Adil Gəray
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Adil Gəray (13 may 1919, Bakı – 13 dekabr 1973, Bakı) — Azərbaycan tarzəni, pedaqoq, dirijor, bəstəkar, Azərbaycan SSR əməkdar artisti (1959).
Adil Gəray Heybətqulu oğlu Məmmədbəyli 13 may 1919-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1940-cı ildə Azərbaycan Dövlət Musiqi Texnikumunun tar sinfini bitirmiş, 1940–1948-ci illərdə, fasilələrlə Azərbaycan Dövlət Konservatoriyasının Azərbaycan xalq musiqisi şöbəsində, Üzeyir Hacıbəyovun sinfində təhsil almışdır. Muğam dərslərini Əhməd Bakıxanovdan almışdır. 1938-ci ildən Üzeyir Hacıbəyovun təşkil etdiyi Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində konsertmeyster işləmişdir. O tar ilə fortepiano üçün "Bağçakürd" (1957) pyesini Ü. Hacıbəyova ithaf etmişdir.
1937-ci ildən Hüseynqulu Sarabskinin sinfində müşayiətçi, 1939-cu ildən 1962-ci ilə qədər Azteleradio orkestrində konsertmeyster kimi çalışmışdır.
1940-cı ildən, eyni zamanda, Azərbaycan Dövlət Musiqi Məktəbində tar ixtisası üzrə müəllim kimi fəaliyyət göstərmişdir.
O, bir çox məşhur tarzənlərin müəllimi olmuşdur. Tar üçün bir sıra əsərlərin, o cümlədən, "Tar üçün etüdlər"in, "Bağçakürd", "Qaytağı", "Cəngi", "Səfi-kürd", "Şahnazsayağı", "Gülüstan" pyeslərinin, mahnıların, "İbtidai məktəblər üçün nəğmələr məcmuəsi"nin və s. əsərlərin müəllifidir.
Onun əsərləri bir çox konsert və tədris repertuarında layiqli yer tutur. "Tar üçün etüdlər" məcmuəsində yeddi muğam – "Rast", "Şur", "Seygah", "Çahargah", "Bayatı-Şiraz", "Mahur-Hindi", "Şüştər" muğamları əsasında etüdlər bəstələmişdir.
Seamless Wikipedia browsing. On steroids.