduğu bildirilirdi.[1]
Məhkəmə hakimləri mükəlləfiyyətlərdən azad edilir, vergi ödəmir, evlərində çapar qalmasından, kopçurdan azad edilirdilər. Qazıların ləyaqətini alçadacaq hər bir hərəkət ciddi cəzalandırılırdı. Yeni fərmana görə qazı çəkişən tərəflərin işinə onların tərəfini saxlayan adamlar olmadan baxmalı, monqol və müsəlmanlar arasında olan mübahisələrə məsciddə ayda iki dəfə bitikçi, məliklərin iştirakı ila baxmalı, hökm onların hamısı tərəfindən imzalanmalı idi. İddia obyekti olan əmlak özgəninkiləşdirilə bilməzdi. Vilayət qazısı yerli qazıları təyin edir, hər ay onların işini yoxlayırdı. Təyin olunmuş qazılardan ədalətli olacaqları barədə iltizam alınır, hər ay qərarların surəti vilayət qazısına göndərilirdi.
Yerli qazılar yalnız borc öhdəçilikləri barədə işlərə baxa bilərdi, daşınmaz əmlak barədə və digər mürəkkəb işlərə isə onlar şəhər məhkəmələri ilə birlikdə baxmalı idilər. Qazı məhkəmə qərarlarını yazmaq, qeydiyyat aparmaq üçün katib götürməli idi. Katib öz işinə xəyanət etdiyi halda, edam olunurdu. Qazılardan alınmış iltizam xüsusi formada tərtib edilir, 30 ildən artıq müddəti olan iddialara baxılacağı təqdirdə cəza veriləcəyi qeyd olunurdu.
Hakimlər həll etdikləri iddialar üçün dövlətin müəyyənləşdirdiyi rüsum alırdılar. Katiblər 110 dinarlıq sənəd üçün bir dirhəm, 111 dinardan artıq sənəd üçün 1 dinar, müdəbbir-məhkəmə fərraşı icrası təsdiq olunmuş sənəd üçün yarım dinar almalı idi. Artıq haqq alan katib və ya müdəbbir saqqalı qırxdırılaraq vəzifəsindən çıxarılırdı. Qanunun tələbinə əsasən qazılar şahid ifadələrini dəqiq yoxlayır, hökmdə həmin ifadələrə əsaslanmaqla bütün halları şərh edirdilər. Əvvəllər mövcud olan iki şahidin ifadəsinə əsaslanaraq hökm çıxarmaq hallarına yol verilməsi aradan qaldırılırdı. Qazılara bir vəzifə olaraq tapşırılmışdı ki, şahidlərin kimliyini, işdə maraqlı olub-olmamasını, iddiaçı və cavabdeh ilə əlaqəsini aydınlaşdırsınlar və bu baxımdan da ifadəyə qiymət versinlər. İfadələrdə zahiri təmtərağa yox, doğruluğa fikir verilməli, ədalətli və qanuna müvafiq hökm çıxarılmalı, kimsənin hüququ tapdalanmamalı idi. Şahid ifadələrində fikir fərqinə, kəmiyyət, keyfiyyət, məkan, zaman fərqlərinə rast gəlindikdə diqqətlə yoxlanılmalı, hər bir şahid ayrı-ayrılıqda dindirilməli idi.
Məhkəmə hakimlərindən işə baxarkən aidiyyət prinsipinə əməl etmələri tələb edilir, səlahiyyətləri dairəsində olmayan işlərə baxmaları, onların səlahiyyətlərindən kənar ərazilərə aid sənədləri yoxlamadan təsdiqləmələri qadağan edilirdi. Hökmlərin müvafiq nümunələr əsasında tərtib olunması üçün əyalətlərə məhkəmə hökmlərinin nümunələri göndərilirdi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.