insanlara təsir göstərən xəstəlik From Wikipedia, the free encyclopedia
Qızılca — qızılca virusunun yaratdığı yüksək yoluxucu, peyvəndlə qarşısı alına bilən yoluxucu xəstəlik.[3][4][5][6]
Simptomlar adətən yoluxmuş şəxslə təmasda olduqdan 10–12 gün sonra başlayır və 7–10 gün davam edir.[7][8] İlkin simptomlar adətən 40 °C (104 °F)-dən yuxarı qızdırma, öskürək, burun axması və iltihablı gözlərdir.[3][9] Simptomların başlamasından iki və ya üç gün sonra ağızda Koplik ləkələri kimi tanınan kiçik ağ ləkələr meydana gələ bilər.[9] Adətən üzdə başlayan və sonra bədənin qalan hissəsinə yayılan qırmızı, yastı səpgilər adətən simptomların inkişafından 3–5 gün sonra başlayır.[9] Əsas fəsadlara ishal (8% hallarda), ortaqulaq iltihablanması (7%) və pnevmoniya (6%) daxildir.[4] Daha az hallarda epileptik tutma, korluq və ya beynin iltihabı baş verə bilər.[4][7]
Qızılca, yoluxmuş insanların öskürməsi və asqırması ilə bir insandan digərinə asanlıqla keçən, hava-damcı yolu ilə yoluxulan xəstəlikdir.[7] Xəstəlik son dərəcə yoluxucudur: xəstəliyə qarşı immuniteti olmayan və yoluxmuş bir insanla eyni yaşayış məkanını paylaşan on nəfərdən doqquzu yoluxur. İnsanlar xəstəliyi səpgilərin başlamasının dörd gün əvvəlindən dörd gün sonrasına qədər başqalarına yoluxdura bilərlər.[4] Qızılca çox vaxt uşaq xəstəliyi kimi qəbul edilsə də, hər yaşda insana təsir edə bilər.[10] Əksər insanlar xəstəliyə bir dəfədən çox tutulmur.[7] Şübhəli hallarda qızılca virusunun yoxlanılması ictimai sağlamlıq üçün vacibdir.[4] Qızılcanın heyvanlarda mövcudluğu məlum deyil.[11]
1985–1992-ci illər arasında ABŞ-də qeyd edilmiş halların yalnız 0,2%-ində ölüm halı baş vermişdir.[4] Lakin qida çatışmazlığı yaşayan insanlarda bu nisbət 10%-ə qədər ola bilər.[7] İnfeksiyadan ölənlərin əksəriyyəti beş yaşından kiçikdir.[11]
Qızılca peyvəndi xəstəliyin qarşısının alınmasında effektivdir və olduqca təhlükəsizdir.[7][12] Peyvənd 2000–2017-ci illər arasında qızılcadan ölüm hallarının 80% azalması ilə nəticələnmiş və 2017-ci ildən etibarən bütün dünyadakı uşaqların təxminən 85%-i ilk dozanı qəbul etmişdır.[11]
Birinci sırada Afrika və Asiyanın inkişaf etməkdə olan bölgələri olmaqla[7] hər il təxminən 20 milyon insan qızılcaya yoluxur.[3] Qızılca ölümlə nəticələnə bilən xəstəliklər arasından peyvəndlə qarşısı alına bilənlərdən biridir.[13][14] Qızılcadan 1980-ci ildə 2,6 milyon insan,[7] 1990-cı ildə isə 545 000 nəfər ölüb. 2014-cü ilə qədər qlobal peyvənd proqramları qızılcadan ölənlərin sayını 73.000-ə endirib.[15][16] Buna baxmayaraq, immunizasiyanın azalması səbəbindən 2017-ci ildən 2019-cu ilə qədər xəstəlik və ölüm nisbətləri artmışdır.[17][18][19]
Simptomlar adətən yoluxmadan 10–14 gün sonra başlayır.[20][21] Klassik simptomlara dörd günlük qızdırma, öskürək, rinit (burnun iltihabı, qızdırma, asqırma), konyunktivit (qırmızı gözlər) və səpgi daxildir.[22] Qızdırma tez-tez olur, adətən təxminən bir həftə davam edir və tez-tez 40 °C (104 °F) qədər yüksəlir.[23]
Qızıca üçün xarakterik hallardan biri ağız içərisində görünən Koplik ləkələridir. Bu ləkələr qısamüddətlidir və buna görə də nadir hallarda müşahidə olunur.[22] Koplik ləkələri adətən yanaqların içərisində, azı dişlərin qarşısında görünən kiçik ağ ləkələrdir.[21] Onlar "qırmızı fonda duz dənələri" kimi görünürlər.[24] Bu ləkələrin xəstə maksimum yoluxuculuğa çatmamışdan əvvəl fərqinə varılması xəstəliyin yayılmasının qarşısını almağa kömək edə bilər.[25]
Xarakterik qızılca səpgisi klassik olaraq qızdırma başlayandan bir neçə gün sonra başlayan qırmızı, yastı səpgi kimi təsvir edilir. Qulaqların arxasından başlayır, əvvəl baş və boyuna, bir neçə saatdan sonra isə geri qalan bədənə yayılır. Qızılca səpgisi ilkin simptomlardan iki-dörd gün sonra görünür və səkkiz günə qədər davam edir. Səpgilərin yoxa çıxmazdan əvvəl rəngini qırmızıdan tünd qəhvəyiyə dəyişərək "ləkə"yə çevrildiyi qeyd edilir.[26] Ümumiyyətlə, qızılca adətən üç həftədən sonra yox olur.[23]
Qızılcaya qarşı peyvənd olunmuş, lakin qoruyucu imuniteti tam olmayan insanlar dəyişdirilmiş qızılca forması ilə qarşılaşa bilərlər.[27] Modifikasiya olunmuş qızılca daha yüngül və daha az xarakterik simptomlarla (qısa müddətli seyrək və diskret səpgi) ilə xarakterizə olunur.[27]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.