Cek
From Wikipedia, the free encyclopedia
Cek — Azərbaycan Respublikasının Quba rayonunun Əlik inzibati ərazi vahidində kənd.[1] Baş Qafqaz silsiləsinin yamacındadır.[2] Şahdağ xalqlarının nümayəndələrindən biri olan ceklilərin tarixi, mərkəzi iqamətgahı. Quba xanlığı dövründə Xınalıq mahalının, SSRİ dövründə Əlik kənd sovetliyinin tərkibində olmuş, hazırda Əlik bələdiyyəsinin tərkibindədir (1999-cu ildən).
Cek | |
---|---|
41°11′49″ şm. e. 48°14′30″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Quba rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.643 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 328 (2009) nəfər |
Rəsmi dili | Azərbaycan dili |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Cek kəndi çox qədim tarixə malik kəndlərdən biridir. Cek sözü etnotoponimdir.[2]
8 avqust 1930-cu ildən Qonaqkənd rayonunun tərkibində olmuş Cek kəndi 4 dekabr 1959-cu ildən Quba rayonunun ərazisinə keçirilmişdir.[3][4] SSRİ dövründə Əlik, Haput, Qrız, Qrızdəhnə kəndləri ilə birlikdə Əlik kənd sovetliyinin tərkibində olan Cek kəndi hazırda Əlik və Haput kəndləri ilə birlikdə Əlik bələdiyyəsinin tərkibindədir.
2011-ci ilin avqust ayında Xınalıq Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun Cek kəndinə aid ərazisində qədim yaşayış məntəqəsi və 1 ədəd kurqan aşkarlanıb. Ərazidə işləyən arxeoloq İdris Əliyevin bildirdiyinə görə, tapıntıların tunc dövrünə – e.ə. III–II minilliklərə aid olması ehtimal edilir. Arxeoloq tapıntıların böyük əhəmiyyətə malik olduğunu deyib. Onun sözlərinə görə, yaşayış məntəqəsi və kurqanın tədqiqindən sonra bu ərazi ilə bağlı bəzi mübahisəli məsələlərə aydınlıq gətirilə bilər. Kurqanın yerləşdiyi ərazidə 15-ə qədər mağara mövcuddur. Mağaraların qədim insanların yaşayış məskəni olması ehtimal edilir. Tezliklə mağaralarda arxeoloji qazıntılar aparılacaq.[5]
Mədəniyyəti
Kənd ərazisində 25-dən çox ziyarətgah, o cümlədən Atəşpərəstliyin izlərini özündə əks etdirən "Atəşgah" və 1000 ildən də artıq yaşı olan "Əbu Müslim məscidi" yerləşir. Bu yerlərin İslam dininə möhkəm bağlılığından soraq verən "Əbu Müslim məscidi"nin inşa olunma dövrü, çox güman ki, VIII əsrdə Şirvanı və Dağıstanı işğal edərək İslamı yayan xəlifə Validin qardaşı Əbu Müslimin hakimiyyəti illərinə və yaxud bir qədər ondan sonraya təsadüf edir. Sovet hakimiyyəti illərində dağıdılaraq daşından məktəb binası, ağaclarından isə taxıl anbarı tikilən bu məscid 1988-ci ildə kənd ağsaqqallarından biri Şıxəli Muradovun təşəbbüsü və kənd camaatın köməkliyi ilə qismən bərpa edilmişdir. Lakin maddi çətinliklər üzündən "Əbu Müslim məscidi"nin inşası hələ ki, lazımı səviyyədə tamamlanmamışdır. Belə ki, onun ətrafında geniş və ardıcıl surətdə elmi-arxeoloji və memarlıq tədqiqatları aparmaq çox vacibdir.
Coğrafiyası və iqlimi
Cek kəndi Baş Qafqaz silsiləsinin yamacındadır. Quba şəhərinin 43 kilometr cənub-qərbində, 41°11′49″ şimal enində və 48°14′30″ şərq uzunluğunda, dəniz səviyyəsindən 1643 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Şimaldan Qrız, cənubdan Əlik, şərqdən Yergüc, qərbdən isə Qalaxudat kəndləri ilə əhatə olunub.
Cek qayaları
Qudyalçayın sağ qolu olan Ağçayın mənbəyinə doğru çayın sol sahilində, Baş Qafqaz silsiləsinin şimala doğru uzanmış qolunun suayrıcında şiş qayalar ucalır. Bunlar Cek kəndinin üstündə olduğundan Cek qayaları adlanır. Cek qayaları sanki Dubrar qayalarının qərb qurtaracağıdır. Ondan qərbə belə qayalar yoxdur. Böyük Qafqazın şərq qurtaracağında, dərələrin yamacında, suayrıclarında relyefdə aydın görünən sivri ucları olan konusvari bu Dubrar qayaları relyefə xüsusi gözəllik verir. Bir qrup geoloq bu qayaları "köksüz", digərləri isə "köklü" qayalar hesab edirlər.[6]
İşğın gölü
2009-cu ilin oktyabr ayının əvvəlləridə baş vermiş torpaq sürüşməsi ilə Qudyal çayın qarşısının kəsilməsi nəticəsində yaranmışdır.[7] Torpaq yaxınlıqdakı çaya doğru sürüşdüyündən çayın qarşısını kəsib və ərazidə göl əmələ gəlib.[8] Bu gölü ceklilər İşğın gölü adlandırır. "İşğın" cek dilindən tərcümədə "torpaq sürüşməsi" deməkdir.
Əhalisi
Kənd əhalisinin yaşayış sahəsi təqribən 7 kilometrlik radiusu əhatə edir. Kəndin əhalisini ceklilər təşkil edir. Ceklilər Azərbaycanın milli etnik nümayəndələridir. Ceklilərin ana dili cek dilidir.[11]
1886-cı ildə kəndin əhalisi 7,767 nəfər olmuşdur.[12] 40 il sonra – 1926-cı ildə isə 607 nəfər idi.[12]
2019-cu ilin siyahıyaalınmasına əsasən kəndə 200 nəfər əhali yaşayırdı.[13]
Təhsilin vəziyyəti
Kənddə ibtidai məktəb fəaliyyət göstərir. Hələ 1928-ci ildə yaradılmış məktəbin son illərdə tamamilə yararsız vəziyyətə düşmüş binası 2006-cı ilin əvvəllərində YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" proqramına əsasən yenidən inşa edilərək istifadəyə verilmişdir.
İqtisadiyyatı
Tarixən köçmə həyat tərzi keçirən kənd sakinlərinin əsas məşğuliyyəti heyvandarlıq, əkinçilik və toxuculuq olmuşdur. Kişilər əsasən qoyunçuluqla, qadınlar yundan müxtəlif məmulatlar – xalça, palaz, kilim, corab, şal toxumaqla məşğul olurdular. Cek kəndi Quba xalçalarının ən parlaq kompozisiyalarından biri olan "Cek" xalçalarının mərkəzləşmiş məntəqəsi hesab olunur. "Cek" xalçaları Azərbaycan xalçalarının Quba-Şirvan tipinin Quba qrupunun dağlıq hissəsinə aid edilir.
Kənddə məskunlaşmış əhalinin çox böyük əksəriyyəti hazırda qışlaq və yaylaq şəraitindən istifadə etməklə heyvandarlıqla məşğul olur. Onlar ilin bir yarısını qışlaqda, digər yarısını isə yaylaqda keçirməyə adət edib. Hər il oktyabrın 1-dən 15-dək qoyun sürülərini qışlağa endirir, may ayının 1–15-i arası isə yaylağa çıxarırlar.
Ovçuluq
Qədim dövrdən etibarən kənd sakinləri ovçuluqla məşğul olmuşdurlar. Ovladıqları heyvanlar əsasən, dağ kəli, dağ keçisi, qaban və digərləri idi. Hazırda isə bu ənənə, demək olar ki, itməkdədir. Ceklilərin və digər şahdağlıların əvvəllər ov etdikləri məkanlar hazırda peşəkar ovçu olan turistlər üçün çox cəlbedicidir.
Yollar
Şəkilləri
- Cek kəndindən görünüş
- Cek kəndindən görünüş
- Pir meşəsi
İstinadlar
Mənbə
Xarici keçidlər
Həmçinin bax
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.