Leyla Vəkilova

Azərbaycan balerinası From Wikipedia, the free encyclopedia

Leyla Vəkilova

Leyla Məhəd qızı Vəkilova (29 yanvar 1927[1], Bakı[1]20 fevral 1999, Bakı) — Azərbaycan balerinası, xoreoqraf, baletmeyster, SSRİ xalq artisti (1967), professor, Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri (1976–1982), Bakı Xoreoqrafiya Məktəbinin bədii rəhbəri.

Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Leyla Vəkilova
Thumb
Doğum tarixi 29 yanvar 1927(1927-01-29)[1]
Doğum yeri
Vəfat tarixi 20 fevral 1999(1999-02-20) (72 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti balerina, baletmeyster, xoreoqraf, balerina, balet pedaqoqu[d]
Fəaliyyət illəri 1943–1999
Mükafatları "Şöhrət" ordeni — 1997 "Lenin" ordeni — 1959
"SSRİ xalq artisti" fəxri adı — 1967 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1958 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1955
Bağla

Həyatı

Leyla Məhəd qızı Vəkilova 1927-ci il yanvar ayının 29-da Bakıda doğulub. Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır. Səkkiz yaşında Bakı Xoreoqrafiya Məktəbinə daxil olub. Əvvəlcə Ədilə Almaszadənin, son siniflərdə isə görkəmli balet ustası və pedaqoq Qəmər Almaszadənin rəhbərliyi ilə sənətin incəliklərinə yiyələnib. 1943-cü ildə məktəbi uğurla bitirən aktrisa Azərbaycan Dövlət Opera və Balet Teatrının balet truppasına solist götürülüb.

1945–1946-cı illərdə ixtisas səriştəsini təkmilləşdirmək, sənətkarlıq qabiliyyətini formalaşdırmaq məqsədilə iki il dünya şöhrətli Moskva Xoreoqrafiya Məktəbində xüsusi kurs keçib. Bakıya qayıdaraq Opera və Balet Teatrının aparıcı balet aktrisası olub. Tezliklə o, repertuarın ən sanballı balet tamaşalarında qadın qəhrəmanların partiyalarını ifa etməyə başlayıb. Onun yaradıcılığının ən parlaq yaradıcılıq qələbələrini təmin edən obrazlar dünya balet ulduzlarının da əsas repertuarlarını təşkil edir.

Yaradıcılığı

Thumb
"Qız qalası" baletindən səhnə

Leyla Vəkilova müxtəlif illərdə teatrın səhnəsində Gülyanaq ("Qız qalası", Əfrasiyab Bədəlbəyli), Odetta-Odilliya, Avrora, Mulla ("Qu gölü", "Yatmış gözəl" və "Şelkunçik", Pyotr Çaykovski), Pao Xoa ("Qırmızı lalə", Reynqard Qlier), Kitri ("Don Kixot" Lüdviq Minkus), Laurensiya ("Laurensiya", Aleksandr Kreyn), Zarema ("Bağçasaray fəvvarəsi", Boris Asafyev), Gülşən ("Gülşən", Soltan Hacıbəyov), Aişə, Sari ("Yeddi gözəl" və "İldırımlı yollarla", Qara Qarayev), Şirin ("Məhəbbət əfsanəsi", Arif Məlikov), Jizel ("Jizel", Adolf Adan), Malvina ("Qızıl açar", Boris Zeydman), Qaraca qız ("Qaraca qız", Əşrəf Abbasov) partiyalarını ifa edib.

Leyla Vəkilova Polşada (1956, 1962, 1968), Suriyada (1960), Çexoslovakiyada (1964), Hindistanda (1965), Bolqarıstanda (1966), Fransada (1969, 1974), Macarıstanda (1973), İtaliyada (1976), Türkiyədə (1977, 1982), TiflisdəAlmaniyada (1979), Nepalda (1981) ifaçı və baletmeyster kimi uzunmüddətli qastrol səfərlərində olub. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti Dekadasında iştirak edib.

1976-cı ildən 1982-ci ilə kimi Azərbaycan Dövlət Rəqs Ansamblına bədii rəhbərlik edib.

Balet ustası 1953-cü ildən ömrünün sonuna kimi Bakı Xoreoqrafiya Məktəbində klassik rəqslər fənnindən dərs deyib və 1992-ci ildən həm də bu təhsil ocağına bədii rəhbərlik edib. Leyla Vəkilovanın yetirmələri nəinki Azərbaycanda, hətta Moskvanın Böyük Teatrında, Almaniyada milli balet sənətinin çiçəklənməsində səmərəli xidmətlər göstəriblər. O, 1996-cı il sentyabr ayının 6-dan Bakı Xoreoqrafiya Məktəbinin professoru idi. Onun layiqli yetirmələri bu gün də sənət fəaliyyətlərini davam etdirirlər.

Görkəmli balet ustası, milli səhnə mədəniyyətimizin nadir incilərindən olan Leyla Məhəd qızı Vəkilova 20 fevral 1999-cu ildə Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.

Mükafatları

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.