Bakı Dövlət Universitetinin Kimya fakültəsi
From Wikipedia, the free encyclopedia
Bakı Dövlət Universitetinin Kimya fakültəsi — Bakı Dövlət Universitetinin fakültələrindən biri.
Kimya fakültəsi | |
---|---|
Bakı Dövlət Universiteti | |
Yaradılma tarixi | 1934 |
Dekan | Fuad Kərimli |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Digər məlumatlar | |
Sayt | bsu.edu.az |
Tarixi
Kimya fakültəsi 1919-cu ildən Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinin nəzdində fəaliyyət göstərən "Ümumi və qeyri-üzvi" kimya kafedrasının bazası əsasında yaradılmışdır. Kimya fakültəsi 1934-cü ildən müstəqil fakültə kimi fəaliyyət göstərir.[1]
Azərbaycanın qədim neft ölkəsi olması səbəbindən müasir kimyanın inkişafı XIX əsrin ortaları və XX əsrin əvvəllərində başlamışdır. Nobel qardaşlarının, V.İ. Roqozinin və digər maqnatların neftdən daha səmərəli istifadə etməsi üçün o dövrün tanınmış kimyaçı alimləri Bakıya dəvət edilmişdir. Bu, Azərbaycanda kimya elminin inkişafına və ali məktəblərdə kimya kafedralarının yaranmasına təkan vermişdir. 1960-cı illərin əvvəllərində SSRİ-nin dövlət başçısı Nikita Xruşşovun "ölkənin kimyalaşdırılması" çağırışı da elmin inkişafına müsbət təsir göstərmişdir. Bu kampaniya nəticəsində orta məktəbi yüksək göstəricilərlə bitirən gənclərin bir çoxu ali təhsil almaq üçün Kimya fakültəsini seçmişdir.[1]
Kimya fakültəsini müxtəlif illərdə bitirmiş tanınmış alimlər kimyaçı kadrların yetişməsinə və kimya elminin inkişafına töhfələr vermişdir. Bu məzunlar müxtəlif elmi mərkəzlərdə Azərbaycanı təmsil edirlər. Onlar arasında millət vəkilləri, ali məktəb rektorları və dövlət xadimləri vardır. BDU-nun 95 illik tarixi ərzində iki kimyaçı alim, 1954-1958-ci illərdə akad. Yusif Məmmədəliyev və akad. Abel Məhərrəmov BDU-nun rektoru kimi fəaliyyət göstərmişdir.[1]
Rəhbərlik
Yarandığı dövrdən fakültəyə dosent Məmmədəmin Hacı Əhməd oğlu Əfəndi (1934-1937), dosent Murtuza Qasım oğlu Əhmədli (1937-1938), dosent Mədət Əli oğlu İskəndərov (1938-1939), dosent Səttar Əbilov (1939-1946), professor İslam Qafar oğlu Əlizadə (1946-1950), professor Cümşüd İsmayıl oğlu Zülfüqarlı (1950-1952), professor Səkinə Əşrəf qızı Ələkbərova (1952-1957; 1981-1983), dosent Qiyas Kərim oğlu Abdullayev (1957-1960), professor Cəbrayıl Ələkbər oğlu Hüseynov (1960-1967), dosent Bəşir Mikayıl oğlu Mirzəyev (1967-1975), dosent Fikrət Rzaqulu oğlu Babayev (1975-1978), dosent Dəmir Heydər oğlu Qəmbərov (1978-1981), dosent Ənvər Ağamirzə oğlu Bəşirov (1983-1988), professor Valeh Mehralı oğlu İsmayılov (1988-1993), professor Abel Məmmədəli oğlu Məhərrəmov (1993-1999) və professor Eldar İsa oğlu Əhmədov (1999-2006) rəhbərlik etmişdir. 2006-cı ildən isə fakültəyə professor Abdulsəyid Əbdülhəmid oğlu Əzizov rəhbərlik edir.[1]
Tərkibi
Fakültədə 7 kafedra, 5 elmi-tədqiqat laboratoriyası və 35 tədris laboratoriyası fəaliyyət göstərir.
Ümumi və qeyri-üzvi kimya kafedrası fakültənin ilk kafedrası olaraq 1919-cu ildə tibb fakültəsi nəzdində yaradılmışdır. 1935-ci ildən etibarən daha üç kafedra – Üzvi kimya, Analitik kimya və Fiziki və kolloid kimya kafedraları təşkil olunmuşdur. 1943-cü ildən başlayaraq Y.H. Məmmədəliyevin təşəbbüsü ilə Neft kimyası (hazırda Neft kimyası və kimya texnologiyası) kafedrası yaradılmışdır. Yüksəkmolekullu birləşmələr kimyası kafedrası 1964-cü ildən, Kimyanın tədrisi metodikası kafedrası isə 1987-ci ildən fəaliyyət göstərir.[1]
Təhsil
Fakültədə təhsil forması əyanidir və təhsil Azərbaycan, rus və ingilis dillərində aparılır. 2014-2015-ci tədris ilindən etibarən Təhsil Nazirliyi tərəfindən yüksək ixtisaslı kadr hazırlığı məqsədi ilə "Kimya müəllimliyi" ixtisası üzrə "Sabah qrupu" yaradılmışdır. 2011-ci ildən fakültənin "kimya" ixtisasının ingilis bölməsinə tələbə qəbulu həyata keçirilir.[1]
Beynəlxalq və elmi əlaqələri
Kimya fakültəsi yarandığı vaxtdan dünyanın qabaqcıl elm mərkəzləri ilə elmi əlaqələr qurmuşdur. Bu əlaqələr M.V. Lomonosov adına Moskva Dövlət Universiteti, N.D. Zelinski adına Üzvi Kimya İnstitutu, Kazan Dövlət Universiteti, Rusiya Fizioloji Aktiv Birləşmələr İnstitutu, A.T. Arbuzov adına Üzvi və Fiziki Kimya İnstitutu (Kazan), Şərqi Sibir EA-nın Favorski adına Üzvi Kimya İnstitutu (İrkutsk), ABŞ-nin Minnesota Universiteti və digər mərkəzlərlə uğurla davam etdirilir.[1]
Bundan başqa fakültənin alimlərinin ABŞ, Rumıniya, Rusiya, Türkiyə, Ukrayna, Almaniya, Fransa, İsveç, Portuqaliya, İran və digər ölkələrin aparıcı elm mərkəzlərində çalışan alimlərlə sıx elmi əlaqələri vardır. Almaniyanın "Bruker" firması ilə elmi-texniki əməkdaşlıq nəticəsində 2002-ci ildən fakültədə Nüvə Maqnit Rezonansı laboratoriyası yaradılmışdır.[1]
Fakültə Almaniyanın "Bruker" firmasının istehsalı olan BRUKER-300 NMR spektrometr, Smart Apex II rentgenstruktur difraktometr, Esgüise 6000 kütlə-spektometr və Agilent 1200 maye xromatoqraf kimi müasir cihazlarla təchiz edilmişdir. Sonrakı illərdə bu əməkdaşlığın davamı olaraq fakültədə Rentgen (X-Ray) və Xromato-kütlə laboratoriyaları təşkil edilmişdir.[1]
Fakültənin alimləri akad. Abel Məhərrəmov, akad. Rəfiqə Əliyeva, AMEA-nın müxbir üzvü prof. Məhəmməd Babanlı, prof. Musa Bayramov və digər mütəxəssislər beynəlxalq qrant proqramlarının iştirakçılarıdır. Prof. A.Ə. Əzizov 2011-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun qrant layihəsinin qalibi olmuşdur.[1]
İstinadlar
Həmçinin bax
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.