Eynəlqüzat Həmədani (fars. ابوالمعالی عبدالله بن ابیبکر محمد میانجی; 1098[1][2][…], Həmədan – 7 may 1131[3][4], Həmədan) – tanınmış İran[5] [6] filosofu və şairi, sufiliyin panteist fəlsəfəsinin yaradıcısı.[7][8][9][10]
Həyatı
Eynəlqüzat Abdulla Həmədani əslən İranın Həmədan şəhərindəndir.
Miyanəcilər XI – XII əsrlərdə istedadlı şairlər, görkəmli alimlər yetirmiş böyük nəsildir. Soyadın etimoloqiyası çox guman ki Miyana şəhəri ilə bağlıdır. AMEA-nın müxbir üzvü Zakir Məmmədov bu məsələni araşdırarkən müəyyənləşdirmişdir ki, onlardan Eynəlqüzat Miyanəcinin babası Əbülhəsən Əli Həsən oğlu Miyanəci mükəmməl təhsil görmüş hüquqşünas alim və incə təbli şair kimi tanınmışdır. Mənbələrdə onun haqqında çox az məlumat qalmışdır: "Qazi Əbülhəsən Əli Miyanəci 1079–cu ilin aprel (471–ci ilin şəvval) ayında sübh namazı əsnasında öz məscidində qətl edilmişdir. Müasirləri mütəfəkkirin düşmənlər və ona həsəd aparanlar tərəfindən məhv edildiyini bildirirlər".[6] Eynəlqüzat Miyanəcinin atası Əbubəkr Məhəmməd Miyanəci də adlı–sanlı hüquqşünas alim və Həmədan şəhərinin qazisi olmuşdur. Orta əsr müəlliflərindən biri onun haqqında yazmışdır: "Fəzilətli, fəzilətlinin oğlu və fəzilətlinin atası. Yəni o, Qazi Əli Miyanəcinin oğlu, Eynəlqüzat Abdulla Miyanəcinin atasıdır."[11]
Eynəlqüzat Miyanəci Həmədanda doğulub yaşadığına görə Həmədani kimi də tanınmışdır. O, baş qazi vəzifəsində dərin hörmət qazandığından "Eynəlqüzat" (Ayn al–qudat – Qazilərin gözü) fəxri adını almışdır. "Əbülməali" ləqəbi isə "Fəzilətlər atası" deməkdir.[12]
Eynəlqüzat Miyanəci təhsilə çox erkən başlayıb, Ömər Xəyyam (1048–1131), Əhməd Qəzali (…-1126), Məhəmməd Cüveyni (1057–1135) və başqalarından elmin müxtəlif sahələrini mükəmməl öyrənmişdir. Filosof gənc olmasına baxmayaraq dövrün açıqfikirli görkəmli alimləri ilə möhkəm dostluq əlaqələri yarada bilmiş, elm xadimləri ilə mühüm məsələlər ətrafında mübahisələr aparmış, məktublaşmışdır.[13]
Filosof özü keçdiyi həyat yoluna nəzər salaraq yazırdı: "Mən bu yolu seçdim. Mühüm və qeyri–mühüm elmləri nəzərdən keçirdim. Zərərli və faydalı olan hər şeyi mütaliə etdim. Hətta öz mətləbimdə məni maraqlandıran nə vardısa onun təhsilinə nail oldum. Faydası az şeylərə baş qoşmadım, elmdə dolanbac yolla getmədim. Çünki elm çox, ömürsə qısadır. Az fayda verəcək təhsildə ömrü itirmək axmaqlıqdır."[6]
Eynəlqüzat Miyanəci 28–29 yaşlarında azadfikirlilik üstündə müsəlman qanunçuları – fəqihlər tərəfindən təqiblərə məruz qalır. Ayrı–ayrı yerlərdə onu kafir elan edir, ölümünə fitva verirlər. O, 1127–ci ildə bu xəbəri eşidib, dostu qazi Kəmalüddövləyə yazmışdı: "Şəhərdə deyirlər ki, Eynəlqüzat allahlıq iddiası edir. Mənim qətlimə fətva veriblər. Ey dost, əgər səndən fitva istəsələr, sən də fitva ver." [13][14]
Zakir Məmmədov qeyd edir ki, azadfikirli filosof yaxın gələcəkdə cəzalandırılacağını yaxşı bilirdi. Lakin o, öz amalları, idealları uğrunda qurban getməyi özünə böyük səadət sayır, məğrur–məğrur yazırdı: "Günlər keçəcək, bir səhər görəcəksən ki, Eynəlqüzat bu müvəffəqiyyətə nail olubdur." [12][15]
Nə sayılan ailədən çıxması, nə böyük mənsəb – Həmədanın baş qazisi vəzifəsini tutması, nə də təhsil müəssəsinə – mədrəsəyə rəhbərlik etməsi onu bu ittihamdan xilas edə bilmir. O, 1128–ci ildə həbs edilib, Bağdad zindanına göndərilir. Öz müasiri İmadəddin İsfahani yazır ki, "kütbeyin vəzir Əbülqasim Dərgəzini Eynəlqüzat Miyanəcini həbsə aldı, öz zülmündə tələsdi, hökmündə insafsızlıq etdi. Vəzir filosofun qanını axıtmağa imkan tapmaq və cismən əldə saxlamaq üçün onu qolbağlı Bağdada apardı".[15] Eynəlqüzat Miyanəci Bağdad zindanında yazdığı "Ölkələrin alimlərinə vətəndən ayrı salınmış qəribin şikayəti" ("Şəkva əl–ğərib ən əl-əvtan ilə üləma əl–buldan"), yaxud müxtəsər "Qəribin şikayəti" ("Şəkva əl–ğərib") adlanan traktatında ağrılı–acılı günlərindən xəbər verir. O, doğma elindən-obasından uzaq düşdüyünə görə iztirab keçirir, yuxusuz qalır, həsrətə dözməyib göz yaşları axıdır, "Vətən sevgisi imandır, gizli deyildir ki, vətən sevgisi insan fitrəti ilə qatışmışdır" deyə aləmə car çəkir.[16]
Qürbət diyarda tək–tənha, siyasi dustaq saxlanılan ülvi ideallar şairi özünün bəzi müsibətlərini bildirəcəyi, öz dərdinə şərik etməklə təskinlik tapacağı bir həmdəm, dövrün dönüklüklərindən şikayətini söyləyəcəyi, ağır işdə ona əlac etmək üçün kömək diləyəcəyi bir munis olmadığını yazır. Mütəfəkkir həm də iftixar hissi ilə bildirir ki, ona edilən pisliklərin mayasında bir həsəd (paxıllıq) yatır. Bu isə hər dövrdə böyük şəxsyyətlərin üzləşdiyi təbii haldır, zira həsəd fəzilətə qarşı yaranır.[11]
Zakir Məmmədov mənbələr əsasında müəyyənləşdirmişdir ki, bir müddət qürbətdə saxlanıldıqdan sonra Eynəlqüzat Miyanəcini Həmədana qaytarır və 1131–ci ildə 6 mayda (525–ci il, cəmadal axirə ayında) otuz iki (hicri tarixi ilə otuz üç) yaşında dərs dediyi mədrəsədə edam edirlər.[12]
Eynəlqüzat Miyanəcinin qısa ömür yaşasa da həyatda dərin iz qoyduğunu bildirən Zakir Məmmədov filosofun hələ öz sağlığında elmi ictimaiyyətin diqqətini cəlb etdiyini qeyd etmişdir: İmadəddin İsfahani yazırdı: "O, görkəmli alimlərdən idi. Fəzilət və zəkada kim onun mislində ola bilər?!" Zəhirəddin Beyhəqi Eynəlqüzat Miyanəcini sufi filosof kimi səciyyələndirmiş, yaradıcılığından nümunələr gətirmişdir.[11] Əbusəd Səmani isə Eynəlqüzat Miyanəci haqqında yazır: "O, əsrin görkəmli alimlərindən biridir, zəka və fəzilətdə misal çəkilir. Böyük hüquqşünas və istedadlı şair idi." [13]
Yaradıcılığı
Azərbaycanda Eynəlqüzat Miyanəcinin fəlsəfi irsinin yeganə tədqiqatçısı Zakir Məmmədovdur. Alim elmi yaradıcılığa başladığı illərdən sufizmdə panteist sistemi ilk dəfə Mühyiddin İbn əl-Ərəbinin (1165-1240) işləyib hazırlaması haqqındakı müddəanı təkzib etmiş, İbn Ərəbidən hələ yarım əsr əvvəl sufizmin panteist fəlsəfəsinin Eynəlqüzat Miyanəcinin yaratdığını mənbələrlə sübut etmişdir.[17]
Eynəlqüzat Miyanəcinin zəngin və orijinal yaradıcılıq irsinə malik olduğunu bildirən Zakir Məmmədov filosofun özünə istinadən qeyd edir ki, onun iyirmi dörd yaşına qədər yazdığı əsərlərdə ədəbiyyat, hədis, təfsir, hüquq, kəlam, habelə peripatetizm məsələləri əsas yer tutur. Filosofun bundan sonra qələmə aldığı "Həqiqətlərin məğzi" (Zübdət əl–həqaiq), "Müqəddimələr" (Təmhidat) və "Qəribin şikayəti" kitablarında sufizmin müxtəlif aspektləri işıqlandırılmış, ona bitkin fəlsəfi məzmun verilmişdir.
"Həqiqətlərin məğzi"[18] sufi–fəlsəfi traktatını Eynəlqüzat Miyanəci iyirmi dörd yaşında ikən yazıb başa çatdırmışdır. Müəllif yüz fəsildən ibarət bu əsərdə ifrat sufi mütəfəkkirlərin istəyini yerinə yetirmək məqsədini güddüyünü söyləyərək onların panteist əhval–ruhiyyəli fikirlərini inkişaf etdirib, təsəvvüfdə fəlsəfəyə geniş yol açmışdır.
"Müqəddimələr" Eynəlqüzat Miyanəcinin ən iri həcmli əsəridir. Onun yazılıb tamamlandığı vaxt, filosofun ciddi təqiblərə məruz qaldığı 1127–ci ilə təsadüf edir.
"Qəribin şikayəti" Eynəlqüzat Miyanəcinin son əsəridir. Mütəfəkkir ölüm ayağında qələmə aldığı bu traktatda öz yaradıcılıq fəaliyyətinə bir növ xitam verir, panteist doktrinalarına, mütərəqqi ictimai–siyasi baxışlarına haqq qazandırmağa çalışır. Əsər dərin elmi–fəlsəfi məzmun daşımasına baxmayaraq, poetik nümunələrin geniş yer verildiyi yüksək bədii üslubda tərtib edilmişdir. Bu əsərlər doktor Əfif Üseyran tərəfindən 1962–ci ildə Tehranda çap olunmuşdur. Ülkər Zakirqızı Eynəlqüzat Miyanəcinin Azərbaycan ərəbdilli ədəbiyyatında mühüm xidmət göstərdiyini bildirərək yazır ki, "Qəribin şikayəti" əsərində Eynəlqüzat Miyanəci ədəbi formaları həm hekayə, həm də şeiriyyətin vəhdətində götürmüşdür. Belə ki, traktatda bədii cümlələrlə ifadə olunmuş fikirlər arasında gözəl şeirlər söyləmiş, bununla da hisslərini daha təsirli göstərmişdir.[19][20]
Filosofun öz dostlarına və müridlərinə göndərdiyi geniş mündəricəli sufi və elmi–fəlsəfi "Məktublar" iki cilddə buraxılmışdır. Eynəlqüzat Miyanəcinin panteist fəlsəfəsinin işıqlandırılmasında həmin məktubların xüsusi əhəmiyyəti vardır.[13]
Zakir Məmmədov filosofun irsini araşdıraraq yazır ki, Eynəlqüzat Miyanəci özünün fəlsəfi sistemində həm varlıq təlimini, həm də idrak nəzəriyyəsini tamamilə orijinal şəkildə işləyib hazırlamışdır. O, bütün əvvəlki filosoflardan öz yetkin dialektik mühakimələri ilə də seçilir. Eynəlqüzat Miyanəci dinsizlikdə təqsirləndirilib bədnam edilməsinə baxmayaraq, əsrlər boyu tarixçi və təzkirəçilər tərəfindən görkəmli sufi–filosof kimi yad edilmiş, onun əsərləri ayrı–ayrı ölkələrdə müxtəlif vaxtlarda köçürülərək əldən-ələ gəzmişdir.[11]
2009-cu ildə Eynəlqüzat Miyanəcinin anadan olmasının 910 illik yubileyi ilə əlaqədar Zakir Məmmədovun müəyyən səbəblərə görə çap edilməyən "Eynəlqüzat Miyanəcinin panteist fəlsəfəsi" kitabı əsasında "Mənalı ömrün faciəsi" adlı məqalə hazırlanmış və bununla da filosofun 910 illik yubileyi qeyd edilmişdir.[21]
Varlıq təlimi
Allah ilə bütün mövcud şeylərin eyniliyi prinsiplərini işləyib hazırlamış Eynəlqüzat Miyanəci panteist dünyagörüşünə malik olmuşdur. Zakir Məmmədov yazır ki, Eynəlqüzat Miyanəcinin varlıq təlimində "varlıq" bütün mövcud şeyləri əhatə edən ən ümumi qismlərə, məsələn, qədimə və sonradan meydana çıxmışa, kamilə və naqisə, vahidə və çoxa bölünür. Allah, substansiya və onun atributları, aksidensiya və sair istilahların şərhi də Eynəlqüzat Miyanəcinin varlıq təliminin başlıca xüsusiyyətlərini əks etdrir. Varlığın qisimləri, növləri filosof tərəfindən başqa istilahlarla da verilir. Eynəlqüzat Miyanəcinin panteist məzmun daşıyan varlıq təlimi öz mahiyyəti etibarilə kreatsionizmə və dualizmə müxalifdir. Panteist filosof Allah ilə mövcudat arasındakı münasibəti Günəş ilə onun şüaları timsalında aydınlaşdırır. O yazır: "Ümumi camaatın nəzərində deyildiyi kimi, ərzə yayılan şüaların varlığı üçün, qaim Günəşin üzü olmasaydı, şüaların varlığı əsla mövcud olmazdı".[13]
Zakir Məmmədov filosofun təlimində Günəş ilə şüalar arasındakı münasibətin Xaliq ilə məxluqat arasındakı münasibətdən fərqli olduğunu bildirmişdir: Xaliq ilə məxluqat bir–birindən zamanca ayrılır, zira məxluqat sonradan meydana çıxmışdır. Günəş ilə şüalar isə birgə mövcuddur. Eynəlqüzat Miyanəcinin varlıq təlimində Günəşlə onun şüaları kimi Allahla mövcudat da bir–birindən ayrılmazdır, vahid tamdır.[11]
Zakir Məmmədov Eynəlqüzat Miyanəcinin Şərq peripatetizminə münasibəti haqqında yazmışdır ki, Varlığı vacib və mümkün qsimlərə bölən Şərq peripatetikləri bu qisimləri zamanca və təbiətcə fərqləndirməyib, müəyyən mənada bərabər tuturdular. Eynəlqüzat Miyanəci Şərq peripatetiklərinin bu dualist mövqeyini fürsət düşdükcə inkar etmiş, onların əsaslandıqları emanasiya (mövcudatın mütləq vahid varlıqdan zəruri surətdə çıxması) təliminin tənqidi üzərində xüsusi dayanmışdır. Mvcudatın mərtəbələrinin vahid başlanğıcdan, ilk səbəb sayılan vacib varlıqdan hasil olmasını təmin edən emanasiya nəzəriyyəsinə görə vahid ilk səbəbin əmələ gətirdiyi ilk nəticə həmçinin vahid olmalıdır.[13]
Eynəlqüzat Miyanəci emanasiya prinsipini tənqid edərkən yazır: "Deyə bilərsən "Nəzər əhlinin (peripatetiklərin) yanında aşkar məlumdur ki, Allah–təala mövcudatdan yalnz bir şey üçün səbəb olur və beləliklə, bu hal insan varlığına gəlib çatır. Hər cəhətdən vahid olandan yalnız vahid şeyin çıxması mümkündür." Bu, elə böyük uydurma söhbətdir ki, onu söyləməyə adamın dili gəlmir. O, bəsirətlilər yanında açıq küfrdür." [13]
Eynəlqüzat Miyanəci emanasiya silsiləsində hər bir varlığın özündən sonrakı varlığı törətməsini, onun üçün səbəb olmasını qəbul etməyi monizmdən uzaqlaşmaq kimi qiymətləndirərək yazır: "Hər bir özü–özlüyündə vacib olan iki qədim varlığı isbat edən kəs ilə hər biri vücuda gətirmək üçün yararlı iki səbəbi isbat edən kəs arasında fərq yoxdur".[11]
Emanasiya nəzəriyyəsinin tənqidi və kreatsionizmin inkarı Eynəlqüzat Miyanəcinin substansiya və atributlar, xüsusən aksidensiyalar haqqında təlimində inkişaf etdirilir.[13]
Zakir Məmmədov mütəfəkkirin panteist fəlsəfəsində ən ümumi mənada götürülən "varlıq" anlayışının son nəticədə "Allah" anlayışı ilə eyniləşdirildiyini qeyd etmişdir: Allah mövcudatın (mövcud şeylər aləminin) mənbəyi, çıxış yeri adlandırılır. Allaha filosof tərəfindən panteist mövqedən varlığın mənbəyi və çıxış yeri deyilməsi ciddi narazılığa səbəb olmuş, mütəfəkkirin dinsizlikdə təqsirləndirilib edam edilməsi üçün əsas dəlillərdən biri sayılmışdır. Panteist filosofun ontologiyasında Allah ayrı–ayrı şeylər aləmini təmsil etməklə eyni zamanda bütövlükdə həm çox, həm də vahid tamdır. O yazır: "Həqiqətdir ki, qüdrətli və ali olan Allah çox və tamdır, ondan başqa nə varsa tək və hissədir. Ondan savayı hər bir şey yalnız onun tamlığını və çoxluğunu izləyən olması cəhətdən həm hissə, həm də tək olur".[11]
Mövcud şeylər aləminin müəyyən təzahürlərinə nisbətdə Allahı çox və tam adlandırmağa "öz–özlüyündə qaranlıq kəlam" deyən filosof həmin fikri belə bir misalla aydınlaşdırmağa çalışır: "Bil ki, Günəş vahid olsa da, ondan çıxan şüalar çoxdur. Haqdır ki, deyilə: Günəş çoxdur, şüalar isə vahiddir." [13]
Zakir Məmmədov yazır ki, "Qəribin şikayəti" traktatında bu müddəanın da müsəlman ideoloqlarının hiddətini doğurması göstərilmişdir.[11]
Eynəlqüzat Miyanəcinin fikrincə, substansiya deyilən qədim (əzəli), yaxud vacib varlıq öz–özündə mövcuddur, onun heç bir başqasına ehtiyacı yoxdur. Bununla bərabər, o, meydana çıxmış varlığın mövcudluğu üçün ümdə şərtdir: "Əgər varlıqda bir qədim olmasaydı, meydana çıxmış da əsla mövcud olmazdı." [11]
Filosof bu kəlamlardan məntiqçilərin "birləşmiş şərti sillogizm" adlandırdıqları apodiktik istidlalın nəticə çıxdığını qeyd edərək əql ilə anlaşılan həqiqətlərin idrakında güclü olmayıb, təzə başlayan kəsə asan olsun deyə yazır: "Deyilir: "Əgər varlıqda bir mövcud olsaydı, varlıqda bir qədimin olması vacib gələrdi." Bu, birisinin şübhə edəcəyi təsəvvür olunmayan yəqin əsasdır. Sonra deyilir: "Varlıq qəti olaraq məlumdur." Bu da birinci kimi yəqin olan ikinci əsasdır. Sonra iki əvvəlki əsasdan nəticə çıxır: "Bir mövcudun varlığı, zəruri surətdə qədimdir." Bu, varlıq yolu ilə qədimi isbat edən istidlaldır. Nə müxtəsər deməkdə, nə də geniş təhqiq etməkdə bu bəyanın olması təsəvvür edilməz." [11]
Panteist filosof qədim (əzəli) varlığın mövcudluğu haqqında geniş söhbət açmadan o barədə özündən qabaq kifayət qədər məlumat olduğunu qeyd edir: "Həmin qədimin mövcudluğu necə olmuşdur? Bu məlum müddəadır və kitablar onunla doludur." [13]
Substansiya öz–özlüyündə mövcud və öz–özlüyündə zəruridir, qədimdir, sonsuzdur, onun varlığı üçün bir başlanğıc yoxdur və i. a. bu kimi təbirlər panteist fəlsəfədə substansiyanın vahidliyini əsaslandırır. Filosofa görə, substansiya vacib varlıq adlandırıldığı təqdirdə heç vəchlə özündə ikilik olmayan vahiddir. Belə ki, ikiliyin varlığı vacib varlıqda əsla təsəvvür edilməz. Çünki mümkün deyildir ki, iki şey ola və onlardan hər biri özü–özlüyündə vacib ola.[11]
Zakir Məmmədov Eynəlqüzat Miyanəcinin substansiyanın birliyinə əhədiyyət və vəhdət baxımından yanaşdığını yazaraq göstərmişdir ki, bu anlayışlar sufi ədəbiyyatda mühüm yer tutub, sufizmin ontologiyası haqqında müəyyən təsəvvür yaradır. Y. E.Bertles onları müqayisə edərək yazır: "Əhədiyyət mütləq, ali birlikdir, burada çoxluq haqqında təsəvvür, tamamilə istisna edilmişdir. Vahidiyyət (vəhdət) həmçinin tərkib hissələrə ayrılmadığına və yekcins olduğuna baxmayaraq, çoxluq ideyası onda artıq qoyulmuşdur. Bu anlayış belə bir müqayisə ilə izah edilir: Ağac toxumunda potensial surətdə bütün ağac tamamilə qoyulmuşdur. Ancaq bütün bunlar toxumda tərkib hissələrə ayrılmadan homogen şəkildə mövcuddur. Eləcə də vahidiyyətdə bu birlikdə hələ həm gizli halda, həm də bu formada xaricdə görünməsinə baxmayaraq bütün mövcudatın ideyalar çoxluğu artıq qoyulmuşdur".[mənbə göstərin] [13]
Eynəlqüzat Miyanəcinin təlimində Allah öz müxtəlifliyi ilə mövcud bütün varlıqların çıxış yeri və mənbəyi olmaqla bərabər, həm də onların yeganə səbəbidir. Çünki, "ondan savayı olan hər bir mövcud şeyin nə həqiqət, nə də varlıq sarıdan substansiyası vardır".[13]
Eynəlqüzat Miyanəci bütün mövcud şeylərin yalnız vacib varlığın sayəsində gerçək olduğunu israrla söyləmişdir. Ayrı–ayrı şeylərin substansional müstəqilliyinin inkarı panteist mütəfəkkirlərin hamısının ontologiyası üçün səciyyəvi xüsusiyyətdir. Məsələn, XVII əsr Niderland filosofu Benedikt Spinoza da Eynəlqüzat Miyanəci kimi deyirdi: "Allahdan başqa heç br substansiya nə mövud ola bilər, nə də təsəvvür edilə bilər." [11]
Zakir Məmmədov yazır ki, Eynəlqüzat Miyanəci batinilərin Allahın atributlarına etinasız qalan ezoterik doktrinası kimi, zahirilərin, onun fikrincə, dualizmə aparıb çıxaran, ekzoterik doktrinasını da rədd edir. O yazır: "Substansiyanı təsdiq edib, atributları təsdiq etməyən kəs bidətçi cahildir, substansiyadan həqiqi fərqlənmə ilə fərqlənən atributları təsdiq edən kəs isə kafir dualistdir və bu küfrü ilə o, cahildir".[11]
Eynəlqüzat Miyanəcinin fəlsəfəsində substansiya ilə aksidensiya bütünlükdə Allahla mövcudatı, vacib varlıqla mümkün varlığı təşkil edir. Filosof mümkün varlığı eyni zamanda caiz varlq adlandıraraq yazır: "Caiz varlıq mövcud olmaya da bilər. Onun yoxluğu qeyri–caiz olduqda o, mənəvi işıqlar və ruhlardır. Bu olmadıqda, o, mövcud ola da bilər, mövcud olmaya da bilər. Nə ki varlığa daxil deyil, o, yoxluqdur". [11]
Eynəlqüzat Miyanəcinin fikrincə şeylərin mövcud və qeyri–mövcud olması onların Allaha nisbətindən irəli gəlir. O yazır: "Varlığın çıxdığı Əzəli həqiqətə nəzər saldıqda, Ondan vücuda gəlmiş şey və Ondan hələlik vücuda gəlməmiş şey (lakin o, adlandığı məqamda və məlum vaxtda vücuda gəlir) nəzərə alındıqda Əzəli həqiqətdən vücuda gəlmiş şey üçün elə bir nisbət olur ki, bu nisbət hələlik Ondan çıxmamış şey üçün mövcud deyildir. Bu, mövcud olanların və yox olanların Allaha nisbətdə fərqlənməsidir.[13]
Prof. Zakir Məmmədov yazır ki, Eynəlqüzat Miyanəcinin varlıq təlimi o dövrün dini fəlsəfi fikrində varlığa dair baxışlardan əsaslı surətdə fərqlənir. Əgər sxolastlar maddi aləmi Allahdan zamanca ayırırdılarsa, Şərq peripatetikləri isə mümkün varlığın vacib varlıqla yanaşı, mövcudluğunu dualistcəsinə söyləyirdilərsə, Eynəlqüzat Miyanəci Allahı mövcud şeylərin mənbəyi, səbəbi saymaqla onu, mövcudatın özü ilə vəhdətdə, eyniyyətdə götürürdü.[11]
İdrak nəzəriyyəsi
Eynəlqüzat Miyanəcinin idrak nəzəriyyəsinin onun varlıq təlimi ilə üzvi surətdə bağlı olduğunu yazan Zakir Məmmədov qeyd edir ki, filosofun panteist fəlsəfəsində bütün varlığın və onun qisimlərinin, Allahın, onun substansiyasının və atributlarının, habelə aksidensiyaların, mövcud şeylərin hallarının dərk olunması mümkün sayılır. Burada idrak prosesnin üç mərhələsi qəbul edilir: hissi mərhələ, əqli mərhələ və əql arxası mərhələ (mərifət – intuisiya).[13]
Eynəlqüzat Miyanəcinin əsərlərindən məlum olur ki, o, idrakın hissi və əqli mərhələlərinin şərhində Şərq peripatetiklərinin mövqeyinə yaxındır. Hissi idrakı Aristotelin "hissdən (duyğudan) məhrum olan kəs, idrakdan da məhrumdur" tezisi məzmununda başa düşən filosofun fikrincə, rənglər görmə duyğusuna görə, dadlar dadbilmə duyğusuna görə, qoxular iybilmə duyğusuna görə, səslər eşitmə duyğusuna görə qavranılır. Bu duyğulardan biri digərini əvəz edə bilməz. Eynəlqüzat Miyanəci duyğuları uyğun olaraq görünən, dadılan, qoxulanan, səslənən şeylərin dərk edilməsində tərəzi adlandırılmışdır. Məsələn, rənglərin tərəzisi yalnız görmə duyğusudur. Mütəfəkkir qeyd edir ki, hər şeyin öz tərəzisi var, hər işin öz meyarı var.[11]
Eynəlqüzat Miyanəci hissi idrak məsələləri üzərində öz sələfləri olan Şərq peripatetikləri qədər geniş dayanmamışdırsa da idrak prosesinin bu birinci mərhələsinin rolunu düzgün qiymətləndirmişdir. Filosofun fikrincə, hisslər, duyğular obyektiv gerçəkliyi əks etdirir, onların mənbəyi xarici aləmdir, maddi mühitdir, buna görə də, məsələn, "birisi dadmazsa, dadı duymaz".[11]
Eynəlqüzat Miyanəci bildirir ki, hissi idrak üçün müəyyən imkan həddi vardır. Bu mərhələdən sonra əqli (məntiqi) idrak mərhələsi gəlir. Filosof insan əqlinin gücünə, gerçəkliyi dərk etməkdə onun böyük imkanına inanırdı. "Həqiqətlərin məğzi" traktatında deyilir: "Bil ki, əql düzgün tərəzidir, onun hökmləri yalana yol verməyən doğru yəqinlikdir. O, adildir, ondan heç zaman haqsızlıq təsəvvür edilməz".[11][22]
Əbülhəsən Bəhmənyar və başqa Şərq peripatetikləri kimi Eynəlqüzat Miyanəci də sözləri quruluş və məna etibarilə nəzərdən keçirmiş, onları sadə və mürəkkəb, habelə, təkmənalı və çoxmənalı olmalarına görə təhlil etmişdir. Mütəfəkkir sözə fikrin ifadəçisi, məna göstəricisi kimi baxmışdır. O yazır: "Bil ki, hər bir mənanın həmin mənaya mütabiq təbirlə ifadə olunması təsəvvür edilir. Hətta müəllim o mənanı həmin təbirlə bir, iki və daha artıq dəfə şagirdə şərh edərsə, məna ilə onun haqqındakı biliyi eyniləşdirər." Filosofun idrak nəzəriyyəsində söz anlayışla, dil təfəkkürlə əlaqələndirilir. O bu münasibətlə deyir ki, adamın kəlamı onun ağlının və elminin kəmalını göstərir.[11]
Eynəlqüzat Miyanəci təfəkkür formalarından hökmləri, onların müxtəlif növlərini əsasən peripatetik mövqedən şərh etmişdir. Mütəfəkkir hökmləri ümumi və xüsusi, iqrari və inkari olması baxımından nəzərdən keçirmiş, məzmun sarıdan onların müqəddəm müddəalar, zənnə əsaslanan müddəalar və s. növləri haqqında söz açmışdır. Filosof məntiqdən br metod kimi geniş bəhrələnmişdir. O öz əsərlərində istidlalın müxtəlif formalarını işlətmiş, elmi mühakimələrində sillogizmin təbiiliyə yaxın fiqurlarını, apodiktik istidlalları, sübutları tətbiq etmişdir. Formal məntiqin bütün qayda–qanunlarından məharətlə istifadə edən alim təfəkkür formalarının düzgünlüyünü onun əks etdirdiyi məzmunun gerçəkliyi ilə vəhdətdə götürmüşdür.[13]
Eynəlqüzat Miyanəcinin hissi idrak kimi əqli (məntiqi) idrakın da müəyyən imkan həddində qəbul etmişdir: O özünün idrak nəzəriyyəsində hissi ilə rasionalın mövqeyini, nisbətən aydınlaşdırarkən yazır ki, göz bəzi mövcud şeyləri dərk etməyə qabildir. Göz eşidilən, qoxulanan və dadılan şeylərin qavranılmasında acizdir, eləcə də, əql mövcud şeylərin çoxunun dərk olunmasında çətinlik çəkir. Panteist filosofun fikrincə, idrak növlərindən heç biri digərini əvəz edə bilməz, duyğu da, qavrayış da, əql də obyektiv gerçəklikdən özünə müyəssər olan cəhətləri əks etdirir. Dərkedici qüvvələrdən birinə aid olan inikas o birisi üçün sirr görünə bilər.[11]
İdrakda əqlin acizlik çəkdiyi şeylərə gəldikdə, filosof onları metafizik təfəkkür tərzi ilə izah edilə bilməyən məsələlər saymışdır. Eynəlqüzat Miyanəcinin fəlsəfəsində substansiyanı anlama peripatetizmdəki ilk səbəbi dərk etmə ilə qarşılıqlı götürülür. Mütəfəkkir, peripatetik filosofların "nəticə olan hər bir varlığı törədən ilk səbəb nəticə olan varlıqla tədqiq edilir" müddəasından çıxış edərək yazırdı ki, əqlin imkanı ilk səbəbin varlığını mövcudatın varlığına görə istidlal etməkdir. Deməli, Eynəlqüzat Miyanəcinin fikrincə, əql mövcudata və onun atributlarına əsasən substansiya haqqında nəticə çıxarır.[11]
Zakir Məmmədov yazır ki, Eynəlqüzat Miyanəci emanasiya nəzəriyyəsini qəbul edən Şərq peripatetiklərindən və kreatsionizmə əsaslanan ilahiyyatçı sxolastlardan fərqli olaraq, panteist monizm mövqeyində durub, Allahın insanla eyniləşdirdiyi üçün insanın özünü dərk etməsini Allahı dərk etmək kimi qiymətləndirmişdir. O, panteist məzmunlu kəlamlara istinad edərək, "Özünü dərk edən kəs Allahı dərk etmişdir" fikri üzərində əsaslı dayanmışdı, çünki "Özünü dərk etməkdə aciz olan kəs Rəbbini dərk etməkdə daha artıq dərəcədə acizdir".[13]
Zakir Məmmədov Eynəlqüzat Miyanəcinin idrak nəzəriyyəsində "eşq" anlayışının mühüm yer tutduğunu göstərmişdir: O, eşqi Allahı dərk etməyin göstəricisi, aşiqi məşuqə qovuşduran qüvvə adlandırmışdır. Eşqin başlanğıcında aşiq müşahidə edən, məşuq müşahidə edilən sayılır. Lakin bu psixoloji halın sonunda onlar arasında fərq silinir: "Müşahidə edən ilə müşahidə edilən birləşdikdə müşahidə edən müşahidə edilənə, müşahidə edilən müşahidə edənə çevrilir".[13]
Panteist filosofun fikrincə əzəliyyətə qovuşan kəslər, yəni ariflər hər şeyə panteist mövqedən yanaşırlar. O bu mənada "Ariflər Allah şeylərdən baxmırlar, əksinə, Allahda şeylərə baxırlar" deyərək, "Bir şeyi gözdən keçirməmiş ondan qabaq Allahı gördüm" kəlamını yayır.[11]
Eynəlqüzat Miyanəcinin idrak nəzəriyyəsinə görə, konkret hissi şeylərin zahiri cəhətləri duyğularla, onların mahiyyəti əqllə, Allahla eyniləşdirilən şeylər aləminin bütövü isə intuisiya ilə dərk edilir. Bundan əlavə, filosof inkişaf prosesinin sırf formal məntiq qanunları ilə dərk etməyin çətinliyi qarşısında qalarkən həqiqətin yalnız intuisiya vasitəsiylə əldə edildiyini söyləmişdir.[11]
Dialektikası
Filosofunun dialektikası onun varlıq təlimi və idrak nəzəriyyəsi ilə sıx bağlıdır. Eynəlqüzat Miyanəci "öz cinslərinin və növlərinin müxtəlifliyi üzrə olan varlığın" bir sıra qismlərə, məsələn, qədimdə və sonradan meydana çıxmışa, kamilə və naqisə, vahidə və çoxa bölündüyünü yazmışdır. Onun vacib və mümkün, substansiya və atributlar, substansiya və aksidensiya, müşahidə edilən və müşahidə edən kimi başqa bölgüləri də qeyd edilir. Eynəlqüzat Miyanəcinin varlıq təlimindən məlum olur ki, bu tərəflərdən bəzisim digərini əvəz edə bilir, zira, burada əkslik münasibətilə yanaşı, eynilik münasibəti də vardır. Məsələn, Eynəlqüzat Miyanəci yazır: "Varlığın qisimlərinin saysız–hesabsız atributların qisimlərini göstərməsi odur ki, həmin atributlar həqiqətdə nə substansiyanın eyni, nə də ondan başqadır".[13][22]
Panteist filosof aqillərin, daha doğrusu, yalnız formal məntiqə əsaslanan filosofların mövqeyindən baxdıqda bu müddəanın anlaşılmaz olduğu qeyd etmişdir. Şeylərdə daxili ziddiyyətli cəhətləri, meylləri görən Eynəlqüzat Miyanəci yazırdı: "Bil ki, birisinin "bu şey, məsələn, bir cəhətdən həmin şeyin nə eyni, nə də ondan başqadır" deməsi məntiqi baxımdan qeyri-mümkündür. Onun qeyri–mümkünlüyü əql üçün son dərəcə aydındır. Ancaq onun mənasında iki cəhət nəzərə alınarsa və iki müxtəlif məna tələbindən işlədilərsə, o, aşkar gerçəklikdir. Onun bəyanı budur ki, şey bəzən bir cəhətdən mövcud, başqa bir cəhətdən isə yoxluq olur".[11][22]
Bir–birinə əks olan "xeyir" və "şər" anlayışları, onların dialektik əlaqəsi Eynəlqüzat Miyanəci tərəfindən geniş araşdırılmışdır. Filosofa görə, xeyir və şər öz təbiətinə müvafiq şeyi əksliklə dərk edən varlığa, başqa sözlə, insana nisbətdə mövcuddur. O yazır: "Mənimsəyən qüvvəyə müvafiq şey özünün mənimsənilməsində mənimsəyənə uyğun gəldikdə, ona nisbətdə xeyirdir. O ikisi arasında bu nisbət başqa cür olduqda, deməli, müvafiq şeyin mənimsənilməsi mənimsəyənə uyğun gəlməyib, əksinə zərər vurduqda, o şey mənimsəyənə nisbətdə şərdir. Bunun üçün caizdir ki, vahid şey bir halda iki mənimsəyənə nisbətdə xeyir və şər olsun. Birisi belə desə gerçəkdir: bir qrup adamın müsibətləri, digər qrup adam üçün sərfədir".[13][22]
Zakir Məmmədov yazır ki, Eynəlqüzat Miyanəci şeyləri daim dəyişmədə, meydana çıxma və yox olmada təsəvvür edirdi. O, "Həqiqətlərin məğzi" traktatında yazırdı: "Kamil olmayanlar zənn edirlər ki, hər bir anda mövcud olan şüa, məsələn, özündən qabaqkı və özündən sonrakı anda mövcud olan şüanın eynidir... Əksinə, hər bir anda mövcud olan şüa həmin anda mövcud nisbəti tələb edir. Həmin anlarda mövcud nisbətlər isə zəruri surətdə bir–birindən fərqlənir". [13][22]
Filosof möhkəm inandığı həqiqəti yalnız ariflərə deyil, həm də aqillərə (alimlərə) çatdırmağa səy göstərmişdir: "Aqillərdən kim bu mövzunun fəhmində özündə hər an başqa bir varlığın yeniləşdiyi çıraq işığına diqqət yetirsə, bunu dərk etmək ona asan olar. Uşaqlar zənn edirlər ki, vahid qayda üzrə şölələnən gördükləri çıraq işığı eyni bir şeydir. Alimlər qəti bilirlər ki, hər bir anda onun üçün başqa bir surət yeniləşir. Ola bilsin ki, ona nəzər yetirsən və onunla fəhmini tanış etsən, əqlin bundan bir şey mənimsəyə".[11][22]
Zakir Məmmədov panteist filosofun inkişafın inkarla davam edən istiqamətini qəbul etdiyini bildirmişdir:"Hər bir mövcud şey daimi varlıqdır. O, əbədi qaim canlıya görə daim təkrarlanır. Həmin şey üçün hər bir anda özündən qabaqkına oxşar başqa varlıq yeniləşir". [11][22]
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.