rəng From Wikipedia, the free encyclopedia
Ağ – rənglərdən biri.
Yüngül, soyuq rəngdir. Sakitləşdirici təsirə malikdir. Bütün tünd rənglərlə əla görünür. Ayı tərənnüm edir. Avropa ölkələrinin əhalisi üçün ağ rəng cavanlığı, təmizliyi, nöqsansızlığı, bir sıra Şərq ölkələri, o cümlədən Yaponiyada və Çində matəmi və təhlükəni bildirir.[1] İnsanın enerji sistemini tarazlaşdırır. Yaradıcılıq hisslərini büruzə verir.[2]
İstisna hallar hesaba alınmazsa, ağ rəng dünyanın bütün xalqlarında, xatırlatdığımız kimi, uğur, xoşbəxtlik, paklıq, düzlük, ehtiram və s. bildirir. Hətta bütün rənglərin ağ rəngdən törəməsi fikri də var və bu səbəbdən o, "ana rəng" adlanır. Bu doğrudan da belədir. Qırmızı, qara, sarı, yaşıl, mavi rənglərdə olan parça, ip və s. nəsnələri ağ rəngli etmək mümkün olmadığı halda, ağ rəngli nə varsa boyalar vasitəsi ilə digər rəngli etməyin heç bir çətinliyi yoxdur.
Ağ rəngin çoxəhatəli olduğunu dedik. Bir çox hallarda ağ sözlərə qoşulmaqla həm də "böyük" mənasında işlənir. Biz bunu "Kitabi-Dədə Qorqud"da rast gəldiyimiz "Ağ meydan" birləşməsində də görürük. Məsələyə günümüzün baxımından yanaşsaq, biz bilirik ki, hər dövlətin mərkəz (paytaxt) və böyük şəhərlərində çoxlu meydanlar olur. Amma bunlardan biri "Baş meydan" ("baş" sözünün də "böyük" mənası vardır. Baş nazir, Baş katib, Baş komandan, Baş redaktor, yəni digər nazirlərdən, katiblərdən, komandirlərdən, redaktorlardan böyük olan) sayılır. Dövlət tədbirləri, səviyyəli mərasimlər, nümayişlər, yarışlar bu meydanda keçirilir. Əski çağlarda xaqanın, xanın oturduğu məkan – mərkəz indiki paytaxt şəhərləri böyüklükdə olmasa da, onların da seçilən meydanı olub və buna "Ağ meydan", yəni "Böyük meydan" deyilib. Elə "Kitabi-Dədə Qorqud"da da "Ağ meydan"dakı "ağ" böyük mənasındadır.
Ağ rəng həm də qalibiyyət mənasındadır. Yenə elə "Kitabi-Dədə Qorqud"da belə bir epizod var. Abidənin on birinci boyunda deyilir ki, kafirlər Salur Qazanı yatmış halda tutub əsir aparırlar. Uruz Oğuz bəyləri ilə birlikdə atasını əsirlikdən qurtarmağa yollanır. Kafirlər Qazan xanın özünü bu gələnlərə qarşı çıxarırlar. Şərt kəsirlər ki, gələnləri geri oturtsan, azad olacaqsan. Kimlə vuruşacağını bilməyən Qazan xan şərtlə razılaşıb meydana çıxır. Boyda deyilir: "Qazan gördü kim, ləşkər önündə bir ağboz atlı ağ ələmli, bəkdəmir donlu, Oğuzun önüncə gəldi, çadırın tikdirdi, alay bağladı durdu". Yenə elə buradaca Salur Qazan çərinin – ordunun önündəki ağ sancaqlının kimliyini soruşur.
Biz bilirik ki, ələm (tuğ), sancağın bu gün başa düşülən mənası bayraqdır. Bəs bu bayraq – ələm, sancaq nə üçün ağdır? Bayrağın ağ rəngdə olması bilavasitə onun elə rənginə görə qalibiyyət (ağ rəngli bayrağın təslimolma anlamı sonrakı zamanların işidir) rəmzi olmasını simvollaşdırır. Bunun belə olması sarıdan qaynaqlarda da xəbərlər vardır. Belə ki, Manasın da qalibiyyət bayrağı "Ağ bayraq" adlanırmış. Çingiz xanın da doqquz qotazlı məşhur bayrağı "Böyük ağ bayraq" imiş. Düşmənlər həmişə öndə gələn bu böyük "ağ bayraq"dan vahiməyə, qorxuya düşdüklərindən döyüşsüz-filansız təslim olurmuşlar. Sual oluna bilər ki, bu sözügedənlərin digər rəngli bayraqları olmayıb? Olub. Vaxtilə hər dövlətin, daha qədimlərdə el, tayfa birləşmələrinin, əsasən, üçrəngli bayrağı var imiş: ağ, qırmızı, qara. Hər bayrağın rəngi rəmzi səciyyə daşıyıb. Ağ rəngli bayraq – qalibiyyət, qırmızı rəngli bayraq – tərəflərin bir-birinə müharibə elan etməsi, qara rəngli bayraq – güc, qüdrət demək imiş. Əgər bir dövlət başqasının sərhədlərində üç bayraq – qırmızı, qara, ağ rəngli bayraq qaldırmışsa, bu sənə müharibə elan edirəm, səndən qüdrətliyəm, sənə qalib gələcəyəm mənasında imiş.
Yenə də elə qaynaqlardan öyrənirik ki, Çingiz xan döyüşə "Böyük ağ bayrağı", "Qırmızı bayrağı" və güc, qüdrət timsalı olan qara rəngli bayrağı ilə yollanırmış. "Kitabi-Dədə Qorqud"da da kafirlər döyüşə qara rəngli bayraqla gəlirlər. Bununla özlərinin güclü, qüdrətli olduqlarını nümayiş etdirmək istəyirlər. Ağ bayraqlı Oğuzlar ilk olaraq kafirlərin qara rəngli bayrağını qılınclamaqla, ayaq altına salmaqla onları əlbəəl təslim olmağa məcbur edirlər.
Ağ rəngin həm də Tanrı rəngi kimi düşünüldüyünü demişdik. Bu üzdən də o, uğur gətirən rəng bilinmişdir. Əbəs yerə deyil ki, əski çağlarda döyüşə yollanan sərkərdələr həmişə ağ rəngli at minərmiş və bununla da uğur qazanacaqlarını düşünərmişlər. Misal üçün, böyük hun hökmdarı Mete düşmən üstünə gedəndə yalnız və yalnız ağ rəngli at minərmiş. Böyük sərkərdə Gültəkinin döyüşlərdəki qələbələrinin bir səbəbi də onun həmişə ağ rəngli at minməsi ilə izah edilmişdir. Ağ rəngli atın hətta padşah seçkisində də uğur gətirdiyi zənn olunub. Yunan tarixçisi Herodotun rəvayətinə görə, farslardan yeddi zadəgan muğlarla döyüşdə üstünlük qazanır. Və elə bu yeddi zadəgan da İran taxtına namizəd olur. Dara da bunların arasında imiş. İran adətincə onlar atlarına minib günəş doğmamış şəhərdən kənara çıxmalı imişlər. Günəşin ilk şüası görününcə kimin atı kişnəsəymiş, o da padşah seçilməliymiş. Daranın ağ rəngli atı bu seçkidə ilk kişnədiyindən Dara da İranın şahı olur.
Elə düşünülməsin ki, rəng təsəvvürü yaradan "ağ"ın mənfi anlamda olması ümumiyyətlə məhduddur. Bəlli olduğu üzrə, dövlət quruluşunda bayraq (tuğ, sancaq) müstəqillik simvolu olaraq həmişə uca tutulmuş, yüksək dəyərləndirilmişdir. Amma bu da var ki, əski çağlarda türklərdə ölən üçün də bayraq asmaq adəti olub. Və bu adətdə baxışı çəkən yön də vardır. Belə ki, öz əcəli ilə ölən üçün qara rəngli bayraq asılır, qara rəngli paltar geyilir. Döyüşdə şəhid olaraq dünyasını dəyişən üçün isə ağ rəngli bayraq asılır, ağ rəngli paltar geyilir. Hətta döyüşə yollanan türk xaqanları da ordudakılara örnək olmaq üçün şəhidlik nişanəsi kimi öncədən ağ rəngli paltar geyərmişlər. Türk mədəniyyətindən bir çox məsələləri mənimsəmiş əski Çin məişətində də bu deyilən cizginin olmasını qaynaqlar xəbər verməkdədir. Çinlilər də ölənin şərəfinə ağ rənğli bayraq asar, dünyasını dəyişənin yaxınları ağ rəngli paltarlar geyərmişlər. Məsələ belədir ki, "Son zamanlara qədər Azərbaycanın bir sıra yerlərində yaslı adamlar ağ paltar geyərmişlər. Misal üçün, Naxçıvanda bu adət var imiş. Əri ölmüş qadın dörd ay on gün başına ağ tənzif bağlardı. Bu müddətdən sonra yaxın qohum-əqrəbadakı qadınlar yığışıb onu yasdan çıxararmışlar. Bu yaslı qadının başına xına qoyar və sonra o, ağ tənzif örpəyi örtməz, ağ rəngli paltar geyməzmiş. Ağ rəng matəm bəlgəsi olduğu üçün bir sıra rayonlarda yatmış uşağın üstünə ağ örtməzlər.
Əskidən Qafqazda yaşayan bir sıra türkdilli xalqlarda: qumuqlarda, qaraçaylılarda indi də ağ matəm, yas rəngi sayılır. Bu xalqların yas adətlərindəki bir əlamət maraqlıdır: qəbirlərin başdaşılarında kiçik, dərin oyuq oyulur və ora ağ bayraq sancılır". İndi də dilimizdə işlənən "ağ yalan", "ağ böhtan", "ağ şər" ifadələrindəki "ağ" yalanın, böhtanın, şərin şişirtmə dərəcəsi olmaqla mənfi əlamət bildirir. Yaxud, "Üzün ağ olsun, yaxşı üzümü ağ elədin" deyimindəki "ağ"lar da əslində mənfi anlama gələn "qara" mənasındadır. Bu, "Üzün qara olsun, üzümü qara elədin" deməkdir. Elə "Üzə ağ olmaq"dakı "ağ" da söz qaytarmaq, itaətdən çıxmaq, deyiləni qulaq ardına vurmaq və s. anlama gələn deyimdir.
Göründüyü kimi, ağ rəngin məişətdə həm müsbət, həm də mənfi funksiyası vardır.
Ağ rəngi xoşlayan insanların təxəyyülü çox inkişaf etmiş olur. Onlar özlərindən gözəl nağıl quraşdırır və bu nağıla inanaraq yaşaya bilirlər. Xəyallarındakı şahzadəni ömrü boyu axtara bilərlər. İnsanların çətin anlarında dərdlərinə şərik olur, ancaq bunu özlərinə dərd etmirlər. Bu rəngi xoşlayanlar parapsixoloji və ekstrasensor xüsusiyyətlərə malik olmaqla yanaşı, narkotik asılılığa da meyilli ola bilərlər. Pessimistlər və skeptiklər (hər şeydən şübhələnən adam) bu rəngdən qaçırlar. Həyatda nədənsə narazı qaldıqda, səs-küylü kampaniyalardan uzaq durur, tək qalmağa çalışırlar.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.