From Wikipedia, the free encyclopedia
Böyük sürgün – I Şah Abbasın əmri ilə 1604–1605-ci illərdə Ağrı vadisi, Çuxursəəd, Naxçıvan[1]əhalisinin (müsəlmanlar, ermənilər və yəhudilərin) İran ərazisinə köçürülməsi hadisəsidir.[2] Köçürülən əhali arasında ermənilər üstünlük təşkil edirdilər.[3] Müxtəlif mənbələrdə 250.000[4][5][6] – 300.000[7] arası əhalinin[1] ərazidən İranın mərkəzlərinə köçürülməsi haqqında məlumatlar vardır.
1555-ci ildə Osmanlı və Səfəvi dövlətləri arasında imzalanmış Amasiya müqaviləsinə əsasən Qərbi Gürcüstan vilayətləri (İmereti, Meqreli və Quriya), Bağdad və Ərmənniyə ərazisi Osmanlı dövlətinin, Şərqi Gürcüstan vilayətləri (Mesxetiya, Kartli və Kaxeti) isə Səfəvilər dövlətinin hakimiyyətinə düşdü. Lakin, 1579-cu ildə Osmanlı ordusunun Krım xanının 100.000-lik ordusu ilə Səfəvilərin nəzarətində olan ərazilərə hücum etməsi ilə Amasya müqaviləsinin şərtləri pozulur. Türk-tatar ordusunun Cənubi Qafqaza talançı yürüşləri 1589-cu ilə kimi davam edir. Həmin dövrdə hücuma məruz qalan ərazidə yaşayan əhalinin böyük bir hissəsi öz yurdunu tərk etməyə məcbur olmuş, qul kimi əsir edilmişdi; təkcə İrəvan şəhərindən 60.000 insan qul edilmişdi.[8] XVI əsr erməni tarixçisi Hovannisik Çaretsi bu hadisələrlə bağlı yazır: Lala adlı bir sərkərdə çoxlu sayda döyüşçülərlə hücuma keçərək Ararat əyalətinə kimi irəlilədi, 60 mindən çox erməni və müsəlmanı qul edərək rumluların ölkəsinə sürdü.[9]
21 mart 1590-cı ildə imzalanmış İstanbul müqaviləsinin şərtlərinə görə Osmanlı dövləti, Təbriz, Qarabağ, Şirvan, Dağıstan və Şərqi Gürcüstan ərazilərini də ələ keçirdi. I Şah Abbas hakimiyyətə gəldikdən sonra, İstanbul müqaviləsinin şərtlərini qəbul etməyərək ordu quruculuğu ilə məşğul olur və Osmanlı dövlətinə qarşı yeni müharibəyə başlayır. 1605-ci ildə baş vermiş Sufiyan döyüşündə qalib gələn Səfəvilər Naxçıvan, Culfa və İrəvan ərazilərini ələ keçirdi. 1603–1607-ci illərdə isə bütünlüklə Çuxursəəd ərazisi Osmanlılardan azad edilir. Bundan sonra Osmanlı imperiyası ilə sərhəddə yerləşən ərazilərdə I Şah Abbasın əmri ilə "yandırılmış torpaq siyasəti" adlandırılan əməliyyat tətbiq edilmişdir. Bu siyasət nəticəsində həmin ərazilərin əhalisi güclə İranın daxili əyalətlərinə köçürülmüş, ərazilər isə yandırılaraq yaşayış üçün yararsız hala gətirilmişdir.
XVII əsrdə yaşamış və baş vermiş hadisələrin müasiri və şahidi olmuş tarixçi Arakel Təbrizli yazır:
Hökmdardan dağıdıcı və məhvedici əmr alan sərkərdələrin hər biri rəhbərlik etdikləri döyüşçü dəstəsi ilə birgə erməni ölkəsinin getmələri əmr edilən havarına gəldilər; və qamşlığa düşmüş azğın yanğın kimi irəliləyərək, onlar, sakinləri böyük keçi dəstəsi kimi qabaqlarına salaraq, Ararat havarına çatana kimi qovmağa başladılar. Həmin ərazi, Gərni dağından Araz çayı çayına kimi, bir günlük yol ölçüsündədir.
İndicə erməni təqviminin 1054-cü ilinə qədəm qoymuşuq və ilk erməni ayı navasardda ölkənin sakini sürgün edildi. Əhalini köçürmək üçün göndərilmiş fars hərbçiləri insanları evlərindən qovaraq evləri sonuncu yaşayış yerinə kimi yandıraraq məhv etməyə başladılar. Həmçinin taxıl zirzəmiləri, toplanmış buğda, düyü və arpa da yandırılaraq məhv edildi. Farsların bu şəkildə ölkəni talan və məhv etmələrinin səbəbi, osmanlıların əlinə keçəcəyi halda bu torpaqların yararsız olması və onları qida tapmasının qarşısını almaq idi. Həmçinin torpaqların bu cür yandırılmasında məqsəd qovulan insanlarda qorxu yaradaraq onların yenidən öz evlərinə qayıtmalarının qarşısını almaq idi. ...Şah Abbas Ağcaqalada idi, osmanlı sərdarı Ciqal oğlu isədöyüşçüləri ilə Qarsa çatmışdı. Onun çoxsaylı döyüşçülərindən qorxan Şah Abbas ordu üçün İrana geri qayıtdı. Osmanlı ordusu da fars ordusunu izləməyə başladı. Və böyük və saysız üç ordu meydana gəldi: birincisi – xalq ordusu, ikincisi – fars ordusu, üçüncüsü – osmanlı ordusu. Vəziyyət belə gətirdi ki, xalq ordusunun çəkilməsi ilə onların yerini Şah Abbasın ordusu tutdu, həmin ordunun çəkilməsindən sonra isə əraziləri Ciqal oğlunun ordusu tutdu. Fars və xalq ordusunun Culfa adlı yerə toplanmasına, osmanlı ordusunun Naxçıvana çatmasına kimi, onlar bu cür bir-birini izlədilər. Bu zaman, farslar xalqa bir saat dincəlməyə vaxt da vermədən, qovmağa, öldürücü zərbələr vurmağa başladılar, insanların burun və qulaqlarını kəsirdilər, bəzilərinin isə (məsələn, katolikos Arakelin qardaşı Ohancan kimi) başlarını kəsərək nizəyə keçirdilər. [Ohancan] və başqalarının başını Araz çayı sahilində kəsərək nizəyə taxdılar. [Farslar] insanları bu və başqa cəzalarla qorxudaraq çayı tez keçmələrinə nail olmaq istəyirdilər. Onları izləyən osmanlıları qorxusu altında, məkrli xalq olan farslar yerli xalqa belə zülm etdilər. Farslar xalqın ordusuna baxdı və öz ordularına baxdı, xalqın ordusu böyük idi. Belə çoxlu əhalini çaydan keçirmə üçün çoxlu günlər sərf etmək lazım idi. Farslar qorxdular ki, osmanlılar bu günlərdə onlara çataraq gizli zərbə endirməklə məğlub edə və ya, xalqı öz evlərinə geri qaytara bilərlər ki, bu da farsların məkrli planına mane olardı. Buna görə də, onlar xalqı, çayı keçməyə məcbur edirdilər. Xalq çox idi, çayı keçmək üçün vasitələr isə çatışmırdı. Baxmayaraq ki, hardansa sallar gətirilmiş və yerindəcə qayıqlar inşa edilmişdi, xalq və fars ordusunun sayı bir yerdə çox böyük olduğuna görə, vasitələrin sayı çatışmaz olaraq qalırdı. Xalqı ötürən fars ordusu isə, insanları saxlayaraq onların qaçmasına mane olur, dəyənəklə vuraraq sürətlə irəliləmələrini tələb edirdilər. Beləcə xalq üzərinə təhlükə və kədər yağırdı. Bədbəxt xalq isə qarşısında dəniz kimi geniş və batıran çay, arxasında isə farsların doğrayan qılınclarını görür və çıxış yolu tapa bilmirdi; insanların göz yaşlarından Araz çayına oxşar ikinci çay yaranmışdı; ağlamaq və fəryad səsləri bir-birinə qarışmış, xilas və rəhm isə görünmürdü. |
Bu köçürülmə zamanı xüsusilə ərazidəki ən qədim yaşayış məskənlərindən biri olan Cuğa şəhəri (xarabalıqları Naxçıvan MR-nın Culfa rayonu ərazisindədir) dağıdılmış[10], sakinləri isə (bəzi mənbələrdə 12.000 ailə[11] , bəzilərində 20.000[10] nəfər kimi qeyd edilir) İsfahan ərazisinə köçürülmüş və burada onlar üçün ayrılmış ərazidə Yeni Culfa şəhərciyinin əsasını qoymuşlar.[12][10][13][14] Bu dövrdə ermənilərin cənub-şərqi Asiya ölkələrinə, xüsusilə Hindistan və Birmaya köçü baş vermişdir.[15]
Hadisələr zamanı İranın içlərinə köçürülmüş əhalinin sayı 250.000[4][5][6] (bəzi mənbələrdə 300.000) nəfər olaraq qiymətləndirilir. XIX əsrin əvvəllərində İranın cənubi və mərkəzi əyalətlərində köçürülmüş ermənilərin xələfləri olan 600.000-dən çox erməni yaşayırdı. Köçürülmüş ermənilərin bir çoxu yerli müsəlman hakimlərin təzyiqi ilə sonradan İslamı qəbul etmiş assimilyasiya olunmuşdur.
Erməni şairi Hovanes Tumanyan (1869–1923) "Şah və satıcı" adlı şeirində Böyük sürgünlə bağlı hadisələrdən bəhs etmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.