From Wikipedia, the free encyclopedia
Məhkəmə nəzarəti — icraedici və qanunverici hakimiyyətlərin fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması prosesidir. Məhkəmə nəzarəti səlahiyyəti olan məhkəmə daha yüksək hüquqi qüvvəsi olan hüquq normaları ilə ziddiyyət təşkil edən qanunları və hökumət qərarlarını ləğv edə bilər. Bu zaman icraedicilik hakimiyyətinin qərarları qanunsuz olduğuna görə, qanunlar isə konstitusiyanın normalarını pozduğuna görə qüvvədən düşmüş hesab edilə bilər. Məhkəmə nəzarəti hakimiyyətlərin bölünməsi prinsipindəki yoxlama və balanslardan biridir: qanunverici və icraedici orqanlar öz səlahiyyətini aşdıqda məhkəmə onların üzərində nəzarəti həyata keçirir. Doktrina yurisdiksiyalar üzrə fərqlənir. Odur ki, məhkəmə nəzarəti prosesi və onun əhatə dairəsi ölkədən ölkəyə fərqlənə bilər.
Məhkəmə nəzarəti iki fərqli, lakin paralel hüquq sistemləri kontekstində — roman-german hüquq sistemi və ümumi hüquq sistemində, həmçinin iki fərqli demokratiya nəzəriyyəsində araşdırıla bilər. Hansı ki bu nəzəriyyələr qanunverici hakimiyyətin aliliyi və hakimiyyətlərin bölgüsü doktrinaları və hökumətlərin təşkil edilməsi prinsipləri ilə bağlıdır.
Birincisi, roman-german və ümumi hüquq sistemində məhkəmə nəzarəti ilə bağlı müxtəlif baxışlar mövcuddur. Ümumi hüquq sistemində hakimlər hüququn mənbəyi kimi qəbul edilirlər. Onlar yeni hüquq prinsipləri yaratmaq səlahiyyətinə malikdirlər, həmçinin artıq etibarsız hesab edilən hüquq prinsiplərinin tətbiqindən imtina edə bilərlər. Roman-german hüquq sistemində isə ənənəvi olaraq hakimlərə hüquq prinsipləri yaratmaq və ya aradan qaldırmaq səlahiyyəti olmadan hüquq tətbiq edən şəxslər kimi yanaşılır.
İkincisi, hakimiyyətlərin bölünməsi ideyası demokratik cəmiyyətdə hökumətin necə təşkil edilməli olması barədə digər bir nəzəriyyədir. Qanunverici hakimiyyətin aliliyindən fərqli olaraq, hakimiyyətlərin bölünməsi ideyası ilk dəfə Monteskyö tərəfindən irəli sürülmüşdür;[1] sonralar müvafiq nəzəriyyə ABŞ-də Ali Məhkəmə tərəfindən Con Marşallın sədrlik etdiyi Merberi Medisona qarşı məhkəmə işində tətbiq edilmişdir. Hakimiyyətlərin bölünməsinin əsaslandığı ideyaya görə, hüquqi təminatlarsız hakimiyyətin heç bir qolu digəri üzərində səlahiyyətlərini həyata keçirə bilməz; hakimiyyətin hər bir qolunun digər qollar üzərində nəzarət və yoxlama səlahiyyəti olmalıdır və nəticə olaraq, hakimiyyətin bütün qolları arasında tənzimedici balans yaradılmalıdır. Sözügedən ideyanın əsas məğzi qarşılıqlı nəzarət və balans sistemidir. ABŞ-də məhkəmə nəzarəti məhkəmələr tərəfindən hakimiyyətin digər iki qolu üzərində səlahiyyətlərin icrası ilə bağlı həyata keçirilən əsas nəzarət vasitəsi hesab edilir.
Ümumi hüquq sisteminə əsaslanan və məhkəmə nəzarətinin daha çox tətbiq edilməsinin lehinə olub hakimiyyətlərin bölünməsi fikrini vurğulayan cəmiyyətlərdə "demokratik" cəmiyyətlərin formalaşdırılmasındakı fərqlər məhkəmə nəzarəti ilə bağlı müxtəlif baxışların yaranmasına gətirib çıxarmışdır. Lakin hüquq sistemləri qanunvericilik hakimiyyətinin aliliyi ideyasına əsaslanan bir çox dövlətlər hakimiyyətin qanunvericilik qoluna müstəsna olaraq səlahiyyətlərin verilməsinin mümkün təhlükələrini görmüş və məhdudiyyətlər yaratdığı qənaətinə gəlmişdirlər. Roman-german hüquq sistemli əksər dövlətlər çoxluğun tiranlığının qarşısını almaq üçün məhkəmə nəzarəti formasını qəbul etmişdirlər.
Əksər müasir hüquq sistemləri məhkəmələrə inzibati aktlara nəzarət etmək səlahiyyəti verir (dövlət orqanlarının fərdi qərarları: məsələn, subsidiya verilməsi haqqında qərar, yaşamaq üçün icazə verilməsindən imtina edilməsi haqqında qərar və s.). Bəzi dövlətlərdə (xüsusilə də Fransa və Almaniya) inzibati orqanlarla vətəndaşlar arasında mübahisələri həll etmək səlahiyyəti olan inzibati məhkəmə sistemi yaradılmışdır. ABŞ və Birləşmiş Krallıq kimi digər dövlətlərdə məhkəmə nəzarəti mülki məhkəmələr tərəfindən həyata keçirilsə də, inzibati məhkəmə kimi ixtisaslaşmış məhkəmələrə və ya kollegiyalara ötürülə bilər. ABŞ-də qarışıq sistem tətbiq olunur: məhkəmə nəzarəti bəzi inzibati qərarlar üzərində ABŞ federal dairə məhkəmələri (hansı ki bunlar ümumi məhkəmələr hesab edilirlər), bəziləri üzərində birbaşa olaraq ABŞ apelyasiya məhkəmələri, digərlərində isə Veteranların İddiaları üzrə ABŞ apelyasiya məhkəməsi kimi ixtisaslaşmış məhkəmələr tərəfindən həyata keçirilir. İnzibati aktın üzərində məhkəmə nəzarətinin həyata keçirilməsi ilə bağlı iddialar müəyyən ilkin şərtlərə və formal tələblərə (məsələn, şikayətin ünvanlandığı səlahiyyətli qurumun adının qeyd edilməsi) cavab verməlidir. Bir çox dövlətlərdə məhkəmələr inzibati işlərdə xüsusi prosedurlar tətbiq edirlər.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.